Mirzə Cəlil nəslinin davamçılarının sorağında - Abid Tahirli yazır

 

Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında müstəsna xidmətlər göstərmiş, səmərəli, çoxşaxəli elmi axtarışları, fəal, fədakar ictimai fəaliyyəti ilə humanitar və ictimai elmin inkişafına sanballı töhfələr vermiş görkəmli akademik İsa Həbibbəyli ilə tanışlığımızın tarixi, münasibətlərimizin təmənnasız, təmiz təməli bu sanballı, sadə və səmimi insan haqqında gen-bol bəhs etməyə ciddi əsasdır və ümid edirəm ki, bu mövzuya qayıdacağıq. İndi isə böyük alimin bir elmi axtarışının qısa təsviri ilə kifayətlənəcəyəm. Bu axtarışların arxasından Vətən, millət aşiqi Mirzə Cəlil Məmmədquluzadə sevdalısı inadkar və istedadlı tədqiqatçının bənzərsiz portreti boylanır, onun hiss, həyəcanları, nigarançılığı, narahatçılığı, istədiyini tapmadığı zaman məyusluğu, kiçik tapıntısı zamanı məsudluğu duyulur, ürək çırpıntıları eşidilir.

...Düz 30 il bundan əvvəlin - 1989-cu ilin - növbəti dəfə "dünyaların titrədiyi, aləmlərin mayallaq aşdığı, fələklərin bir-birinə qarışdığı, millətlərin yuxudan oyanıb gözlərini açdığı" dövrün  söhbətidir. Tarixin belə təlatümlü dövründə, Vətənin bütövlüyünün, milli ruhun, milli dəyərlərin təhlükədə olduğu məqamlarda özünüdərkin və milli ideyaların təbliğinə daha çox ehtiyac duyulduğu vaxtlarda ölkədə gedən ictimai-siyasi, mədəni və elmi-ədəbi proseslərə əsl ziyalı və vətəndaş mövqeyindən yanaşmaq, bu proseslərdə fəal iştirak etmək mənəvi zənginlik və böyük hünər tələb edirdi. Məhz belə məsul və təlatümlü zamanda "vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur"- deyən böyük Cəlil Məmmədquluzadənin həyatını, fəaliyyətini, onun bənzərsiz kəlamlarını, vətəndaş harayını, tarixi əhəmiyyətini, çağdaş və gələcək dövrlər üçün də aktuallığını itirməyən dəyərli irsini yeni dövrün tələbləri baxımından xatırlatmağı, yada salmağı, bu istiqamətdə araşdırmaları, onun coğrafiyasını, ideya arealını daha dərindən tədqiq etməyi qarşısına məqsəd qoyan İsa Həbibbəyli dövrün ən nüfuzlu orqanı - dünya azərbaycanlılarının milli tərcümanına çevrilmiş "Odlar yurdu" qəzetinə bir-birinin ardınca məqalələr göndərməyə başladı.

İstedadlı tədqiqatçı İsa Həbibbəyli qəzetin mart 1989-cu il tarixli 5-ci nömrəsində dərc etdirdiyi "Ənvəri kim tanıyır" adlı məqaləsində böyük ədib Cəlil Məmmədquluzadənin mənalı ömür yolunun, çoxcəhətli yaradıcılığının öyrənilməsi və təbliği sahəsində diqqətəlayiq işlər görüldüyünü, əsərlərinin dəfələrlə çap olunduğunu, haqqında monoqrafiyalar yazıldığını, film çəkildiyini, heykəlinin ucaldıldığını, xatirəsinin əbədiləşdirildiyini vurğulayır, eyni zamanda hələ görüləsi işlərin də çox olduğunu qeyd edir. O göstərir ki, ədibin həyat və yaradıcılığının hərtərəfli, daha dərindən, günün tələbləri səviyyəsində araşdırılmasında elm, ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, yazıçının ailə üzvlərindən, nəslindən olan adamların böyük köməyi də dəyə bilər. Tədqiqatçı hələlik Cəlil Məmmədquluzadənin hansısa xarici ölkədə yaşayan kiçik oğlu Ənvər Məmmədquluzadənin sağ olduğunu güman etdiyini göstərir, onun barəsində arxivlərdən əldə etdiyi bəzi bilgiləri oxucularla bölüşdükdən sonra yazır: "Bütün bunlar nə dərəcədə doğrudur?- deyə bilmərik. Buna ancaq Ənvər Məmmədquluzadənin özü (əgər sağdırsa), yaxud hansısa ölkədə yaşayan övladları cavab verə bilər. Hər halda xaricdə onu tanıyanlar olmamış deyillər. Ənvər Məmmədquluzadə, yaxud onun ustad Mirzə Cəlilin nəvələri olan övladları və ya onları tanıyanlar sorğumuza cavab verməklə çox xeyirxah iş görmüş olarlar". Alimin fəhmi, hissi, gümanı, ehtimalı onu aldatmır. Üstündən heç bir ay keçmir ki, parlaq zəka, erudisiya sahibi İsa Həbibbəylinin arzusu çin olur. Ənvər Məmmədquluzadə ilə bağlı "Odlar yurdu" qəzetinə məktəb yoldaşlarından, onu tanıyanlardan məktublar daxil olur.

