Dörd gərək, dörd dörd gərək, bir dörd gərək... - Sufi və hürufi təlimində hərf və say simvolikası - Tural Adışirin yazır

 

Fəlsəfi-irfani fikirdə artıq sübut edilmişdir ki, sufi və hürufi təlimində hərflərin müqəddəsliyi həm də say simvolikası ilə bağlı olmuşdur. Bildiyimiz kimi, sufizmin nəzəri əsasları İmam Qəzzali və Mənsur Həllacdan sonra XIV əsrin görkəmli sufi şairi Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz", hürufizmin nəzəri sistemi isə Fəzlullah Nəiminin "Cavidannamə" əsərində geniş şəkildə şərh edilmişdir. Məzmun və mahiyyətindən göründüyü kimi, hürufizm zahirən hərflərin müqəddəsliyinə inanmaq yolu ilə kainatın dərkinə yönəldilən bir təlimdir. Lakin hərflərin müqəddəsliyi və say simvolikası məsələsinin başlanğıcını hürufiliklə bağlamaq səhv mülahizə olardı. Çünki təriqət tarixləri sübut edib ki, hürufilikdən əvvəl də hərflərin müqəddəsliyi və say simvolikası mövcud olmuşdur. Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə çox doğru olaraq qeyd edir ki, "hətta yəhudi fəlsəfəsində məşhur olan bir dini-fəlsəfi cərəyan da qədim yəhudi hərflərinin müqəddəsliyi əsasında qurulmuşdur".            

XII əsrin görkəmli filosof alimi Kafiəddin Ömər Osman oğlunun sufi görüşlərində sayların müqəddəsliyi əsas götürülmüş, böyük alim həm fəlsəfi baxımdan, həm də fikirlərini lakonik şəkildə ifadə etmək üçün əsərlərində say sistemindən istifadə etmişdir. Əsrin görkəmli şairi Əfzələddin Xaqani əmisi olmuş bu dahi şəxsiyyətdən əsərlərində istifadə etdiyi sayların məzmunu haqqında məlumat almaq istədikdə, böyük alim əsərlərindəki say sistemini aşağıdakı kimi izah etmişdir: 1. Allahın təkliyini; 2. Bu dünya və axirət dünyasını; 3. Materiyanı və onun üç hissəsini (insan, bitki və heyvan); 4. Həyatın amillərini (od, su, hava, torpaq); 5. Duyğu üzvlərini, yaxud İslam xəlifələri; 6. Cəhətləri (sağ, sol, aşağı, yuxarı, ön və arxanı); 7. Həyatın - Yerlə göyün vəhdətini bildirən ünsürlərini (od, su, hava, torpaq + Günəş, Ay və Ulduz); 8 və 9. Yerin və göyün qatları.

Bu fəlsəfi anlam və izah dahi şair Əfzələddin Xaqaninin də yaradıcılığında özünə yer almış, şair fəlsəfi-sufi görüşlərində rəqəmlərin simvolikasından istifadə etmişdir.

Ancaq ideya baxımdan diqqət edildikdə görməmək mümkün deyil ki, bu müqəddəslik və simvolik izah insan mənafeyi naminə cəmiyyətə - haqsızlıq və ədalətsizliyə qarşı bir mübarizə forması kimi özünü göstərmişdir.

Tanrının vahidliyi və sözün insandan əzəlliyi sufi və hürufi təlimin müqəddəsliyini təmin edir. Çünki məhz Tanrının "Kon"- "Ol" əmrindən sonra kainat və onun əşrəfi olan insan və insanın cövhəri olan söz yaranmışdır. Yuxarıdakı 1- rəqəmi ilə varlığın bütövlüyü ideyası sufi və hürufi şairlərin şeirlərində aparıcı yer tutmuşdur. Şeyx Mahmud Şəbüstəri varlığın təkliyi və bütövlüyü ideyasını əks etdirərək yazırdı ki, bəzi islam ruhaniləri Tanrının "Ol" əmrindən səhv nəticə çıxararaq o, ideyanı irəli sürdülər ki, Tanrı insanları yaradarkən əvvəl islam, sonra isə digər din daşıyıcılarını xəlq etmişdir. Bu, əslində, dinləri və xalqları bir-birinə qarşı qoymaqdan başqa bir şey deyildir. Uzun illər bu qeyri-elmi iddia öz mənfi təsirini göstərmişdir. Elə buna görədir ki, əsl sufiliyə gedən yola heç də bütün ruhanilər aləmi yolçuluq edə bilməmiş, yalnız Tanrıya və insana sevgini qəlbində daşıyanlar bu mərtəbəyə ucala bilmişlər.

