Ədəbiyyatımızda "Füzuli məsələsi" - Məti Osmanoğlu yazır

 

Azərbaycanda ədəbiyyatşünaslıq elminin yaranma tarixini XIX əsr hesab etsək (elə Avropa ədəbiyyatşünaslıq elminin tarixi də XIX əsrdən hesablanır) Məhəmməd Füzulinin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığı bina olan vaxtdan diqqət və müzakirə mərkəzindədir.

Yazılma tarixi bəlli olmayan "Nəzm və nəsr haqqında" adlı məqaləsində  Mirzə Fətəli Axundzadənin Füzuli yaradıcılığı barədə irəli sürdüyü fikirlər indiyə qədər ədəbiyyatşünaslığın gündəliyində olan məsələlərdəndir. "Məcmueyi-Vaqif və sair müasirin" ("Vaqif və digər müsirlərinin məcmuəsi") adlı kitabın sonuna əlavə edilmiş məqalədə Mirzə Fətəlinin Füzuliyə münasibəti, nə demək istədiyi barədə müxtəlif yozumlar, fərqli qiymətləndirmələr var. Əminəm ki, bu yozumlar və qiymətləndirmələr davam edəcək və heç vaxt dəqiq nəticə alınmayacaq. Müəllifin nəsrlə nəzmin, eləcə adi nəzmlə həqiqi şeirin fərqinə həsr etdiyi məqalədə qoyulan məsələnin mahiyyəti isə bundan ibarətdir ki, ədəbiyyatşünaslığımızın yaradıcısı Mirzə Fətəli Məhəmməd Füzulini şair hesab etmirdi: "Bəhər surət, türk arasında dəxi bu zamana qədər mütəqəddimindən şair olmayıbdır. Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır".  

Məqalədə tənqid obyektinin yalnız divan ədəbiyyatı, "gül-bülbül şeiri" olduğunu iddia etmək doğru olmazdı - məqalənin əvvəlində fars şairlərindən "ancaq Firdovsi və Nizami və Sədi və Mollayi-Rumi və Hafiz şairdirlər" hökmü verilmişdi. Yeri gəlmişkən, bu siyahıya Nizami Gəncəvinin adının fars şairi kimi salınması tamamilə başqa müzakirənin mövzusu olduğuna görə məsələnin incəliyinə varmağı məqsədəuyğun hesab etmədik.

Mirzə Fətəlinin Füzuliyə münasibətini subyektiv zövq faktoru ilə əlaqələndirmək də çətindir: onun bədii sənətkarlıq məsələləri ilə bağlı nəzəri mülahizələri kifayət qədər əsaslıdır.

Fakt isə faktlığında qalır: elmi ədəbiyyatşünaslıq yarandığı gündən "Füzuli məsələsi"nə ilk elmi-filoloji münasibətin sonrakı dövrlərdə də əks-səda verdiyini görürük və bu, ədəbi fikir tariximizin Füzuli şeiri qədər sirli məsələlərindən biri kimi təhlil tələb edir.

İlk milli mətbuat tribunamız olan "Əkinçi" qəzetində Füzulinin adı çəkilməyib. Ancaq şairin "Leyli və Məcnun" əsəri "Əkinçi"nin, belə demək mümkündürsə, "qara siyahısında" olub. Onu da deyək ki, "Leyli və Məcnun"a "Əkinçi"nin münasibətini sırf filoloji yanaşma hesab etmək olmaz, burada əsas mövzu məsələnin sosioloji, pedaqoji və tərbiyə tərəfləridir.  

Füzulinin şah əsərinin adını "Əkinçi"də ilk dəfə Əhsənül Qəvaid qəzetin 29 fevral 1976-cı il tarixli nömrəsində çəkib. Mövzusu ədəbiyyata aid olmayan yazıda müəllif o dövr üçün çox mühüm olan millət və dövlət şüurunun formalaşdırılması məsələsini qaldırmışdı və belə hesab edirdi ki, millətin varlısı ilə kasıbı arasında birlik və məhəbbət olmalıdır. Əhsənül Qəvaid bu məsələdə əsas problem kimi millətin yeni formalaşmaqda olan kapitalizm münasibətləri ilə ayaqlaşmadığını, "pul qazanmaq elminin" zəif olduğunu, ona görə də cəmiyyətdə kasıblıq hökm sürdüyünü göstərirdi. Bunun aradan qaldırılması üçünsə "gərək varlılar insafı və varsızlar doğruluğu və insafı ortalığa qoyub, bir-birilə əl-ələ verib köməkləşib, dövlət qazanmaq təriqəsin tapmağa səy etsinlər, ta millət dövlətləri tərəqqi tapsın. Amma çifayda bizim varlı, varsız, hər kəs öz haqqına razı olmamağına binaən bir-birinə inanmır. Belədə işlər yerdə qalır".  Əhsənül Qəvaid "işlərin geridə qalmağının" başlıca səbəbi kimi müəllimin və məktəbin zəmanə ilə ayaqlaşmadığını göstərirdi: "Bunun illəti odur ki, bizim müəllimlər tüfuliyyətdə elmi-ədəb, elmi-süluk, elmi-xəvas, əşyayi-pəndiyyat və hikməti-qəvaid ilə tərbiyət etməyib, kitabi-Hafiz, Sədi, "Leyli-Məcnun", "Yusif-Züleyxa" və hətta Qaani oxudub elmi-kəmal əvəzinə eşqbazlıq, cürəkeşlik, həzliyyat elmləri örgədirlər". 

