Ölümə güvənən adam - Hicran Nəsibova

 

Vaqif Səmədoğlunun kitablarını bir daha oxudum... bağladım.. nə idi bu?.. Bir neçə saatda oxunan, misra-misra uçub gedən 70 illik bir ömrün işığa bürünmüş ruhu idimi? Ölümündən sonra da bu dünyaya nigarançılığını əli qələm tutandan misralardakı sözlərlə çəkən, var olub varlığın, yox olub yoxluğun dərdlərini, sevgilərini şeirlərində oxuyan Vaqif Səmədoğlunun ruhu idi:

Nəyin istisindən yananlar

Arzulayacaq kölgəmi?

Hansı rənglə çəkəcəklər

Xəritədə ölkəmi?

Şeirlərimi sevəcəklərmi

Divarlar arxasında?

Bu, kimsəyə bənzəməyən insan övladının "o dünyada" belə, bu dünyanın dərdlərindən narahat olan ruhunun pıçıltılarıdır. Yuxulu-oyaqlı, o dünyalı-bu dünyalı bir ömrün yaşam ritmləri sözlə qeyri-adi ifa yöntəmində şeirə dönən pıçıltılarıdır. Şeir olmuş varlığının-ruhunun burda qalanlar - divarlar arasındakılar tərəfindən seviləcəyindən belə nigarançılığıdır. Varlığı ilə yoxluğunu, diriliyi ilə ölümünü qoşa yaşayan, hələ gəncliyindən hər iki dünya arasında "var-gəlləri" ilə "düşünən" şairin narahat ruhudur, bu şeir parçasında səslənən:

Pasport, viza

Gərək olacaqmı sərhədlərdən keçməyə?

Andersenin nağıllarını oxuyacaqlarmı?

Əlifba biləcəkmi hamı?

...İnsan bir ömrü boyu

öləcək neçə kərə?

Yol azacaqlarmı?

Məzar qazacaqlarmı?

Adi sözlərin tutumunda insan ruhun ovqatını necə möhtəşəm bir tablo ilə çıza bilərmiş:

Batan gəminin suya atılan

yükü kimi

kənara atıram ümidlərimi.

Ömrümün divarında bu gün yenə

kəndir dayanıb qapı yerinə...

Olumun-ömrün qapılarında ölüm var bu gün yenə (həmişə olduğu kimi) - paraleli şairin həyatı anlam fəlsəfəsidir. Ölüm ömrün yollarında hər an var ola bilər və bu varlığı yanındaymış kimi "danışdıran" ruhun o taylı-bu taylı dünyalarda dolaşması şairin "həqiqətlərindən" biridir. Bütün yaradıcılığı boyu onun ölümlə "ünsiyyəti", "səmimiliyi" aydın oxunur və duyulur.

İnsan övladı mənən nə qədər böyük, nə qədər həssas duyğulu olmalıdır ki, içində bulunduğu anın - son məqamında dünyada baş verən "sonları" xəyal etsin, düşünsün. Donmuş zamanın fellərini (baş verənlərini) misralarda sərgiləmiş olsun?!

Axırıncı ağacdır bu,

Əsir sonuncu külək.

Bağlayıb sonuncu yolu

Yenə sonuncu fələk.

...Doğulur sonuncu insan,

Sonuncu insan ölür,

Yenə son dəfə ağlayan,

Son dəfə gülən olur...

Şairin sözləri ilə çəkilən insan ömrünün kiçik "kadrlar"ının görüntülərinə "baxıb" heyrətlənməmək olmur:

Əlimi uzatdım sevincə sarı,

Gördüm yox, arada kədər dayanıb.

Üz tutub gedirdim Allaha tərəf,

Gördüm yox, arada ömür dayanıb.

Sevinclə ona uzanıqlı əl arasındakı kədər payı dərdi çəkə bildiyindən, "mənə bir az göz yaşı lazımdır" - deyib, kədəri özünə "həmdəm" etdiyindəndir. Bu dünyanın dərd-sərini boyuna biçilmiş kimi özününküləşdirib, şirin bir yumorla Allaha qədərki ömür yolunda özünə yol yoldaşı seçib.

