"Mən" olmağımın tarixçəsi... - Niyazi Mehdi - parçalar

Niyazi MEHDİ

 

Əvvəli: http://edebiyyatqazeti.az/news/muzakire/4619-universitetde-oxuyanda

Universitetdə oxuyanda

(1968-1973)

10-15 oğlan, aramızda bir dənə də qız yox idi, mırt vururduq, birdən qərara gəldik ki, gedək restorana, orada vaxt keçirək. Oradan çıxanda mən əliaçıq oğlan kodeksini doğrultmaq üçün birinci qalxıb ofisianta tərəf getmək istəyəndə Eldar əda ilə saxlayıb pulu özü verdi. Hüquq tələbələri isə saymazyana heç yerlərindən də tərpənmədilər - onlar özlərindən o qədər razı idilər ki, kiməsə xoş, əliaçıq görünməyi heç düşünmürdülər də. Sonralar Eldar, özü də mənim kimi uşaq-muşaq olsa da, kinayə etdi: hara soxulurdun, sənin o qədər pulun vardı ki, qonaq edəsən?!

Litva səfəri iki fakta görə mənim yaşamımda önəmlidir. Ömrümdə elə oldu ki, öz puluma yox, türlü qurumların puluna 3-4 dəfə məhz Litvaya getmiş oldum. Mən nə Estoniyada, nə Latviyada olmuşam, Litvada isə bu qədər olmağım təsadüflərin mistik oyununa bənzəyir. İkinci fakt isə odur ki, Vilnüsdə tanış olduğum qızlarda və oğlanlarda Litva millətçiliyini görəndə elə bil ayıldım: niyə bunlar hamısı millətçi oluban ruslaşmaya qarşıdılar, mən yox? Mən bəyəm bunlardan əskiyəm?!

Sonralar oxudum ki, demə, Məhəmməd Əmin Rəsulzadə də Gürcüstanda gimnaziyada oxuyanda gürcü tələbə dostunun millətçiliyinə baxıb elə olmuşdu. Dünyada başqa kültürlərlə bağlı ikitərəfli yol prinsipində get-gəl var. Bir yol korlanma gətirir, o biri yaxşılaşdırma. Biri korlamış uluslar, bizi düzəltmiş uluslar...Bu, neçə yüzillərə narazılıq və ya minnətdarlıq verən paradiqmalardır. Ortaçağ Müsəlman dünyasında yaşayan Azərbaycan insanları "kafir" dünyasına korlatma eli kimi baxanda əski ellinlərin barbarlar dünyasına elə baxmalarından uzağa getmirdilər. Ancaq irəlidə yazdım ki, Şeyx Sənanın Doğuda populyarlığı göstərir ki, qızlar (lap seks turizmi yadıma düşdü) və sevgi planında kafirlər dünyasına sərt düşmənçilik xeyli yumşalırdı. Bizi düzəldən uluslar paradiqmasında birinci yeri güman ərəblər, sonra farslar tuturdu. Özümüzü "qılınc müsəlmanı" adlandırmağımız göstərir ki, ərəblərin bizi qılıncla düzəltməyinə yaxşı baxmışıq. Düzdür, özümüzü qılınc müsəlmanı adlandırmağımız Ortaçağlara gedib çıxmır, bəlkə XIX yüzilin erkənlərinə çıxır. Elə bu yüzilin ortalarından da Dünya tarixində yeni aşama, etap başladı. "Bizi kimlər düzəldə bilər" sualının cavabında firənglər və ya Avropa həm Osmanlılar, həm bizlər, həm çinlilər, həm yaponlar, həm hindlilər üçün genəl cavab oldu. Bu da təmiz proses deyildi. Bizi düzəltmək pərdəsi altında bizi korlayanlarla bağlı çoxlu konspiraloji nəzəriyyələr yarandı. Azərbaycanın çağdaşlaşmaq (modernləşmək) ideoloqları "bizi Avropa düzəldə bilər" ideyasından çıxış edirdilər. O anlamda yox ki, Avropa müstəmləkəsi olaq. O mənada ki, Avropadan görüb-götürməklə düzələ bilərik. "Dünya gör-götür dünyasıdır" diskursu bu anlamda azərilərin başqalarını yamsılamasına ideya dirəyi qoyurdu.

