“Vida nəğməsi”nin bitməyən ömrü - İradə Aytel

"Vida nəğməsi" adlı roman, povest, hekayələrdən ibarət kitab barədə düşündüklərim və Nüşabə Məmmədlinin bədii portreti...

 

Aynanın qarşısına keçirəm, saçlarımı onun saçları kimi yığıram: ortadan tağ edib arxada dəstələyirəm. Yox, bənzəmirəm ona. Yenidən saçlarımı dağıdıram, daraqla sığal çəkirəm, bölürəm və arxada toplayıram. Bu, bir neçə dəfə təkrar edilir, nəhayət, saçlarım eynən onun saçlarına bənzəyir. Sonra gözlərimə sürmə çəkirəm, bu dəfə də onun gözlərindəki işığa, nura, ucalığa, dərinliyə sahib ola bilmirəm. Və yenidən onun əksinə dəqiqələrlə baxıram, əmin oluram ki, Nüşabə xanıma bənzəmək qeyri-mümkündür. O, gözəlliyi, danışıq tərzi, saçdüzümü, geyim mədəniyyəti, istedadı, hörməti, ucalığı, qadın məlahətinin cilası olan işvəsi ilə əvəzedilməz, təkraragəlməz birisidir, bütün bunlara sahib olmaq üçün elə Nüşabə Məmmədli olmaq lazımdır...

Nüşabə Əsəd Məmmədlini ilk nə zaman, harada gördüyümü xatırlamıram. Bircə onu bilirəm ki, ağlım kəsəndən, oxumağı bacarandan, oxuduğum əsərin müəllifini tanımaq cəhdim yaranandan bu böyük, nurlu xanımın ziyası üzərimdədir. Və onu da dəqiq bilirəm ki, Nüşabə xanımı ilk olaraq onun "Cavad xan" romanından tanıyıram.

Nüşabə Məmmədlinin əsərləri rus, ingilis, polyak, türk, gürcü, fars dillərinə tərcümə edilib.

"Vida nəğməsi" (roman, povest və hekayələr. "Nurlar" Nəşriyyatı və Poliqrafiya Mərkəzində çap olunub. Kitabda yer alan roman, povest və hekayələr ayrı-ayrı illərdə kitab halında çap olunsa da, yenidən müəllif qələminin süzgəcindən keçmişdir.

"Cavad xan" romanında müəllif elimizin mərd, qəhrəman oğlu, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın və onunla bərabər, Gəncə əhalisinin bədii portretini çox məharətlə çizmişdir.

Sovet ideologiyası ilə yetişdirilən, lakin Sovet Azərbaycanı ziyalılarının çoxusunun düşündüklərinin tam əksini düşünən, doğruluq, rəşadət, yenilməzlik, müstəqillik, azadlıq, torpaq heysiyyatlı, az qala unudulan türkçülük ideyalarını təbliğ edən, yolunu tapmaqda çətinlik çəkən xalqı kökünə qaytarmaq uğrunda heç nədən barınmayan bu xanımdakı iç dünyanın inikasını məhz "Cavad xan" romanında görürük. Bu gün görürük, təəssüf ki, bu gün... Dünən göz yumurduq, görməkdən qorxurduq, bəzən də işimizə gəlirdi görməmək. Amma bu gün tam çılpaqlığı ilə görür və bu böyük ziyalının bütün bunları dünən necə yazdığına heyran qalırıq.

Roman beynəlmiləlçiliyi təbliğ, keçmişi unutdurmaq, gələcəyə kor-koranə addımlamaq üçün canfəşanlıq edən bir dönəmdə yazılıb. Buna baxmayaraq, Nüşabə xanım romanda Azərbaycanı sevməyən qüvvələrin iç üzünü elə ehmallıca açır ki, oxucu düşməninin haradan və necə gəldiyini görür, özünütanımağa cəhd edir. Yazıçı evimizə sığınan ermənilərlə bərabər, rus imperiyasının - imperiyaya boyun əyən gürcü knyazlığının da əsl simasını göstərir.

