Vətənlə vəhdət və ya "Allaha kömək vaxtıdır" - Sadıq Elcanlı

 

Əjdər Olun "Lo" romanı iki sadə cümlə ilə qurtarır:

"Yenə də işə gedirdim...

Artıq yazdığım romandan çıxmışdım".

Və Əjdər Olun "Lo" kitabı üz qabığındaca həmin iki sadə cümlə ilə başlayır...

Nədənsə, mənə elə gəldi ki, bu, qurtaranın başlaması haqqında romandır; romanı bu duyğunun işığında oxudum; əslində, bu, oxumaq da deyildi, romanla danışdım, həmsöhbət oldum, onu dinlədim desəm, daha düz olar; təxminən on illik yuxarı mürəkkəb bir zamanın, təlatümlü bir dövrün nəbzini tutan, epoxal hadisələrin səbəb və nəticə miqyaslarına köklənən, onlara min bir əllə toxunan və çətin olduğu qədər də sevdalı bir söhbət idi...

Bir də gözüyaşlı ana fəryadı idi, başımın üstündə dolana-dolana qıyya çəkir, yaralı qartal kimi qıy vururdu: "Bu nə lodur düşmüşük, Allah!". Əsgərlikdən yenicə qayıdan on doqquz yaşlı, pəhləvan cüssəli qardaşım İlyasın süni göldə batdığı günün və sonrakı dəhşətli axtarış günlərinin (rəhmətlik dostum Ağalar Mirzə mənə həsr etdiyi bir şeirində həmin vay-şivənli günlərin dəhşətini təsvir edib - S.E.) ağrı girdabını anam Məşədi Gülsura Kalba Xudu qızı o sözlə ifadə etmişdi: Bu nə lodur!..

On cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nda lo sözü yoxdur.

"Lo" romanını oxuduqca tam əmin oldum ki, bu əsərə bundan yaxşı, bundan dəqiq ad tapmaq mümkün deyil; hətta deyərdim ki, bu, son illərin ədəbi tapıntısı, ən yerinə düşən roman adıdır; düşündükcə sözün etimologiyası, etnogenetik sirr sahilləri, qeyri-adi mübhəm miqyasları, yoxdan var olub dalğa-dalğa yayılan, sanki min illərin külü altında közərən işığı, körüklənib oyanan qəribə energetikası adamı çəkib aparır; ruhu titrədir, təntidir, göynəmli duyğu dolaylarında olanlardan və olacaqlardan danışır; səhifələri çevirib adladıqca oxucu o duyğusal danışığa, səmimi və sanki min bir səsli söhbətə köklənir, o danışığın, söhbətin energetik tilsiminə düşür və yazıçının janr təyinatına (canlı roman) qəlbən inanır, o canlılığın bir hissəsinə, bir fərdinə çevrilir - eynən milyonluq meydan hərəkatında bütövün zərrəsinə döndüyü kimi...

Canlılıq, birbaşa təqdimat "Lo" romanının əsas ədəbi qayəsi, bədii-estetik uğuru, tapıntısıdır; sanki müəllif 90-cı illər Bakısının, milyonluq mitinqlər epoxasının, neçə yerdən yaralanan, yaralarından qızıl qanlar axan Azərbaycanın ön planında dayanıb danışır; oxucu möhtəşəm canlı yayımın, birbaşa efirin həyəcanını, min bir tellə qoşulduğu energetikasını yaşayır, mətnin müqəddəs hüzurunda kütlədən xalqa, xalqdan millətə doğru yol gedir. Və adama elə gəlir ki, bu axından çıxmaq, dayanmaq mümkün deyil; ənənəvi roman estetikasındakı hissələr, fəsillər, ədədi başlıqlar, adlı-adsız bölümlər... "Lo" romanında yerli-dibli yoxdur; hətta belə deməyə məcbur oluram ki, "Lo" romanı nəhəng bir cümləni xatırladır, bu, ədəbiyyat tarixinin bəlkə də ən böyük roman-cümləsidir. Əlbəttə, mən "Lo" romanının janrı haqqında bu sözləri yazarkən subyektiv fikirlərimi ifadə edirəm, elmi-ədəbiyyatşünas iddialarından tam uzağam və ona da əminəm ki, bu istiqamətdə ciddi ədəbiyyatşünas alimlərimiz, tənqidçilərimiz sanballı söz deyəcək, müasir Azərbaycan nəsrinin bu yeni, novator ədəbi hadisəsini analitik təhlil işığında layiqincə dəyərləndirəcək, onun real elmi, kulturoloji qiymətini verəcəklər. Əminəm ki, o yazılarda yenilik, novatorluq, ədəbi hadisə ifadələri tez-tez işlənəcək...

