Ağ Poeziyanın işığı...Eyniadlı kitabdan fraqmentlər - Murad Köhnəqala yazır

Elçin İsgəndərzadənin 55 illiyinə

Elçin İsgəndərzadə təfəkkürcə ümumbəşəri ideyalar daşıyıcısı olsa da, mənən, vətən torpağında vətəndaşlaşan şairlərdəndir. Ədəbi aləmdə geniş yaradıcılığı və dolğun şəxsiyyəti ilə sayılıb-seçilən Elçini tanımağa bu misralar da yetərlidir:

Ölsəm məzarımı Şuşada qazın,

başdaşıma bir Füzuli misrası yazın,

Topxanada armud ağacından

Üçrəngli bayraq asın.

Göy kişnəsə, bulud ağlasa,

Cıdır düzünə yağış yağsa,

yağışın içindən bir Xarıbülbül

boylanıb Göy üzünə baxsa,

qoy, anam ağlamasın.

Qəbrimin üstündə Boz Qurd ulasın,

ya da igid bir mehmetcik

ulu zəfər marşı çalsın!

Bu şeirdəki əski çağlardan süzülüb gələn saf türk ruhunun enerjisi insanı alıb aparır, doğma yurda, torpağa dönüşün gerçəkləşəcəyinə inandırır.

Şairin yurd həsrəti təkcə Şuşa itkisi ilə bitmir, Zəngəzur, Dərbənd, Təbriz də bu həsrətin bir parçası kimi yanğı ilə xatırlanır. Fikrimizi əsaslandırmaq üçün Elçinin unudulmaz şairimiz Vaqif Səmədoğluna xitabən yazdığı şeirə nəzər salmaq kifayətdir:

Arazı keçdik, şair,

Arazı keçdik,

Təbrizin suyunu içdik, şair,

Təbrizin suyunu içdik -

Amma Təbriz torpağında

bir çinar ağacı əkə bilmədik,

üzü gündoğana baxan bir ev tikə bilmədik...

Şairin "Ebrülər" silsiləsindən yazdığı şeirlər öz canlı ovqatı, incə palitrası, həssas poetik naxışları ilə seçilir. Yeri gəlmişkən, ebrü sənəti rəssamlığın Orta Şərq və Türkiyədə geniş yayılan avanqard qoludur. Bir silsilə şeirini "Ebrülər" adlandıran Elçin İsgəndərzadə rəngkarlığın bu növünü ədəbiyyata gətirməklə öz çoxrəngli poeziyasında yeni poetik boyalar tapmağa nail olmuşdur. Həmin şeirlər eyni başlıq altında qruplaşdırılsa da, onların hər biri məzmun və forma etibarilə bir-birindən əsaslı şəkildə fərqlənir. Şairin sərbəst və heca vəznində qələmə aldığı bu nümunələrin hər biri formaca yeni və orijinal mahiyyət daşıyır. Şeirdən-şeirə dəyişən forma yenilikləri mahir bir stilistin podiumda nümayiş etdirdiyi bir-birindən gözəl modellərin əynindəki libaslar kimi cazibəli görünür. Elçin ikilik, üçlük və dördlük formasında, o cümlədən sonet, sərbəst qəzəl və məsnəvi janrında yazdığı mətnlərdə, klassik formalar üzərində cəsarətli yeniliklər edir.

Ümumiyyətlə, Elçinin qəliblərlə razılaşmamaq, mövcud kriteriyaları dəyişmək, novator gedişlər etmək, hər addımda eksperimentlər aparmaq və yeni kəşflər etmə cəhdləri, bəlkə də onun texniki elmlər sahəsində çoxdan təsdiqlədiyi alimliyindən irəli gəlir. Alimliyini poeziyaya daşıyan Elçin, sözlər arasında reaksiyalar, formalar üzərində eksperimentlər, məzmun daxilində çevirmələr aparmağı xoşlayır. Etiraf etmək lazımdır ki, bu təcrübələr onda uğurlu alınır.

"Ebrülər" məzmun etibarilə də həyatı simvolizə edən düşüncələrdən, məfhumlardan ibarətdir. "Ömür ebrüsü", "Ayrılıq ebrüsü", "Ümid ebrüsü", "Naxışlı ebrü", "Ovqat ebrüsü", "İnsanlıq ebrüsü", "Ölüm ebrüsü" və bu silsilədən olan digər şeirlərin adları oxucuya real yaşamın xəyali obrazını, poetik sirlərini açır.