Cavad xanın həyatı barədə çox yazılıb və oxucular kifayət qədər məlumatlıdır. Romanın başqa bir özəlliyi əsrlər öncə baş verən hadisələrin zamanımızla ayaqlaşmasıdır. Bu sintez nasir üçün çox ağır əmək tələb edir. Əsl yazıçı odur ki, tarixin hansı dönəmini qələmə alırsa-alsın, orada öz zamanını göstərməyi bacarsın, zamanının əyriliklərini oxucuya çatdırsın.

Romana daxil edilən ibrətli kəlamlar, atalar sözləri, əfsanələr müəllifin folklorumuza olan bilgi və sevgisinin təzahürüdür. 

Cavad xanın oğulları ilə yanaşı, qızı da döyüşə atılır. Əlbəttə "aslanın erkəyi-dişisi olmaz". Cavad xan başqa Azərbaycan xanlarına minnətçi düşür - Vətən bölünməsin, xalqı əzilməsin deyə... Cavad xan torpağı uğrunda canını, canından əziz övladlarını qurban verir... Və Cavad xan şəhid olur, düşmən Gəncəyə onun meyiti üzərindən keçir...

Bu yaxın tarix bizim - Azərbaycanın elə bir şərəf səhifəsidir ki, bunu unutmaq özünü unutmaqdır. Elə bu yöndə də Nüşabə xanımın "Cavad xan" romanı Azərbaycanın mənəvi sütunlarından biridir!

...Roman bir də ona görə diqqətəlayiqdir ki, əsli-kökü qədim Gəncədən olan müəllif Gəncə əhalisinin həyat tərzi ilə yanaşı, şirin dilini, ləhcəsini də tarixin yaddaşına yazmağı bacarıb.

"Bir an" povestində hadisələrin cərəyanı insan düşüncəsinin elə bir qatında dövr edir ki, oxucu haldan-hala düşür, lakin bunun fərqinə macal tapmadan yeni bir hadisəylə qarşılaşır. İlk baxışda adi bir həyat sürəci adlandırdığımız epizodların alt yapısında gizlənən mətləblər gözümüzü bərəldərək hadisənin içinə girmə cəhdimizlə nəticələnir. Sadə, sıradan, həm də tənha qadının - Əzizənin günlük həyat tərzi ilə başlayır əsər. Əzizə o qədər kimsəsiz, o qədər tənhadır ki, hətta ölümü belə, həyat tərzinə uyğun, sakitliklə qarşılamağa hazırdır: "Doğrudan da, əgər Əzizə bilsəydi ki, yəqin, bir saatdan sonra öləcək, heç nə eləməzdi, yenə də durub qəhvə içərdi və oturub saatın əqrəblərinə tamaşa edərdi". Dərzi Əzizənin bu tənha, kasıb, amma səliqəli odasında bir rəsm əsəri də var: Pikassonun "Tənha qadın" əsəri. Elə buradaca oxucu Əzizənin əslində göründüyü kimi dərzi bir qadın olmadığını, özündə sirr gizlətdiyini anlayır...

