"Molla Nəsrəddin" ədəbi məktəbinin layiqli davamçısı - Gülbəniz Babayeva yazır

Xeyrəddin Qoca - 70

 

Çağdaş Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin" jurnalının ideya, janr və üslub rəngarəngliyini ləyaqətlə davam etdirən Xeyrəddin Qoca orijinal satirik yazıları ilə seçilən yazıçılarımızdandır. Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir kimi ədəbi fəaliyyətinin ana xəttini vətən və millət təəssübü, doğma xalqını azad və xoşbəxt görmək istəyi Xeyrəddin Qoca yaradıcılığı üçün də səciyyəvidir. Zəngin və çoxşaxəli yaradıcılığı onu dövrünün satirik yazıçısı kimi məşhurlaşdırmış və "Molla Nəsrəddin" ədəbi məktəbinin fəal davamçılarından birinə çevirmişdir. Azərbaycan xalqının ictimai-siyasi, ədəbi-mədəni həyatında gedən prosesləri həssaslıqla müşahidə edən, bir vətəndaş yanğısı ilə bu taleyüklü məsələlərə öz münasibətini bildirən Xeyrəddin Qoca satira və yumor janrına böyük önəm verir və onun məsuliyyətini dərk edərək yazır: "Satira və yumor ən ciddi janrdır. Hətta mən deyərdim ki, bu, o qədər ciddi janrdır ki, yazmaq üçün böyük istedad və bacarıq tələb olunur. Az sözlə böyük fikirləri ifadə etmək iqtidarında olmalısan. Həm də gülə-gülə ağlatmağı, ağlada-ağlada güldürməyi bacarmaq lazımdır".

"Molla Nəsrəddin" jurnalının ideoloji xətti, kəskin satirik üslubu, aydın tendensiyası, həqiqəti ən dərin qatlarına qədər açıb söyləməsi və ən başlıcası isə vətən və millət yanğısı Xeyrəddin Qocanı gənc yaşlarından sehrləmiş, o, 1968-ci ildə "Hədiyyə" adlı ilk hekayəsini "Kirpi" satirik jurnalında dərc etdirmişdir. Jurnalın baş redaktoru Seyfəddin Dağlının tövsiyəsi ilə çap edilən bu hekayə 18 yaşlı gəncin gələcək yaradıcılıq yolunu müəyyənləşdirdi. Satirik üslubu ilə mollanəsrəddinçilərin ölməz irsini yaşadan Xeyrəddin Qoca Süleyman Rüstəmin rəhbərliyi ilə fəaliyyət göstərən "Kirpiçilər məclisi"ndə maraqlı satirik yazılarla çıxış etməyə başladı. Bu proses sonralar "Ədəbiyyat və incəsənət" qəzetinin "Həftə gülüşü" səhifəsində uğurla davam etdirildi. Xeyrəddin Qocanın satirik üslubda qələmə aldığı "Filankəslər" (1995), "Hərə öz payını götürsün" (1998), "Marallar" (2000), "Bu dünyadan məktublar" (2002), "Gərək yazam" (2003), "Hərənin öz payı" (ikihissəli satirik komediya, 2003), "Pyeslər" (2004), "Bu da belə həyatdır" (2008), "Biz bizə bənzərik" (2010), "Xeyrəddin Qocanın gülüşü" (2015) və başqa kitablarında "Molla Nəsrəddin" dəst-xətti açıq-aydın görünməkdədir. Onun "Hərənin öz payı", "Qonşulaşma, qohumlaşma, kirvələşmə", "Bu bizim zəmanədir" pyesləri Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında nümayiş etdirilmiş, cəmiyyətdəki çatışmazlıqlardan, nöqsanlardan, eybəcərliklərdən bəhs etdiyi üçün tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. "Qonşulaşma, qohumlaşma, kirvələşmə" televiziya tamaşası 2004-cü ildə Azərbaycan Dövlət Televiziyası ilə yayınlanmışdır. Bu tamaşalar haqqında "Azərbaycan", "Yeni Azərbaycan", "Respublika", "Xalq qəzeti", "Şərqin səsi" və başqa dövri mətbuat orqanları məqalələr və resenziyalar dərc etmişlər.

