Bir əfsanə adam - Əhməd Cəfəroğlu - Orxan Aras yazır

"Siz Azərbaycan kökənlisinizmi?".

"Bəli!".

Gözlərindən güldü. Canlı və işıqlı təbəssümü gözlərindən dalğa-dalğa yanaqlarına doğru yayıldı. Zərif, baxımlı, isti əlləriylə sağ əlimi alıb özünə tərəf çəkdi.

"Ah, siz mənim müəllimimin həmyerlisisiniz!".

Maraqla nurlu üzünə baxdım.

"Müəlliminiz kimdir ki?".

"Prof. Əhməd Cəfəroğlu!".

Əhməd Cəfəroğlu adını, əlbəttə, bilirdim. Hətta məktəbdə ikicildlik "Türk dili tarixi" kitabıyla "Qopuz" adlı bir məqaləsini maraqla oxumuşdum.

Əlimi əllərinin içində tutan Ülkü xanım məni yan tərəfdə oturan eynəkli bəy əfəndiyə göstərdi:

"Birol, bu bəy Əhməd Cəfəroğlunun həmyerlisidir".

Onlarla Kaz dağlarının ətəyində Ege dənizinə baxan bir oteldə tanış olmuşduq. Yemək yeyərkən, kofe içərkən yaxınımızda oturan, zərif hərəkətləri, hörmətli oturuşları, qüsursuz türkcələriylə bu cütlük daha ilk gündən diqqətimizi çəkmişdi. Onlarla tanış olmaq üçün yoldaşımla birlikdə bəhanələr axtarırdıq. Ancaq bir həftə sonra cəsarət edərək oturduqları masaya yaxınlaşıb tanış olduq. Baxışlarından, gülümsəməsindən, siqareti tutmasından əsalət "fışqıran" səksənlik dəliqanlı ünlü bir professor imiş, xəbərimiz yoxmuş. Əlimi uzatdığımda gənc bir dəliqanlı kimi çevik hərəkətlərlə ayağa qalxıb özünü təqdim etdi və oturmağım üçün öz yerini göstərdi.

Mənim üçün ayağa qalxmasından narahat oldum. Mənim həyat yoldaşım oturana qədərsə o oturmadı. Allahım, nəsli tükənməyə doğru gedən bu insanların əsaləti və tərbiyəsi niyə yox olur?!

"Mən - Birol, məmnun oldum", deyib gülümsəyərək üzümə baxdı.

Sonra dənizin sərin rüzgarı və dalğalarının qulaq oxşayan nəğmələri altında uzun bir söhbətə daldıq. Daha doğrusu, biz gözlərimizi nurlu üzlərə dikərək qulaqlarımızı açdıq. Birol hocanın dilindən axıb qulaqlarımıza çatanda bir türkünün qıvraqlığına dönüşən sözlərlə bəzən qırx il, bəzən də altmış il öncəsinin dostluq, ədəbiyyat və elm dolu süfrəsinə biz də qoşulduq. Arada bir Əhməd Cəfəroğlunun tələbəsi olmuş Ülkü xanımın zarafatları, şirin gülüşləri ilə sevindik, güldük.

Birol Emil Hoca 1938-ci ildə dünyaya gəlib. Amma zərafəti, duruşu, danışarkən ona xas üslubu, hətta siqaretdən nifrətimə rəğmən onun siqaret tutuşu belə gəncliyinin ən gözəl örnəyini sərgiləyirdi. Özü türk dili üzərinə yazdığı kitabları və məqalələriylə birlikdə ünlü romanist Rəşad Nuri Güntəkin üzrə də tanınmış bir mütəxəssisdir. Ayrıca Paris, Varşava universitetlərində türkologiyadan dərslər vermiş, Türkiyədə isə İstanbul, Mərmərə, Van universitetlərində müəllimlik, dekanlıq edərək yüzlərlə tələbə yetişdirmişdi. Buna rəğmən tək kəlmə özündən bəhs etmir, prof. Əhməd Cəfəroğlu, prof. Məhməd Kaplan, Əhməd Hamdi Tanpınar kimi müəllimlərindən söz açır, sanki bizi onların dünyasına götürürdü. Xanımı Ülkü xanım da universitetə əvvəlcə Türk dili və ədəbiyyatı fakültəsiylə başlamış, prof. Əhməd Cəfəroğlunun tələbəsi olmuşdu. O, artıq çox nadir görünən əski İstanbul xanım əfəndilərinə xas söhbəti, mimikaları və xüsusilə də gülüşləriylə könlümüzdəki bütün qayğı, stres və sıxıntıları yox edirdi. Ülkü xanım bizimlə ədəbiyyatdan daha çox ən böyük eşqi üzərinə danışmaq istəyir, bütün söhbətlərin sonunu gətirib Birol hocaya bağlayırdı. Onu əsəbiləşdirmək, onunla bağlı bir zarafat etmək üçün bütün sənətkarlıq perfomansını sərgiləyir, bizi qəhqəhələrə boğurdu. Sonra da bəhs etdiyi məsələylə unudammadığı hocası Əhməd Cəfəroğlu arasında bir bağlantı qurur, ondan bir xatirə danışırdı.

