Aydınlarımız - Yanmayan bina, sönməyən ocaq... ANAR yazır

“Söz dünyası” kitabı - II cilddən

 

Bəzi binaların ayamaları da olur: Tarixi bina... Qədim bina... Ağ ev... Qış sarayı...

Əfsanələrdən doğulmuş, ya doğulub əfsanəyə çevrilmiş sirli-sehrli Qız qalası.

Bakıda beşmərtəbli binalar az deyil. Amma "Beşmərtəbə" deyəntək hamı dəqiq bir ünvanı - Füzuli bulvarıyla Şıxəli Qurbanov küçəsinin tinində yerləşən binanı nəzərdə tutur. Çünki o Birincidir, şəhərdə tikilən beşmərtəbələrin ilkidir.

Binaların öz ömür yolu, qismətləri, taleləri olur.

İsmailiyyə Bakının bəlkə də ən zəngin ömür yolu keçmiş, şərəfli və cəfakeş taleyi olan binasıdır. Bu binanın fərəhli tarixinə və acı aqibətinə həsr olunmuş çox təsirli yazı ustad nasirimiz Seyid Hüseynin qələmindən çıxmışdır.

Seyid Hüseyn Mir Kazım oğlu Sadıxzadə 1887-ci ildə Bakı şəhərində dəmirçi ailəsində anadan olmuşdur. Çox gənc yaşlarında "Kaspi" qəzetində mürəttib, sonra korrektor işləyib. İlk hekayələrini Haşım bəy Vəzirovun "Tazə həyat" qəzetində çap etdirib. Ədəbiyyat tariximizdə görkəmli nasir, hekayə ustası kimi tanınan Seyid Hüseyn mətbuatda "Kazımoğlu", "Hüseyn Sadiq" imzalarıyla publisist və ədəbi tənqidçi kimi də çıxış edirdi. H.Sadiq ilk professional ədəbi tənqidçilərimizdəndir.

1919-cu ildə "Azərbaycan" qəzetinin bir neçə nömrəsində Seyid Hüseynin "Həzin bir xatirə - İsmailiyyə" adlı yazısı çıxır - məşhur bina haqqında təsirli bir elegiya....

Yazısını Seyid Hüseyn binanın yaranma və inşa tarixindən başlayır.

"Bən İsmailiyyənin o günlərini düşünürəm ki, orası açıq bir yerdən, boz bir düzəngahdan, şəhərimizin mərkəzində vaqe olmuş bir boşluqdan ibarət idi. Ta əski zamanlardan orası ətraf köylərdən, uzaq məhəllələrdən gələn gətiricilərin bir mərkəzi, bir bazarı idi. O zamanlar bura "Qapan dibi" adı ilə məşhur idi. "Qapan dibi" şəhərimizin mərkəzində rus mədəniyyətinin təsirinə heç bir növlə tabe olmayaraq, özünün əski ruhunu, təbiət və xüsusiyyətini mühafizə etmiş bir parça, yorulmuş Bakı şəhərində Şərqin nümunəsini göstərən bir mənzərə idi".

Gələcək binanın tikiləcəyi sahəni Seyid Hüseyn kamil yazıçı qələmiylə müfəssəl təsvir edir, gözlərimiz qarşısında əyani bir səhnə canlanır:

"Burada hər zaman gövdəsini yerə sərmiş və boyunlarını kəmali-əzəmətlə dik tutmuş qara gözlü dəvələrin istirahət etdiklərini, müdhiş və qorxunc buynuzlu kəllərin yanı üstə yatıb kövşədiklərini görmək olardı. Hər zaman burada dəvə qatarlarının Şərq əzəmət və ehtişamını dərxatirə etdirən zəng və zınqırovlarının həzin səsləri, kəl arabalarının təkərlərinin munis bir musiqi qədər munis cırıltıları eşidiliyordu. Hələ gecələr "Qapan dibi"nin nə qədər başqalaşdığından, nə qədər səmimiləşdiyindən bəhs etmək istəmiyorum. Siz gərək o zaman Azərbaycanın müxtəlif nöqtələrindən gəlmiş müxtəlif ləhcəli köylülərin, o yekdigərinə qonaq olanların yatmış dəvələr arasında od yandırıb, başına toplaşdıqlarını və söhbət etdiklərini görəydiniz ki, bəni şimdi başa düşərdiniz".

