Fəxr etməli gerçək ömür

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Ələkbər oğlu Həbibbəyli! İcazə verin, bu əlamətdar gündə sizi Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu adından salamlayaq və doğum gününüzü ürəkdən təbrik edək.

Bu gün siz həqiqətən tərcümeyi-halınızın fəxr edə biləcəyiniz bir faktını qeyd edirsiniz. Həyatınızın bütün bu illəri doğma Vətənə - Azərbaycan Respublikasına, elmin və təhsilin inkişafına məsuliyyətlə xidmət etməyə həsr olunmuşdur. Siz həm cəmiyyətdə həm də elm sahəsində aktiv fəaliyyət göstərməklə ölkənin dövlətçilik maraqlarını və elmi fəaliyyəti daim paralel olaraq əsas kimi qəbul etmisiniz.

Siz Naxçıvan Dövlət Universitetinin rektoru olanda da səmərəli elmi və pedaqoji fəaliyyətiniz sayəsində universitet böyük inkişaf yolu keçmişdir. İndi isə onun məzunları Azərbaycan Respublikasının inkişafı naminə layiqincə çalışırlar.

Sizin yaxından iştirakınızla Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsində ölkənizdə yeni islahatların həyata keçirilməsinə və elm və təhsil sahələrinin müasir inkişafına töhfə verən elm haqqında, təhsilin müxtəlif pillələri haqqında qanunlar qəbul edilmişdir. Bunlar tarixdə qalacaq hadisələrdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Marşının müəllifi olmağınız və AMEA-nın Nizamnamə layihəsini hazırlamağınız dərin məna kəsb edir.

Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, akademik kimi siz təkcə fəal ictimai xadim deyil, ilk növbədə, böyük alimsiniz. Azərbaycan Milli Elmlər Akademiyasında islahatların həyata keçirilməsində, humanitar və ictimai elmlərin müasir tələblər əsasında inkişaf etdirilməsində sizin özünəməxsus xidmətləriniz vardır. Siz Azərbaycandan kənarda da görkəmli ədəbiyyatşünas alim kimi qəbul olunmusunuz. Azərbaycanın klassik və müasir ədəbi şəxsiyyətlərinə həsr etdiyiniz elmi əsərlər faktoloji materiallarla nəzəri təhlillərin vəhdəti  əsasında yazıldığı üçün elmdə yaşamaq haqqı qazanır. Sizin ədəbiyyat nəzəriyyəsinin aktual məsələlərinə həsr olunmuş elmi əsərləriniz, nəzəri baxışlarınız və ideyalarınız təkcə Azərbaycan elmi üçün deyil, ümumiyyətlə, ədəbi-tarixi prosesin reallıqlarını və gedişatını qiymətləndirmək üçün əhəmiyyətlidir.

Müasir Azərbaycan ədəbiyyatşünaslığına yeni ədəbi cərəyanlar və üslublar haqqındakı tədqiqatlarınız ədəbiyyatşünaslıq elminə yeni elmi-nəzəri baxış gətirib. Siz ədəbiyyatşünaslıq elminin inkişafının əsas tendensiyalarının öyrənilməsi sahəsində yeni istiqamətlərin əsasını qoydunuz.

Əsərləriniz Azərbaycanın hüdudlarından kənarda da yaxşı məlumdur. Dövrləşdirmə konsepsiyasının və çoxəsrlik Azərbaycan ədəbiyyatının inkişaf mərhələlərinin müəyyən edilməsi sahəsindəki tədqiqatlarınız postsovet məkanında bu istiqamətdə atılmış ilk mühüm elmi addımdır, yaxşı əsaslandırılmışdır. Ədəbi növlərin və janrların yeni təsnifatı sahəsindəki elmi-nəzəri araşdırmalarınız, xüsusən də satira və yumorun ədəbi növlərin taleyindəki rolunun şərh edilməsinə verdiyiniz töhfələr xüsusilə əhəmiyyətlidir.

Azərbaycanda ədəbiyyatşünaslığın əsas elmi mərkəzi olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun çoxşaxəli elmi fəaliyyəti Azərbaycanın hüdudlarından kənarda da tanınır. Yubileyində bizim də iştirak etdiyimiz bu elm ocağı həmişə dərin mənəvi ideallara və yüksək elmi peşəkarlığa sadiqliyini nümayiş etdirmişdir. Müxtəlif dövrlərdə onun divarları arasında bu elm sahəsinin inkişafına və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin öyrənilməsinə böyük töhfələr verən, elmi məktəblər yaradan görkəmli alimlər çalışıblar. Hazırda da Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu böyük elmi hədəflərə doğru inamla irəliləməkdədir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru olaraq, hazırda dünyanın 30-dan çox ölkəsinin (Rusiya, Çin, Türkiyə, Almaniya,  Polşa, Bolqarıstan, Pakistan, Hindistan, İran, Misir, Qazaxıstan, Cənubi Koreya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və s.) tədqiqat mərkəzləri, akademik institutları və universitetləri ilə əməkdaşlıq edir və birgə tədbirlər keçirirsiniz, tanınmış dünya alimlərinin iştirakı ilə insitutun beynəlxalq əlaqələrini xeyli genişləndirirsiniz.