Əlli ildir yorulmadan satirik yazıları ilə "Molla Nəsrəddin" ənənələrini uğurla davam etdirən yazıçı deyir: "Biz hansı cəmiyyətdə yaşamışıq, hansı cəmiyyətdə yaşayırıq, sabah hara gedirik? Bu fikirlər məni narahat edir, ona görə yazıram. Xalqı, vətəni, torpağı sevdiyimdən yazıram. İnsanlara məhəbbətimdən yazıram. Vaxtilə Mirzə Cəlil, Sabir, Ə.Haqverdiyev ... niyə yazırdılar? Mən də ona görə yazıram".

Şübhəsiz ki, ideal cəmiyyət yoxdur. Xeyrəddin Qoca da bir vətəndaş, ziyalı kimi yaşadığı cəmiyyətdə nöqsanlarla, neqativ hallarla, ədalətsizliklərlə qarşılaşmış və onun satirik sənətkar kimi yetişməsində həyatın bu sərt həqiqətləri ilə üzləşməsi müəyyən rol oynamışdır. Yazıçı bu danılmaz faktları etiraf edərək yazır: "Uşaqlıqdan indiyədək həyatım boyu haqsızlıqlarla, ədalətsizliklərlə rastlaşmışam. Qapılar arxasında çox qalmışam. Hər bir insanın müəyyən xarakteri olduğu kimi, mənim də satira və yumora böyük həvəsim olub. Gözəl satirik əsərlər yazan sənətkarlara heyran olmuşam. Bütün bunlar, eyni zamanda dünyagörüşüm məni satira və yumor yazmağa sövq edib. Ancaq bu yolla ürəyimin dərinliklərindəki məhəbbətimi, bəzən də nifrətimi bildirirəm. Yazılarımın əsas qayəsi tərbiyələndirməkdir. Yəni kimisə alçaltmaq, məhv etmək yox, məhz tərbiyə etmək üçün satira və yumordan istifadə edirəm".

"Molla Nəsrəddin"də ana dili problemi jurnalın başlıca məsələlərindən biri olmuş və bu mövzulu satirik felyetonlara, şeirlərə, publisistik məqalələrə öz səhifələrində geniş yer vermişdir. Bu önəmli məsələ Xeyrəddin Qocanı da dərindən düşündürür, doğma ana dilimizə ögey münasibət bəsləyənlər onun tənqid hədəfinə çevrilir.Yazıçı "Müsəlman havası "çalaq"..." adlı felyetonunda Cəlil Məmmədquluzadənin məşhur "... türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir..." fikrini xatırladaraq öz dilini bəyənməyib rus və ya qeyri dillərdə danışmağa üstünlük verənləri satira atəşinə tutaraq deyir: "... axı, nə olub bizim baldan şirin, ana laylası kimi saf, təmiz, axıcı, musiqili Azərbaycan dilimizə? Dilləri öyrənmək, bilmək çox yaxşıdır. Amma öz dilimizdə danışdığın halda, başqa dildən istifadə etmək nə deməkdir? Kim nə düşünür-düşünsün, mən bunu ana dilimizə xəyanət, ana laylalarımıza təhqir hesab edirəm" .

Xeyrəddin Qoca bütün yaradıcılığı boyu "Molla Nəsrəddin" ənənələrinə sadiq qalıb. "Molla Nəsrəddin" jurnalında silsilə şəklində dərc edilən "Atalar sözləri", "Hikmətli sözlər" rubrikalarında yer alan parodiya və perifrazlar Xeyrəddin Qocanın "Məsləhətlər"ində özünəməxsus tərzdə, sətiraltı eyhamlarla, ironik şəkildə davam etdirilir. Yazıçının bu uğurlu, sərrast və satirik yönümlü tapıntıları qüvvətli aforizmlər kimi səslənir:

"Vəzifədə-zadda olsanız, özünüzə bir gün "ağlayın". Çünki vəzifə həmişəlik deyil".