Yazıçı xatırlayır ki, hələ çocuqkən Bakı bələdiyyəsinin bu sahəni müsəlmanlara məscid tikmək üçün verdiyini eşidibmiş. Məcidin inşası nədənsə baş tutmur və bu zamanlar Bakıda təsis edilmiş müsəlman "Cəmiyyəti xeyriyyəsi" bu sahəni əldən verməmək üçün ora sahiblənir, xırda alış-verişçilərə icarəyə verir.

"Böyük qapan" tərəzisi orada qalmaqla ətrafında ağacdan dükanlar və budkalar yapılır. Bu yerin adı da dəyişir, "Qapan dibi" "Şeytan bazar" olur.

1908-ci ildə böyük bir toplantıda çıxış edən Hacı Zeynalabdin Tağıyev deyir: "Şeytan bazarda artıq məscid tikilməyəcək, burada Cəmiyyəti-Xeyriyyə üçün bir bina yapılacaqdır. Bunun da bütün xərcini mərhum oğlu Ağa İsmayılın bakayi-nami (adının əbədiləşdirmək) olmaq üzərə məclisdə hazır bulunan Musa Nağıyev öz öhdəsinə götürəcəkdir".

Hacının sözləri toplaşanlar tərəfindən böyük ruh coşqunluğu ilə qarşılanmışdır. Salonda divarda gələcək İsmailiyyə binasının layihəsi də asılıbmış. Qəlbi fərəhlə dolu gənc Seyid Hüseyn bu mübarək hadisəylə bağlı "Tazə həyat" qəzetində bir yazı da dərc etdirir.

İsmailiyyənin təməlini qoymaq mərasimi də çox təntənəli keçib, taxta dükanlar və budkalar aradan götürülür, qapan tərəzisi oradan köçürülür, geniş bir sahənin - tikinti yerinin ətrafına hasar çəkilir. Bina qoymaq mərasimində Bakının say-seçmə adamları iştirak edib: şəhər bələdiyyə rəisi, vali, mülki və əsgəri məmurlar, ziyalılar, erməni və rus ruhaniləri. Bakıda mövcud olan rus, erməni, yəhudi, polyak və sairə cəmaətindən nümayəndələr. Bakı Qazisi Ağa Mir Məhəmməd Kərim çar Nikolaya və xanədanına dua ilə binanın inşasını dualandırıb, Musa Nağıyev bünövrəyə ilk daşı qoyub. Günlər, aylar, illər keçir, İsmailiyyə binası tədriclə ucalır. Beləliklə, bina dördillik bir zaman içərisində tamam olur. Bu tarixdən sonra binanın ictimai həyatı başlanır. Cəmiyyəti-Xeyriyyə idarəsi və dəftərxanası orda yerləşir. Bakıda mövcud olan başqa maarif cəmiyyətləri də orda yer alır. "Səadəti ruhani" cəmiyyəti məktəbini İsmailiyyəyə köçürür, "Nicat" və "Səda" maarif cəmiyyətlərinin dəftərxanaları burda yerləşdirilir.

Amma bu fərəhli günlər çox sürmür. Birinci Dünya müharibəsi başlanır və Çar hökumətinin qərarıyla İsmailiyyə əsgər xəstəxanasına çevrilir. Orada yerləşən "Səadət" məktəbi, maarif cəmiyyətləri binadan bayıra atılır. Binanın milli ruhunu öldürməkçün orada "Boje tsarya xrani" ("Allah, çarı hifz elə) mahnısının türkcə tərcüməsi ifa olunmağa başlanır. Divarların birində Həzrət İsanın şəkli asılır və qarşısında kiçik şam yanıdırılır.