Bu siyahıda Gürcüstan, xüsusən - Gürcüstanda aparıcı ədəbiyyatşünaslıq mərkəzi, gürcü ədəbiyyatı və folklor problemlərinin, ədəbiyyat nəzəriyyəsinin və müqayisəli ədəbiyyatşünaslığın dərindən araşdırılmasına yönəldilmiş Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə elmi əməkdaşlığın da mühüm yer tutması sizin dostluq və əməkdaşlığa sədaqətinizin nümunəsidir.

Əsrlər boyu Gürcüstan və Azərbaycanı yaxın qonşuluq və etibarlı dostluq münasibətləri birləşdirmişdir. Hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi "İskəndərnamə" poemasının ölməz sətirlərində Gürcüstanı "cənnət kimi gözəl bir diyar" kimi təsvir edirdi. O dövr Gürcüstanın ən görkəmli şairləri Şota Rustaveli və Qriqol Çaxruxadze də Nizami Gəncəvinin istedadına böyük hörmət göstərirdilər. Sonralar nəsillər boyu xalqlarımızın ən yaxşı övladları atalarının miras qoyduğu dostluq ənənələrini diqqətlə qorumuşlar. Gürcüstan və Azərbaycan milli ədəbiyyatında gürcü və azərbaycanlı yazıçıların və alimlərin bir çox nəsilləri öz əsərlərini ədəbi və elmi əlaqələrin əks olunmasına həsr etmişlər. 

Sizin təşəbbüsünüz və birgə səylərimiz sayəsində bu əlaqələr yeni səviyyəyə çatmaqdadır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Gürcü Ədəbiyyatı İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanandan bəri  Gürcüstan və Azərbaycan elmi əməkdaşlığının inkişafında köklü yeni bir mərhələ - əlaqələndirilmiş ortaq tədqiqatlar dövrü başlamış, bu çərçivədə "Mədəniyyətlərarası məkan - Rustaveli və Nizami" adlı ilk birgə tədqiqat layihəsi baş tutmuş, konfranslar və dəyirmi masalar keçirilmişdir. İnstitutlarımızın səmərəli əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə səmimi olaraq inam bəsləyirik.

70 yaş həm çox, həm də azdır. Nə qədər işlər görüldüyünü və nələr əldə edildiyini düşünsəniz, çoxdur. Nə qədər görməli olduğunuz işləri nəzərə alsaq, çox azdır.  Sizin böyük enerjiniz və yorulmaq nə olduğunu bilməyən iş qabiliyyətiniz, təşəbbüskarlığınız, ideyalarınız hələ bundan sonra da neçə-neçə illər elmə, qarşılıqlı əməkdaşlığa, dostluğumuza böyük töhfələr verəcəkdir.

Elmi fəaliyyətiniz və xidmətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir: Siz əməkdar elm xadimi adına layiq görülmüsünüz, "Şöhrət", "Şərəf", Birinci dərəcəli "Vətənə xidmətə görə" ordenlərinin sahibisiniz.

İcazə verin, bir daha sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edək və yeni ortaq ideyaların və nailiyyətlərin, yeni birgə layihələrin reallaşmasını arzulayaq. Bu əlamətdar doğum günü hadisəsi qoy təkcə ictimai fəaliyyət və elmi sahədəki çalışmalarınızın növbəti hesabatı olmaqdan çox, gələcək fəaliyyətinizin bünövrəsi olsun! Sizin yaşadığınız fəxr etməli mənalı və faydalı ömür, qeyri-adi dərəcədə çalışqanlığınız, uzaqgörənliyiniz dostlarınız üçün də örnəkdir və bizim bundan sonrakı elmi əməkdaşlığımıza da təminat verir.

İrma RATİANİ

Şota Rustaveli adına Gürcü Ədəbiyyatı

İnstitutunun direktoru, professor

Maka ELBAKİDZE

Şota Rustaveli adına Gürcü Ədəbiyyatı

İnstitutunun direktor müavini, professor

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!