"Quşlar qanadından vurulan yerdə" - Sərvaz Hüseynoğlu

Kəramətin «Xatirə muzeyi (adam)» kitabı haqqında

 

Kəramət dünyaya şair olaraq gəlib; sirli təbəssümü, qələbəlikdə tənhalığı, qışqırtılar aləmində sükutu, səssizliyi, yaşından böyük fəhmi, sözə əbədi sədaqəti ilə bir arada...

Şəxsi tanışlığımızın təməlində tələbəlik illərinin, Gəncə həyatının xoş xatirələri dayanır. Üstündən xeyli vaxt keçib. Amma Kəramət indinin özündə də o sirli təbəssümün, qələbəlikdə tənhalığın, yaşından böyük fəhmin, sözə vəfadarlığın adamı olaraq qalır. O, bütün ömrünü əsl şair ovqatıyla yaşaya bilməsinin xoşbəxtidi.

Kəramətin təkrarsız üslubunun öz əsintisi, havası var. O əsintini, o havanı tutmaq, o havada yaşamaq və o havada qala bilmək dünyanın ən gözəl anıdı. Ancaq zərəri də olmamış deyil. Ki, yazmaq, ələ qələm götürmək zülmdü, ayıbdı ondan sonrası... Və belə yazmağımın, bu əminliyimin arxasında təbii ki, Kəramətin lirik-psixoloji, özünəməxsus deyim tərzi-üslubu ilə seçilən şeirləri dayanır. O şeirlərə istinad etmək, o şeirlərin havasına uçuna-uçuna yazmaq və əsl şeirin harada olduğunu anlatmaq xoşdu. Məsələn, könül rahatlığı ilə istinad edirsən ki, bu misraların müəllifi dünyaya şair kimi göz açan və bütün ömrü boyu bu taleyə, bu "əmrə peşiman ola bilməyən" əsl söz adamıdı:

Torpağa batdıqca əyilir başdaşları,

Günaha batdıqca əyilir adam.

Məni düz saxladı dar ağacları,

Bir qızıl güllənin haqladığı yer,

Sınmağa qoymadı yazdığım şeir.

 

Xıncım-xıncım olub gedərdim yoxsa,

Qoymadı uşaqlar, dedilər: "Şax dur!"

Allahın əmrindən çıxıb gedirəm,

Mən uşaq əmrindən çıxa bilmərəm...

Unudulmaz Əli Kərim ənənəsi, Əli Kərim ustadlığı, Əli Kərim sınağı önünə ləyaqətlə çıxa bilməyin bir əsas yolu elə bu misralardan keçir. Maraqlıdı ki, Kəramətin ayrı-ayrı illərdə və ayrı-ayrı mövzularda yazdığı şeirləri bir əsas məziyyət birləşdirir; bu, ilk növbədə davamlı şəkildə özünün özünü araması, dərk etməsi, özünü dünyada, dünyanı özündə tapa bilməsi cəhdidi. Bəzən özünün dünyadan, bəzən də dünyanın ondan keçdiyinin fərqində ola bilməyinin məsafəsi, ölçü-biçisizliyi içində Kəramət həmişə özünü tapa bilməyin mücadiləsini aparır. Bu məqamda, o, ustad Nəsimiyə bir köynək daha yaxın, daha doğmadı.

Dünya məndən keçib gedib,

Dünyadan keçib gəlirəm -

yaşamı, düşüncəsi ilə Kəramət yaddaşa, duyğuya şeirin, sözün gözlənilməz yerindən, gizlinlərindən süzülməyi bacarır. Hər dəfə təzəliyini və bənzərsizliyini hifz edir. laməkanlığını, sərhədsizliyini sərgiləyir. Duyğuların qəlbə, sözün qəlibə, adamın öz şəklinə sığmadığının, yığışa bilmədiyinin fərqinə vara-vara son və əsas mətləbin üstünə qədimdən-qədim bir dünyagörmüşlüklə gəlir:

Əgər qalsa bizdən ancaq

Bu Yer adlı məhbəsə

Sığmayan səslər qalacaq.

Bizdən ancaq Yer üzünə qalacaq azad, özgür səslərin həqiqətləri belə, bu biçimdə yansıyır Kəramətin misralarına:

Ağaclar yıxıldı ucaldığından

Quşlar qanadından vurulan yerdə.