Bütün bu faktlar Seyid Hüseynin haqqında bəhs etdiyim yazısındandır. Müəllif yazır:

"Zaman bir halla davam etməz, Rusiyada inqilab oldu. Nikolayın Rusiya taxtından enməsiylə rus soldatlarının İsmailiyyədəki iqbalları dəyişdi. Tədricən İsmailiyyə binası rus soldatlarının vücudundan təmizləndi".

İsmailiyyə yenidən başqa böyük miqyaslı ictimai hadisələrin mərkəzi olur. Birinci Qafqaz müsəlman qurultayı orada açılır. İlk olaraq muxtariyyə və adəmi-mərkəziyyət fikri orda meydana atılır. Bu səpkili bütün yığıncaqlar, siyasi müzakirələr orda keçirilir, oxunur, dinlənilir. Seyid Hüseyn yazır:

"İsmailiyyənin kimsəyə baş əymək istəməyən möhtəşəm salonu bir çox tarixi vaqiələrin şahididir. Biz azərbaycanlılar İsmailiyyədə bir çox şad və qəmgin günlər keçirmişik, müqəddəratımız haqqında orada bir çox məruzələr dinləmişik, gələcəyimiz barəsində bir çox qərarlar çıxarmışıq, bizlərdən kimsə onları unutmamışdır. İsmailiyyə binası bizimlə bərabər böhranlı zamanlar da keçirmişdir. İsmailiyyənin, müqəddəs adını haqlı olaraq qazanan o millət evinin, o bizim siyasi fikirlərimizi, istiqlaliyyət məfkurəsini, Azərbaycan qayəsini bir ana kibi, müşfiq və mehriban bir ana kibi ağuşunda, qəlbində bəsləyən dilbəranə binası, gizli sirlərimiz olan divarlar martın faciəvi günlərində bir çox düşmən qurşununa göyüs gərmişdi".

Seyid Hüseyn yanıqlı bir dillə bu müdhiş hadisələri qələmə alır. 1918-ci ilin martında birləşmiş bolşevik-daşnak qüvvələri Azərbaycan türklərinə qarşı soyqırımına başladırlar. Hədəf yalnız müsəlman əhalisini qırmaq deyildi. Binalardan da intiqam alırdılar. Millətin qürur rəmzinə çevrilmiş İsmailiyyə düşmənlərə göz dağı idi. O da məhv edilməli, yer üzündən silinməli idi.

"Bir vaxt yetişmişdi ki, orada məskən edən təşkilatlar onu müdafiəsiz bir halda buraxıb getmişdi. Orada yalnız "Müsavat" firqəsinin telefonu işləyir, şəhərin hər tərəfindən imdad istəyənlərə mümkün edə bildiyi cavabı veriyordu. İsmailiyyəni ən son buraxıb çəkilməyə məcbur olan müsavatçılar olmuşdu. Onlar İsmailiyyəni bir halda buraxmışdılar ki, bolşevik və erməni əsgərləri Nikolayevski küçəyə hücum ediyor, "Metropol" mehmanxanasının (indiki Nizami müzeyinin - A.) qarşısında qoyulmuş pulemyot özünün ürəküzücü şakırtısı ilə İsmailiyyəni nişanəyə alıyordu".

Daha sonra yazır ki, Azərbaycan millətinin hürriyyət və istiqlal uğrunda şəhid düşmüş qəhrəmanlar kimi düşmənin amansız qurşunlarına köksünü sipər edən binanın yanmış divar daşları bir çox natiqlərin nitqini hələ də əks etdirməkdədir.

Seyid Hüseyn davam edir:

"Millət başını itirmiş, kəndisini şaşırmış, nə yapacağını bilmədiyi halda özünün qəzanın təqdirinə buraxdığı gibi sevgili İsmailiyyəsini də kəndi başına buraxmış, onun üç-dört nəfərdən ibarət olan mücavirləri (xidmətçiləri) də oradan çəkilmiş, İsmailiyyədə yalnız bir neçə müharibədə şəhid düşmüşlərin qanlı və soyuq meyitləri qalmışdı.

