Modernizmdən kənarda qalan ədəbiyyat... - Kənan Hacı yazır

 

XX əsrin böyük türk yazıçılarından olan Əhməd Həmdi Tanpınarın "Aydakı qadın" romanını oxudum. Tanpınar çox sevdiyim yazıçılardandır, türk nəsrini dünya romançılığı prinsiplərilə ayaqlaşmağa sövq edən bir yazıçıdır. Bu barədə ayrıca bir məqalə də yazmışam. "Aydakı qadın" yazıçının sonuncu əsəridir, nə yazıq ki, əcəl ona romanı tamamlamağa imkan verməyib. Buna baxmayaraq, roman bitkin təsir bağışlayır. Əsərdəki qırıqlıqlar yazıçının gündəliklərindən əlavələr edilməklə bərpa edilib. Yazıçı gündəliklərində bu romanın eskizlərini cızıb və bu da onun vəfatından sonra əsəri bərpa etməkdə onun araşdırıcılarına yardımçı olub. Əks halda roman, doğrudan da, yarımçıq görünərdi. Bu əlavələrlə birlikdə roman ilk dəfə 1987-ci ildə, yazıçının vəfatından iyirmi altı il ötəndən sonra nəşr edilib.

Bitkin struktura malik "Aydakı qadın" romanı gündəliklərindəki qeydlər hesabına tamamlansa belə, Tanpınarın yazıçı olaraq üslub özəlliklərini özündə ehtiva edir, hətta mövzu baxımından 1948-ci ildə qələmə aldığı "Hüzur" romanıyla da müəyyən oxşarlıqlar diqqəti çəkir. Çox maraqlıdır ki, adını çəkdiyimiz roman da yazıçının ölümündən sonra nəşr edilib. "Hüzur"un qəhrəmanları sivilizasiya və mədəniyyət böhranı keçirən bir cəmiyyətdə yaşayırlar, hadisələr İkinci Dünya müharibəsi ərəfəsində cərəyan edir. Bu dövrdə yeni həyat tərzinə qovuşa bilməyən türk ziyalılarının içində bir rahatsızlıq var, tərəddüdlərlə çarpışmaqdadırlar.  Çökmüş bir imperiyanın iqtisadi şərtləri içində nə edəcəklərini bilmirlər. Hadisələr şeirsəl tonda təsvir edilir, yeni sivilizasiyaya adaptə oluna bilməyən insanların ruh halı, ənənəyə bağlılığı "inanan ruhun Allahını arayan çırpınışı", dərvişanəlik və sonda inzivayə çəkilmə bu insanları yeni dövrün qapısı arxasında qoyur. "Aydakı qadın" romanının qəhrəmanları Selim, Leyla, Asım da eyni problemlərin, mənəvi-psixoloji təbəddülatların ağuşundadırlar. 

İç monoloqlar üzərində qurulan romanın əsas qəhrəmanı Selimdir. Selim introvert tipdir, yaşadığı uğursuz sevgilər həyatının düzənini pozub. Tanpınarın Prustvari cümlələri Selimin iç dünyasının bütün künc-bucaqlarını işıqlandırır. Selimi bir növ, Oğuz Atayın "Təhlükəli oyunlar" romanının qəhrəmanı Hikmət Benolun sələfi də adlandırmaq olar. Selim də eyni vücudda, sanki bir neçə insanın düşüncələrini daşıyır və bu fərqli düşüncələr içərisində boğulur, çıxış yolu tapa bilmir. Sentimental xarakterli Selim roman boyu özüylə daxili savaşdadır, həyata, siyasətə, sevgiyə münasibətində tərəddüdlər burulğanında çabalamaqdadır. Selim-Leyla-Asım üçbucağında heç biri mənəvi əsarətdən qurtula bilmirlər. Selimin "İflas"  adlı bir roman yazdığını öyrənirik. Romana bu adın seçilməsiylə də yazıçı oxucuya bir mesaj ötürür. Burada müəyyən mənada romanın qəhrəmanlarının mənəvi çöküşünə işarə edilir. Oxucu roman boyu bu iflası hiss edir. Bu daxili təbəddülatlar, əslində, Cümhuriyyət ziyalılarının qarşısında duran dilemmadan qaynaqlanır: Qərbə üz tutaq, yoxsa milli kimliyimizi qoruyaq? Tanpınarın bütün əsərlərindən bu xətt keçir. Yazıçı, əlbəttə, modernləşməklə milli ruhu qoruyub saxlamağın tərəfdarıdır.

