Venesiyaya məktub - Yeddinci-doqquzuncu məktublar - Emin Piri

Bu məktublar Qarabağda və bütün müharibələrdə həlak olan körpələrə ithaf olunur

I

Qızım, görə bilmədim

mənə doğru yerişini.

İndi rəsmlərin

Şəkil-şəkil iməkləyir divarımda.

 

Qızım, başdaşın özündən uca,

məzarın səndən qoca.

sənsə hələ də körpə...

 

Həbsxana köşəsində

qəfəs içindəki quş qədər azaddır

mənim sülh arzularım.

 

Qızım, bütün boş yelləncəklərdə

səni görürəm

görürəm buludsuz səmada bulud kimi,

qaranlıq gecədə günəş kimi.

 

Qızım, saçlarım darıxır -

yolmağınçün,

yanaqlarım çuxura dönüb

yerini doldurmağa -

o quyular totuş barmaqlarına həsrət

həyətim ayaq izlərinə möhtac.

 

Bilirəm, uşaqlar ölmür,

böyüklərdən küsür,

küsür bu dünyadan

və eləcə uçur, gedir...

 

Bağışla,

Bağışla, sənə dəyən güllələri.

Qolundakı metal qırıntısına gülümsə -

bir çimdik bil, böyüklərdən hədiyyə.

 

II

Şeytanı daşlayır

nə qədər zəvvar

hara yoxa çıxır

atılan daşlar?

Bəlkə, uşaqların başına düşür?!

 

"Allah, Allah" deyib

bu daş atanlar -

Kim idi axı?!

Bəlkə şeytan daşlayırdı Allahı.

atılan daşlardan

atılan uşaqlara

tikmək olardı xoşbəxtlik sarayını.

 

Sevməz Şaxtababanı

burda uşaqlar.

Hədiyyəni torbasından yox,

tabutdan çıxarar.

 

Oyuncaq yerinə

bayram gecəsi

Buxarıdan mərmi atar.

 

Əri cəbhədə olan

hamilə gəlin

hər an

gələ biləcək

qara xəbərin qorxusundan

uşaq salır.

Analar uşaq yox,

şəhid doğur daha.

 

Oyuncaq silahlardan da

qorxur uşaqlar,

Birdən dili açılar.

Allah da köməyə gəlmir,

canına qorxu düşüb körpələrin

bəlkə terroristlər

əsir götürüb onu da?

Hamıdan çox uşaqları sevər

müharibələr.

Kiminin alnından,

kiminin gözündən öpər.

Tanrı daha tez

sevdiklərini aparır deyirlər.

Allahın öpüşüdü

bəlkə elə bu güllələr?!

 

Həyasızcasına təpiklər, -

güllələr döyməz qapını...

Anaların əlindən alıb

beşiyi özü yellər

mərmilər...

Ağlayanda qıdıqlayıb

güldürər körpələri...

 

III

Adı Yaxın Şərq

özü körpə arzularından uzaq

Çox uzaq.

 

Burda daş atar

İmperiya əsgərinə

daş atar uşaq.

 

Daşlar məktub alar

metal borucuqlardan.

və beləcə uşaq oyunuyla

aldadıb əsgərləri

yığıb gilizləri -

satar oyuncaq alar özünə...

...Bu qızcığaz da

cuppulu barmaqlarıyla

qıdıqlayır

atasının məzarını.

Uşaq ağlı...

Yadında belə qalıb,

bəlkə güldürə bildi atasını...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!