Xain düşmənlər, əhdlərini söndürən və müsəlmanları aldadan erməni milli polku İsmailiyyəni işğal etmiş, oradakı müxtəlif təşkilatların kağız dəftərlərini qarışdırıyor, bəzi eşyaları arıyordular. Bu qədər müxtəlif təşkilatlardan birdəfəlik xilas olmaq, daha doğrusu, xalqda doğan müstəqillik fikrini əbədiyyən basmaq üçün bu fikrə pərvəriş verən İsmailiyyənin edamına qərar verilmiş, ona düşmən əliylə od vurulmuş idi".

Binanın edamına qərar vermək! Nə qədər dəqiq sözdür. Binanı sökmək, dağıtmaq, yandırmaq belə azmış, onu məhz edam etmək, yəni bu binanın divarları arasında yaşayan müstəqillik ruhunu məhv etmək, azadlıq hissini, hürriyyət fikrini beyinlərdən, qəlblərdən əbədi silmək... Bolşevik-daşnak tandemində İsmailiyyənin qətlini icra etməyin məhz erməni polkuna tapşırılması əbəs deyildi. Daşnakların xalqımıza qarşı uzun illər boyu davam edən və hələ də bitməyən mücadiləsində insanları tələf etmək, şəhərləri, kəndləri viran qoymaq, evləri, binaları xarabazara çevirməklə yanaşı, ən ümdə niyyət millətin ruhunu öldürmək, onun keçmişini məhv etmək, tarixini tərs yozmaq, mənəvi dəyərlərini iflasa uğratmaqdır. İsmailiyyənin qətli bu məqsədlərə xidmət edirdi.

Seyid Hüseyn yazır:

"Diyorlar ki, fəlakət ümumi olduğunda bir o qədər insanı müztərib etməz. Lakin mart faciəsi barışığından sonra kimsə o məşum günlərin bir daha təkərrür etməyəcəyinə əmin olmadığından xalqda böyük bir iztirab müşahidə ediliyordu. Bən də şu iztirab halında sınıq bir qəlb, düşkün bir ruhla, yanmış İsmailiyyənin qarşısında durub, onun xaraba halını görüb zövq alan rus və erməni tamaşaçılarının gülüməsəyən çöhrələri qarşısında əzilməkdə idim".

Bu da azmış kimi, Seyid Hüseyn "özümüzkülərdən" olanların münasibətindən də yazır:

"Bənimlə hər zaman məslək münaqişəsini edən bir sosialist arkadaşıma, daha doğrusu, tanış bir sosialistə rast gəldim. Bənimlə görüşdü, dişlərini ağardaraq, üzümə güldü: Arsızcasına, həm də İsmailiyyə binasının içərisindən hələ çıxmaqda davam edən o xəfif dəruni tüstüdən utanmadan bir söz dedi. Bən ömrümdə o qədər acı söz eşitməmişdim və o qədər də müztərib olmamışdım. Sosialist yoldaş bana dedi: - Hə, necə gördün bizim sınmaz qüvvətimizi", bu sayaq "sosialistlərin sınmaz qüvvəsi" möhtəşəm binaları darmadağın etməkdə məharət göstərmək imiş. Axı doğrudan da İnternasional himnində oxuyurlar ki, "Biz əski dünyanı təməlindən dağıdacayıq, sonra elə bir yeni dünya quracayıq ki, heç nə olanlar hər şey olacaqlar".

Bu niyyətə doğrudan da nail ola bildilər. 

Seyid Hüseyn başqa bir epizodu da xatırlayır. "Hümmətçilər" "müsavatçıların" İsmailiyyədə görüş dəvətini qəbul etmirlər. Səbəb?