Əhsənül Qəvaidin bu mülahizəsinin, eləcə də həmin mülahizələri çap edən "Əkinçi" qəzetinin münasibətinin arxasında duran əsas ictimai qayə bu idi ki, XIX əsrin sonunda, kapitalizmin formalaşdığı, milli özünüdərk prosesinin baş qaldırdığı, millətlər arasında rəqabətin  gücləndiyi, qonşu millətlərin daha sürətlə qabağa getdiyi bir dövrdə bizim toplum yeni məktəbə, müasir elmə, maarifə zəmanə tələbləri baxımından yanaşmalıdır. Maarifçi düşüncəni ictimai şüurun və əməllərin zamandan geri qalması, bu geriliyin milləti uçuruma tərəf çəkməsi acı bir həqiqət kimi narahat edirdi.

Eyni mövqeyi o vaxt Moskvada təhsil alan Nəcəf bəy Vəzirovun "Əkinçi"nin 1876-cı il 6 noyabr tarixli nömrəsində nəşr etdirdiyi məktubda da görürük. Vəzirov məsələnin əhatə dairəsini bir qədər yığcamlaşdırsa belə, onun da ənənəvi məktəblərdə uşaqlara "Leyli və Məcnun"un  tədris olunmasına münasibətindəki aqressivlik və sərtlik nəzərdən qaçmır: "... məktəbxanada oxunan "Leyli-Məcnun", Hafiz və qeyri uşaq kitabı deyil. Onları ki, böyük oxuyanda şura gəlir, uşaq başına nə kül töksün onları oxuyub eşqbaz, cürəkeş olmasın... Məsələn, Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxusaq, həm yazıb-oxumağı öyrənnik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq".

Göründüyü kimi, bu fikrin arxasında da "dünya üzərində olan vilayətlərdən xəbərdar olmaq", başqa sözlə desək, dünya və zəmanə ilə ayaqlaşmaq ideyası var...

Azərbaycan toplumunun millət olmasında müstəsna xidmətləri olan Həsən bəy Zərdabi 1906-cı ildə  "Həyat" qəzetində "Bizim nəğmələrimiz" adında maraqlı bir yazı nəşr etdirmişdi. Həmin yazıdan oxuyuruq: "Keçmişdə "Əkinçi" qəzeti çıxanda o vaxtın şairlərindən yazıb təvəqqe eləmişdim ki, bülbülü və gülü tərif və bir-birlərini həcv etməkdən əl çəkib elm təhsil etməyin nəflərindən və biz müsəlmanlara olan zülmlərin barəsində şeirlər yazıb onları bizim aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar. Onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etmək nəflərindən bir neçə şeir yazmışdır ki, "Əkinçi"də çap olunmuşdu. Amma qeyri şairlərimizdən heç bir cavab gəlmədi. O ki bizlərə olan zülmlərdir, o barədə məliküş-şüəra Seyid Əzim Şirvani də bir şey yazmadı...".

Bir  məqam da çox maraqlıdır ki, XIX əsrdə Azərbaycanın əksər yerlərində, o cümlədən Şirvanda ədəbi məclislərdə divan ədəbiyyatına və muğam sənətinə böyük dönüş müşahidə edilməkdə olduğu halda, H.Zərdabi "Əkinçi" qəzetində təbliğat vasitəsi kimi aşıq sözünə və musiqisinə üstünlük vermişdi.

Mənə elə gəlir ki, Həsən bəyin və tərəfdaşlarının isti baxmadıqları divan ədəbiyyatına, eləcə də muğam sənətinə dönüş də tarixin hökmü ilə baş verirdi. Kapitalizmin və sənayeləşmənin bərqərar olması nəticəsində formalaşan və özünü tanımaq məcburiyyətində olan millətin qarşısına zamanın qoyduğu obyektiv vəzifələr var idi və bu proses mədəni həyatda daha parlaq, gözlə görünən əyaniliklə əks-səda verirdi. O dövrdə kapitalist münasibətlərinin formalaşdığı Şimali Azərbaycanın müxtəlif coğrafi məkanlarında fəaliyyət göstərən ədəbi məclislərdə divan ədəbiyyatına və muğam sənətinə marağın güclənməsi də bu kontekstdə baş verirdi və mədəni mühiti təşkilatlandıran ədəbi məclislərdə divan ədəbiyyatının aparıcı mövqe qazanması tarixin təkərlərinin geri çevrilməsi cəhdi, gəlişigözəl təsadüf deyildi. Bu, hər şeydən öncə, zəmanənin sifarişinə cavab idi.