Pulunuz varsa, nazir də ola bilərsiniz, şair də. Hələ istəsəniz alim də, professor da. Təki verən əliniz olsun.

Məşhurlaşmaq istəyirsinizsə, bir partiya yaradın, özünüz də olun başqan. Ən azından millət vəkili seçiləcəksiniz, bəsinizdir.

Bir vəzifəyə getmək istəyirsinizsə, şayiə yayın ki, sizi həmin vəzifəyə götürmək istəyirlər, amma siz razı olmursunuz. Onda sizin haqqınızda ictimai rəy yaranar, məqsədinizə nail olarsınız.

Ev almaq növbəniz çatanda tələsməyin. Bəlkə sizdən sonra müdirin yaxın adamları var.

Qəzetləri çox oxumayın, diliniz söyüşə öyrənər.

Səhnədə kim bərk qışqırsa, ona əl çalın. Deməli, yaxşı oxuyur.

Rüşvəti manatla yox, dollarla alırlar, çünki manatı saymaq çox vaxt aparır.

Deyirlər, gərək Məkkə, Kərbəla ziyarətinə halal pulla gedəsən. Görün ölkəmizdə halal pul qazanan nə qədər mömin var!

Çox məsləhət verməkdən çəkinin. Çünki hərə öz ağlını bəyənir...". Bu kimi sərrast, lakonik və kəskin "məsləhətlər" Xeyrəddin Qocanın "Molla Nəsrəddin" ədəbi məktəbinin layiqli davamçısı olduğunu bir daha təsdiqləyir.

Azərbaycan xalqının ictimai-siyasi və ədəbi-mədəni həyatında fəal iştirak edən Xeyrəddin Qocanın çoxşaxəli fəaliyyətinin  əsas istiqamətini onun satirik yaradıcılığı təşkil edir. "Molla Nəsrəddin" ədəbi məktəbinin XX əsrin əvvəllərində yaratdığı, formalaşdırdığı azərbaycançılıq ideologiyası, azad, demokratik və hüquqi bir dövlətin vətəndaşı olmaq tendensiyası əsrin sonunda Xeyrəddin Qoca yaradıcılığında davam etdirilir. Yazıçı içərisində yaşadığı cəmiyyətdə hökm sürən haqsızlığa, ədalətsizliyə, rüşvətxorluğa, əliəyriliyə, talançılığa qarşı barışmaz mövqedə dayanır, neqativ hallara yol verənləri satirik ittihamla üz-üzə qoyur. Yazıçının dərin müşahidə qabiliyyəti, yüksək intellektual səviyyəsi, hadisələri analiz etmə bacarığı onun dinamik fəalliyyətinə təminat yaradır və əsl satirik yazıçı kimi formalaşmasını reallaşdırır. Xeyrəddin Qocanın çoxşaxəli yaradıcılığı mövzu rəngarəngliyi ilə diqqəti cəlb edir. Xalqımızın ictimai, siyasi, sosial həyatının bütün sahələrini öz təfəkkür süzgəcindən keçirən yazıçının real faktlara əsaslanması onun Cəlil Məmmədquluzadə irsinin əsl davamçısı olduğunu bir daha təsdiqləyir. Mirzə Cəlilin cəmiyyətdəki yaraları sağaltmaq üçün "rişədən başlamaq lazımdır" tendensiyası Xeyrəddin Qoca yaradıcılığı üçün də səciyyəvidir. Çünki Xeyrəddin Qoca da Cəlil Məmmədquluzadə kimi, sözü zamanında deməyi bacarır: "Söz demək üçün zamanı gözləyənlər mənim nəzərimdə ən qorxunc adamlardır! Elələri də var ki, zamanı gözləyə-gözləyə ölüb gedirlər bu dünyadan. Ömür qısadır axı! Nə sözün var, zamanında de də!".