"Bu bina burjuy yolu ilə tikilmişdir. Burada füqareyi-kasibiyə şərdən başqa xeyir gəlməz, füqareyi-kasibə əgər öz səadətini istiyorsa, birinci olaraq gərək bu binanı dağıtsın".

Görəsən, dünyada elə bir erməni sosialisti, ya daşnakı (elə daşnaklar da özlərini sosialist sayırlar) tapılarmı ki, məsələn, Eçmiədzinin sökülməsinə rəvac versin. Tarixi sənədlərlə tanış olduqca hərdən adama elə gəlir ki, 1920-ci ilin aprelinə qədər inqilabçılarımızı, sonradan da yetmiş il kommunistlər tərəfindən idarə olunan Azərbaycanı çocuq yerinə qoyub uşaq kimi aldadırmışlar.

Daşnak-bolşeviklərin İsmailiyyəyə qənim kəsilmələri məlum! Amma 1919-cu ildəki müstəqil Azərbaycanın öz milli hökuməti vardı, Seyid Hüseynin yazısı məhz bu dövrə aiddir və bu yazıda binanın yanmasından da daha dəhşətli bir niyyətdən - İsmailiyyənin tamam sökülməsindən söhbət gedir. Yazıçı həyəcan təbilini məhz buna görə çalır: Yandırılmış bina yenidən hasar içinə alınıb və qərar verilib ki, binanın salamat qalmış divarları da sökülsün, qabil bənnalar axtarırlar ki, İsmailiyyəni tamamilə söksünlər. Bakı Bələdiyyə İdarəsi binanın təhlükəli olduğunu iddia edir. Musa Nağıyevin varisləri onun sökülüb-dağılmasına mane olmayacaqlarını deyirlər.

Pəncərəsini açıb məhkum binanı seyr edən yazıçı düşünür: "Səbəbini anlamıram ki, bəni nə kibi şeylər, nə kibi əlaqələr İsmailiyyə binasına bağlayıb, onun sökülüb-dağılması fikri onun yandırılıb, xarabazara döndərilməsi qədər məni mütəəssir etmişdi".

Bəyəm yazıçı özü bu hissin səbəbini bilmir? Səbəb vətəndaşlıq qeyrəti, millət təəssübkeşliyi, xalqın hər maddi, mədəni və mənəvi sərvətin qeydinə öz şəxsi işin kimi qalmaqdadır. Millətin dərdinə gürültülü sözlərlə deyil, qəlbən qalanlar üçün burda izahsız bir şey yoxdur.

Seyid Hüseynin yazısı başdan-ayağa bu duyğularla yoğrulub:

"Söylədiyim iş bu xatirələr həzin, olduqca həzindi. Hələ bənim üçün daha da həzin, bəlkə müdhişdir. Lakin bu qədər xoş olmayan hallar içərisində bəndən ötrü müsibət, tam mənasilə müsibət olacaq bir hal, daha doğrusu, bir təsadüf var ki, vəhdətdən kənar düşsəm də yenə söyləyəcəm və hər zaman söyləyəcəm. İsmailiyyə daha artıq kimsəyi ağuşu-şəfqətinlə bəsləyə biləcək səlahiyyətdə deyildir. O, gənc ikən xainlər əlilə yerlə-yeksan edildi. Bununla bərabər heç bir zaman millətdən ayrılmadı.

Ey bakılı qardaş, ey azərbaycanlı vətəndaş! Niyə də yanıb-yaxılıyorsan? Qoş! İsmailiyyənin, hər vakıt böyük salonunda öz gələcəyin üçün gün ağladığın İsmailiyyənin qarşısına gəl, onu səndən ayırıyorlar. Həm də sənin gözünün qabağında dəfn ediyorlar. Halbuki onun məhzun gözləri səni gözlüyor, sənin həsrətini çəkiyor. Son kərə olmaq üzərə səni görmək istiyor. Get, son kərə olmaq üzərə get ona, o müqəddəs binaya, o Azərbaycan bayrağını yuxarı qaldıran binaya doyunca tamaşa et. Çünki bir daha onu görmək sənə müyəssər olmayacaqdır. Onu söküyor, dağıdıyorlar".