Əzizənin ad günündə qapısına gələn qonaq əsərin xanım qəhrəmanı ilə yanaşı, oxucunu da sevinc göz yaşına qərq edir. Povestin ekspozisiyası başdan-başa məchul bir nöqtədə birləşdikcə əsərə daha böyük maraq oyanır. Bu, müəllifin son dərəcə peşəkarlığını, hadisələri müşahidə ilə yanaşı, təfəkkür aynasından keçirdiyini, şaquli xətt üzərində yeriyən süjetin əslində, neçə-neçə mətləblərə açılan qapıya nəzarətini, lakin bu qapıları məhz bir yola çıxarmaq qabiliyyətini göstərir. Povest həm də ona görə maraqlıdır ki, burada yer alan obrazlar ağla qaraya, yaxşıyla pisə ayrılmır. Obrazların xarakterini də çözmək oxucunun üzərinə buraxılır. Əzizənin tənha odasını işıqlandıran heykəltəraş Orxan əvvəl müsbət rolda sərgilənir, o Əzizəni bəyənir, onunla evlənir, övladları olur. Övladları olduqdan sonra Orxan tam şəkildə dəyişir, Əzizənin qaradinməzliyi, sadəliyi, incəsənətə olan "kor" baxışı Orxanda ikrah oyadır, Orxan, hətta qonağın yanında Əzizəni təhqir etməkdən çəkinmir. Burada oxucu Orxana nifrət etsə də, başqa səhnələrdə müəllif onu yüksəltməyi bacarır. Və yaxud əsərdə yer alan Gülnarə obrazına diqqət edək: Gülnarəni ilk başda pozğun həyat tərzi keçirən bir qadın kimi görsək də, sonda bu qadının, əslində, göründüyü kimi olmadığının şahidi oluruq. Adi bir ekspozisiya ilə həyata vəsiqə alan əsər çox gərgin razvyazkaya yön alır. Məşhur, gənc ikən vəfat etmiş bir bəstəkarın xatirəsinə kompozisiya hazırlamağa çalışan heykəltəraş Orxan, bu bəstəkarın iç dünyasını göstərmək arzusu ilə yaşayır. Onun iç dünyasını isə sevdiyi qadın - Əzizə Aydan olmadan çizməyin çox çətin olacağını anlayır, Əzizə Aydanın surətinə bələd olmadan bu əsəri yarada bilməyəcəyini dərk edir, Əzizə Aydanın surətinə ulaşmağa çalışır. Məlum olur ki, Orxanın zəngin iç dünyasına, gözəlliyinə, musiqi duyumuna, məlahətinə erişəmmədiyi Əzizə Aydan evindəki susqun qadındır, onun uzaqda aradığı xoşbəxtlik yanındadır...

Əsərin əvvəlində Dərzi Əzizə ilə sevinc göz yaşı axıdan oxucu sonda iç dünyası çölünə daşan Əzizə Aydanla qoşalaşıb o "bir an"ın göz yaşını tökür.... Əsər həm də ona görə çox dəyərlidir ki, müəllif Xirosima və Naqasakinin atom bombardmanından - bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu nümunənin insanlığa vurduğu zərbədən də söz açır. Yazıçının dini, dili, milliyyəti insaniyyətinin arxasında qalmalıdır. Nüşabə xanım da məhz belə yazarlardandır. 

"Dairə" povesti də insanlıqdan bəhs edən bir əsərdir. Burada namuslu bir ailənin Sovet qayda-qanunları altında əzildiyi ustalıqla qələmə alınıb. Əsərin qəhrəmanı Səyyarə, Sovet Azərbaycanının "37"lər damğası altında əzilən nümayəndələrindəndir. O, "xalq düşməni" adı ilə işləmədiyi bir suçun qurbanı olaraq ömrünün 19 ilini dustaqxana divarları arasında keçirən bir atanın övladıdır. Və bu damğalı atanın övladları da xoşbəxt olmaqdan məhrumdurlar...

Povestdə Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş fəlakətli nüvə qəzasından da söhbət açılır. Ümumiyyətlə, Nüşabə xanımın ən kiçik əsərini belə oxuyanda insan maariflənir, əsl ziyalı olan müəllifin öyrətmən məharətini üzərində hiss edir.

"İlğım" povesti bir nəsil şəcərəsinin taleyindən bəhs edir. Burada Azərbaycan bəylərbəyindən Sovet Azərbaycanına keçid, Sovetin Azərbaycana gətirdiyi yeniliklər, irəliləmələr, geriləmələr çox məharətlə qələmə alınıb. Əsərdə təhsil sisteminə tutulan güzgüyə diqqət edək: "Qəbul imtahanları başladı. Qüsursuz yazıları dərs hissə müdiri bir kənara qoyurdu. Onların üzərində yenidən əməliyyat aparılırdı: eyni mürəkkəb tapıb, dərs hissə müdirinin öz əlləriylə "İ" hərfləri "a" edilirdi, əlavə vergüllər artırılıb, yazıya "2" qiymət verilirdi". Bu, Sovet dönəmindəki siyasətin kökü idi. Rüşvət alınır, savadsız kadrlar cəmiyyətə buraxılırdı. O "həkimlər" canımızı, o müəllimlər "beynimizi", o "mühəndislər" qanımızı sorurdu.