"Lo" romanının genişmiqyaslı panoramında Bakı da, Qarabağ da, yaxın ətrafı ilə birlikdə bütün Azərbaycan da, hətta bəzi məqamlarda bütöv Türk dünyası da kifayət qədər realist-publisistik müstəvidə (bu da əsərin janr novatorluğunun diktə və təlqin etdiyi bir özəllik, ədəbi-estetik mətn mühiti, orijinal poetika hadisəsidir - S.E.) görünür, diqqəti özünə cəlb edir. "Nado perostraivatsya!" ("Yenidən qurulmaq lazımdır!") - deyə-deyə ölkəni dağıdan Qorbaçov siyasəti, o siyasətə az qala dirijorluq edən Raisa hədiyyəpərəstliyi də, Bakının Meydan damarında döyünən azadlıq eşqi də, Qarabağın qaranlıq gecələrində namusuna təcavüz olunan qızın vulkan qəzəbiylə özünü asması da, uzaq Saxa Respublikasında "Kan tartır" - deyə müəllifi qucaqlayan yakutlar da, bir gözü məscidə, bir gözü kilsəyə baxan, kirxaya, sinaqoqa və cümə namazına eyni həvəslə tələsən, Suraxanı atəşgahında kahinlə, "Rama-Rama" oxuyan indusla, krişnaidlə... yaxınlıq edən və müəllifin təsadüfən İstiqlaliyyət küçəsində gördüyü Cənnət də, qatarda yuxulu birisinin çamadanından oğurluq edən iş yoldaşı Mənsimin alçaqlığı da, "Yaradıcılıq Evinin köhnə korpusunda özünə sığınacaq tapmış yazıçı Namiq Abdullayevin daim körüklənən köhnə kədəri də, türmədən buraxılan Babayarın həyat fəlsəfəsi də, "O, gedən qatara minirmiş kimi qucağıma tullanır və bərk-bərk məndən yapışır, elə bil qollarım vaqon qapısının qulplarıdır" cümləsindən baxan Fərəhin fərəhsiz taleyi də, "İçimdə Çernobıl yenə baş qaldırıb" nigarançılığıyla sevdiyi Laləsini unutmağa çalışan qardaşı Qaranın (Qarakişinin) mərdanəliyi də, "Niva" maşını əlindən alınan atasıyla birlikdə "OMON"-çu rəhbərin "Aparın hər ikisini güllələyin!" əmrinin icrasını gözləmək faciəsi də, Heydər Əliyevin xilaskar qayıdışı, Azərbaycanı xilas edən hakimiyyət ustalığı da... saysız-hesabsız obrazlar, süjetlər, kiçik və böyük hadisələr, həyatın özü qədər mürəkkəb situasiyalar, çoxşaxəli xətlər... bütöv epoxal bir roman mənzərəsini yaradır. Müəllif mahir bir dirijor diqqətiylə heç nəyi və heç kimi yaddan çıxarmır, dövr girdabının - lo çalxanışının səbəb və nəticə anatomiyasını açıb göstərir, Qarabağ matəmgahında böyük dərdə dərdkeşlik edir, duyğularını kədər kotanına qoşur, məğlubiyyət və qalibiyyət yollarında doğma qardaş kimi oxucunun əllərindən tutur, hərdən olur ki, qəm qaynarı, kədər tüstüsü ruhu boğanda qaranlıqdan işığa pəncərə açır, qəlbin zülm-zülmət göylərində çıraq yandırır. Hər dəfə gərgin situasiyalardan, qəlbi-qanı göynədən tragik hadisələrdən sonra müəllif, sanki sözün işığını, istisini çoxaldır, tarıma çəkilmiş əsəbləri, ruhu didən gərginliyi aradan qaldırır və oxucu növbəti lo epizoduna hazırlanır. Belə olmasaydı 528 səhifəlik nəhəng kitabı birnəfəsə ləzzətlə oxumaq, dərk və qəbul etmək, mətnə məhrəmanə bir sevgiylə könül vermək, sözlə əzablı yolların yolçuluğuna çıxmaq və mənzil başına yorulmadan, bezmədən, təngə gəlmədən yetişmək, çətin ki, baş tutaydı. Bu baxımdan "Lo" romanının bir sənətkarlıq məziyyəti də çətin yolu asan etmək, əzablı zülmət yollarında sevincli çıraqlar yandırmaq istedadıdır. Bu məqamda yadıma dahi F.M.Dostoyevskinin "Karamazov qardaşları" romanında Dmitri Karamazovun qardaşı Alekseyə dediyi məşhur sözlər düşür: "Allahı yer üzündən qovsalar, biz ona yerin altında sığınacağıq". Bir də "Allah bizimlə olmalıdır, çünki sevinc bəxş edən odur, bu, ona məxsus imtiyazdır, böyük imtiyaz". Və bir də "Allaha yazığım gəlir". Roman boyu Allaha sığınan bir işığın, Allaha doğru dartınan bir şövqün, Allahı çağıran və sevən bir sirli səsin zaman-zaman təcəllasına, yoxdan var olmasına heyrətlənirsən. Əsası da odur ki, bu laməkan heyrətlə böyük və bütöv bir Azərbaycan sevgisinin içinə düşürsən. "Lo" romanının hər yolunda-cığırında, hər enişində-yoxuşunda, hər dağında-düzündə, hər sevincində-kədərində, hər küsüsündə-barışında müqəddəs bir eşq var, bu, Azərbaycan eşqidir. Oxucunu yalnız bu eşq xilas edir, heç bir məğlubiyyət, qan-qada önündə sınmağa qoymur, əsərin ümumi ovqatında, bütöv mənzərəsində, sanki "Koroğlu" uvertürası, İstiqlal marşı səsləndirir. "Karamazov qardaşları" romanından Dmitrinin bir cümləsini də xatırlamaqdan özümü saxlaya bilmirəm: "Özüm əclaf olsam da, Rusiyanı sevirəm, Aleksey, rus Allahını sevirəm". Doğrusu, etiraf edim ki, çoxdandır, ədəbiyyat səltənətində, söz məmləkətində Allahın səsini belə yaxından eşitməmişdim - "Lo" romanında olduğu kimi...