Xeyrəddin Qoca satiralarının əsas tənqid hədəfləri kimlərdir? - Bürokratlar, bacarıqsız və səriştəsiz siyasətbazlar, rüşvətxor, əliəyri, süründürməçi məmurlar, müxtəlif adda partiyalar yaratmaqla xalqı parçalamağa cəhd göstərən yalançı və fırıldaqçı işbazlar, xalqa "kişilik" dərsi öyrədən riyakar şöhrətpərəstlər, dövlət əmlakını talayan tamahkarlar, pul hərisləri, yalançı "vətənpərvərlər", danosbazlar, ana dilində danışmaqdan utanc hissi keçirən "manqurtlar", yalan, böhtan yazan mənsəbpərəst, reket jurnalistlər, bayağı mahnılarla xalqın zövqünü korlayan istedadsız, üzdəniraq müğənnilər, "mən salim olum..." prinsipi ilə gün keçirənlər, yaltaqlar və başqa neçə-neçə antipodlar. Bu prototiplərə başqa bir səpkidə mollanəsrəddinçilərin yaradıcılığında da çox rast gəlirik. Əliqulu Qəmküsarın müvəqqəti hökumətin boşboğaz nümayəndələrinə həsr etdiyi və 1917-ci ildə "Molla Nəsrəddin" jurnalında dərc olunan "Qarğalar pamfleti"nin mövzu və ideyası  Xeyrəddin Qocanın "Qarğalar-quzğunlar" felyetonunda uğurla davam etdirilir:"Qartal" sözünü həmişə fəxrlə səsləndirmişik. Axı qartallar zirvələr fəth edir, qürur rəmzi sayılırlar. Lakin elə ki, bunlar bir canlının üstünə hücum çəkir, onu didib-parçalayırlar, onda olurlar quzğun! Yəni vəhşi!.. Quzğunlar murdar leşləri parçaladıqlarından həmişə dimdikləri qanlı olur. Bəzi insanlar da onlar kimidir, birinə pislik etməsələr, onun "leşini" görməsələr, sakit olmurlar, gecə-gündüz, hər an onu "didməkdən" ləzzət alırlar. Qaniçən vampirlər kimi! Hərdən elə-belə də deyirlər: "İmkanım olsa, filankəsin qanını içərdim!". Yazıçı bəd əməllərin daşıyıcısı olan belə mənfi tiplərin xarakterini yaratmaqla onları islah etməyə, cəmiyyət üçün yararlı və faydalı bir insana çevirməyə çağırır. Mollanəsrəddinçilərin vətən və millət təəssübkeşliyi, bəşəriyyəti yaxşılığa, xeyirxahlığa səsləmək kimi cahanşümul missiyası Xeyrəddin Qoca yaradıcılığının əsas leytmotivini təşkil edir.Yazıçı cəmiyyət üçün yararsız olan belə "qarğa-quzğunlar"ı mikroblarla müqayisə edir. Bu məqamda böyük realist ədibimiz Cəlil Məmmədquluzadənin "Mikroblar" felyetonunu xatırlatmaq yerinə düşər: "Qərinələrlə millətimizin şirin canına milyonlarla ac mikroblar daraşıb qanını sormaqdadır və məhz bu həşəratdır milləti xəstə edən, məhz bu mikroblardır onu bədnam edən!.. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək!".

Xeyrəddin Qoca ustad Mirzə Cəlilin sözlə rəsm etdiyi bu "mikroblar"a yeni çalar, yeni rəng verməklə orijinal bir şəkildə oxucuya təqdim edir: "İnsan cəmiyyətindəki saysız-hesabsız mikroblardır qarğa-quzğunlar! Mikroblar da bilirsiniz, qaranlıqda, xəlvətdə, işıq olmayan yerlərdə inkişaf edir, ayaqqabılarımızın altına yapışırlar! Ona görə də bir işıq görən kimi gözləri qamaşır, işığın qarşısını almaq üçün "əl-ələ verib mikrob "divarı" yaradırlar. İnsanlar isə bu mikrobları tamamilə yox etmək istəyirlər. Lakin bu mümkün olmur, çünki mikroblar çoxdur, nə qədər işıqlı insanlar var, onlar da olacaq".

