Venesiyaya on- onbirinci məktublar - Emin Piri

 

İsanın məzarı başında və ya yalanın həqiqəti

Lənət olsun, uydurulmuş tarixə

nar ağacı altından boylanır

İki minillik yiyəsiz həqiqət.

 

And olsun, Məryəmin doğum sancısına

qanından törəyən -

                       "nəvən" "Quran" sahibi

şair Muhəmmədə dəyən

                        daşların utanmağına.

indi ona dəyən daşlar şeytana atılır

əllər eyni, daşlar eyni.

 

And olsun, bu torpaq altında

nar kölgəsində yatan nəşinə

izsiz məzarına başdaşı olmağa gəldim.

 

And olsun, oğurlanmış nəşinə

Məzarınla üz-üzəyəm

dizlərimin əzdiyi qəbir torpağın

göz yaşlarımla yoğrulur.

yoğurur yalanın həqiqətini.

 

And olsun, üç müqəddəs ruha -

                        qadına - Məryəmlərə

anana, sevgilənə, qızına.

Şəriət qamçılarına

gərək yox burda.

Yer kürəsinin meridianları

hər yerdə qamçıya çevrilib

kürəyində qadınların.

 

And olsun, qeybdə dolaşan ər ruhlarına,

yeni İsalar doğulur,

daşlanır Məryəmlər.

bircə günahı varsa

ər yolunu gözləməkdi.

Asılır isalar, -

günahı atasızlıq...

 

Hamımız Tanrının övladıyıq,

                                    qardaşım İsa!

Sənin əzabların kapitaldı Vatikanda.

Kilsə zəngləri batırmaqçündü

sənin əzablı hayqırtını.

 

And olsun, əllərinə keçən mıxçalara

sənin əlinə, mənim ürəyimə batır.

Ver, çarmıxını daşıyım.

 

İsa, mən gəldim məzarın başına

Oğlum, mən gəldim, atan gəldi!

Oyan!

 

 

Təmiz yalan -

bir uşağın dilindən

əlcəkli qar

 

Yağma, qar,

yağma

əlcəyim olmasa da

əllərim üşümür mənim.

Atamın

"daha yeddi yaşın var

böyük kişisən

heç kişi də əlcək taxar?!"

sözləri üşüdür məni.

 

Yalan danışmağı bacarmır atam

dodaqlarının titrəməsindən

gözlərinin dolmasından bilinir

ciblərinin yalanı.

Qar qardaş,

dünyanın ən təmiz

yalanı sənsən.

 

Qar qardaş,

mənə görə yox

atama görə yağma,

ata oğul arasına girmə, qar.

 

Yağma,

çirkli əllər atmasın səni

çirkli ayaqlar altında

əzməsinlər təmizliyini.

Təmiz dillər

çirklənməsin sənə görə,

yağma.

 

Uşaqların sızıldayan

barmaqlarında üşümə,

isti əlcəklərində qızın, qar.

 

Qar istəyir uşaqlar

yalansız,

əlcəkli qar.

Yağırsansa belə yağ, qar!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!