Sufi və hürufilikdə 2-lik qəbuledilməz olmuş, ilahi eşqin təcəssümü yalnız təkdə özünü göstərmişdir. Dahi Nizaminin "Leyli və Məcnun" poemasında sufiliyin, təklikdə ilahiliyin ən bariz nümunəsi özünü göstərmişdir. Zeyd dostu Məcnunun Leyli ilə birlikdə şəklini çəkib ona təqdim etdikdə, Məcnun Leylinin şəklini qaraladıqda, dostunun ondan ötrü çöllərə düşməsi iradı ilə üzləşdikdə Məcnunun verdiyi: "O, ruhdur mən qəlib, ruh qəlibdə yerləşər" cavabı, həmçinin vahidliyin, təkliyin müqəddəsliyindən irəli gələn bir məsələdir.

Sufiliyin və hürufiliyin müqəddəsliyi məlumdur ki, 4 rəqəmi ilə bağlıdır. 4 rəqəmi yuxarıda göstərdiyimiz kimi, həm həyatın - od, su, hava, torpaq, həm də sufilərin və hürufilərin keçdiyi 4 müqəddəs yolla bağlıdır: şəriət, təriqət, mərifət və həqiqət. Görkəmli hürufi şairi İmadəddin Nəsiminin şeirlərində bütün varlığın 4 pilləli inkişaf etdiyini göstərən görkəmli Nəsimişünas alim, professor Y.Babayev yazır: Şairin "Sığmazam" qəzəli bütövlükdə hərfi müqəddəsliyi ifadə edən ideya ilə yüklənmişdir:

Gərçi bu gün Nəsimiyəm,

                        Haşimiyəm, Qureyşiyəm,

Məndən uludur ayətim, ayəti-şanə sığmazam.

İ.Nəsimidə bütün varlıq 4 pilləli həqiqətdən ibarətdir: 1. Allah; 2. Məna aləmi; 3. Maddi aləm; 4. İnsan.

Yaradıcılığında 4 rəqəminin müqəddəsliyini ifadə edən şair tuyuğlarından birində yazır:

Dörd gərək, dörd dörd gərək, bir dörd gərək,

Yeddisi xətt istiva üç dörd gərək,

Seyyidi çoxlar söylər dəhri deyib,

Kəndözün bilənlərə beş dörd gərək.

Hürufilər hərflərin, rəqəmlərin sirləri ilə kainatın sirlərini izah edirdilər. Onlar hərflərin sirlərini insan ilə birləşdirir, onların insan üzündə təcəlli etdiyini söyləyir, bu gözəlliyin daşıyıcısı olan insanın mənəvi kamilliyini təsdiq edirdilər.

Bildiyimiz kimi, folklorda 7-lik müqəddəs hesab edilən bir rəqəmdir. Bu rəqəm İmadəddin Nəsiminin şeirlərində ən çox işlək rəqəmlərdəndir. Materiyada 7-lik çoxlu məna çalarlığına malik bir rəqəmdir. İqlimin 7 olması, saç kultunun insan üzündə 7 təcəllisi, "Qurani-Kərim"in "əl-Bəqərə" surəsində ayələrin sayının 7 olması, həftənin günlərinin sayının 7-lik üzərində cəm olması, insanın 7 əzası və s. Bu, çoxmənalılığı səciyyələndirir. Böyük şair Nəsimi tuyuğlarında və fəlsəfi məzmunlu qəzəllərində bu rəqəmi fəlsəfi baxımdan müxtəlif mənalardan izah etmişdir. Şairin aşağıdakı tuyuğuna diqqət edək:

Yeddidir, dörd yeddidir, bir yeddidir,

Yüz iyirmi dörd yenə üç yeddidir.

Evi bir, bacası yeddi, babı üç,

Əhli-beyt ilə özü on yedidir.

Şairin aşağıda izah edəcəyimiz kimi dörd yeddidən, yəni həyatın dörd ünsürünün insanın üzündə 7 saç ünsürünə ( 2 qaş, 4 kirpik, 1 saç)  vurulmaqla alınan 28 rəqəminə - ərəb hərflərinə işarə etməsi göz qabağındadır. Şair tuyuğun ikinci misrasında göstərdiyi kimi "Yüz iyirmi dörd" peyğəmbərin sayı da yeddidən alınmışdır. Yaxud aşağıdakı:

Kirpiyi qaşınla zülfündür yedi,

Yer yedivü, göy yedi, sən də yedi.

Nə səbəbdən həftənin adı yedi,

Bunda hikmət vardır, Müshət yedi.

Rəqəm oyunu filosof şair aşağıdakı tuyuğunda da məntiqi baxımdan vermişdir:

Yeddi yerdə otuz ikidir üzün,

İgirmi səkkiz göstərər iki gözün.

Qamətin səksən səkkiz edər bəyan,

Yetmiş iki bildirər nitqi sözün

28 rəqəminin əmələ gəlməsinin fəlsəfi mənası məlumdur. Bəs şeirin birinci misrasında verilmiş 32 rəqəmi nəyi ifadə edir və necə alınmışdır?.