Ülkü xanım da Birol hoca ilə tanışlığından əvvəl prof. Cəfəroğlunun tələbəsi imiş. Onunla birlikdə Qara dənizə, o bölgənin ləhcələrini araşdırmağa getmişdilər.

"Ah, hocam Cəfəroğlu sadəcə bir hoca deyil, eyni zamanda bir ata idi", - deyə danışmağa başladı. "Bərabər Qara dənizə getdik. Mənimlə həmyaşıd olan qızı da bizimləydi. Bəzən gəmidə və ya getdiyimiz yerlərdə oğlanların mənimlə danışdığını görəndə hirslə barmağını sallar, məni yanına çağırardı. "Heç kimlə danışmayacaqsan", deyə bağırardı. "Amma hocam, bir baxın, qızınız da danışır onlarla", - deyə etiraz etdiyimdə daha da əsəbiləşərdi. "O mənim qızımdır, amma sən əmanətsən!" deyərdi. Əmanətin, insan dəyərinin nə olduğunu hərəkətləriylə bizə öyrədərdi. Bütün tələbələrini qoruyar, gözünün önündən ayırmazdı".

Ülkü xanım Cəfəroğlundan bəhs edərkən qərib bir hiss ürəyimi qabardır, sanki məni tərifləyir kimi bir duyğuya qapılırdım. Ülkü xanım danışdıqca görmədiyim, səsini duymadığım və daha iyirmi yaşında ölkəsindən qoparılan bu gəncəli həmşəhərlimi gözlərimin önündə canlandırsın istəyirdim. Ona görə həyəcanla üzünə baxır, ağzından çıxan hər kəlməni beynimə yazmağa cəhd göstərirdim.

"Əsəbi bir insandı, amma çox mərhəmətli idi. Hirsi bir anda sönər və peşman olurdu. Universitetdə borc vermədiyi adam yox idi. Kim dara düşsə, ona gedər, ondan pul istəyərdi. Hər kəsə kömək edərdi. Amma hirsləndiyində də: "O köpəyoğluna mən borc vermişdim", - deyib şikayət edərdi. Di gəl, bu söyüşü elə xoş bir üslubla edərdi ki, hər eşidən gülməkdən ölərdi. Ölkəsindən ayrılalı qırx ildən çox olmuşdu, amma ana dilini unutmamışdı. Dərs deyərkən belə, Azərbaycan türkcəsində danışardı. "Gəlirəm, gedirəm" deyərdi. Arada bir söyüş də söyərdi. Onun kiçik söyüşlərinə kimsə əhəmiyyət verməzdi. Hətta söyüşlərini biz tərif kimi alqılar, sevinərdik. Dərslərində çox disiplinli idi. Çalışqan tələbəni sevərdi. Azərbaycandan bəhs edərkən özündən keçərdi. Hələ üç yaşındaykən atasını itirdiyini deyərdi. Bəlkə də buna görə hamımızın atası kimi idi. Müəllimlər onu çox sevər, sayardı. O, vəfat etdiyində prof. Məhməd Kaplan hocamız: "Universitetimiz nəşəsini itirdi", deyib ağlamışdı. Axmaq sözünü çox işlədirdi. Mən Birol ilə evlənmək fikrini əvvəlcə ona açdım. Gözlərini bərəldərək gözlərimin içinə baxıb: "O axmaq Birolla evlənəcəksən?!", - deyib çığırdı üstümə. Qorxdum. "Bəli!" deyərək kəkələdim. Halbuki, "axmaq" dediyi Birolun mənə fransız dilindən dərs verməsini özü istəmişdi. Sonra razılaşıb, hətta nikah şahidimiz də oldu".

Ülkü xanım danışdıqca o əsəbi, ürəyi həsrət dolu böyük elm adamı, dilçimiz Əhməd Cəfəroğlunu gözlərimin önündə canlandırmağa çalışırdım. Məşhur şərqşünas Fuad Köprülü 1946-cı ildə siyasətə başlayanda onun kürsüsündə mərhum Cəfəroğlu oturmuşdu. O yeri ancaq Cəfəroğlu kimisi doldura bilərdi. Alman, fransız, rus dillərində ana dili kimi danışan bu böyük alim üçün İslam Ensiklopediyasının "Əhməd Cəfəroğlu" maddəsində: "Hər sonrakı nəslə müəllimlik edərək doqquz nəsil yetişdirən insan" olaraq yazılırdı.

Ülkü xanım eynilə mənim kimi müəllimini gözlərinin önünə gətirir, onu hər şeyi ilə təsvir etməyə çalışırdı.