Bilmirəm Seyid Hüseynin bu ehtiraslı fəryadının təsiri olubmu, olmayıbmı. Bilmirəm başqa ziyalılarımız da mətbuat səhifələrində onun harayına hay veriblərmi? Hər halda İsmailiyyə binası sökülməyib, bərpa olunub.

Məşhur rus yazıçısı Mixail Bulqakov "Usta və Marqarita" romanının sağlığında çap olunacağına ümidi qalmayanda bəlkə də özünə təsəlli kimi məşhur sözlərini deyib: "Əlyazmaları yanmır". Xoşbəxtlikdən "Usta və Marqarita" müəllifin ölümündən sonra da olsa çap edildi, dünyada şöhrət qazandı. Amma yanıb yox olan əlyazmaları azmıdır?

Bəs binalar? "Binalar da yanmır" deyə bilərikmi? Dərhal yadımıza İskəndəriyyə kitabxanasını, Herostratın yandırdığı Artemida məbədini salacaqlar. Amma bəlkə doğrudan da öz taleyində xalqın ruhunu, istiqlal arzusunu yaşadan binaları yandırıb kül etmək mümkün deyil.

İsmailiyyə də tariximizin YANMAYAN binasıdır.

Yandırılası mümkün olmayan binalar təkin söndürülməsi mümkün olmayan ocaqlar da var.

İsmailiyyə haqqında - rekviyemmi deyim, elegiyamı, ağımı deyim - həzin yazının müəllifi Seyid Hüseynin də ocağını söndürməyə çalışdılar. Bu ocağın işığı iki köklü-köməcli bakılı ailəsindən gəlirdi - Rəsulzadələr və Sadıqzadələr ailəsindən. Rəsulzadələr ailəsinin ən görkəmli övladı Məhəmməd Əmin müstəqil Azərbaycan dövlətinin əsas qurucularından və beşiyi başında duranlardandır.

Məhəmməd Əmin əmisi qızı Ümmülbanuyla evlənir. Ümmülbanunun kiçik bacısı Ümmügülsüm Seyid Hüseyn Sadıqzadəyə ərə gedir. Bu izdivac romantik bir tərzdə başlanır. Yeniyetmə Ümmügülsümün qəzetlərdə çap olunmuş şeirləri Seyid Hüseynin diqqətini çəkir. Tanış olurlar, evlənirlər, üç oğulları, bir qızları dünyaya gəlir. Xoşbəxt, məsud bir ailə, mehriban qohumluluq.

Düşünürsən, əgər Seyid Hüseyn Sovet quruluşunun ən qatı düşmən saydığı Məhəmməd Əminlə bacanaq olmasaydı, həyatının sonrakı müsibətləri başına gəlməyə bilərdimi? Yəqin ki, yox. Bu qohumluq olmasaydı da nə Seyid Hüseynə, nə Ümmügülsümə türkçülük ruhunda, milli ruhda məqalələrini, şeirlərini, ən azı İsmailiyyə haqqında bolşevik daşnakları günahlandıran yazısını bağışlamazdılar.

