Yaradıcı mütəfəkkir - Həsən bəy Zərdabi - Georgi Pryaxin

Georgi Pryaxin - akademik, Rus dili və Ədəbiyyatı Akademiyasının vitse-prezidenti, Rusiya Yazıçılar İttifaqının katibi

 

Bu gün Rusiyada müstəqil Azərbaycan fenomeni haqqında çox danışılır və yazılır. Ölkə inkişaf edir, MDB dövlətləri arasında ümumi daxili məhsulun həcminə görə qabaqcıl yerlərdən birini tutur. Respublikada çoxsaylı tikinti-quruculuq işləri həyata keçirilir, bu sayədə qədim, müasir, hətta gələcək memarlığın harmoniyasını özündə əks etdirən Bakı şəhərinin siması dəyişir, neft hasilatı və emalı sahələri yeniləşir, ölkənin beynəlxalq nüfuzu güclənir, irimiqyaslı siyasi, mədəni-maarifçilik tədbirləri, idman yarışları təşkil olunur.

Lakin güclü təəssürat doğuran bu fenomenin kölgədə qalan, o qədər də nəzərə çarpmayan bir tərkib hissəsi də var.

Bu, xalqın mənəvi, yaradıcı gücünün canlanması, onun yeni intellektual elitasının doğuşu və təşəkkülüdür. Son illər Azərbaycanda dəfələrlə olmuş, müxtəlif akademik və tamamilə qeyri-akademik yığıncaqlarda, simpoziumlarda, diskussiyalarda iştirak etmişəm. Məni iki şey heyran edib: birincisi, münasibətlərin sərbəstliyi və sadəliyi, məlumat və ümumiləşdirmələrin yeniliyi və dərinliyi, adətən, bu tipli mühafizəkar yığıncaqlara xas ab-havanın gərginliyi və canlılığı; ikincisi isə, həmin yüksək səviyyəli tədbirlərin şəhər sakinlərində doğurduğu böyük maraq. Adətən "sadə" adlandırdığımız xalq arasında istənilən insan bənzərsiz olsa da, təbiətdə "əsas" xalq mövcud deyil. 

Bir yazıçının yubileyində çıxış etmək üçün gəlmişdim. Tədbir Bakının baş teatrında təşkil olunmuşdu və doğrusunu deyim ki, əgər məni qarşılayıb müşayiət edənlərin köməyi olmasaydı, teatrın qapılarından içəri keçə bilməyəcəkdim. Adam əlindən iynə atsaydın, yerə düşməzdi, indi gəl baş aç görüm, bunların arasında sadəsi hansıdır, mürəkkəbi hansı. Pilləkənlər, hətta teatrın qarşısındakı meydança da dolu idi. Təşkilatçılar dolub-daşan zaldan küçəyə də canlı yayım vermək məcburiyyətində qaldılar. 

O zaman mən çıxışımda dedim ki, öz sənətkarlarına, intellektuallarına bu dəyəri verən, onu alqışlayan xalq böyük və əbədidir. 

Bu gün isə əlavə edim:  bəlkə də, daha çox sənətkarın şəxsiyyətinə deyil, yaradıcılığın və hətta həyatın özünün təməlində dayanan sözə meyil edən bir xalqdır azərbaycanlılar. 

Sözə dəyər vermək - mədəniyyətə və mənəviyyata bağlı olmaqdır. Mənə elə gəlir ki, hazırda çağdaş və yeniləşmiş Azərbaycanda müşahidə olunan bu aşkar meyil bir çox hallarda onu dünya arenasına çıxaran təkanverici gücdür. 

Doğma söz, doğma tarix istənilən xalqı, xüsusilə də, Azərbaycan xalqı kimi başı bəlalar çəkmiş, tarixən parçalanmış (həm də təkcə Qarabağla yox), hətta qismən pərən-pərən düşmüş bir milləti qidalandıran tükənməz çeşmədir.

Sona Vəliyevanın kitabı bu çağdaş yaradıcı və milli tendensiyaya ipək saplarla, harmonik ilmələrlə hörülür. Müəllif öz əsərinə Həsən bəy Məlikovu, Zərdabini qəhrəman seçməklə çox cəsarətli addım atmış və bununla kitabı xeyli maraqlı etmişdir. Həsən bəy əfsanəvi, daxilən dramatik, azərbaycanlıların bir çox həyat və tale kolliziyalarını, hətta dünyanın ayrı-ayrı hissələrini özündə birləşdirən obrazdır. O, Zaqafqaziyanın ən ucqar yerindən olsa da, Moskvada parlaq ali təhsil alıb. Həm də adi deyil, fizika-riyaziyyat kimi önəmli bir fakültədə oxuyaraq, universitet rektoru, məşhur professor Sergey Solovyovun sevimli tələbələrindən birinə çevrilib.

O, daim hərəkətdə olan bir obrazdır. Universiteti fərqlənmə diplomu ilə bitirsə də, orada qalıb müəllim işləmək təklifini qəbul etmir, xalqı qarşısındakı vəzifə borcunu yerinə yetirmək üçün yenidən doğulduğu əyalətə, ucqar kəndə qayıdır. Parlaq alim, demək olar ki, "göy adamı" olan Həsən bəy tərəqqinin qara fəhləsinə, bu gün "sosial ədalət" adlandırılan  missiya daşıyıcısına çevrilir. Müəllif onun ilkin həyat yolunu, demək olar ki, ana diqqəti, hətta ana qorxusu ilə izləyir: göy üzündən insanlar arasına - insanlıq naminə. Mərz nəzarətçisi - məgər yer üzündə hər kəs bu və ya digər formada bu işlə məşğul olmur? Xüsusilə də, Qafqazın bərəkətli və balaca torpaq sahələrində vəziyyət məhkəmələrdəki torpaq davalarından daha gərgin, hətta faciəvi deyilmi? Zəiflərin və məzlumların maraqlarını qorumaq üçün sağlamlığı, hətta həyatı ilə riskə gedən hakim. Müəllim.