Xeyrəddin Qoca geniş və çoxşaxəli yaradıcılığında Cəlil Məmmədquluzadə ilə yanaşı, Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığına da müraciət etmişdir. Təsadüfi deyildir ki, onun kitablarından biri "Marallarım" adlanır. Xeyrəddin Qoca Haqverdiyev yaradıcılığından bir sənətkar kimi  bəhrələndiyini xüsusi vurğulayaraq deyir: "And olsun bizi Yaradana, birdən oturub fikirləşirəm ki, ayə, görəsən, bütün millətlərdə bu qədər "maral" var, yoxsa birinci yeri biz tuturuq?" Yazıçı bildirir ki, "növbəti kitabımda elə gülünc "marallar" var ki, inanın, qələmimin gücü çatmır onları olduğu kimi təsvir eləməyə. Yəni o qədər iyrənc, dəhşətli "marallar"dır ki, burda Mirzə Cəlil qələmi, Sabir satirası tələb olunur. Mən bacardığımı etmişəm. Amma bilmirəm bu günün "marallar"ını verə bilmişəm, ya yox?". Əlbəttə ki, verə bilmisiniz, Xeyrəddin müəllim!

Akademik İsa Həbibbəyli Xeyrəddin Qocanın yaradıcılığındakı bu məqama diqqət çəkərək yazır: "Yazıçı Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli təmsilçisidir. Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq onun satirik nəsrinin ana xəttidir. Ədib Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın "marallar"ının bədii obrazlarını yaratmağa müvəffəq olmuşdur. Xeyrəddin Qocanın "marallar"ı həm də "Molla Nəsrəddin" "marallar"ının davamçıları, xələfləridir. O, satirada qüdrətli yazıçı və vətəndaş, publisist Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır".

Xeyrəddin Qoca 50 illik fəaliyyəti dövründə daima xalqımızı öz milli-mənəvi və əxlaqi dəyərlərini qorumağa, bu yolda qarşıya çıxan maneələri dəf etməyə, mübarizəyə səsləmiş və bu gün də bu taleyüklü problemlərin həlli istiqamətində ardıcıl və prinsipial mövqeyini davam etdirməkdədir: "Adam da pulu ilə, maşınları ilə, evləri-eşikləri ilə, villaları ilə qürrələnərmi? Bunları kasıb-kusubun gözünə soxarmı? "Ölün, çatlayın" ədası ilə hərəkət edərmi? - deyən yazıçı dövlət məmurlarını, yüksək vəzifə sahiblərini xalqın qanını sormaqla topladıqları var-dövlətlə, haram pullarla deyil, təmiz adla, saf mənəviyyatla öyünməyə, insanlara əl tutmağa, xeyirxahlıq etməyə səsləyir. Yazıçı bir həqiqəti bu cür puç mənəviyyatlı insanlara anlatmağa çalışır ki, yalnız yaxşılıqla ad qoyub gedənlər əbədiyyət qazanacaqlar.

Mənəviyyatı da yaradıcılığı kimi zəngin olan Xeyrəddin Qoca müxtəlif vəzifələrdə çalışıb və bir çox mükafatlara layiq görülüb. Lakin bunların içərisində ən böyük mükafat əlbəttə ki, milyonlarla oxucu məhəbbətini qazanmaqdır. Çünki o elə bir dəyərdir ki, heç zaman öz qiymətini itirmir, sənətkara əbədiyaşarlıq bəxş edir.

Xeyrəddin müəllim! Arzu edirik ki, yarım əsr yolunda qələm çaldığınız xalqımızın tükənməyən məhəbbəti sizi əbədi yaşatsın!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!