"Vida nəğməsi" 20 Yanvar hadisələri üzərində cərəyan etsə də, olanlara maraqlı və fərqli yanaşması ilə yadda qalır. Müəllif bu fəxarət dolu tariximizə elə bədii priyomlarla giriş edir ki, oxucu heyrətlənməyə bilmir. Yanvar hadisələri bir qadının iztirabı, sənət adamlarının çətinlik dolu həyatı, müasir dövrümüzdə sənətə verilən dəyər üzərində dövr edir. Ümumiyyətlə, Nüşabə Əsəd Məmmədlinin bütün əsərlərində qadın taleyi, ana obrazı ön sırada yer tutur.

"Lalə talası" süjet xəttinə görə o biri əsərlərdən seçilir. Müəllif eyniadlı əfsanədən rişələnən əsərdə Zərdüşt dədədən miras qalan Novruz adət-ənənəsindən söz açır. Bu girişdən sonra zamanımıza qarışan povest Kür-Araz qovuşağı kimi daha güclü, daha axıcı olaraq davam edir. Məhvərdə isə Qarabağ dərdi dayanır, itirilən torpaqlar sıralanır sətirbəsətir. Bu sıralanmada yurd-yuvasından qaçqın düşsə də, bu gün həyat tərzini şəhərə dəyişən, dünəninə boylanmaqdan belə çəkinənlər də kənarda qalmır.

"Qürub" da müəllifin özünəməxsusluğu ilə oxucunu heyrətləndirən əsərlərindəndir. Əsərdə iki ailənin enişli-yoxuşlu həyat tarixi yer alıb. Burada hadisələr Azərbaycanın milli, mənəvi, ədəbi və bədii sərvtətlərinə xəyanətlə dövrələnsə də, başdan-başa bir məqsədə xidmət edir: ana-bala arasındakı qırılan, yaxud möhkəmliyini itirməyən (itirməyəcək) bağa. Müəllif burada övladını başqasına verən anaya haqq qazandırmağı (yaxud da qınamağı) oxucunun üzərinə buraxır.

"Qürub"da yaxın tarix boyunca bir neçə dəfə yurd-yuvasından didərgin salınan, əzab-əziyyətlərə, zillətlərə düçar olan Ahiska türklərinin də taleyindən bəhs edilir. Və bu müharibələrin, sərhədlərin, milli baxışların, dillərin, dinlərin, təbəqələrin qara kabus kimi insanlığa çökən zülməti arasında daha güclü bir zillət də var - Xərçəng! Dünyanı -zamanı bəmbəyaz şəkildə salnamə edən müəllif insanları qətl edən bu "silahı" da unutmayıb.

"Məktub" hekayəsi "Çanaqqala savaşının yüz illiyinə həsr olunub və burada türk əsgərini yetişdirən türk qadınının, türk anasının ucalığından söz açılır.

Ümumiyyətlə, kitabda yer alan hər bir hekayə öz süjet xəttinə, bədii tutumuna və məqsədinə görə Azərbaycan Ədəbiyyatında yeri olan (olacaq) əsərlərdir. Bu əsərləri oxuduqca ana, həkim, müəllim, aqronom, mühəndis, bəstəkar, rəqqasə, döyüşçü... Nüşabə Əsəd Məmmədliyə heyran qalmamaq olmur. Və Nüşabə Məmmədlinin əsərlərindən tədrisdə istifadə şagirdlərin milli qürurunda, şüurunda, təfəkküründə, nitqində, Azərbaycan tarixini daha dəqiq öyrənməsində, mətbəximizə, bölgəmizə bədii səyahətində, dini baxışlarında və ən nəhayət, bəşəri insan olmasında böyük rol oynayacaq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!