"Ədəbiyyat qəzeti"nin yeni layihəsi - "Varislər"in ilk qonağı akademik Bəkir Nəbiyevin oğlu Sadıq Nəbiyevdir

Sadıq Nəbiyev: “Atamın yolu ilə gedə bilərdim, amma...”

 

O, 1930-cu ildə Ağdaşda kasıb kəndli ailəsində dünyaya göz açmışdı. Uşaqlıq illəri ölkədə aclıq və qıtlıq dövrünə təsadüf etmişdi. Stalin repressiyaları, müharibə xofu o illərin şahidi olmuş çoxu kimi, onun da taleyindən izsiz keçməmişdi.

Ailəyə bir yolla kömək etmək üçün hər zəhmətə qatlaşmağa hazır idi, amma 1945-ci ildə qələbə xəbərini Ağdaşdakı yerli radio qovşağından rayon camaatına elan etmək onun bəxtinə düşür və beləcə, ömrünün iki ilini rayon radiosunda diktorluq edir. Ölkədə savadlı adamlara ehtiyac olduğundan hələ ali təhsil almadan onu müəllim kimi işə götürürlər, beləcə növbəti iki ildə Ağdaş və Yevlaxda müəllimlik edir. Sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində tələbəlik illəri və Bakdakı 55 saylı orta məktəbin ədəbiyyat müəllimi... İlk tənqidi yazılarını universitet qəzetində çap etdirir, amma ciddi ədəbi fəaliyyəti məhz "Ədəbiyyat və incəsənət qəzeti"nin 1951-ci il 4 noyabr sayında çap olunan "Dama-dama göl olar" yazısı ilə başlayır. Sonra müxtəlif mətbuat orqanlarında ədəbi işçi, məsul katib müavini, şöbə müdiri kimi ömrünü mətbuata bağlayır. 1960-cı ildə namizədlik dissertasiyası müdafiə edərək ilk elmi dərəcəsini alır və bununla böyük elmə gedən yola qədəm basır.

Elm zirvəsinə pillə-pillə qalxır: kiçik elmi işçidən akademikə qədər uzun bir yol. Həm Azərbaycan SSR, həm də müstəqil Azərbaycanın Dövlət mükafatlarına layiq görülür. "İstiqlal" ordenli kişilərdən biri olur...

Yəqin, çoxları artıq söhbətin kimdən getdiyini bildi, bəli, bu gün "Varislər"də akademik Bəkir Nəbiyevdən danışacağıq.

Onun varisi - oğlu Sadıx Nəbiyevlə AMEA Rəyasət Heyətinin əzəmətli binasında görüşdük. Səsi eynilə Bəkir müəllimi xatırladırdı...

Radioda diktorluqdan akademikliyə qədər gedən yol

- Sadıq müəllim, qismət elə gətirdi ki, "Varislər"in ilk qonağı məhz siz oldunuz. Burada nəsə bir mistika yoxdur ki?

- Bilirsiniz ki, Bəkir müəllim ilk yaradıcılıq fəaliyyətinə qəzetdə başlayıb. Müxtəlif illərdə "İnşaatçı", "Kommunist" qəzetlərində çalışıb və ağlım kəsəndən onun "Ədəbiyyat qəzeti"ni oxuduğunu görmüşəm. Həmişə abunə olunurdu, amma abunə sistemi dağılandan sonra da qəzet köşkünə tapşırırdı ki, onun sevimli qəzetini saxlasınlar. Uzun müddət bu qəzetin redaksiya heyətinin üzvü olub. Özü də sevə-sevə, həvəslə qəzet üçün yazılar yazıb və əksər məqalələri elə bu qəzetin səhifələrində işıq üzü görüb. Yəqin, elə məsələnin mistikası bundadır, çünki Bəkir müəllim bu qəzeti hər zaman sevib.

- Demək, sizin iki yaşınız olanda Bəkir Nəbiyev artıq alim idi, yəni elmlər namizədiydi. Belə çıxır ki, ağlınız kəsəndən elmin içində, elm mühitində, ciddi adamların əhatəsində olmusunuz. Bu sizi darıxdırmayıb?

