Ustad ilə mənəvi şagirdi - dos.dr. Mehdi Genceli

(Əli bəy Hüseynzadə və Məhəmməd Hadi)

 

7 iyun 1905 günü, Çar Rusiyası tərkibində yaşayan Azərbaycan türkləri, tarixi bir gün yaşadı. "Həyat" adlı qəzet, o gün Azərbaycan mətbuat səhnəsinə qədəm qoydu. Beləliklə, 1875-ci ildə başlayıb o günə qədər davam edən "müqəddimə" fəsli bitdi, "əsl mətləb" dövrü başladı. Səxavətli naşir Hacı Zeynalabdin Tağıyev, qəzeti öz evindən idarə edəcək və sükanı da işinin əhli, tanınmış iki ziyalıya, Əli bəy Hüseynzadə ilə Əhməd bəy Ağaoğluna verəcəkdir. Artıq Qafqaz Müsəlmanlarının/Türklərinin fikirlərini əks etdirə biləcəkləri "böyük bir lövhə" vardır. Qəzet qısa bir müddətdə böyüyüb səs salacaq, onun gur sədası Qafqazın sərhədlərini aşıb Hindistana, Misirə, Dərsəadətə çatacaqdır.

Qəzetin 24 iyul 1905 tarixli 35-ci nömrəsində "Bəyani-həqiqət" başlıqlı "mənəm deyən" bir məqalə çıxır. Məqaləni "Əbdüssəlimzadəyi-əş-Şamaxi" imzalı, 26 yaşında bir cavan yazıb. "Uşaq işi" bu məqalə rəğbət görməmiş olmalıdır ki, qəzet uzun bir müddət "Əbdüssəlimzadə" imzasını yaxına qoymayıb. Gənc yazıçı bu səfər meydana şeirlə çıxmağa qərar verir. Nəhayət, 29 noyabr tarixli 109-cu nömrədə "Lövhi-məkatib" (məktəblər lövhəsi) şeiri dərc edilir. Şairin yaşı az, boyu qısa olsa da, imzası bir xeyli uzun görünür: "Məhəmməd əl-Hadi əl-Hac Əbdüssəlimzadə əş-Şamaxi". Qəzet idarəsi bəyəndiyi bu şeirin sonuna qısa bir qeyd əlavə edir: "Görünür ki, məktəb haqqında sözü tamam edib istəmirsiniz ki, sizdən sonra da qəzetimizə söz yazan olsun. Lakin səhviniz var. Bu xüsusda nə qədər yazılsa azdır". Məktəb məsələsinin önəmini vurğulayan bu qeydlərin müəllifi Əli bəydən başqası deyildir. Əli bəyin, bundan 18 il sonra, Hadinin vəfat xəbərini eşidərkən bu şeiri xatırlaması təsadüf olmamalıdır.

Ustadının alqışlarından ilham alan növcavan şair, "Həyat" qəzetinə məktəb mövzusunda bir şeir daha göndərir. Hüseynzadə şeirin bəzi yerlərinə düzəliş verəcək, son misrasını da tamamən qaldırıb yerinə yeni bir misra yazaraq şeiri dərc edəcəkdir. Hadinin "Həyat"da toplam 20 məqaləsi və biri farscadan tərcümə olmaqla 4 şeiri gün işığına çıxır. 

Hadi 1906-ci ilin aprel ayında Həştərxan şəhərinə gedir. Orada, uşaqlıqdan bəri onu himayə edən Mustafa Lütfi İsmayılzadəyə, məktəb və mətbuat işlərində köməklik edir. "Həyat" qəzetində çıxan yazıların bir qismi buradan göndərilmişdir. "Həyat", 3 sentyabr 1906 tarixində, bağlanır. Sabirin dili ilə desək: "Əfsus, Həyat isə məmat oldu, qapandı". 1 noyabr 1906-cı ildə isə Hüseynzadə rəhbərliyində yeni bir səhifə açılır: "Füyuzat" jurnalı. İlk nömrədə Hadinin tam dört şeiri birdən dərc olunur. Qısa bir müddət sonra Hüseynzadə, mətbuat aləmində ulduz kimi parlayan bu gənci Bakıya dəvət edir, Hadi də məmnunluqla "razıyam" deyərək Həştərxandan gəlib "Füyuzat"da işə başlayır. Hadinin körpə fikirləri bundan belə Hüseynzadə beşiyində nəvazişlə böyüyəcək. Əslində, Hadinin həyata gözlərini yeni açan fikirlərinə ad qoyub, qulağına da mübarək azan oxuyan, Hüseynzadənin məlahətli səsidir. 32 sayı ayaqda qala bilən "Füyuzat"ın, Hüseynzadədən sonra ən aktiv və ən məhsuldar qələmi, heç şübhəsiz, Hadidir.

