Elçin İsgəndərzadənin pəncərəsindən görünən dünya - Kənan Hacı yazır

 

Qələm dostumuz, bənzərsiz şair Elçin İsgəndərzadənin 5 cildliyi yazdan bəri stolumun üstündə oxunmaq növbəsini gözləyirdi. Arabir üst-üstə qalaqlanmış bu 5 kitaba nəzər salıb içimin ovqatıyla boş və asudə zamanı yaxalamaq fürsəti axtarırdım. Payızın astanasında hansısa bir hiss məni o kitablara yönləndirdi. 1-ci cildi götürüb oxumağa başladım və duyğu seli məni çox-çox uzaqlara apardı.

Çox qəribəydi ki, ovqatım da elə bil bu şeirlərin havasına köklənmişdi. Payızın həniri duyğuları həmişə kövrək simlər üstə kökləyir, bir həmdərd, aşina axtarırsan ki, sarı sim üstə gümələnəsən.  Türkülərini qürbətə uçuran şairlə empati qurursan,  öz duyğularına bir həmrah tapırsan...

Bir kafedə oturmuşam,

pəncərədə sarı axşam.

Masamın üstündə qürbət,

qara sevda, bəyaz bir şam.

Sarı axşam pəncərəmə yansıyır və mən bir kitablıq qürbətlə baş-başa qalıram. Elçin İsgəndərzadənin poeziyası romantik həssaslıqla rasional sərtlik arasında qərar tutur, sanki dünyanın bütün boşluqlarını doldurur. Onun şeirlərində komplekssizlik var, müəllif toplumun yaralarını cərrah dəqiqliyi ilə müəyyən edir. Şairin içindəki qürbət çölündəki vətənin ağrıları kənardan müşahidə etdikcə bu müşahidələr misralara çevrilir. 

Əli dünyadan üzülür

haqqa tapınan oğlan.

Sevdiyin mələkləri

gündə yüz yol öpür şeytan.

Xeyir şərdən, şər xeyirdən doğulur,

hər həqiqət bir yalana hamilə,

hər yalanda bir həqiqət boğulur.

Bu şeirdə və əksər şeirlərdə paradoksallıq, relyativizm elementləri qabarıq görünür. Yəni hər şeyin öz mahiyyətinə görə göründüyü kimi olmaması fikri poetik biçimdə oxucuya çatdırılır. O, həqiqəti nişan verir, amma sözlərdən həqiqətə qalxan bir nərdivan düzəldir, amma doğrudanmı bu, mütləq həqiqətdir?! Bəlkə buna görə Füzuli deyirdi ki, "aldanma ki, şair sözü əlbəttə, yalandır?!" Poeziya təbiətin və qədim keçmişin işarələrini izah etməyə, onların başlanğıc mənasını dərk etməyə qadirdir. Elçin İsgəndərzadənin şeirləri müstəqillik dövrü poeziyamızın ən maraqlı nümunələrindəndir. Yeni dövrün poeziyasında pafos, şüarçılıq arxa plana keçdi, vizuallıq önə çıxdı və bu vizuallıq özüylə yeni palitra, polifoniklik gətirdi. Bu baxımdan, yeni dövrün təmsilçisi olan Elçin İsgəndərzadənin rənglər palitrası da göyqurşağı kimi poeziyamızın səmasında göründü və diqqəti çəkdi. O, avanqard şairdir, onun şeirləri çox geniş mənəvi bir coğrafiyanı əhatə edir, eyni zamanda türk dünyasının xəritəsini poetik konturlarla cızır. Vətən, sevgi, təbiət - bu mövzular əbədidir. Elçin İsgəndərzadənin yaradıcılığında həsrət motivi aparıcı xətdir. Bu da torpaq itkisindən doğan bir ağrıdır. Vətən haqqında, Şuşa haqqında yazdığı şeirlər bir həsrət simfoniyasıdır. Parisdə olanda da onun şair xəyalı Şuşada dolaşır.

Parisdə Yenisey meydanından keçirəm -

Şuşada dolaşır Xarıbülbül sevdalı xəyalım

ulduzlara göz vurmağa yox halım.

Onun Vətən haqqında yazdığı şeirlər əksər şairlərin yaradıcılığında olduğu kimi, pafos və "poetik aksesuarlardan" xalidir, doğulduğu torpağa oxuduğu nəğmələr ozan türküləridir, qan yaddaşından qopub gələn müqəddəs relikviyalardır. Türkün qopuzundan qopan qədim ilahələr kimi bu şeirlər, poemalar bir növ, narrativ struktura malikdir. Poetik təfəkkürlə yurd itkisi, türkçülük düşüncəsi onun şeirlərində iç-içədir, biri digərini barındırır. 