Yox, deyəsən, bu gecədən də

bir şey çıxmayacaq,

Allahın yarasından da qan axmayacaq...

Bu gecənin də qaranlığı

Dərd çəkmək, sevmək,

oğurluğa çıxmaq üçünmüş...

"Yayda qış olanda da, qışda yay gələndə də" bu dünyanın ağrılarını çəkən şair ruhu "dərdlə oxuyur" şeirlərində. Vaqif Səmədoğlu ifadələrində insan zəkası və qəlbi arasındakı ovqat belə poetikləşir:

İnsan duaları

qalın meşə kimi bürüyüb

torpağı, göyü.

Dünya keçilməz olub Allaha...

Yer üzündəki bütün ağacların kölgəsi

qürbətə düşür daha...

Vaqif Səmədoğlunun poetik təsvirlərində yalnız ona məxsus olan gizli bir "ironik təbəssüm", əgər belə demək mümkünsə, "yumşaq, həm də iç sızladan" bir təbəssüm var. Bəzən şeirlərin ruhunda həssas duyğuların titrəyişi üzüntülü hissləri yumşaldacaq gizli bir yumora bürünür, sanki:

Ölümümü niyə gözləyirsən, gülüm?

Ağla, bu başdan ağla mənə.

Qoy özüm də görüm

Çoxmu ağlamalı şey idim...

Ölümlə iç-içə insan ömrünün poetik təqdimat çalarları şairin dəyişən duyğularının əlvanlığından yaranır.

Salam, ata, salam.

Bilirəm arxamdasan.

Məzarından

Cəmi əlli-altmış

addım bu yanda dayanıb

trolleybus gözləyirəm.

Trolleybusa minib,

sənin yanına gələnə qədər

yaşamağa gedəcəyəm...

Var olduğu hər anın ölümlə təmasına poetik rənglər verən şair "o boyda ölümün gözü qabağında", "kağız-qələm olmasaydı bircə gün də yaşaya bilməzdim" - deyir. Hər yerdə, hər durumda qarşılaşacağını, hər sıxılan nəfəsində, hər çıxdığı yolun üstündə ölümünü "tanıyır". Ruhunun hansı ovqatında onu yaxalayacağını gözləyir: "Bir-iki lay-lay qoy yoluma, ana, bəlkə uzaqda, uşaqlıqda öləcəyəm". Hətta ovqatının ən duyğulu anında - gözəl bir musiqi dinləyəndə belə yanındaymış kimi:

Bu yad nəğməyə bürünüb

Zillənib gözlərim göyə.

Bu ölmüş oxuyanacan

Qoymayın məni ölməyə...

- deyir.

Onun şeirlərində görüntüsü sərt, lakin yumşaq, bəzən də bir qədər müti təqdimatla ölüm təsbit aktıdır.

Bu gecə sağ əlim sıxılır yenə,

Qorxu salam verir yenə də mənə

Allaha inanan gecəmdir yenə,

Şeir oxuyuram dua yerinə.

Bu assosiativ iztirab tablosu Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" əsərindəki İsanın əllərini xatırladır. Taleyin hökmünə tabe, həm də məyusluqdan açılmış əllər sabahkı xəyanətin ölümlə sonlanacağı xəbərinin təslim işarəsidir. "Qorxu" adlandırdığı ölümün "bu gecə"ki "salamına" açılmış əlinin poetik lövhəsini belə cızır şair.

Vaqif Səmədoğlu "Heç kəsin demədiyini heç kəsin ağlına gəlməyən şəkildə deyirdi" (Anar). Kimsənin ağlına belə görüş dəvəti gələ bilərmi?

Bu bahardan çıxıb,

Hansına bürünəcəksən?

Hardan görünəcəksən?

Səsin gələcəkmi,

Gəlsə güləcəkmi?

Sinəndən sözlə çıxacaq səsin,

ya qışqırıqla?

Yoxsa elə susacaqsan

bu ayrılıqla

Harada gözləyim səni, harada?