- Qətiyyən. Anam da alimdir, biologiya elmləri namizədidir. Atamın da, bildiyiniz kimi, ömrü akademiyada keçib. İlk dəfə akademiyaya ayaq basanda 5 yaşım vardı. Məni özü ilə işə aparmışdı. Oralar mənim üçün fantastik mühit idi. Amma dediyiniz kimi, elm mühiti heç vaxt darıxdırmayıb məni. Əksinə, bu mühit mənim də elmə marağımı formalaşdırıb. Evimizdə həmişə çoxlu kitab olub. Atamın çox zəngin kitabxanası vardı, elə indi də qalır o kitabxana. Evin sahəsi bütün kitabları saxlamağa imkan vermirdi. Təsəvvür edin, 4 otaqlı mənzilin 3 otağı kitab rəfləri ilə dolu idi, amma yenə yer çatmırdı. O, Ədəbiyyat İnstitutunun direktoru olduğu üçün az qala ölkədə ədəbiyyat sahəsində çap olunan bütün kitablar müxtəlif yollarla onun masasına gəlib çıxırdı. Həvəskar məlliflərdən tutmuş görkəmli imzalara qədər. Ona görə də ildə bir-iki dəfə o kitabları saf-çürük edirdi, bəzilərini ayırıb kitabxanalara paylayırdı. Doğulduğu Ağdaş rayon kitabxasına, Akademiyanın Elmi kitabxasınasına xeyli kitab hədiyyə etmişdi. Elə bil bilirdi bir gün qızı həmin kitabxananın müdiri olacaq.

- Yeri gəlmişkən, ixtisasca həkim olan bacınız Leyla xanım Elmi kitabxanın müdiri, tibb üzrə fəlsəfə doktorudur, siz isə tarix və hüquq elmi ilə məşğul olursunuz. Nə əcəb ailədə atanızın yolu ilə gedən, ədəbiyytı seçən olmadı?

- Əslində, bəlkə də mən atamın yolu ilə gedə bilərdim, amma gənclik öz sözünü deyir, adam təkəbbürlü olur axı. Fikirləşirdim ki, ədəbiyyat sahəsində nəyə nail olsam, hamısını atamın adına bağlayacaqlar, deyəcəklər oğluna kömək edir. Ona görə elə o vaxt başqa sahəni seçdim və atam da buna çox təbii yanaşdı.

- Övladlarından daha çox Bəkir müəllimə kim oxşayır, siz, yoxsa Leyla xanım? Ya da özünü Bəkir müəllimə oxşatmaq istəyən, özünü onun kimi aparmaq istəyən varmı?

- Məncə, heç birimiz, çünki bu, mümkün deyil. Mən heç vaxt onun kimi ola bilmərəm və məncə, heç lazım da deyil. Hər kəs özü kimi olmalıdır. Onun missiyası daha ağır idi: adi bir kənd uşağı Bakıya gəlib burada dəbdə olan bir söz işlədək də, elmin keşməkeşli yolları ilə ən yüksək pilləyə qalxmışdı. O, bir elm adamının nail ola biləcəyi hər şeyə nail olmuşdu: mükafatlar, təltiflər, amma bir dəfə televiziya müsahibəsində dedi: - "Heç vaxt mükafat üçün işləməmişəm. Sən öz işini gör, mükafat özü gəlib səni tapacaq". Yəqin, onun müəyyən xüsusiyyətləri bizdə də var, amma harada, necə, nə qədər ona oxşayırıq, bunu deməyə çətinlik çəkirəm.

- Oğlan uşağı dəcəl olur. Dəcəllik edəndə sizi necə cəzalandırırdı? Və siz onun cəza metodlarını ailədə övladlarınıza tətbiq etmisiniz?

- Əlbəttə, dəcəllik olmasa uşaqlıq olmaz... Cəzası isə, məsələn, "get küncdə dayan" olurdu. Və ya biz uşaq olanda yeganə telekanalda multiplikasiya filmləri saat 6-da göstərilirdi, televizora baxmaq mənə qadağan edilirdi, ya da bir-iki gün sevdiyim, yarımçıq qalmış kitabı oxumağı yasaq edirdi, ancaq dərslərimlə məşğul olurdum. Cəzası da sivil idi. Mən isə daha qəddar olmuşam, deyəsən...

- Bəkir müəllimin işi çox idi: akademiya, elmi və ictimai fəaliyyət, dissertasiyalar, yaradıcılıq, Yazıçılar Birliyi, müxtəlif redaksiyalar, rəhbərlik etdiyi institutun qayğıları, elmi şuralar, səfərlər və s. Ailəyə necə, vaxt ayıra bilirdi?

- Atamın fantastik iş qabiliyyəti vardı, iş görmək həvəsi və bacarığı vardı. Mən səhər yatağımdan qalxanda onu artıq yazı masası arxasında görürdüm. O vaxta qədər çayını da içirdi və işləyirdi. Saat 9-da işdə olurdu, heç vaxt gecikməzdi. Məncə, bu müharibə görmüş nəslin alışdığı nizam-intizamdır. Axşam da gəlib bir qədər istirahət etdikdən sonra yenə işi ilə məşğul olurdu. İndiki kimi kompüter yox idi, əksər yazılarını qələmlə yazırdı və işçilərini, yəni makinaçı qızları çox incitməsin deyə, bacardığı qədər səliqəli yazmağa çalışırdı. Daha sürətlə və daha səliqəsiz yaza bilərdi, amma incitmək istəmirdi heç kəsi.