Qəzet həmin məktublardan birini - Ənvərin ögey qardaşı Müzəffərin qızı, Həmidə xanım Məmmədquluzadənin nəvəsi Mina Davatdarovanın "Ənvərin qürbətdəki həyatı" adlı yazını dərc edir ("Odlar yurdu" qəzeti, №7, aprel 1989). Yazıda o vaxta kimi ədəbi, elmi ictimaiyyətə məlum olmayan və nəinki yalnız Ənvər Məmmədquluzadəyə, bütövlükdə Mirzə Cəlilin ailə şəcərəsinə aydınlıq gətirən çox sayda faktlar sadalanır, onun nəslindən olanlar, sağ qalanlar, İranda, İspaniyada, Fransada, Polşada... yaşayanlar haqqında maraqlı məlumatlar verilmişdir. Bu yazı onsuz da Mirzə Cəlil irsinə sevdalı, əqidəsinə aşiq İsa Həbibbəyliyə yeni ruh, həvəs verir. O, böyük coşqu ilə bu istiqamətdə tədqiqatlarını, axtarışlarını davam etdirir. Bir müddət sonra "Odlar yurdu" qəzetində onun olduqca təsirli, düşündürən "Burdan Təbriz görünür" adlı elmi-publisistik yazısı dərc olunur ("Odlar yurdu" qəzeti, №12, iyun 1990). Müəllif məqalədə qədim mədəniyyət mərkəzlərindən olan, füsunkar təbiəti, vətənpərvər, səxavətli, səmimi, qonaqsevər insanları ilə şöhrət tapan Mərəndə səfərindən, Cənubi Azərbaycanda ədəbi-mədəni mühitdən geniş bəhs edir. Lakin müəyyən səbəblərdən Təbrizə gedə bilmədiklərini qeyd edir. Müəllifin həyəcanı anlaşılandır: "Qısamüddətli Cənub səfərimdə böyük ədibimiz Cəlil Məmmədquluzadənin hazırda İranda yaşayan nəvələri ilə müəyyən əlaqələr yaratmaq niyyətində idim. Bu işə bir il əvvəl "Odlar yurdu" qəzetində dərc etdirdiyim "Ənvəri kim tanıyır" adlı məqalə ilə başlamış, sonra "Səhər" və "Şərq qapısı" qəzetlərindəki məqalələrlə axtarışları dərinləşdirmişdim. Təəssüf ki, Mərənddən o yana gedə bilməməyimiz bu işə mane oldu. "Böyük ədibin oğlu və nəvələri" adlı məqaləmi və Ənvər Məmmədquluzadənin ailə üzvlərinin şəkillərini "Varlıq" dərgisinə göndərmək də müşkülə düşdü". Bununla belə, İsa Həbibbəyli Cənubdan unudulmaz xatirələrlə qayıdır. Zəngin müşahidə qabiliyyətinə malik olan müəllifin qənaətlərinə görə, mərəndlilər Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə yaxından maraqlanır, elmi-ədəbi söhbətlərə həvəslə qoşulur, Səməd Vurğun, Mirzə İbrahimov, Əliağa Vahid, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri kimi sənətkarları tanıyır, Məmməd Səid Ordubadinin, Mirzə Ələkbər Sabirin əsərlərinə bələd olduqlarını bildirirdilər.

Cəlil Məmmədquluzadənin övladı, yaxud nəvələri ilə  görüşmək cəhdi birinci səfərində baş tutmasa da, bu, İsa Həbibbəylini həvəsdən salmır. O, axtarışlarını qətiyyətlə, inamla, inadkarlıqla, ümidlə davam etdirir. İndi o, yalnız Ənvər Məmmədquluzadəni yox, Mirzə Cəlilin xarici ölkələrdə yaşayan bütün qohumlarını axtarmaq qərarına gəlir və "Odlar yurdu" qəzetində "Haradasınız, Mirzə Cəlilin nəvə, nəticələri" rubrikası ilə "Məmmədquluzadə nəsli mühacirətdə" adlı irihəcmli məqalə dərc etdirir ("Odlar yurdu" qəzeti, №12, iyun 1990). Məqalədən məlum olur ki, İsa Həbibbəyli Cəlil Məmmədquluzadə sorağında olan axtarışlarının coğrafiyasını genişləndirmiş, həmin münasibətlə "Odlar yurdu" və "Səhər" qəzetlərindən başqa, Tehranda nəşr olunan "Varlıq" jurnalında, Varşavada çıxan "Vanda" jurnalında məqalələr və fotolar dərc etdirmişdir. Artıq imzası, məhsuldar və sanballı yazıları ilə elmi-ədəbi ictimaiyyət arasında yaxşı tanınan İsa Həbibbəyli etibarlı mənbələrə, arxiv sənədlərinə, mövcud tədqiqatlara istinad edərək məqalədə Cəlil Məmmədquluzadənin, onun nəslinin tərcümeyi-halını təfərrüatı, təfsilatı ilə təqdim edir. Təkcə mühacirətdə məskunlaşanlar barədə məlumatlar kifayət qədər deyildi. Odur ki, məqalənin sonunda İsa Həbibbəyli üzünü xaricdəki həmvətənlərinə tutur, onlara səslənir: "Siz haradasınız, ulu Mirzə Cəlilin nəvə və nəticələri?!".