Və yaxud:

Sənin Mən yerin var, mənim Sən yerin,

Özümün özümdən dönən yerim yox.

Qulaqlar kardırsa, laldı hər tərəf,

Qadası, mənim də dinən yerim yox.

 

Yüz səni Bircəyə, Birə dəyişdim,

Ömrü girov qoyub Sirrə dəyişdim,

Yerimi göylərdən Yerə dəyişdim,

Daha Yerdən yerə enən yerim yox...

Bu bənzərsiz, hiss və ağlın harmoniyasından gələn misralarda özünü büruzə verən sənət ustalığı çağdaş poeziyamız üçün meyar ölçüsüdü, məncə. Bu misralar necə və nəyi yaza bilmək örnəyidi. Bir ömür boyunca yaşanmış taleyin bir kitablıq durumunu ikicə bəndlik şeirdə anlatdığı yerdədi Kəramət:

Bu evdə son dəfə sözə gəlmədi,

Güc vermək istədi ayaqlarına.

Bircə balasına baxa bilmədi,

Baxdı akvarium balıqlarına.

 

Geyindi paltonu, ayaqqabını,

İçinə çəkmişdi səsini otaq.

Əyilib götürdü çamadanını,

Çıxmağa... qapını tapmadı ancaq.

Bir ömürlük ümidsizliyin, çarəsizliyin və susqunluğun ikibəndlik şəkillənməsidi bu. Və həm də hər cür quru, bayağı sözçülükdən kənar, iç-içə cilalanmış, əyarlanmış bir istedadın lirik-psixoloji zəmində yaratdığı, var etdiyidi. Kəramət hər bir şeirində eyni mükəmməlliyi, istedadı sərgiləyir. Lap iki-üç misrada belə. Məsələn, bu üçcə sətirdə həmsöhbətinin vaxtından əvvəl qocalmasını belə ifadə edir:

Həmişə, hər yerdə

Xatirə danışmağından bildim,

Bildim ki, qocalıbdı.

Kəramətin şeirlərində dram, pyes, roman, povest elementləri çox vaxt bir araya gələrək obrazın (və ya obrazların) yaşantılarını müxtəlif baxış bucaqlarından təqdim edir. Onun şeirləri eyni vaxtda həm göz, həm qulaq, həm ruh, həm düşüncə yaddaşına hesablanıb. Yəni canlıdı, xüsusi əsintisi, xüsusi yaşamı və unudulmazlığı var:

O ev daha ev deyildi,

Xatirə muzeyiydi.

Muzey bələdçisi - Kişi

Yaşanan ömrün səsiydi.

Səsini unudub getmişdi Qadın,

Bir də kölgəsini unutmuşdu

Zalımcasına.

Kölgə param-parça,

Qadın səsi ayağı yalın, payi-piyada.

- Mənim yerimdə başqa qadınla yatma!

Eşidirsənmi?

(Bu səsi eşitməkmi olar, zalımın qızı?)

Adı təzə bir adamla böyüyən, dərməyə ömründə heç nə qalmayan, min gözə, min sözə paylanıb gedən kəslərin yaşamı Kəramətin şeirlərində kino kadrları kimi sərgilənib. Bu kadrlardan yansıyan ömür-gün lövhələri çoxlarımızın həyatının bir parçası kimidi. Yüzlərin, milyonların gündəlik əndişəsidi ki:

O sevgi qalırmı o qızda yenə?

- Mənə nifrətini yaxşı saxla ha!

- Səndə nəyim vardı? Hə, bildim, demə!

- Bəs səndə? Yadından çıxıbdı?

(Mən Səndə ölmüşəm çoxdan, İlahi!)

Bu deyim tərzində, bu əsintidə, bu mükəmməllikdə və əbədi unudulmayacaq cizgilərdə, detallardadı Kəramət... "Bütün gözəl şeirlər bircə şairindi" qənaətilə yazıb-yaratdığı yerdədi. Poeziyada onun özünəməxsus mizan-tərəzisi var və heç vaxt bu ölçü-biçini, mizan-tərəzini ucuz söz oyununun ayağına vermir.

Onun ömrünün işğal olunmuş yeri, sərhədləri həqiqi poeziyaya, ilahi Sözə hesablanıb. Yaxın günlərdə işıq üzü görən "Xatirə muzeyi (adam)" adlı şeirlər kitabı da bu yaşamın dolğun hesabatını verməkdədi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!