- Bəkir Nəbiyev ölkədə kifayət qədər tanınmış adam idi və hətta bir neçə televiziya kanalı olan vaxtlarda onu demək olar hamı tanıyrdı. Sonra kanalların bolluğunda az qala hər həftə bir neçə kanalda göstərirdilər onu. Məşhur idi, amma bugünkü məşhurlardan deyildi...

- Əvvəla, özünü heç vaxt qeyri-adi məşhur hiss etmirdi. Çox adi yanaşırdı bütün bunlara. Təbii ki, tanıyanlar olurdu, elə akademiyanın 11 min işçisi var. Axşam gəzintisinə alim dostu, yaxud cilingər tanışı ilə çıxmağın onun üçün fərqi yox idi. Çalışırdı insanlarla ünsiyyətdə olanda onlardan nəsə götürsün. Hətta götürməyə heç nə olmasa belə, ən azından həmin adamın ləhcəsini, danışıq tərzini götürürdü və tanıyanlar bilir, bu sahədə xüsusi baməzəliyi vardı.

- Yaxın dostları kim idi? Sutkanın istənilən vaxtı zəng vurmağa ərk edə bildiyi, hər kəsdən darıxanda, hər şeydən bezəndə, yorulanda görmək istədiyi dostdan gedir söhbət... Siz necə, o dostların övladları ilə dostluq edə bildinizmi?

- Abbas Zamanovla çox yaxın münasibəti vardı. Kamal müəllimlə yaxın münasibəti vardı...

- Kamal Talıbzadə?

- Elə onunla da, Kamal Abdulla ilə də. Yəni onun üçün dostluq münasibətində yaş senzi yox idi. Çox gənc dostları vardı. Məsələn, İsrafil İsrafilov kimi gənc və Vasim Məmmədəliyev kimi yaşıdı. Cavanlıq dostlarından Cəmil Əlibəyov, Şıxəli Qurbanovla yaxın münasibətləri olub. İmamverdi Əbilovla yaxın idilər. Gözümü açandan evimizdə o adamları görmüşəm. Arif Abdullazadə, Məsud Əlioğlu... çox idi dostları... Ümumiyyətlə, gəncliyində adamın dostu çox olur və zaman keçdikcə itkilər başlayır. Və təəssüf ki, dostluq irsən ötürülmür.

- Bəkir müəllimin başqa maraq dairəsi vardımı? Köhnə kişilər nərdbaz olurlar... Və oynayanda uduzmaqla arası necə idi?

- Nərdin ustası idi. Evə gələn qonaqlarla, dostlarla oynayırdı, amma uduzmaq istəmirdi, xüsusilə nərddə, çox yaxşı oynayırdı və mən onu heç vaxt uda bilmədim.

Generalla bilyard oynayan akademik

- Belə bir məqam var: maraq oyunlarında uduzmağı sevməyənlər həyatda uduzmaqla barışmırlar.

- Yox, atam həyatda çox uduzmuşdu. Həyatda belə şeylərə öyrəşmişdi. Amma daha çox bilyarda həvəs göstərirdi. Peşəkar idi. Özünün xüsusi kiyi vardı. Oyuna gedəndə öz kiyini götürüb gedirdi. Dostları gəlib onu aparırdı, düzdür, pulla oynamırdılar, amma həvəslə oynayırdılar və onun bilyard dostlarından biri məşhur bir general idi. O qədər bilyard həvəskarı idi ki, mənə bağa da bilyard aldırmışdı, yayda başını qatırdı. Mənimlə də oynayırdı, nəvələrilə də. Kiçik oğlum onunla adaşdır, elə onunla da oynayırdı.

- Hansı müəllifi daha çox sevirdi? Kimə akademik yanaşması özəl idi?

- Müasirlərdən var idi elə adamlar, ad çəkmək istəmirəm, amma Hadini, Sabiri, Mirzə Cəlili çox sevirdi. Yaxşı hafizəsi vardı. Mənimçün çox çətin görünən Cavidin, Hadinin şeirlərindən əzbər bildiyi çox idi.

Müəllimlikdən ehtiyat edən alim

- Bəkir müəllim ömrünün müəyyən hissəsini müəllim işləyib, amma elmlə məşğul olduqdan sonra pedaqoji fəaliyyətdən uzaq oldu.

- Dəvətlər olurdu. Hətta ən nüfuzlu ali məktəblərdə kafedra müdirliyinə qədər təklif olunmuşdu, amma imtina edirdi. Səbəbi çox ciddiydi. Bəzi ali məktəb müəllimlərinə cəmiyyətdə münasibət birmənalı deyildi, adının nədəsə hallana biləcəyindən ehtiyat edirdi. Onun üçün ailə və təmiz ad hər şeydən üstün idi. Həm də vaxtını çatdıra bilmirdi. Sakit akademik mühitə üstünlük verirdi.