"Füyuzat", bir il sonra pərdələrini endirməyə məcbur olur. Məyus olan şair qəm libasını geyinərək səhnəyə çıxır və nümayiş etdirdiyi "mərsiyə" ilə "Füyuzat"ın ruhuna fatihə oxuyub İslamdan da ümidini kəsdiyini elan edir:

Ah, yox bir hal əməl-bəxşayi-istiqbal ola

Yox iki qardaş belə İslamda yek-bal ola

Qorxaram bu ixtilafın ardı izmihlal ola

Qəti-ümmid eylədik biz doğrusu İslamdan!

"Füyuzat"ın bağlanmasından sonra Hadi açıq gördüyü qəzetlərin qapısını çalır, münasib bir yol tapıb həqq bildiyi səsini duyurmağa çalışır. Həssas ruhlu, həlim təbiətli Hüseynzadə isə dərin bir təəssürə qapılıb qəm dəryasına qərq olur. Fəqət, qələmini qılınc kimi sallayıb, sözlərini xəncər kimi ürəyin ən həssas yerinə soxan Hadinin, mücadilə meydanını tərk edib inzivaya çəkilənlərə mərhəməti yoxdur. Mətbuat səhifələrində bir müddət adı görünməyən ustadını çox keçmədən, "neçin daldın sükuta, gəlmiyor övradın, ey dahi?!" deyərək mücadilə məydanına çağıracaqdır. Hadinin bu münasibətlə qələmə alıb Hüseynzadəni vəsf etdiyi şeiri Hadinin 1908-ci ildə Hacı Zeynalabdin Tağıyevin maddi köməyi ilə nəşr edilən "Firdovs-i ilhamat" (ilham cənnətləri) kitabında çap olunmuşdur.

***

Ustad ilə mənəvi şagirdi, 1910-cu ildə İstanbula, həqiqi Dərsəadətə, aşiq olduqları hürriyyətin paytaxtına gedirlər. Ələ-ovuca sığmayan "dəli şair", İstanbul mətbuatında özünə həmən yer tapır. Qısa bir müddətdə 30-a yaxın məqaləsi, 15-dən çox şeiri nəşr olunur. Hadi, "Mehtab" jurnalının lokomativi, başbilənidir. Cəmi 15 sayılıq ömrü olan bu jurnalın hər nömrəsində Hadinin məqalə və şeirləri dərc olunur. Əli bəy Hüseynzadənin şəklini bu jurnalın üz qabığında "reklam" etdirən də odur.

Xamuşları sevməyən gur səsli şair, sükuta qərq olan Hüseynzadəni meydana çağırdığı kimi, küsüb yuvasına çəkilən Tofiq Fikrəti və Bakıda həbsxanadan çıxıb İstanbula yeni qayıdan, fəqət, səssizliyə gömülən Əhməd Kamalı da mücadiləyə səsləyir. Bu səsləyişlər, bu narazı baxışlar, bu üsyankar yazılar, jurnalın qapısına möhür vurulub, Hadinin də sürgün edilməsinə səbəb olur. Məgər bizim eşqdən heç şeir yazmayan, bu vadidə səriştəsi olmayan təcrübəsiz şairin, hürriyyət pərisi zənn edərək aşiq olduğu mələk, bir yalançı, bir saxtakar imiş!

Qadın şairinin qadın haqqında yazdıqları, qəzəblə qarşılanır. Dayaz təfəkkür məhsulu kor bir fitva əsasında şairi, ağıraqsaq bir gəmiyə mindirib Adalar dənizinin dayaz sularına tərk edirlər. Əlindən bir şey gəlməyən çarəsiz ustad, mənəvi tələbəsinin arxasından məlul-məlul baxmaqla kifayətlənəcəkdir… 