Sona Vəliyeva avtobioqrafik roman qanunlarına ciddi əməl edərək, öz qəhrəmanını müəllimliyə doğru aparır, zirvəyə yüksəldir.

Müəllif bu qeyri-adi tarixi şəxsiyyətin həyatının təsvirinə son dərəcə yaradıcı yanaşmış, onu öz istedadının işığında canlandırmışdır. Yaradıcı və gərgin zəhmət nəticəsində ərsəyə gələn roman "İşığa gedən yol" adlanır. İşığa gedən yol isə, Vəliyevaya görə, elə dərinliyə gedən yoldur. Diqqət edin: müəllifin təsvir etdiyi dövrdə Rusiyada da mənəvi borcunu dərk edən ziyalılar arasında xalqı maarifləndirmək, onu işığa, yaxşılığa, xeyir əməllərə, insan kimi yaşamağa, ən nəhayət, əsl insan olmağa səsləmək üçün "xalqın içərisinə getmək" meyli güclü idi. Müəllifin fikrincə, müasir Azərbaycan mədəniyyətinin banilərindən birinin parlaq gələcəyi məhz insanlara praktiki maarifçilik xidməti göstərmək, ictimai işlərdə yardım etmək  təməli üzərində qurulub. 

Bəli, müəllif qəhrəman və zaman seçimində olduqca cəsur davranıb. XIX yüzilin sonu, XX əsrin əvvəlləri. Zaqafqaziya Klondaykının neft və iqtisadiyyat bumu, eyni zamanda cəmiyyətin və xalqın dəhşətli dərəcədə təbəqələşməsi. Bunlarla yanaşı, xalqın yenidən doğuluşu, milli özünüdərkin təşəkkülü. Romanda o illər Azərbaycanının həyat mənzərələri, yeni milli, müəyyən dərəcədə "xalqçı" ziyalıların meydana çıxması, adları bu gün də yaşayan və müqəddəsləşən o zamankı milli-mənəvi rəhbərlərin xarakterləri, durumları və formalaşmaları şərqsayağı, koloritli, duzlu təsvir olunub. Yeri gəlmişkən, təhkiyə avtobioqrafik-tarixi ənənələrə nə qədər uyğun olsa da, romanda bir çox nəsnələr günümüzlə səsləşir, gələcəyə işıq salır - həm də təkcə Azərbaycanda yox. 

Roman təmkinli, eyni zamanda canlı məişət elementlərindən, atalar sözlərindən, sadə və müdrik xalq deyimlərindən istifadə olunaraq səmimi bir üslubda qələmə alınıb. Müəllifin doğma təbiəti, xalq həyatını ağızlardan eşitmədiyi əsərdən aydın görünür. Roman nəsr ədəbi növündə yazılsa da, incə poetik çalarlar, əlvan naxışlarla zəngindir. Elə həyatımızın nəsrində olduğu kimi. 

Romanda Qafqazda hər zaman aktual olan etnik və millətlərarası problemlər də öz əksini tapmışdır. Azərbaycanlı tələbə Həsən Məlikovla Moskva Universitetinin digər tələbəsi, eyni zamanda onun rektorunın qızı Vera Solovyova arasındakı ilk, qarşılıqlı və uğursuz məhəbbət kolliziyası çox gözəl təsvir olunub: əsərin qəhrəmanı bu sevginin xatirəsini və ağrısını ömrünün sonunacan unutmur. Bu sevgi də, aralarında dünya şöhrətli İlya Meçnikovun da olduğu görkəmli alimlərlə dostluq kimi, Həsən bəyin Rusiyadakı bütün yaxşı, gözəl şeylərə münasibətinin formalaşmasında böyük rol oynayır.

Müəllif, günümüzün hadisələrinə də biganə qalmamış, Qarabağ faciəsinə münasibətini bildirmişdir. Amma burada publisistika üstün gəlir və romanın başlıca, ən güclü tərkib hissəsinə çevrilir. Müəllif istədiyini düşünməkdə və yazmaqda azaddır. Xüsusilə də, danışmaq üçün obyektiv əsaslar olanda.

"Xudojestvennaya literatura" nəşriyyatı son bir neçə ildir ki, bir qrup alimin (Q.Mamulia, R.Abutalıbov, İ.Atakişiyev), eyni zamanda Heydər Əliyev Fondunun fəal iştirakı ilə "Pars arxivi" çoxcildliyini nəşr edir. Buraya ötən yüzilin 20-30-cu illərində Azərbaycanın müstəqil olacağını qabaqcadan xəbər verən əzmkar və müdrik ictimai xadim Əlimərdan bəy Topçubaşinin məktubları, gündəlikləri, xatirələri, düşüncələri də daxildir. Onun epistolyar mirası şəxsən mənim üçün yeni bir kəşfdir. Sona Vəliyevanın romanından isə məmnuniyyətlə öyrəndim ki, Ə.Topçubaşi, sən demə, Həsən bəy Məlikovun kürəkəni imiş. Bir-birinə layiq olan müəllim və tələbə: dövrlər, dərin düşüncələr və insan fədakarlığı arasındakı rabitə qırılmazdır.

Tərcümə edən: Nadir Qocabəyli

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!