Əsərin lap sonunda Məşədi Zeynəb nənə yenidən zühur edib bir sirr açır:

"Atamın üçü çıxan gün yasa gəlmiş Babayarın yanında Qaraya bir sirr açacaqdım.

- Qardaş, atam ölməli idi.

- Atamı öldürüblər? - Qara yerindən dik atıldı.

- Vaxtı çatmışdı.

Babayar söhbətə qarışdı:

- Sənə Xızır peyğəmbər xəbər vermişdi?

- Yox, - dilləndim, - nənəm.

Qara hədəqəsindən çıxmış gözlərilə mənə baxır, yəni danış.

Babayar isə anamın adını eşidib ciddi soruşdu:

- O nə deyirdi?

- Uşaqlıqda içimə dolan xofu, atamın tezliklə öləcəyindən qorxduğumu xəlvətcə Məşədi Zeynəb nənəmə demişdim. Nənəm o zaman mənə danışmışdı ki, sən körpə olanda atan ağır xəstələnib yatağa düşmüşdü, yeməkdən-içməkdən kəsilmişdi, günü-gündən əriyirdi. Üstünə gələn həkimlərin yazdığı dərmanlar kömək etmirdi. Artıq əlimizi ondan üzmüşdük, çarpayısının üzünü Qibləyə çevirmişdik. Ananla gecələr keşiyini çəkirdik. Bir gün səhər atan üzülmüş canını dişinə tutub dikəldi, yerində oturdu. Gözlərində azacıq işıq vardı. Ölən adamın axır nəfəsdə güclənib bir anlıq özünə gəldiyini çox gördüyümdən "Balamın son nəfəsidir!" deyib ağlamağa başladım. Anan da mənə qoşuldu.

Atan udqunub nəfəs dərə-dərə dedi: "Qorxmayın, ölməyəcəyəm! Yuxumda pirani bir kişi gəlib əlini bütün bədənimə çəkdi, mənə dedi ki, sınaqdan keçdin, sabahdan sağalıb ayağa durarsan, sənə altmış beş il ömür verilib. Ancaq qarışıqlıqda öləcəksən".

Romanın əvvəlində açılan qəribə, az qala mifik qapı içəridən bağlanır; olmuşlar və olacaqlar, keçmişlər və gələcəklər haqqında düşünürsən; ədəbi və əbədi harmoniyanın, mizan-tərəzinin tanrısal qüdrətinə inanırsan; əbədiyyətin ilğım-həqiqət sehrinə, diktə və təlqinlərinə iman gətirirsən...

Və oxucu qəlbində, təhtəlşüurun sirli səmalarında, bağlı qapılar qarşısında Allahın çağırış səsləri gün işığında gözü qamaşan yamyaşıl dəfnə pöhrələri kimi baş qaldırır. Bütöv Azərbaycan sevgisinin şah damarında gülümsəyən o çağırış ədəbiyyatın qalibiyyət səsidir. "Lo" romanı beləcə oxucuyla qəm qardaşlığı, sevinc yoldaşlığı edir, duyğularımızı əbədi istiqlal havasına, azadlıq baharına kökləyir. Bir həqiqət də var ki, onu rəhmətlik Vaqif Səmədoğlu bircə misrada hamıdan yaxşı deyib: "Allaha kömək vaxtıdır"... "Lo" romanı xalqla könül söhbətinin, Allaha kömək etmək sevdasının yollarını göstərir, oxucunu o haqq yollarında Vətənlə vəhdətə çağırır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!