"Adil Mirseyidin göyərçinləri" poemasında şairin eyvanına pənah gətirmiş göyərçinlərin hekayəti fraqmental şəkildə nəql olunur. Yer üzünün qərib şairi ürəyini göyərçinlərə yedirir. Şairin ürəyindən başqa nəyi var ki?! "Fırçanın əlvan rəngi donur soyuq baxışlarda". Göyərçin gözlərindən qorxan şair fırçaya əl atır, "günahını" rənglərlə yuyur. Göyərçinlər qara sevdalar şairindən Parisə məktub aparırlar... Poema minor notlar üzərində köklənsə belə, apokaliptik ovqatdan uzaqdır, göyərçinlər ümidlərin "inkisari-xəyalə" uğramasına imkan vermir, göyərçinlər özü ümidə çevrilərək "çərçivəsiz kətanda ilahi söz möcüzəsi" yaratmağa vəsilə olur. Bu poemada Elçin İsgəndərzadənin poetik stixiyası bütün parametrlərilə öz əksini tapır.

Onun əksər şeir və poemalarını pəncərədə yanan şam müşayiət edir. Yazının əvvəlində qeyd etdiyimiz  o poetik evin pəncərəsindəki şam Elçin İsgəndərzadənin yandırdığı şamdır, dünyadakı bütün qərib ruhlar o şamın işığına toplaşır. Məşhur italyan rəssamı Amadeo Modilyani və onun ölümündən sonra intihar etmiş xanımı Janna Ebyuterinin xatirəsinə həsr etdiyi "Rəssamın pəncərəsi" poeması qanadından vurulmuş nakam sevgilərə həzin bir elegiyadır.

Budur, son işıq söndü,

qaranlıq küçə boşdu...

Ah, yarpaqgözlü Janna,

nə bacı var, nə ana...

Niyə başı bəlalı

bir rəssamı sevdin sən?

Janna, Allah eşqinə,

atma özünü bu pəncərədən...

Rəssamın pəncərəsi ilə şairin pəncərəsi arasında paralellər aparmaq olar. Şübhəsiz ki, rəssamın pəncərəsi şairin təxəyyül pəncərəsindən - metafizik pəncərədən təsvir edilir. Şairin kamerası Modilyaninin pəncərəsini göstərir; bu pəncərədən Şuşa da görünür, Paris də. O pəncərəyə Adil Mirseyidin də əksi yansıyır. O pəncərədən yeni bir poema - yeddi etüd doğulur: "Adil Mirseyid  palitrası".

Şeirləri rəsm kimidi,

rəsmləri şeir kimi.

İşıq saçır tabloları öz içindən,

misralar dua kimi,

ovsun kimi, sirr kimi...

Zamanın dışından baxır dünyaya,

ölüm belə gözlərində bir röya.

"Kəpəzin göz yaşları" və Səttarın təbəssümü... "Səttar Bəhlulzadə nağılı" poemasında Səttarın rəngləri sözə çevrilir; sözlər sanki rənglərdən şirə çəkən arı kimidir.

Yaz gəlincə gül açar

dağların qara daşları.

Bu dağların buludları

durna lələyi kimi,

xınalı axşamları

badam çiçəyi kimi.

Elçin İsgəndərzadə dünya rəssamlığında iz qoymuş bütün dahi sənətkarlara poema həsr edib; Qoyya, Van Qoq, Salvador Dali, Pikasso və başqa... Bu poemalar dahi rəssamların rəngkarlıq dünyasının sözə tərcüməsi olmaqla bərabər, şairin duyğularının o rənglərə qarışıb orijinal söz-rəng harmoniyası yaratmasıyla bənzərsizdir. Bu poetik mətnlər sözlərlə rənglərin sintezidir. Böyük və unudulmaz alimimiz Xudu Məmmədova həsr olunmuş "Bu qala, bizim qala" poemasında minillik tarixi yaddaşımızın ağrıları var, xalqın taleyinin dolanbacları bu əsərdə orijinal poetik dillə təsvir edilir. Tanrı dağlarından, Orxon-Yeniseydən bizi səsləyən qərib ruhlar millət və tarix qarşısında məsuliyyətimizi, vətəndaşlıq borcumuzu xatırladır. Şair Xudu Məmmədovun ruhuyla söhbətləşir:

Üzüm soldu, bağışla,

gözüm doldu, bağışla.

