Ailə albomu - Rüstəm Kamal yazır

 

Yusif Səmədoğlunun "Qətl günü" romanında Zəminə iri, uzunsov, qırmızı məxməri rəngli albomu ərinə - Xəstəyə verir. Xəstə albomu dizinin üstə qoyub düşünür ki, "köhnə şəkilləri, ölüb-getmiş əzizlərinin şəkillərinə albomlarda, yeşiklərdə və başqa qaranlıq yerlərdə saxlayıb, hərdən-hərdən onlara baxmaqla, evə gələn qonaqlara göstərməkdə nəsə bir anormallıq vardı: İnsan həyatı tərk edəndə bütünlüklə tərk etməlidir, ondan sonra zahirini, səsini yalnız xəyallarda və qulaqlarda qoruyub getməlidir və əgər sağ qalanlar çay içə-içə çörək yeyə-yeyə ölülərin şəklinə, gündəlik həyatın adi şeylərinə tamaşa edirlərmiş kimi baxırlarsa, ya da daha pisi, ölülərin sağlığında maqnitofona yazılmış səsinə qulaq asırlarsa, bu ölümün müqəddəsliyinə xələl gətirir, bu, ölülərlə dirilər arasında yaranmış zaman distansiyasında insanın ən qiymətli və kövrək hisslərini-intizarını və həsrətini tədricən əridib yoxa çıxardı.

Albomu tez-tez varaqlaya-varaqlaya öz şəkillərinə, Zəminənin şəkillərinə, uşaqların və başqa qohum-əqrəbanın, tanışların şəkillərinə gözucu və ötəri baxa-baxa, nəhayət, Sədi əfəndinin kartonu saralmış köhnə şəklini tapdı...".

Yanılmıramsa, 70-ci illər Azərbaycanda fotoalbomların ən dəbdə olan vaxtıdır. Şəkillər it-bata düşməsin deyə, albom səhifələrinə yerləşdirirdilər. Albomlar yalnız kitab dükanlarında deyil, fotoatelyelərin özündə də satılırdı. Məzun albomlarını, toy albomlarını və s. buraya əlavə etsək, o dövrün ailə obrazını təsəvvür etmək olar...

Ailə şəkillərində iki yaddaş forması kəsişir, yəni həm maddi mədəniyyət ünsürüdür, həm də mədəni yaddaşın bir hissəsidir. Evdə fotoşəkillərin mövcudluğu ailənin keçmişinin təsdiqi olur. Şəkil ailənin gerçək tarixi obrazını mifik obraza çevirir. Burada həyatımızın önəmli məqamları - doğum, toy-düyün buraxılış gecələri, məzuniyyət günləri, bayramlar əksini tapırdı.

Albomlar ya köhnə şkafın gözündə, çamadanın içində, ya da kitab rəfində, nə bilim, pianonun üstündə olurdu. Valter Benjamin hesab edirdi ki, "kim öz dəfn edilmiş keçmişi ilə əlaqə axtarırsa, özü qazıntılarla məşğul olmalıdır".

İldə-aydı bir dəfə albomu götürüb varaqlamaq, köhnə şəkillərə baxmaq bir ayin-ünsiyyət forması idi. O şəkillərə baxa-baxa sən də bir anlığa həmin yerdə, həmin zamanda "mövcud olurdun". Yusif Səmədoğlu demişkən, ölülər və dirilər arasında ünsiyyət yaranırdı. Həmin "fotobaxış" ayinlərindən birinin kiçik dialoqu yadımdadır:

- "Ay qız, bu ortadakı kimdir?"

- "Tanımadınmı? Siznən oxuyan Xalidədir, elə son zəngdə qoşulub qaçdı. Ağıllı iş gördü. İndi nənədir. Yoxsa siz...".

- Bu, İlyasdır, yanındakılar da iş yoldaşlarıdır. O zaman hamı saçını dala darayırdı...".