Bizi korlayanlar, düzəldənlər məsələsində gürcülərlə ciddi problemimiz olmamışdır. Ermənilərlə isə ciddi problemimiz o idi ki, biz onlara, onlar bizə korlama qaynağı kimi baxmışıq. Rusiya İmperiyasına bizi salandan sonra ruslara baxış da oxşar oldu.

Millətçiliyi Doğu ölkələr Avropadan öyrəndi. Qabaqca Avropadan millətçilik Şərqlə qonşuluqda olan uluslara, - gürcülərə, ruslara keçdi. Buradan türklərə, bizlərə, tatarlara keçdi. Buradansa İrana, Hindistana yayıldı. Mənim Litvadan sonra millətçi olmağımın belə tarixi konteksti var. Dumanlı yadıma düşür ki, Ağaoğlu da qadın haqları ilə bağlı yazılarında Gürcüstanda gimnaziyada oxuyanda kimdənsə, ya bir gürcüdən, ya bir ermənidən etgilənmişdi.

Çox maraqlıdır ki, Vilnüsdən gələn günün ertəsi mən çayxor oldum. Nənəmin şirin çayları məni çaydan bezdirmişdi. Gələndə isə sanki millətçiliyim çaydan ləzzət almağıma təsir etdi. Sözsüz, Vilnüsdə də "qız bişirmək" məsələsi bizim hamımızı bərk düşündürürdü. Dəstəmizdə olan hüquq tələbələri bu yöndə nəsə edirdilər. Hətta Eldar da. Onunla bağlı bir məzəli olayı danışım. Gördüm yoxdur. Getdim qaldığımız otağa ki, onu çağırım. Qapı bağlı idi, onu səsləyəndə oradan həyəcanlı qışqırdı ki, qızlar vardı, biri ilə oldum, o birisi çıxıb qapını bağladı, açarı özü ilə apardı. Məsələdə Eldarın açıq biabırçı uğursuzluğu vardı. "Biri ilə oldum" sözü ilə düşdüyü axmaq vəziyyəti ört-basdır etməyə çalışırdı. Ancaq əvəzində özümü dostunu biabırçılıqdan qurtaran bacarıqlı oğlan kimi duyub ləzzət aldım. "Səni mənə tapşırıblar" deyən Eldardan intiqamımı aldım, çünki mən də qızlarla ünsiyyətdə olurdum, di gəl heç birisi qapını bağlayıb məni otaqda qoymamışdı.

İki litvalı qız tələbəsi mənə dəhşətli ləzzət verən söz demişdi: siz nə yaraşıqlı oğlanlarsınız. Bundan sonra bir hüquqçunu göstərib "o lap dəhşətdir" demişdilər. Mən gülüb soruşmuşdum: mən də sizə yaraşıqlı görünürəm? "Hə" demişdilər (bəlkə də üzə düşmüşdülər).

Sözsüz, o qızların məni də yaraşıqlı sayması özümlə bağlı "yaraşıqlı deyiləm" fikrimi dəyişməmişdi. Ancaq belə soruşmağımı indi düşünəndə anlayıram ki, o çağlar narsistlik məndə zəif idi və yaraşıqlı olmamağımla asanca oynayıb özümü dolaya bilərdim. O ki qaldı litvalı qızların bizi qəşəng görməsinə, sözsüz, bu da mənim millətçiliyimə qürur payını verdi. Həm də bir ulusun başqasına hansı estetikada görünməsi ilə bağlı gələcək düşüncələrimin əsasını qoydu. Hər halda Kazanda bunu duymamışdım, ilk dəfə Litvada, sonra Rusiyada gördüm ki, qarasaçlı, qarayanız qafqazlılar soyuq Avropa ölkələrinin sarı qızlarına dəhşətli estetik effektdə və temperamentdə görünürlər. İndi dəbdə olan terminlə desək, qafqazlı oğlanlar seksual oğlanlar brendini, reytinqini, imicini qazanmışdılar və bundan istifadə etməyi bacarırdılar.