Səndən sonra nələr oldu,

nələr oldu? - bağışla.

Bağışla bizi, ey böyük İNSAN.

Sən qutlu şaman idin,

sən bizə sarvan idin.

Elin, günün, oban vardı,

elin qaldı Mərzilidə.

Atan qaldı, baban qaldı Mərzilidə.

Sən bir qala tikmişdin,

qalan qaldı Mərzilidə...

Elçin İsgəndərzadənin 5 cildliyi stolumun üstündədir, müxtəlif cildləri vərəqləyirəm. Xarıbülbül, Şuşa, Cıdır düzü... Bu 5 cildliyin baş qəhrəmanı bu üçlükdür. Onu şair eləyən Şuşadır, Xarıbülbüldür, Cıdır düzüdür. O, nə yazıbsa, bu üçlüyə xitab edib, bu üçlük onun ürəyinin şah damarıdır.

Elçin İsgəndərzadənin üzündəki anadangəlmə təbəssüm və bu təbəssümün işığı onun bütün yaradıcılığına düşür. Bu təbəssümə bir az ağrı qarışıb, bir az nisgildən xal düşüb bu təbəssümə... O, insanlara təmənnasız xeyirxahlıq edəndə də həmin təbəssümdən o insanlara pay düşür... Uzun illər bundan öncə, Elçin müəllimlə görüşümüzü xatırlayıram. Çox vacib bir işdən ötrü yanına getmişdim, məni naümid qaytarmadı. Yəqin ki, bu görüşümüzü heç xatırlamaz. O vaxt mənə dedi ki, şeirlərini yığ gətir, çap edək. O söhbətdən təxminən 15 il keçir. Qayğılar, problemlər başımı qatdı, o kitabı da hazırlaya bilmədim. Öz günahım ucbatından ilk kitabım xeyli yubandı və 34 yaşım olanda çıxdı. Amma o vaxt tamamilə başqa bir məsələdən ötrü qapısını döydüm və məni o qədər isti, mehribanlıqla qarşıladı ki, özümü itirdim. Elçin müəllimin 15 il bundan öncə mənə etdiyi yaxşılığı hələ də minnətdarlıqla xatırlayıram. 

Bir neçə il öncə Gəncədə qocaman yazıçı Qərib Mehdi ilə görüşümüzü xatırlayıram. Qərib müəllim öz tələbəsi haqqında necə ürəkdolusu danışırdı! Yeni çıxan kitablarını mənə bağışladı və fərəhlə dedi ki, bu kitablar məhz Elçin İsgəndəzadənin sayəsində çap olunub. O kitabları kitabxanamda qoruyub saxlayıram. Qərib Mehdinin hekayə və povestlərini hələ uzaq 80-ci illərdə oxuyurdum və "Qərib hey..." hekayəsiylə "Rast" povesti mənim uşaqlığımın ayrılmaz bir parçasıdır. Hələ də o əsərlərin dadı damağımdan getməyib. Tale qismət elədi, Qərib müəllimlə Gəncədə görüşüb ondan müsahibə aldım. Bu sətirləri yazarkən həmin kitabları bir daha vərəqlədim və düşündüm ki, nə yaxşı, Elçin İsgəndərzadə bu gözəl yazıçını yenidən öz oxucularına qovuşdurdu.

Əlbəttə, Elçin İsgəndərzadə haqqında günlərlə danışmaq olar, onun poeziyası haqqında saatlarla mülahizələr yürütmək olar. Mən onun 5 cildliyini oxuyarkən həm də müstəqillik dövrü ədəbiyyatımızın mənzərəsi gözlərim önündən keçdi. Nizami Aydının nakam taleyi ürəyimi sızlatdı. Gəncədəki "İlham" Ədəbi Birliyindən pərvazlanan qələm sahiblərini xatırladım. Elçin İsgəndərzadə - Adil Mirseyid dostluğunun ədəbiyyatımıza qazandırdıqları haqda düşündüm. Elçin müəllim bu mürəkkəb dövrü öz qələminin süzgəcindən keçirib. Əsərlərinin 5 cildliyi onun ömür kitabıdır, poetik manifestidir, həmçinin 55 illik ömrün hesabatıdır.

Növbəti hesabatda görüşənədək, Elçin İsgəndərzadə!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!