Stalin dövründə bu iki ailənin düçar olduğu bəlalar haqqında Nəcibə Bağırzadənin "Uzaqdakı yaxınlar" və "Vətən ayrısı Rəsulzadələr" kitablarında, bir də Seyid Hüseynlə Ümmügülsümün kiçik qızları Qumral Sadıqzadənin "Son mənzili Xəzər oldu" sənədli romanında ətraflı bəhs olunur. Vaxtilə mən "Uzaqdakı yaxınlar" kitabına ön söz yazmışdım. Bu ailələrin dərd üstünə dərd gələn qismətləri haqqında Nəcibə xanımın işlətdiyi dəqiq ifadə indiyədək yadımdan çıxmır: "Sən demə, dərd yaxşı tanıdığı qapıları döyürmüş", Doğrudan da, belədir. Məhəmməd Əminin qoca anası Maral xanımı və həyat yoldaşı Ümmülbanunu sürgün edirlər, sürgündən qayıtmırlar. Dörd övladının dördündən də amansız qisas alırlar, (nəyin qisasını? Məhəmməd Əminin ancaq beşikdə gördüyü oğlu Azərdən kimin qisasını alırdılar?) Məhəmməd Əminin bir qızı Xalidə itkin düşür, o biri qızı Lətifə öz tifil balası Füruzəylə birlikdə sürgündə yatağındaca soyuqdan donub ölür. Məhəmməd Əminin böyük oğlu Rəsulu 19 yaşında güllələyirlər, kiçik oğlu Azər sürgün ömrünü vətən həsrətiylə başa vurur.

Seyid Hüseynin özünü də, bir neçə gün sonra arvadı Ümmügülsümü də həbs edirlər. Dözülməz işgəncələrə məruz qalan Seyid Hüseynə millətçilik, müsavatçılıq, antisovet təşkilatının üzvü olmaq ittihamları verilir, həm də bu ittihamlar başqa dustaqların verdikləri məlumatlarla guya ki, təsdiqlənir. Seyid Hüseynə yalnız bu "təqsirlərini" boynuna almaq qalır. Amma dözülməz işgəncələrə rəğmən heç bir yalançı ittihamı qəbul etmir, heç nəyi boynuna almır və heç kəsin adını çəkib bada vermir.

Qumral Sadıqzadə ata-anasının faciəvi taleləri haqqında yazdığı sənədli romanı təəssüf ki, ədəbiyyatşünaslığımızda layiq olduğu qiyməti almamış əsərlərdəndir. Çox uşaq yaşlarından iti müşahidə qabiliyyətiylə yaddaşında saxladığı ailə xatirələri, atasının yazıları, anasının şeirləri, həbsxana və sürgün gündəlikləri, məktubları, ata-anasının bəraətlərindən sonra ola bildiyi istintaq protokolları, məhkəmə qərarları və s. materiallar romanın inandırıcılığını artırır. Romandan real faktlara əsaslanan bir səhnəni burda gətirmək istəyirəm. 1938-ci ildə yazıçıya ölüm hökmü oxunur.

"Seyid Hüseyn hökmü təmkinlə dinlədi. O, belə olacağını güman edir, gözləyirdi, hökm oxunandan sonra iki şeyə görə, hətta bir növ yüngüllük hiss etdi. Əvvəla, çəkdiyi əzab-əziyyətlərə, nigarançılığa son qoyulacaqdı. İkincisi, özündən razı qaldı ki, müstəntiq nə qədər çalışsa da, başına nə oyunlar açsa da, onun dilindən əlavə "günahkarlar" əldə edə bilmədi. Deməli, o, bir neçə nəfəri bu əzabdan, bu məhkəmədən, bu hökmdən mühafizə edə bilmişdi. "Elə bu mənə bəsdir ki, ömrümün sonunda da kimisə xilas etdim, kiməsə yaxşılıq etdim".

Romanda Ümmügülsüm xanımın şeirlərindən parçalar verilir. Mən də vaxtilə "Min beş yüz ilin oğuz şeiri" antologiyasına bu gözəl və bədbəxt şairənin bir neçə şeirini daxil etmişdim. Hələ o vaxt Bayıl həbsxanasının və sürgünün dözülməz şəraitində belə zərif və həzin şeirlərin yaranmasına heyran qalmışdım.

1937-ci ildə Bayıl həbsxanasından Xəzərə müraciətlə yazdığı şeirdə acıdan acı suallar verir: nəydi təqsirimiz, neyləmişdik biz? Həbsxana kamerasında yuxusuz gecələrdə özünə dönə-dönə verdiyi bu cavabsız suallar zərif şeir misralarına çevrilir.