- Belə başa düşdüm ki, Bəkir Nəbiyev haramdan qaçıb və haramdan qaçan adamlar çox vaxt müəyyən məhrumiyyətlər yaşayır. Evdə, ailədə hər şeyi çatdıra bilirdimi? Ağlınızdan keçmirdi ki, atam elm adamı olmaqdansa, mağaza müdiri olsaydı daha yaxşı idi.

- Əlbəttə, hər şeyi çatdırmaq olmurdu. Belə bir rus deyimi var, generalın həyat yoldaşı olmaq üçün leytenanta ərə getmək lazımdır. Akademik olmaq üçün də əvvəl kiçik elmi işçi olmalısan. Məhz həmin dövrlərdə çətin dolanırdıq. Maşınımız yox idi, atamın heç vaxt maşını olmayıb. Universitetdə oxuyanda imkanlı tay-tuşlarım vardı, instituta şəxsi maşını ilə gələnlər olurdu və bir gün atama dedim ki, mənə də maşın al. Etiraz etmədi, məmnuniyyətlə razılıq verdi, amma dedi ki, oğlum, o maşının min manatını sən düzəlt qalanı mənim boynuma. Sevindim, amma sonra fikirləşdim ki, tələbə adamam, min manatı necə düzəldəcəyəm, neçə ay tələbə təqaüdünü yığmalıyam?! Bununla sadəcə məni başa salmaq istəyirdi ki, o maşının onda birini özün qazana bilərsənmi? Bəli, vaxt gəldi, mən özümə maşın aldım, atamı həmin maşında gəzdirdim və hiss etdim ki, o, bununla çox qürur duyur.

Ölümündən 10 il əvvəl yazılmış vəsiyyətnamə

- Bəkir müəllim 82 yaşında vəfat etdi. Xəstə yatdımı, əziyyət çəkdimi? Ailəsinə, övladlarına nə vəsiyyət etdi?

- Yox, qısamüddətli xəstəlikləri oldu. Ömrünün sonuna yaxın bir neçə dəfə üç, gün, dörd gün xəstəxanada yatdı, vəssalam. Ürək çatışmazlığı idi onda. Səhhəti ilə bağlı hamı ona deyirdi ki, dövlət hesabına xaricdə müalicə olunmaq üçün ölkə rəhbərliyinə müraciət etsin, deyirdi mən akademik adamam, yaxşı maaş alıram, mən də dövlət hesabına müalicə olunacağamsa, bəs öz hesabına kim müalicə olunacaq? Elə bil nəsə hiss etmişdi. Gecə dünyasını dəyişdiyi günün səhəri işə gedib mühasibi çağırmış, gecikməsin deyə, maaş cədvəlini imzalamışdı, elmi şuradan işi keçəcək bir neçə nəfərlə bağlı protokolları imzalamışdı, müdafiə şurasına təqdim olunacaq sənədləri hazırlamışdı, yəni elə bil bütün yarımçıq işlərini tamamlamağa çalışmışdı. Sonra da şöbələri gəzib işçilərlə görüşmüşdü. Halallaşmaq kimi... vidalaşıb hamıyla. Və həmin gecə rəhmətə gedib. Anam olub yanında. O, rəhmətə gedəndən sonra yazı masasında 10 il əvvəl yazılmış vəsiyyətini tapdıq, sadəcə sonuna bir neçə cümlə əlavə etmişdi, o da bacım oğlunun toyu ilə bağlı. Yazmışdı ki, mənə bir şey olsa uşağın xeyir işini saxlamayın. Qalan hər şey 10 il əvvəl yazdıqları idi və orada mülk, var-dövlət bölgüsü barədə bir söz belə yazılmamışdı, çünki elə böyük imkanları yox idi, anamı bizə tapşırırdı, ailəni bir tutmağı vəsiyyət edirdi. Yazırdı ki, mənim üçün böyük ehsan verməyin, insan ehsanını sağlığında öz əməllərilə verir. Yəni belə şeylər. Onun bu fikirləri ailəmiz üçün proqram idi, mesaj idi.

- Bəkir müəllim "Ədəbiyyat qəzeti"nin daimi oxucusu olub, siz necə, oxuyursunuzmu "Ədəbiyyat qəzeti"ni?

- Oxuyuram. Çalışıram, hər nömrəsini oxuyum, çünki qəzet çox yaxşı çıxır, xeyli müasirləşib, ədəbi prosesi izləmək üçün mənə yeganə vasitədir. Təsadüfi hallarda qaçıra bilərəm.

Söhbətləşdi:  Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!