Səni sevmək qədər... - Xuraman Hüseynzadə - şeirlər

 

Günlər

Günlər

vətəninə getməyə tələsən qərib kimi

gedir ömrümüzdən

əlçatmaz olur

ünyetməz olur

qədrini bilmədiyimiz günlər...

Çox axtaracağıq sizi

Ey ömrümüzdən gedən

günlər.

Hara tələsirsiniz

hara?

Dayanın, vətəninə getməyə

tələsən qəribə dönməyin!

Dərdlərimlə baş-başa qalmaq,

tənhalığı da özümə

                        dərd etmək istəmirəm...

Payız

Payız yenə  qızılı yarpaqları ilə gəlib

ömrümüzə

gözəl payız

nisgilli

qəmli payız...

Həkimdən qorxan

uşaq kimi boylanar göy üzündən

günəş

sən gələndə...

Ruzi-bərəkətin, bar-bəhrən kimi yağışın,

                        küləyin də bol olar

şıltaq

ərköyün payız...

Öyrət mənə  kədəri gizlətməyi

qəmə qalib gəlməyi

qızılı yarpağa dönüb qalib olmağı öyrət

qəmli könlümə...

Eh, gözəl payız, səndən sonra

ağappaq qar yağacaq qara torpağa.

Sonra yenə yaz gələcək

hər tərəf gül-çiçəyə bürünəcək

və sən hələ  zamanını

gözləyəcək

səbirli olmağı öyrənəcəksən...

Səni görüncə

Səni ruhum zənn etdim,

İnsan birinci özünü sevər,

mənsə ruhumu sevdim.

 

Hər yerdə səni gördüm

Payızda

Qışda yaşıl çəmənlik görən kimi

gördüm və sevdim səni.

Şimşək çaxarkən günəşi gördüm, sanki

Buludların arasında

səni görüncə...

Yanan ocağın istisində

ürəyinin hərarətini

sevgisini duydum.

Mən səni görüncə qışı, soyuğu

hiss etmədim ki.

Yalnız gözəllikləri

sevgini gördüm

gözlərində,

ürəyində.

Mən səni belə sevdim,

neyləyim?..

 

Səni sevmək qədər...

Səni görməkdən

sevməkdən  gözəl

nə var ki, həyatda?

Ümidimsən sən

həvəslə gördüyüm bir işin

uğurlu sonluğu kimi

sevindirir məni

qəlbindəki sevgini hiss etmək

nə yaxşı varsan

elə bilirəm

Tanrı səni mənimçün

yaradıb.

Günəş olmusan

görməyən gözlərim üçün

səninlə görüb gözlərim

döyünüb ürəyim...

Səninlə

sevdim

və sevəcəm həyatı mən...

 

Yollar

Bu şəhərin yolları

Ayrılıqdan çox uzaqdır.

Qorxutmur adamı,

getdikcə getmək,

asfalt qoynunda itdikcə itmək

istəyirsən o yolların...

Bilirsən axı

bilirsən

o yollar ayrılığa aparmayacaq səni...

Sevdiyini bilir o yollar

onsuz yaşaya bilməyəcəyini

bilir

və inanırsan ki,

bu şəhərin yolları ona aparacaq səni,

ya da

onu sənə gətirəcək.

Qovuşduracaq sizi

qovuşduracaq...

Ölməz bu sevgi

Sənsizlik qədər

ağrılı

əzablı nə var?

Səndən uzaqda

Yalqızlıqla baş-başa qalmaq istəmirəm

Mən sevgimlə baş-başa qalmaq

səni düşünmək

sənli günlərdən zövq almaq

səni,

yalnız səni sevmək istəyirəm...

Sevgimə heyfim gəlir

sənin də ona heyfin gəlsin...

Ölməyə qoymaram onu

Lazım olsa can verərəm

nəfəsimlə yaşadaram onu.

Ölməz bu sevgi

heç vaxt ölməz...

 

Sənsizlik

Sənsizlik

günəş kimi

Ay kimi

qonaq gəlməsin mənə

istəmirəm.

Mən sənsizliyi qarşılamağa hazır deyiləm

küssün, getsin, eybi yox.

Qonaqpərvər olmayacam

Qarşılamayacam sənsizliyi...

Sənli günləri xatırlamaq yetər mənə

Xoş günləri

əvəz edər sənli xatirələr...

Amma mən sənli günlərin

xatirələrini də

istəmirəm sənsizlik kimi...

Səni istəyirəm...

Gözlərində özümü görmək

ürəyində özümü axtarmaq və tapmaq

istəyirəm...

Ayrılıqdan uzaq

 

Ayrılıqdan uzaq bir həyat istəyirəm

Yalnız səni sevdiyimçün xoşbəxt olduğum

həyat.

Sən də məni sevəsən

dəniz balıqları, qumları və

                        günəşi sevən kimi...

Ayrılıqdan

kökündən qopmuş ağac kimi

uzaq düşəydik kaş.

Ayrılıq qorxutmayaydı bizi

qırmayaydı qəlbimizi

ayrılmayaydıq

sevəydik

seviləydik

sevgi il dolu bir həyat yaşayaydıq..

 

Təki sən gəl...

Hava da soyudu,

günəş getdi

sən gedən yerə.

Günəşi görməyən ürəyim

Heç üşümədi ki.

Sənin sevginlə yaşadı

səninlə yaşadı...

Sığındı sənin xəyalına

İsindi...

Bir azdan günəş də doğacaq

Sən də dönəcəksən geri.

Gəl,

təki sən gəl

günəş də gəlsin səninlə...

Niyə uzağıq bir-birimizdən,

niyə?

Bu qədər yaxınkən

o qədər uzaq olmaq

ayrılıqla qol-boyun

yaşamaq nədəndir axı?

 

Darıxmaq

Darıxmaqdır bunun adı

nə üzü yadından çıxır

nə səsi

nə də gözləri...

Keçdiyiniz küçələr,

Getdiyiniz yerlər yadına düşərsə...

Ürəyin ağrımazmı?

Onu istəməzmi?

Bir az da çox xatırlayanda

Barmaqların sizdən fərqli olaraq

birləşib yumruğa dönməzmi,

o yumruğu vurmarsanmı dizinə?

Niyə belə oldu, axı niyə?

Ağlayarsan bu zaman

Kaş gözlərindən süzülən yaşlar kimi

birləşəydiniz...

Kaş...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!