Yazını başlayanda məqsədim heç də Tanpınarın romanı haqqında yazmaq deyildi. "Aydakı qadın"ı oxuyub bir kənara qoyandan sonra bir anlıq düşündüm: bəs görəsən, niyə ötən əsrin 50-60-cı illərində Azərbaycan nəsrində bu tipli intellektual romanlar yazılmayıb? Ruslaşmaya qarşı öz milli kimliyini qorumağa çalışan ziyalı obrazı niyə yaradılmayıb? Suala sualla cavab verək: heç buna imkan verərdilərmi? Dərhal həmin yazıçının kürəyinə millətçi damğası vurub gedər-gəlməzə yollayardılar.

Əhməd Həmdi Tanpınar türk ədəbiyyatına yeni baxış, yeni üslub gətirən yazıçılardandır, əsərlərindən də göründüyü kimi, onun təhkiyə tərzində modernizmin yaradıcıları Ceyms Coysun, Marsel Prustun güclü təsiri var. Bu yeni xətt türk ədəbiyyatına, türk nəsrinə Oğuz Atayı, Yusif Atılğanı və Orxan Pamuku qazandırdı. Bəs Azərbaycan nəsrində nə baş verdi? Sosrealizm ədəbiyyatı Azərbaycan nəsrinin boy artımının qarşısını aldı. Dünya ədəbiyyatının qapıları Azərbaycan oxucusunun üzünə bağlı idi və bu da bizdə ədəbi inkişafın qarşısına çəpər çəkdi, nəticədə direktiv, qısır ədəbiyyat yarandı. Bu fikirləri yazmaqla öz yazıçılarımızı əsla aşağılamaq fikrində deyiləm. Əsla! XX əsr Azərbaycan nəsrində Süleyman Rəhimov, Mirzə İbrahimov, Əli Vəliyev, Mehdi Hüseyn və digər qüdrətli qələm sahiblərimiz olub ki, onlar ədəbi dilimizin inkişafında böyük xidmətlər göstəriblər. Rəhmətlik Vaqif İbrahimoğlu demiş, amma və lakin... XX əsrin 40-cı, 50-ci, 60-cı illər nəsrimizə nəzər salaq. O dövrdə bizim modernist düşüncə baxımından Əhməd Həmdi Tanpınarla müqayisə edilə biləcək yazıçımız varmı? Yeni əsrin ibtidası Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyevlə başlasa da bu xətt yarıda qırıldı. Ədəbiyyat sosialist ideologiyasının vintciyinə çevrildi. Sosialist məkanında modernizmin havası bizə gəlib çatmadı və bu da onunla nəticələndi ki, Azərbaycan nəsri modernizm mərhələsini yaşamadı. Kolxoz-sovxoz ədəbiyyatı yarandı ki, bu gün həmin əsərlər çoxdan öz aktuallığını itirib. Modernist ədəbiyyatın ən vacib nümunələri hələ indi-indi dilimizə tərcümə olunur, bəziləri hələ də dilimizdə yoxdur. Halbuki, bu əsərlər ən azı, 50-60 il bundan öncə tərcümə edilməliydi. Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatından geridə qoyan əsas səbəblərdən biri də 70 illik sovet rejimində yaşamağımız oldu. Bu qapalı rejimdə ədəbiyyatımız demək olar ki, dünya ədəbiyyatında gedən proseslərdən kənarda qaldı.

Tanpınar haqqında araşdırmaçı Mehmet Samsakçı yazır: "Tanpınar gəlməsəydi, klassik türk şeirinin təbiətini, əski şairlərin kim olduqlarını və nə dediklərini, nə üçün klassik və böyük olduqlarını, bir şeirdə nəyi axtarmaq lazım olduğunu, tarixlə ədəbiyyatın, fərdlə toplumun ədəbiyyatda hansı problemləri doğurduqlarını anlaya bilməyəcəkdik". Tanpınar türk mədəniyyətində, ədəbiyyatında, düşüncəsində hansı boşluğu doldurub deyə sual etsək, belə cavab verə bilərik: Tanpınar özünün ədəbi dilini yaratdı. Türk nəsrində modernizm onunla başladı. O, türk nəsrinin Marsel Prustudur. Tanpınar xətti türk nəsrinə Oğuz Atayı, Yusif Atılğanı, Orxan Pamuku, Murat Menteşi qazandırdı.

Azərbaycan nəsrində 60-cılar nəsliylə intibah başlandı ki, bunun da bünövrəsini İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı və İsa Hüseynov qoymuşdu.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!