Azərbaycanda milli özünütanıma, özünütəşkiletmə prosesində, görünür, dəyərlərin milliləşdirilməsinə ehtiyac yaranmışdı.  Millətin içində yaranan, milli elitanın təşkil etdiyi ədəbi məclislərdə divan ədəbiyyatına, muğam sənətinə qayıdış vaxtilə ictimai düşüncədən kənarda qalan dəyərlərin ictimailəşməsi, başqa sözlə desək, "milliləşdirilməsi" prosesinin təzahürü və təsdiqi idi. "Saray mədəniyyəti" kimi yaranan divan ədəbiyyatı, muğam sənəti millətin sərvətinə çevrilirdi. Vaxtilə şairlərə saray tərəfindən verilən titul da "milliləşdirilmişdi" - ədəbi məclislər Seyid Əzim Şirvanini məliküş-şüəra elan etmişdi ("Azərbaycan dilinin izahlı lüğəti"ndə "məliküş-şüəra" sözünün izahı belə verilmişdir: "Keçmişdə: hökmdar tərəfindən ən görkəmli saray şairinə verilən fəxri ad; şairlər başçısı"). Bu dönəmdə muğam ifaçılığına yeni bir milli üslub gəldi. Muğam artıq yeni təyinat qazandı. Bu da heç təsadüfi deyil ki, XX əsrin başlanğıcında ilk milli operamız  - Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"u divan ədəbiyyatı ilə muğamın birliyindən yarandı!..

Bununla yanaşı, Azərbaycanın yeni iqtisadi, siyasi və mədəni coğrafiyaya inteqrasiyası  bədii fikirdə də yeni bir keyfiyyət dəyişikliyi, estetik sistemin "yerdəyişməsi" üçün zərurət yaratmışdı. Digər tərəfdən də həm ədəbiyyatımızın romantik qanadı - "Füyuzat" təmayülünün təsiri ilə Osmanlı ədəbiyyatında yaranan "ədəbiyyati-cədidə" (yeni ədəbiyyat) hərəkatı, həm də rus məktəbinin yetirmələri olan şəxsiyyətlərin düşüncə tərzi və yaradıcılıq metodu bədii düşüncənin yeni keyfiyyətli estetik sistem kimi formalaşmasına təsirsiz qalmırdı. Bədii düşüncədə gedən total yeniləşmə tendensiyası isə divan ədəbiyyatı ilə yola getmirdi...

Həmin dövrdə Füzuli yaradıcılığının həm estetik tərəflərinin şərhi, həm də  məktəbdə tədrisi ilə bağlı ən maraqlı mənbələrdən biri Rəşid bəy Əfəndiyevin ilk dəfə 1901-ci ildə, sonradan təkmilləşdirib 1907-ci ildə nəşr etdirdiyi "Bəsirətül-ətfal" adlı dərs vəsaitidir.  Kitabın ikinci fəslinin müqəddiməsi "Azərbaycan türkcəsinə məxsus ədəbiyyat" adlanır. Həmin yazıda incə bir məqam var. Müəllif Azərbaycan türkcəsi ilə, ümumi türk dilində yaranmış ədəbiyyat arasında fərq qoyaraq göstərirdi ki, son əsrlərə qədər Azərbaycan türklərinin ayrıca milli ədəbiyyatı olmayıb, ümumi bir türk ədəbiyyatı mövcud olub. Rəşid bəyin qənaəti belə idi ki, islam millətləri arasında "Azərbaycan türklərinin ədəbiyyati-məxsusəsi axərimci əsrlərə qədər olmayıbdır". 

Divan ədəbiyyatına, həmçinin rus və Osmanlı ədəbiyyatının təcrübəsinə bələd olan Rəşid bəy  Füzulini ədəbiyyatımızın atası hesab edirdi: "Füzuli (r) ədəbiyyatımızın atasıdır, ən əvvəl türk dilində nəzm və nəsr yazan türk üdəbasından o olubdur".

Rəşid bəy bu mülahizələrdən sonra diqqəti özünü narahat edən iki məsələnin üzərinə yönəldirdi: birincisi, sonrakı əsrlərdə divan ədəbiyyatı yaradıcılarının Füzulinin təqlidindən xilas ola bilməməsi; ikincisi, klassik şeirin həm fəlsəfəsinin, həm də estetik yönlərinin yeni oxucu nəsli üçün köhnə olması, dərk edilməməsi. Rəşid bəyin iradı Füzulinin özünə və ya onun "Leyli və Məcnun" poemasına, qəzəllərinin məzmununa deyil, Füzulini təqlid edən şairlərə idi: "Füzulini təqlid edən şairlər eşqbazlıqdan və həcvçilikdən başqa, ortaya bir şey qoya bilmirlər ki, bundan əxlaq dərsi alınsın". Rəşid bəy eşqbazlığa həsr olunmuş şeirlərin, eləcə də həcvlərin insanın vücudunda nəfsani və heyvani gücləri oyandırdığını qeyd edir, bu cür şeirlərin yaranmasını "əxlaq nöqteyi-nəzərindən bilkülliyə rəzalət və səfehlik" adlandırır, xüsusilə uşaqlar üçün yeni üslubda, yeni məzmunda şeirlər yaradılmasını zəruri hesab edirdi.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!