"Bəlkə də çox acılar çəkdiyindən başqasında olan xəstəliyi çox şişirdirdi. Birinin barmağı azca qızarsa, "qanqren olacaq, barmağı kəsiləcək", deyərdi. Amma özü xəstə olunca xəstəliyini önəmsəməzdi. İnfarkt keçirmiş, bir neçə qapalı damarı dəyişdirilmişdi. Yanına getdik. Bizi görüncə qalxıb oturmaq istədi. "Aman, hocam, lütfən, tərpənməyin!", - deyə yalvardıq. Hirsləndi, çığırdı. "Bu köpəyoğlu həkimlər şişirdir hər şeyi, heç bir şeyim yoxdur, bir damarın yarısı tıxanmış, nə olmuş sanki?!" - dedi. Yalvar-yaxar zorla yatağına uzandırdıq. Bir tək qızı vardı, onu da çox sevərdi. Qızı fəlsəfə oxumuşdu. O, ailə qurduğunda hoca bir neçə aylığına Parisə getdi. Qızıyla kürəkəninə geri qayıdana qədər bir məzar yeri tapmalarını tənbeh edibmiş. Böyük şərtlərlə həm də. Məzar yeri təpəlikdə olacaq, havadar və mənzərə görüntülü, ətrafında başqa qəbirlər olmayacaq və üzərində bir çinar ağacı kölgə salacaqdı. Uzun axtarışdan sonra hocanın o tərifinə uyğun məzar yeri tapmışdılar. O, Parisdən gəldiyində onu da götürüb məzar yerinə baxmağa getmişlər. Nə görsələr yaxşıdı? O məzar yerində bir başqası dəfn edilibmiş. Hoca bağırıb qiyaməti qoparmışdı. Qızı ölü sahiblərini tapıb onlara vəziyyəti başa saldı. Adamlar da eyni şərtlərdə məzar yerini tapıb onlara təhvil verdilər. Çox təəssüf ki, məzar yeri tapılan kimi hoca da haqq dünyasına qovuşdu. Soyuq bir yanvar günü onu Zincirlikuyu məzarlığında ağlayaraq torpağa tapşırdıq".

Ülkü xanım hocasının vəfatından danışarkən o gözəl təbəssümü yanaqlarında dondu, gözlərini bizdən qaçıraraq arxadakı Kaz dağlarına baxdı. Hamımız kövrəldik, susduq. Birol hoca siqaretini damağına tutuşdurub tüstülətdi. Çaxmağının səsi bir hıçqırıq kimi qulaqlarımızı cırmaqladı sanki... Səssizcə başımızı aşağı əydik. Bəlkə də hocanın ruhu başımızın üstündəydi...

Prof. Əhməd Cəfəroğlunu tanımayan gənc oxucular üçün Əhməd Cəfəroğlu haqqında qısa bilgi vermək istərdim.

Prof. Əhməd Cəfəroğlu 1899-cu il aprelin 17-də Gəncə şəhərində doğuldu. Üç yaşındaykən atası İsmayıl bəyin ölümündən sonra anası Gülər xanım onu böyütdü. Orta təhsilini Səmərqənddə (1908), lisey təhsilini Gəncə şəhərində tamamladı (1909-1916); eyni ildə Kiyev Yüksək Ticarət Məktəbinə yazdırıldı. Bu məktəbdə ancaq üç semestr (1916, sentyabr - 1918, yanvar) oxudu. Rusiyadakı siyasi səbəblər üzündən Gəncəyə geri döndü. Burada Azərbaycanın istiqlalı üçün çalışdı. 1918-ci ildə Azərbaycana gələn İslam Ordusuna könüllü olaraq yazıldı və müharibələrdə iştirak etdi.

Cəfəroğlu 1919-cu ildə Bakı Universiteti Şərqşünaslıq fakültəsində bir semestr oxudu. 1920-ci ildə Sovet ordusu Azərbaycanı işğal etdiyində Türkiyəyə getdi, Darülfünun Ədəbiyyat fakültəsinə yazıldı. 1924-cü ildə buradan məzun olan Cəfəroğlu İlahiyyat fakültəsinin kitabxanasına məmur, daha sonra da Türkiyyat İnstitutunda assistent oldu. 1925-ci ilin sonuna doğru Almaniya Xarici İşlər Nazirliyinin verdiyi burs ilə Almaniyaya getdi. Bir semestr Berlin Universitetində Bang Kaup, von Le Coq, Vasmer və Westermannın tələbəsi, beş semestr də Breslau Universitetində Gise, Brockelmann, Diels, Koschmieder və Schaederin tələbəsi olaraq türkologiya üzrə təhsil aldı. 1929-cu ilin mayın on beşində Breslau Universitetində Giesenin başçılığı altında "75 Azarbaidanische Lieder "Bajaty"in der Mundart von Ganga nebst einer sprachlichen Erklarung" adlı tezlə doktorluğunu müdafiə etdi. Yarım əsrə yaxınlaşan müəllimlik həyatının qırx dörd ilini elmə həsr edən Əhməd Cəfəroğlu 1975-ci il yanvarın 6-da İstanbulda vəfat etdi və Zincirlikuyu məzarlığında dəfn edildi.

Əhməd Cəfəroğlunun iyirmi beşdən çox kitabı, hər biri öz sahəsində orijinal dəyər daşıyan 380-dən çox tədqiqat işi vardır. Türkologiyanın çeşidli sahələrində daim örnək işlər görmüş, Türkiyədə yeni elm sahələrini tanıtmış və yayılmasında əməyi keçmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!