Bax, mən beləcə dəyişib millətçi oldum. Universitetin axırıncı kursunda isə hətta muğamdan, "Segah"dan ləzzət almağa başladım. Onlara sevgi ilk dəfə küçədə Qədirin "Sona bülbüllər"ini eşidəndə başladı. Qədir hələ tanınmayanda onu mən dayımın dostlarının kirayə götürdükləri evdə görmüşdüm. Otaqda Rəmiş çalırdı, Qədir oxuyurdu. O çağ bu "duet" məni tutmamışdı, sonra isə Qədir məni muğamata bağladı.

Dedim ki, dayım dostları çox olan ağdamlı idi. Ağdamın bütün seçilən oğlanları sırasında olduğundan Rəmişlə, Qədirlə yaxınlığı təbii idi. Rəmişin bir qardaşı da vardı, dayım onunla da dostluq edirdi. Onun adı Vaqif idi. Çox yaraşıqlı, qartal burunlu oğlan idi, Ağdam futbol komandasında hamının sevdiyi hücumçu idi. Dünyanın qəribə işləri var. Adı narkoman, nəşəxor çıxmış (bəlkə də yalan idi) Rəmiş indi də sağdır (Allah onun canını sağ etsin), Vaqif isə cavanca, - 40 yaşlarında öldü, deyəsən, onun mədə problemi vardı. Anamın məktəbdə şagirdi olmuşdu və mən evli olanda anama hörmət olaraq işlətdiyi mebel dükanından mənə nəsə güzəştli vermişdi.

***

Qayıdım universitetə. Burada oxuyanda mənim bir səfərim də olub, Donetskə. Tələbə elmi cəmiyyəti xətti ilə Cəlal adlı oğlanla getmişdim. Çatmaqaş, yaraşıqlı gənc idi, bir yerdə oxuyurduq, ancaq səfərdə dostlaşdıq. Donetskdə konfransda gördüm ki, çıxış edənlərin Bakıdakı çıxışlardan bir fərqi var. Onlar tez-tez tekstin ritmindən danışırdılar. Bu, bədii əsərdən ritorik danışmağın yerinə pozitiv söyləmlərlə danışmaq cəhdi idi. Görünür, artıq gələnəksəl ədəbiyyatşünaslıqdan bezmişdilər, ancaq semiotik-struktur metodu da bilmirdilər. Nədən çıxış etməyim yadımda deyil. Haradan ağla gələ bilərdi ki, bu şəhər vaxt gələcək Ukraynanın separatçı mərkəzlərindən olacaq?!

Universitetin 2-ci kursunda neyçünsə mən dilçilik bölməsinə düşdüm. Hərçənd dilçiliyin önəmini qanmırdım, ona görə də şəkilçilərlə bağlı monoqrafik araşdırmalar məndə kinayə doğururdu,. Yalnız sonralar bildim ki, şəkilçilərlə ilgili mənə faydasız görünən araşdırmalar elə nəsnələr tapa bilər ki, tutalım, türklərin şumerlərlə qonşuluğunu sübut etmək məsələsinə "dəhşətli" arqument verə bilər.

Yazıda mənim orfoqrafiyam, qrammatikam bərbad idi, vergülün harada qoyulmasını, abzasın nə zaman olmasını öyrənməyə özümü heç cürə zorunlaya bilmirdim. Düzdür, Əlövsət müəllimin (prof. Ə.Abdullayevin) tapşırığı ilə söz birləşmələri üzrə bir kurs işini yazanda həmin birləşmələrin növlərinin açılması ilə bağlı spekulyativ variasiyalar aparanda fantaziyamın uçuşundan ləzzət almışdım. Dilçilik məni ciddi ilgiləndirdi. Ümumi dilçilik dərslərində strukturalizmlə bağlı bölməni oxuyanda. Bundan qabaq yadıma düşür ki, fəlsəfə ilə bağlı oxuduğum dərslik mənə çətin gəlməmişdi, hətta bir az ləzzət vermişdi. Ancaq bu oxu məni fəlsəfəyə doğru itələməmişdi. Strukturalizmi oxuyanda Sössürün nəzəriyyəsi və semiotika ilə tanış oldum. Semiotika ilə strukturalizmi mənə çəkimli edən marksist dilçilərin struktur dilçiliyi zorla, əmmalar qoya-qoya tanıtması oldu.