İsa Həbibbəylinin "Odlar yurdu"ndakı növbəti məqaləsi onun nikbin əhvalından, istəyinə, arzusuna çatacağına ümid etdiyindən xəbər verir. O, Mərəndə ilk səfərindən fərqli olaraq, İranla tanışlığın coğrafiyasının genişləndirdiyini, oradakı ziyalılarla sıx təmas qurduğunu məmnunluq hissi ilə yazır: "Artıq Təbriz və Urmiyyə, Mərənd və Xoy, Sofian və Qaraziyəddin, Əlamdar, Culfa, Şüca, Bəhlulabad, Poldəşt az qala mənim üçün bu taydakı şəhərlər qədər məhrəm və aydındır" (İsa Həbibbəyli. Tanıyırsınızmı. "Odlar yurdu" qəzeti, №13, iyul 1991). Nikbin notlarla dolu bu yazıda müəllif, sanki oxucusuna müraciət edir: - Məni izlə, tezliklə sənə xoş xəbər çatdıracağam!

Sözünə sadiq İsa Həbibbəyli bir müddət sonra "Mirzə Cəlil ocağının istisi..." məqaləsini yazır və "Odlar yudu" qəzetinin oxucuları ilə növbəti görüşə gəlir ("Odlar yurdu" qəzeti, №32, 20 noyabr 1992). "Düyünlər açılır" rubrikası ilə dərc olunan yazıdan aydın olur ki, ötən müddət ərzində cəfakeş tədqiqatçı yorulmaq bilmədən, tükənməyən enerji və böyük həvəslə axtarışlarını davam etdirmiş və heyrətamiz nəticələrə nail olmuşdur. Müəllif yazır: "Əvvəlcə möhtərəm alimimiz Abbas Zamanovun imkanları və xarici əlaqələri vasitəsilə, sonra "Vətən" Cəmiyyətinin, onun orqanı olan "Odlar yurdu" qəzetinin xətti ilə 80-ci illərin əvvəllərindən etibarən başladığımız axtarışlar böyük yazıçının nəslinin taleyi barədəki qalın sükut buzunu parçaladı. Mirzə Cəlilin nəvə-nəticələri ilə görüşəcəyimizə ümid yarandı". Bu ümid, bu inam, bu inadkarlıq, bu istək, bu həvəs alimə böyük uğurlar gətirir. İsa Həbibbəyli Mirzə Cəlil ocağı nəslinin nümayəndələrinin xaricdə yaşayan davamçılarını nəhayət tapır, onlarla həmsöhbət olur, xatirə şəkli çəkdirir, Ənvər Məmmədquluzadənin Tehrandakı qəbrini ziyarət edir... İsa Həbibbəylinin 25 yanvar 1992-ci ildə Cəlil Məmmədquluzadənin nəvələri ilə Tehran şəhərindəki görüşü haqqında o zaman ən populyar olan "Səhər" və "Odlar yurdu" qəzetlərində geniş məlumatlar verilmiş, şəkillər çap olunmuşdu. "Səhər" qəzetində çap olunmuş "Mirzə Cəlilin nəvələri tapıldı" məqaləsi Azərbaycanda böyük əks-səda doğurmuşdur. Məqalədən aydın olur ki, İsa Həbibbəyli Tehran şəhərində böyük ədibimiz Cəlil Məmmədquluzadənin nəvələri, 1979-cu ildə İranda dünyasını dəyişmiş Ənvər Məmmədquluzadənin övladları Midhət Cavanşiri, Teymur Cavanşiri və İrena Cavanşiri ilə görüşmüş, şəkil çəkdirmiş, əlaqələr yaratmışdır.

Akademik İsa Həbibbəyli ilə söhbətlərimizdən öyrənmişəm ki, o zaman hələ İran İslam Respublikasına gediş-gəlişin çətin olduğu prosesin rəsmiləşmədiyi bir dövrdə Mirzə Cəlil Məmmədquluzadənin nəvə-nəticələri ilə görüşmək üçün zəruri olan bu səfərin təşkili Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin qayğısı ilə həyata keçirilmişdir.

Sonralar akademik İsa Həbibbəyli böyük yazıçımız Cəlil Məmmədquluzadənin Fransada yaşayan nəvəsi Mehri xanım Səqqətniya ilə də əlaqə yaradıb, onunla Parisdə görüşmüş, əlaqə yaratmışdır. Bütün bunların əsasında o, "Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi"ni yaratmışdır. Bu, Azərbaycan ədəbiyyatşünaslıq elmində ilk yazıçı şəcərəsi kimi mühüm əhəmiyyət kəsb edir.

19.09.2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!