Özünün söylədiyi kimi, rəssamlıqla şairliyi eyni bətndən doğulmuş sayan söz və elm adamı Elçin İsgəndərzadə bədii sözün qüdrəti və geniş yaradıcılıq fantaziyası ilə fərqli poeziya tabloları yaradır. Onun qələmi məqamı gələndə fırça, yeri gələndə silah, bunların hamısından daha çox isə sülh göyərçini ola bilir. Yaradıcılığının böyük bir qismi savaş, döyüş, cəngi enerjisi ilə aşıb-daşsa da, qəlbi bir şair kimi humanizm, insansevərlik prinsiplərinə sadiqdir.

Elçin İsgəndərzadənin poeziyasında poema janrı önəmli yer tutur. Onun poemalarını təsadüfən "rəngli" adlandırmırıq.

Azərbaycanın və Avropanın bir sıra ünlü rəssamlarına həsr etdiyi bu əsərləri kiçik süjetli mənzum esselər də adlandırmaq olar. Onlar həm forma, həm məzmun, həm də bədii struktur orijinallığı ilə diqqəti cəlb edir.

Elçinin poemaları forma və ideya-estetik baxımdan klassik poema janrının dekonstruksiyası kimi nəzərdən keçirilməlidir. Poemanın klassik tələblərinin (epizmin lirizmi üstələməsi, təhkiyənin tərənnümə nisbətdə dominantlığı və s.) qəsdən pozulması, əsərə ultra sərbəstlik verilməsi həmin nəzm əsərlərini daha çox postmodern ab-havaya kökləyir. Bu mənada, Elçin İsgəndərzadə qısa, prozaik şeirlərində nə qədər modernistdirsə, poemalarında bir o qədər postmodernistdir. Kubist, impressionist, simfonik, ekspressionist futurist poemalar adlandırdığı mənaca dərin, həcmcə kiçik ballada tipli həmin əsərləri çağdaş ədəbiyyatımızda hadisə saymaq olar. Çünki Elçindən öncə və hələ ki Elçindən sonra da oxşar üslubda amorf və ekstra şeir yazmağa kimsə girişmədi.

Şairin böyük ispan rəssamı Pablo Pikassoya həsr etdiyi "Pikasso və Minotavr" poemasında Qərblə Türk Dünyasının oxşar mənəvi-estetik aləmi və faciələri lirik notlarla qarşılaşdırılır. Pikassonun məşhur "Minotavr" rəsmlər seriyasından təsirlənən şair dünyanı olduğu kimi yox, məhz, Pikassosayaq - düşündüyü kimi görmək istədiyini dilə gətirir:

Sən dünyanı gördüyün kimi deyil

düşündüyün kimi çəkərdin.

Sən ağ kətanda

ümid toxumları əkərdin.

Pikasso, mən də bu dünyanı

düşündüyüm kimi

görmək istəyirəm.

Bu kontekstdə, yəni ruhi-metafizik müstəvidə Müşfiqlə Lorkanın qarşılaşdırılması da maraq doğurur:

Mikayıl Müşfiqin cavanlıq şəkli

baxır divardan,

baxır, gülümsəyir, elə bil,

elə bil heç 37-də 29 yaşında

güllələnən şair deyil.

Rəssam dostum, Lorkayla

Müşfiqin rəsmini çək.

İkisinin də gözlərində

eyni təbəssüm,

eyni hüzn,

eyni sevda,

ikisinin də köksündə eyni ürək.

İkisinin də şeirində eyni işıq,

ikisinin də çöhrəsində eyni yaraşıq.

İkisinin də sinəsində

eyni güllə yarası...

***

Elçin İsgəndərzadə şeirdə bir müəllif kimi çox sərbəstdi, lakin gözəgörünməz əl idarəçiliyi ilə əsəri əvvəldən axıra qədər idarə etməyi bacarır.

Elçin daim axtarışda olan şairdir.

Onun poeziya palitrası "eşqdən bədirlənmiş Ay", "axşam sarı, narıncı, bənövşəyi yanğınlarla şəhərin, dənizin üstünə çökür", "sulara muncuq kimi dağılan işıqlar", "çiçəkləmiş alça ağacı bəyaz ümidlərlə dolu", "sevda yolçularıyıq bu dünyada", "bir gün qucar bizi torpaq anatək", "üstümdən gecələr ötür", "saçında, gözlərində, üzündə bahar", "gözlərinin səması", "ürəkləri dərd üyüdən şairlər", "gözləri sərxoş rəssamlar", "qısır torpaqlarda söz cücərdirik", "göy üzündə Ay doğub limon kimi", "atların gözləri yay axşamıyla dolu" və s. kimi poetik tapıntılarla doludur.

