Tirajlanmağın melanxoliyası - Ziyad Quluzadə

Gəlişigözəl qeydlər

 

...belə.

Çağdaş zamanın ən böyük faciəsi olaraq gözlərimizin önündə dayanan tirajlanmaq, nüsxələnmək, klonlanmaq bəlası əslində nəsnənin öz ilkin mahiyyətini kapitalist maraqlar üçün necə itirdiyinin sübutudur. Hər yerdə eyniyyətin, təkrarın hökm sürdüyü, duyğuların, eşqlərin, sevişmələrin, doğumların və ölümlərin bir növ standartlaşdırılmış qəlibi daha çox toplu şizofreniyanın dəlilidir.

Etiraz?

Kazuo İşiquro "Məni Tərk Etmə" (Never Let Me Go) romanının səhifələrində gəzindikcə həmin klonlama, insanın kopyasının yaradılması və varlığın sözün əsl mənasında bir simulyakra çevrildiyinin şahidi oluruq. İnsanlara orqan köçürülməsi üçün yaradılmış klonlara "nəzarətçilik" edən bir qadın və həmin kopyalanmış insanlarla olan müsibətin faciəvi dözülməzliyi diqqət mərkəzindədir. Əsərin kilid nöqtəsi olan məhz varlığını sırf başqa bir canlının ehtiyacı olduğu zaman sonlandırmaq məcburiyyətində olan, əslində sadəcə toplum tərəfindən bir istifadəyə yararlı orqan kimi görünən bu canlıların arasındakı münasibət daha kədərlidir. Volter Benjaminin "Texnikanın imkanlarıyla çoxaldılabilən çağda sənət əsəri" adlı məqaləsinin hipotezinin bir roman süjetinə uyğunlaşdırılmış variantı...

Əslində, romanın kiçik xülasəsi belə bir pasajla agah olur. "Xüsusi istedadlı şagirdlərin oxuduğu bir məktəb; Hailsham. Heç də və dişkar olduğumuz məktəblərə bənzəmir. Sənətin əsas götürüldüyü bir tədirs proqramının hakim olduğu təmiz və disiplinli bir məktəb... Qəribə tərəfi tələbələrin bu məktəbdən başqa heç bir həyatlarının mövcud olmamasıdır. Həm də bir məqam da var ki, onların heç birinin yaxını, qohumu yoxdur. Burada onlara hər dəqiqə seçilmiş olduqlarını xatırladır və ruhlarını bəsləyən sənət, yaradıcılıq kimi fəaliyyətlə məşğul olmaqları üçün cəsarətləndirirlər.  Və bu məktəbdə üç yaxın dost var. Katy, Tommy, Ruz... Bu üç dost varoluşlarını, yaşadıqları mühiti, çevrəni analiz etməyə, anlamağa çalışırlar." Kim olduqlarını, buraya haradan gəldiklərini və sonrakı taleyin onların qarşısına çıxaracağı hadisələri düşünürlər.  Onların hər kəsdən ayrı, seçilmiş olaraq qiymətləndirilməsinin arxasında yatan əsl səbəbi axtarırlar... Oysa ki, məqamı gələndə hər hansı bir orqanlarının ehtiyac sahibinə köçürülməsi üçün öldürüləcəklərini, varoluşlarının sonlanacağını sonradan öyrəncəklər.

Roman sətirlərinin, səhifələrinin hər birini qarabaqara izlədikdən sonra nəhayət, gəlib ən sonuncu cümləyə çatırsan. Romanın "YKY" tərəfindən tərcümə və nəşr edilmiş nüsxəsinin sonuncu paraqrafı belədir:

"Hektarlarla şumlanmış torpağın qarşısında dayandığımı dərk etdim. Əkin sahəsinə girməyimə maneə olan iki paralel çəpər qarşımdaydı. Bu çəpərin və onun sonrasındakı iki-üç ağacın intəhasız bir boşluqdan əsən küləyə qarşı dayanmış yeganə əngəl olduğunu anladım. Çəpər boyu və xüsusilə də üst qisminə lazımsız bir xeyli zir-zibil ilişdirilmişdi. Sanki dənizin ortasından dalğaların sahilə çırpdığı çör-çöp idi.  Külək də həmin artıqları götürüb çəpərə ilişdirmişdi. Ağacların üst hissələrinə selofan torbalar və əsgi parçaları ilişmişdi. Bircə dəfə həmin qəribə selofan torbalara baxıb xəyallara daldım. Axı Norfoldaydım və onun itkisinin ikinci gününü yaşayırdım." Beləcə, insan varlığının nə olduğunu düşündürən bir duyğu haləsinə bürünmüş tərzdə kitab bitir.

... Bəs...

Sonrasında anlayırsan ki, varlığın bir simulakr olduğu və eyniləşən öznənin nötr olanı itirməsiylə məna yenidən forma qazanır. Əslində, bütünlüklə insan öz mahiyyətini kapitalist bir inkişafla birlikdə itiririr...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!