Heç yerdən bir qırnıq ümid işığı sızmadığında belə, yenə ümidini itirmir:

Mənim gözlərimdən günəş çəkildi,

Parlaq həyatıma zülmət çöküldü,

Vərəmli qəlbimə oxlar tikildi,

Qoy axsın qanları, sarma, dedilər.

Günəşim bir daha doğmayacaqmı,

Vəhşi qaranlığı boğmayacaqmı,

Kölgələri şəfəq qovmayacaqmı? -

Sordum, ümidini qırma, dedilər.

1944-ci ildə Qazaxıstanın Temlaq həbs düşərgəsində yazdığı şeir insanın ən çətin şəraitdə də mənəviyyatını, ruhunu qoruyub saxlamasının heyrətamiz örnəyidir. Hansı möcüzəyləsə qulağına çatan doğma musiqinin sədaları şairəni uzaq və gözəl bir dünyaya aparır.

Qopardı ruhumu bu gün yerindən,

Elimin qəlbindən gələn nəğmələr.

Dinlərəm mən səni, ey doğma vətən,

Könül dalğalanar, həyəcana gələr.

 

Çal, gözəl musiqi, gözəl muğamat

Çal, bir az ağlayım, gülüm səninlə.

Qoy bəlkə özümü bir yarım saat,

Elimin qəlbində bilim səninlə.

1944-cü ildə azadlığa buraxılan Ümmügülsüm xanım Bakıya gəlir, amma burda yaşamağa izin verilmir, qızı Qumralla Şamaxıya gedir və bir neçə gündən sonra orda vəfat edir, Şah Xəndan qəbiristanlığında torpağa tapşırılır.

Düşmənlər İsmailiyyə binasını yandırıb yox etmək istədikləri kimi, neçə-neçə başqa ocaqlarla bərabər, Seyid Hüseyn ocağını da söndürmək istədilər. Amma İsmailiyyə küldən çıxıb dirilən Səməndər quşu kimi yenidən həyata qayıtdı, neçə-neçə mötəbər məclisə, qurultaya yubileyə sinəsində yer verdi. 1987-ci ildə mən Yazıçılar təşkilatının rəhbəri kimi Seyid Hüseynin yüz illik yubileyini İsmailiyyənin böyük salonunda keçirtdim.

Seyid Hüseyn ocağı da sönmədi. Bu ocaq yazıçının təmiz adıyla, zindanlarda əyilməzliyiylə, gözəl hekayələriylə yaşadı. Ümmügülsümün qadın ləyaqətiylə, ana məhəbbətiylə, zərif şeirləriylə yaşadı. Zülmnən bir-birindən ayrılmış ər-arvadın övladları - iki görkəmli rəssam Oqtay və Toğrul Sadıqzadələr, ailələrinin keşməkeşli ömür yollarını romanda əks etdirmiş Qumral xanım bu ocağı sönməyə qoymadılar. Bu ocağın şöləsi bu şəcərinin neçə-neçə nəvə-nəticələrinin də yolunu işıqlandırır.

"Son mənzili Xəzər oldu" romanı sarsıdıcı bir epizodla tamamlanır. Övladları öyrənirlər ki, Seyid Hüseyn Qum adasında güllələnib dənizə atılıb. Gül dəstələriylə adaya gəlirlər. Adada işləyən neftçilər keçmişin məşum hadisələri haqqında bir şey bilmirlər. Yalnız qoca gözətçi danışır ki, 30 ildi burda işləyir, heç yerdə qəbir-zad görməyib. Amma - deyir - o vaxt işə təzə-təzə başlayanda bir əhvalat eşitmişdim: adada neft axtaranda dənizdə birinci estakadanı quraşdıranda vodolazlar sahilə yaxın yerdə suyun dibində çoxlu insan sümüyü görüblər. Hətta bir vodolaz ayağı altındakı insan kəllələrindən dəhşətə gəlib dəli olubmuş...

Nə yazıq ki, hələ də Stalin rejiminin xiffətini çəkənlər var.

Noyabr 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!