Söz adamlarının yaradıcılığını rənglərlə işarələyəsi olsaq, Elçin İsgəndərzadənin yaradıcılığını ağ rənglə xarakterizə edə bilərik.  Elçinin poeziyası başdan-başa ağ işığa bürünüb. Onun əsərlərinə səpilmiş "ağ alnında Tanrının əli", "Ağdamın ağ damları", "Çingizxanın ağ buludu", "güzgüdə bəyaz mələk", "sevdalı bəyaz dualar", "bəmbəyaz qağayılar", "ağ məndildi Ağ dəniz", "ağ atlı bir türk əsgəriyəm mən", "buludlar ağ ümiddi" kimi sətirlər həmin işığın təzahürləridir.

Ağ rəngin vurğunu olan şair Elçin İsgəndərzadə də, sanki öz genetik türk yaddaşının diktəsi ilə ağ şeirlər yazır və bu ağ poeziyasını mənəviyyat bayrağı kimi başı üzərində dalğalandırır.

***

Elçin İsgəndərzadənin tanınmış şair-rəssam Adil Mirseyidlə dostluğu ədəbi cameədə kifayət qədər məşhurdur. Onlar arasındakı səmimiyyətə, mənəvi bağlılığa hər ikisini yaxından tanıyan şəxslər bələddir, mən də bu yaxınlığın şahidiyəm. Elçin Adil də daxil olmaqla, bir çox sənət dostlarına, həmkarlarına istər maddi, istərsə də mənəvi qayğı göstərən və heç zaman bunu açıb-ağartmayan adamdır.

Elçinlə Adil Mirseyidin nağılvari dostluğundan çox danışmaq olar, lakin hər şeydən əvvəl onu bildirmək istəyirik ki, Elçin İsgəndərzadə ilə Adil Mirseyid poetik qohumluqları olan şairlərdir. Çəkinmədən onları modernist şeirimizin qoşa qanadları adlandıra bilərik.

Elçin şair-rəssam dostuna iki poema, bir neçə şeir həsr edib. Bu əsərlərdə o, Adil Mirseyidin bədii portretini bir neçə baxışdan çəkərək mərhum şairin vaxtsız ölümünün nigarançılığını realist-sentimental notlarla canlandırmışdır:

Şair "Adil Mirseyidin göyərçinləri" poemasında da ürəyinin yanğısını bir şaman kimi səmaya, torpağa, havaya, suya pıçıldayır:

Ürəyini göyərçinlərə

yedirdən bir şair olmalıdır ki,

hər səhər dan üzü

umud çiçəklərinə

sevda ləçəklərinə

ilk şeh damlaları düşməzdən öncə

Tanrı bağışlasın bizi...

Elçin İsgəndərzadənin yaradıcılığı modernizm, ekzistensializm və qismən abstrakt fikir axını - sürrealizm baxış açısından dəyərləndirildi. İlkin vaxtlarının aqressiv və dağıdıcı xarakterindən tədricən uzaqlaşmış futirizm bir zəka və sənət alanı olaraq çağdaş ədəbiyyatımızda Elçin İsgəndərzadə imzası ilə özünə yer tapır. Elçinin poemalarında klassik poema janrına interpretasiyalar, janr daxilində janr yaratma hadisəsi, yeni ədəbi formaların və bədii ifadə tərzlərinin kəşfi ədəbiyyatımızda tamamilə yeni növ poeziyanın yaranması kimi qiymətləndirilməlidir.

Ədəbiyyatımıza "Simfonik poema", "İspan gitarası üçün poema", "sürrealist poema", "poema-rekviyem", "kubo-futirist poema", "fraqmentlərlə poema-elegiya", "rəsmlərlə poema", "impressionist poema" kimi yeni ədəbi anlayışların gətirilməsi bilavasitə, Elçin İsgəndərzadənin adı ilə bağlıdır.

Elçin İsgəndərzadənin poeziyasından onlarca belə nümunə gətirə bilərik. Bu misallardan çıxan ümumi nəticə isə odur ki, fitrən şair olan kəsi nə qədər ədəbi ölçü-biçiyə, janr tələblərinə, forma qəliblərinə salmaq istəsən də, o öz fərdi üslubu ilə istənilən ədəbi çərçivənin sərhədlərini dəyişəcək, genişləndirəcək və yeniləyəcək. O, tarixi köklər üzərində öz fərdi stilini yaradacaq və özü müstəqil ədəbi məktəbə çevriləcək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!