Evdə, eşikdə, ya məzarda?

Dildə nikbin görünən, dərinlikdə "ağrılı təbəssümü" ilə müşayiət olunan hisslərin ifadə tərzi, hətta Allaha müraciətlərində də duyulur:

İlahi, hansı dildə yalvarım sənə?

Bir dua yetər, yoxsa sənə də

ağız açmaq gərəkdir dönə-dönə?

Sənə yox, dünyaya yox,

özümə gülürəm,

çünki yaratdığın neçə min dildən

cəmi ikisini bilirəm.

Bunların birindən

yer də, göy də xəbərsiz...

Odur o birində

yalvarıram sənə indi:

Qospodi, pomoqi, Qospodi...

Allaha yalvarışın dua etmə yöntəmi, əllərini açıb diləmə, istəmə şəkli deyil Vaqif Səmədoğlunun müraciət forması. Sanki sevgisindən əmin ərköyün adam balası Yaradanından arxayın, istədiyi an sözünü sərbəst demə hüququnu bilir: "Yadına sal məni, yadına sal məni qoyduğun yeri, tap məni, tap, aman, Allah!

Bəlkə də "qələmin dizləri söz yükündən büküldüyü", "hələ axırına çox qalan yolun yorulduğu", "ümid döyən qapıların bağlandığı" zaman şair ruhunun sıxıntıları onu üzünü göylərə tutub yerini nişan verməyə "təkid" etdiyi anların çağırışıdır bunlar:

Qulaqlarımda küləyin uğultusu,

Gözlərimdə torpağın tozu,

Sağımda kor quyu,

Solumda paslı darvazanın səsi.

Arxamda bağ evi,

Qarşımda hasar,

Sağ əlim cibimdə,

Sol əlim divarda.

Burdayam, ay Allah, burda!

Şairin, hətta Allahdan dilədikləri də duadan çox poetik müraciət, xahiş, minnət şəklindədir:

Allah, bir az da möhlət ver,

Öldürmə, sağ saxla yenə.

Beş-on yazılmamış şeirim,

Beş-on duam qalıb sənə...

Şeirlərində dünyanı bütün əlvanlığı, gözəlliyi, təzadları ilə poetikləşdirib, ən saf duyğulardan tutmuş vətənin, xalqın, dünyanın problemlərini kimsənin görə bilmədiyi kimi görən müdrik intellekt sahibi, xalqının sevimlisi, Allahın sevimlisi Vaqif Səmədoğlu bütöv insanın özü idi və bu dünyada olumdan ölümə doğru gedən yolunda insanlıq adına ən ali hisslərə sahib bəşər övladı kimi yaşamağı bacardı. Ölümün üzünə baxa-baxa yaşadı və hər an Allahın hüzuruna hazır, onu gözləyən sonu ağılla qəbul edib yaşadı. Ömrün sonu çatanda isə yer adamları kimi vəsiyyət yazmaq əvəzinə, Allahına namə yazdı Vaqif Səmədoğlu:

Allah, nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayıram,

Üzümə açılacaq neçə səhər var?

Bəyənəcəksənmi məni?

Bəndəni hansı gözlə görəcəksən?

Allah, özüm gəlim,

Ya kimisə göndərəcəksən?

Bu dünyanın dünya boyda dərdini, dünya boyda sevgisini misra-misra yaşayan, dilləndirən, sözlərin rənginə boyayan, yaşadıqlarını onu yaradanla bölüşən, dərdləşən Vaqif Səmədoğlunun ruhu idi bu misralarda uçub gedənlər. Nur topasına bürünüb uçan işığın ardınca baxıb onu yaradana: - "onu verdiyin nə? Aldığın nə?" - sormaq istəyirsən. "Allaha ağır getməsin", bu sevimli səfərdəkinə belə hörmətli, əzəmətli gediş üçün burdan durub onun getdiyi məqama və gedişə həsəd aparmağın gəlir. Bir də özünün dediyi kimi, günəşə yox, üzünü elə onun özünə tutub demək istəyirsən: "Hayıf işığına...".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!