Azərbaycan folklorunda saçın müqəddəslik kəsb edərək sınamaların və digər folklor janrlarının mərkəzində durması artıq maraqlı nümunələrlə sınaqdan keçirilmişdir. Saçın tapdanmasının günah hesab edilməsi ulu babalarımızdan bizə qalan mənəvi mirasdır. Çünki ulularımız saça müqəddəs ruh kimi sitayiş etmişlər. Sufi şairlər də saç kultuna müqəddəslik ünsürü kimi fəlsəfi fikirlərinin çatdırılması üçün müraciət etmişlər.

Hürufilər cəmal gözəlliyində saçı əsas atribut hesab edərək poetik mənalandırmışlar. Klassik poetik örnəklərin məzmunundan gördüyümüz kimi, poeziyada saç - zülf anlamında fiqurlaşdırılmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, insanın sifətində təcəlli olunan 2 qaş, 4 kirpik və 1 saç həyatın 4 ünsürünə vurulmaqla 28 ərəb əlifbası alınmış, sufi və hürufi alimlər saçı ikiyə bölərək 8 ünsür almış, 8-in 4 həyat ünsürünə vurulması isə 32 fars əlifbasının hərf sistemini yaratmışdır. Buna görə də şair saçın ikiyə bölünməsi nəticəsində onun 4 ünsürlə vəhdətini 32 rəqəmi ilə ifadə etmişdir.

İmadəddin Nəsiminin poeziyası ilə diqqətlə tanış olduqda onun rəqəm simvolikasının zənginliyini görürük. Şair 1 rəqəmi ilə vücudu, küllü, 2 rəqəmi ilə iki cahanı, maddi və mənəvi aləmi (vaxtilə şairin məşhur beyti olan "Məndə sığar iki (yaxud ikən) cahan, mən bu cahana sığmazam, Gövhər laməkan mənəm, kövnül məkanə sığmazam" beyti elmi-ədəbi aləmdə mübahisəyə səbəb olmuş, əksər şair və alimlə şairin rəqəmlər simvolikasını inkar edərək, şairin işlətdiyi iki ifadəsini "ikən" qoşması kimi qəbul etmişlər), 4 rəqəmi ilə dörd ünsürü, 6 rəqəmi ilə cəhət və dünyanın 6 gündə yaranmasını, 8 rəqəmi ilə behişti, 9 rəqəmi ilə fələkləri, 12 rəqəmi ilə bürclərin sayını və 12 imamı, 17 rəqəmi vasitəsilə vaxt, namaz və.s mənalandırmışdır. 5 rəqəminə şair müxtəlif məzmun prizmalarından yanaşaraq ayrı-ayrı şeirlərində 5 namaz, 5 duyğu üzvü, 5 islamın təməli və 5 müqəddəs kitab - "Zəbur", "Tövrat", "İncil", "Quran" və "Cavidannamə" kimi səciyyələndirmişdir.

İmadəddin Nəsiminin poeziyasını fəlsəfi-ürfani baxımdan dərindən təhlil edən görkəmli ədəbiyyatşünas Yaqub Babayev şairin şeirlərində bir sıra rəqəmlərin təkcə adi kəmiyyət göstəricisi kimi deyil, dərin ideya simvolik məna daşıdığını göstərərək yazır: "Bir sıra rəqəmlər var ki, Nəsimi şeirlərində onlar adi kəmiyyət göstəricisi olmaqdan əlavə ideya - simvolik məna yükü də daşıyır".

Görkəmli alimin ifadə etdiyi fikir İmadəddin Nəsiminin aşağıdakı qəzəlində özünü dolğun şəkildə büruzə vermişdir:

Fatiha ümmül-kitabın göstər ayəsi nədir?

Bistü həşti sivü dü hərfin xülasəsi nədir?

Doqquz ata, doqquz ana,

                        dörd tayadan ver xəbər,

Dü cəharü pəncü şeşin saqü bünyası nədir?

Üç yüz altmış altı mənzil,

                        qırx səkkiz yerdə mizan,

Ey ki yetmiş yeddi hərfin on iki xası nədir?

 

Sidrəvü kövsər nədəndür,

                        nöh fələkin gərdişi,

On iki bürcü kəvakib cayı, məvası nədir?

 

Yeddi yerdir, yeddi göydür,

                        yeddi dərya, yeddi xətt,

Yeddi müshəf, yeddi ayət, yədi - beyzası nədir?

Qəzəlin fəlsəfi məzmun və məna yükü o qədər dərindir ki, tam şəkildə izah etmək üçün Nəsimişünaslıq şöbəsinə böyük ehtiyac vardır.

Müstəqil ədəbiyyatşünaslığın klassik poeziyanın dərindən araşdırılmağa meydan verdiyi müstəqillik şəraitində inanırıq ki, Şərqin dahi sufi və hürufi şairlərinin poetik irsi hərf müqəddəsliyi və rəqəm simvolikası baxımdan geniş tədqiq edilərək ədəbiyyatşünaslığımızı yeni-yeni mövzularla zənginləşdirəcəkdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!