Bu iki şəxsiyyətın sonrakı qarşılaşması, çox böyük bir ehtimalla, 1918-ci ildə Gəncədə baş tutacaqdır. Bəzi qaynaqlar Hüseynzadənin də Əhməd Ağaoğlu ilə bərabər Qafqaz İslam Ordusu tərkibində Gəncəyə gəldiyini yazır. Hətta Batumda oteldə bərabər qaldıqlarında fal açdıqlarına dair bir xatirə də var. Dövrün Azərbaycan mətbuatında isə Ağaoğlunun adı bir çox yerdə hallanarkən Hüseynzadənin adına rastlamaq mümkün olmamışdır. Bəzi mənbələr də Hüseynzadənin Gəncəyə gizli olaraq gəldiyini qəyd edir. Bu məsələ hələ də tam olaraq aşkarlanmamışdır. Ancaq maraqlı başqa bir məqam var. Gəncəyə gələn Qafqaz İslam Ordusunu sevinclə qarşılayanlardan biri də Hadidir. Birinci Dünya müharibəsi zamanı Karpat cəbhəsində sihhiyəci (feldşer) olan Hadi, Qafqaz İslam Ordusu səflərinə imam olaraq qatılır. Hadinin Qafqaz İslam Ordusuna yazdığı və karton bir kağızda tək vərəq şəklində nəşr edilən "Türk Ordusuna" şeirinin bu gün əlimizdə olan yeganə nüsxəsi, Əli bəyin arxivindən çıxdı. Hüseynzadə qısa bir müddət qaldığı Azərbaycandan dönərkən, bu şeirin bir nüsxəsini özü ilə aparmış olması, isabətli bir ehtimaldır. Bu gün tək nüsxəsi qalan bu şeirin mətnini isə professor Yavuz Akpınar hoca, "Qardaş ədəbiyyatlar" jurnalında dərc etdirdi. Hüseynzadə Azərbaycana son dəfə 1926-cı ildə Türkoloji qurultayda iştirak etmək üçün gələcəkdir.   

Bakıda nəşr olunan "Bəsirət" qəzetinin 3 may 1919 tarixli nüsxəsində çıxan "Qəmərə" adlı şeir Məhəmməd Hadinin Azərbaycan mətbuatındakı son çıxışıdır. Bu tarixdən sonra Hadi imzasına heç bir mətbuat orqanında rast gəlmək mümkün olmamışdır. Vəfatından sonra Hadi haqqında ilk məqaləni isə Kazımoğlu yazıb. "Maarif və mədəniyyət" jurnalında çıxan bu yazıda, Hadinin 1919-cu ilin axırında birdən-birə itdiyi qeyd olunur. 1923-cü ilin mart ayında nəşr olunan bu jurnal İstanbulda Hüseynzadəyə qədər gəlib çatmış olmalıdır. Hüseynzadə də bu vəfata inanmaq istəməyib, onu "şayiə" olaraq qəbul etmiş və bu "şayiə" münasibətilə şeir yazmışdır. Bu şeiri və Hüseynzadənin qeydlərini də "Ədəbiyyat qəzeti" oxucularına təqdim edirik. Bir maraqlı cəhət də bu şeirin Abdulla Cövdətin naşiri olduğu "İctihad" jurnalında çıxmasıdır. Hadi hələ 1911-ci ildə İstanbulda ikən "Mehtab" jurnalında hökumətin icraatları haqqında sərt tənqidlər yazırdı. Məhəmməd Hadini tanımayan Osmanlı ictimaiyyəti isə elə zənn edirdi ki, bu alovlu, cəsur və Qərb yönümlü yazıların müəllifi, Məhəmməd Hadi gizli imzası ilə yazan Abdulla Cövdətdir. Abdulla Cövdət ilə Əli bəy Hüseynzadə arasındakı güclü dostluq və bu dostluğun səmərəsi olan Cövdətin azərbaycanlı ziyalılara təsiri isə müstəqil bir araşdırma mövzusudur. Hadinin müəmmalı vəfatı haqqında yazılanlara və bu yazılardan çıxarılacaq nəticəyə isə başqa bir yazıda qayıdarıq.

Hüseynzadə Əli bəy, Hadini 1 Avqust 1923-də belə yad edir: 

Xissət və Səxavət

(Hadiyi-Şirvaniyə)*

Vicdan bana dər ki: Bənzəməməli

O qarıncasına qissə-nüvisin.

Nalan bir böcəyə habbə vermədi,

Dedi: Yazın ötən, qışın dans etsin!

 

Daim bəsləməli şe'ri, sən'əti

İlahi "nektar"la bədayi seven!

"Virjil"i, "Horas"ı öylə yaşatdı

"Mesen"in səxası; yaşasın "Mesen"!

 

Un sage me disait: Ne suivex jamsis

La mychante fourmis du fameux La Fontaine

Toujour fortiflez les poytes almys

Par du "nectar" divin comme le fit Mycyne!

* - Hadi-yi Şirvaninin vəfatı şayiəsi üzərinə yazılmışdır. Bir müddət İstanbulda, aramızda yaşamış və bura mətbuatında azıcıq çalışmış bulunan bu Azerbaycanlı şairin bir divan-i əş'arı  Baküdə təb' və nəşr edilmişdir. Əş'arından nümunə olmaq üzrə məktəb vəsfində söylədiyi şu beyt xatirimə gəliyor:

"Məktəb bir sədəfdir

qətreyi-naçizi dürr eylər

Məktəb bir çəməndir,

sərvini azad-ü hürr eylər"

Hüseynzadə Əli. İctihad, no, 156,

1 Avgust 1923, İstanbul.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!