Sovet keçmişimizin təsviri yaşlı nəsildə həmişə pozitiv emosiya yaradır, nostalji hisslər oyadır. Anam albomdakı uşaqlıq şəklimi göstərəndə belə şərh verir: "Təyyarəçi formasında Rüstəmin şəklidir. Yuri Qaqarin təzəcə kosmosa uçmuşdu. Onda adamlar da başqa cür idilər. Anam pensiyaya çıxanda necə sevinirdi...".

Albomlarımızda sürgün, deportasiya şəkillərinin yoxluğu travmalı keçmişimizlə əlaqənin silinməsinə və tamam başqa xatirə strukturunun yaranmasına səbəb olmurmu? Acılarımızı, ağrılarımızı niyə sənədləşdirmədik?!.

Görəsən, bu qədər fəlakətlərdən, "zəlzələdən-vəlvələdən" sonra şəkillərdə nəyi xatırlayıb, uşaqlarımıza nəyi danışacağıq? O şəkilləri ki, biz danışmamışıq, susmuşuq, nəvələr unutmağa məhkumdur.

Qürbətdə, mühacirətdə insanların şəkilləri mütləq dəyişir, Vətəndə çəkilmiş şəkillərdən nə isə bir anlaşılmaz, mistik fərqi olur. Məndə bu qənaət Ceyhun bəy Hacıbəylinin şəkillərinə baxarkən yaranıb. Yalnız bu şəkillər əsasında bir həyat hekayəti yazmaq olardı ki! Təxəyyülünə güc verib, hətta tarixçəsini və kontekstini bilmədiyin şəkillərə mətn uydurub, "albom-roman" (qoy bu janr adı da məndən yadigar qalsın!) düzüb-qoşmaq olardı! Axı, fotoqrafiya yalnız o zaman məna qazanır ki, sən orda öz "mətnini" tapıb oxuyursan, onu keçmiş və gələcək zamanla təmin edirsən...

Çağdaş serb yazıçısı Dubravka Uqresiçin "Qeyd-şərtsiz təslim muzeyi" adlı bir romanı var - Sarayevonun mühasirəsində əsas rol oynamış gerenal Ratko Mladiçin hekayətidir. Gerenal görəndə ki, növbəti atəş hədəfi yaxın tanışının evidir, ona zəng edib beş dəqiqə vaxt verir ki, gəlib fotoalbomunu götürsün.

Neçə aydır ki, soyuqqanlıqla bir şəhəri dağıdan general yaddaşı necə məhv etməyi gözəl bilirdi. Generalın tanışına öz xatirələri ilə yaşamaq haqqı verməsi gözlənilməz "yaxşılıq" idi...

Azadlıq və yaşam haqqı kimi, xatırlama haqqı da hər bir insanın təbii hüququdur.

Dubravka Uqresiçin həmin romanında bir deyimi indi də qafamdan çıxmır ki, çıxmır: "İki cür qaçqın var - fotoqrafiyaları olan və olmayan...".

İnanmasanız da, gerçəyi söyləyirəm: bundan illər öncə Mingəçevirdə nişan törəni ilə bağlı qonşuya getmişdik. Qonşu Ağdam qaçqını idi. Ev yiyəsi beş-on dəqiqəliyə başımızı qataq deyə, ailə fotoalbomunu bizə uzatdı. Şəkillərin çoxu Ağdamla bağlı idi. Təbii ki, bu "Ağdamnamə"də heç kimi tanımırdıq. Bələdçiliyi ev yiyəsinin bacısı edirdi. Bizi şəkillərlə tanış edir, şərhlər verirdi: "Bu, qonşumuz polkovnik Sadirin anası Saray arvaddır, 108 yaşında rəhmətə getdi. Elə deyirdi ki, qapı-baca yiyəsiz qaldı. Toyuq-cücə, pişik ac-susuz qaldı... Rəhmətliyi oğlanları Bakıda basdırdılar...".

Birdən sözünə ara verib kövrək səslə dedi: "Bizdə bir şəkil də yoxdur, hamısı o viran olmuşda qaldı. Canımızın hayında idik, uşaqların toy şəkilləri də orda qaldı...".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!