Mənim millətçiliyim "Müsavatçı-burjua" millətçilərinin yazdıqlarından qaynaqlana bilməzdi, çünki onların nə yazdıqlarını bilməzdik. Ancaq Sovet sistemində rus dilində danışmağın, bilməyin hər yerdə üstün tutulmasını görməyə bilməzdik. Rəhimlə, Kamalla, Eldarla millətçi söhbət aparmamağımız yadımda deyil. Ancaq artıq mən danışığımdan "uje"ni, "voobşeni", "prosto"nu təmizləməyə başlamışdım. Üç-dörd ay əziyyət çəkdim və onlarsız danışmağa tam öyrəşdim.

Allah bilir nə dərəcədə düzgün və dərindan qandığım strukturalizm və semiotika marksistlər onları hər fürsət düşəndə tənqid etdiklərindən məni daha da ilgiləndirdi. Hansı marksisti oxuyurdumsa, strukturalizmdə, semiotikada nələrinsə yaxşı olduğunu yazandan sonra mütləq burjua elmində onların önəminin şişirdilməsini yazırdı. Sonra struktur dilçiliyi özünün əsas metodu etmiş alimləri oxudum - onlar isə dəridən-qabıqdan çıxırdılar ki, göstərsinlər: bu dilçilik heç də marksizm-leninizmə yad deyil.

Orta məktəbdə riyaziyyatla, həndəsə ilə maraqlanmamağım strukturalizmi yaxşı anlamağıma əngəl oldu. Ancaq mən artıq ədəbiyyatşünaslıq, dilçilik üzrə gələnəksəl elmlərin ritorikasından, emosional, yəni ya heyranlıq, ya qəzəbli dildə danışığından bezmişdim. Bu söylədiyim rusca kitablara aid idi. Azərbaycanca isə indiki terminlə desəm, aşırı performans ruhu vardı. Adamlar, sanki humanitar elmlərin bazasında olan "ağıllı" cümlələri yaxşı ifa etməkdə yarışırdılar. Onlar dilin, ədəbiyyatın yeni qatlarını, incəliklərini açmaq üstündə yarışmırdılar. Tarçalan əski mahnını ifa etdiyi kimi hamının bildiyi qatlar haqqında min dəfə deyilmiş cümlələri ifa edirdilər.

Dedim ki, o çağlar strukturalizmi yaxşı qanmaq səviyyəsində deyildim. Bir dəfə ağkostyumlu arıq, hündür oğlan bizə dərs deməyə gəldi. Dedilər Moskvada oxuyub. Əlləri ilə laylar cızaraq nələrisə danışmağa başladı. Heç nə anlamasam da yadımda qaldı. 4-5 ildən sonra bildim ki, bu oğlan Aydın Məmmədov imiş və görünür, dilin fonoloji, morfoloji, sintaktik qatlarından danışırmış. O niyə bizə bu anlamadığımız nəsnələri danışırdı? Özünü göstərmək üçün, yoxsa ümid edirdi ki, kimdəsə cücərəcək toxumlar atır?

Ancaq yenə də, nə qədər struktur dilçiliyi dərindən bilməsəm də, amerikan dilçisinin (deyəsən, İnqvenin) cümlənin dərinliyini ölçən modelini dilimizin sintaksisinə uyğuladım. Məndən başqa heç kim - nə müəllimlər, nə tələbələr belə şeyləri bilmirdilər. Musa Adilov təəccüblə atama söyləmişdi ki, oğlun bizim bilmədiyimiz ədəbiyyatı oxuyur.

Davamı gələn sayımızda

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!