Kimdir eqoist?! - Emin PİRİ

 

Adətən, ayda bir kərə sosial şəbəkələrdə, saytlarda ədəbi mühitin varlığını müşahidə və analiz günü kimi keçirirəm. Sosial şəbəkələri götürək. Bir çox hallarda bizim yazarlara hansısa əcnəbi pasportu daşıyan şərh yazan kimi "abi"lər, "hocam"lar sözləri sarmaş-dolaş olur. Onların bir şərhi belə, cavabsız buraxılmır. Zarafatlarını sosial şəbəkə dili ilə qeyd etsək, smayliklər gen-bol bulaq gözündən axan suya çevrilir. Amma o əcnəbi pasportludan dəfələrlə üstün olduğuna inandığım azərbaycanlı şərh yazsa, xüsusən də hər hansı statusu yoxdursa, onu görməyəcək. Hətta zarafatlarından ciddilik tələb edəcək. Niyə? Səbəb odur ki, azərbaycanlı yazıçıdır? Əgər istedadına görə onlardan aşağı səviyyədə olan birisi olsaydı anlardım.

Və yaxud götürək bəzi səfərləri. Öz ölkəsində ciddiyə alınmayan ikinci, üçüncü və daha aşağı səviyyəli yazıçıları öz üzərimizdən yuxarıda əyləşdiririk. Onlara hörməti, yanaşmanı özümüzdən fərqli etmək. Xeyr, bu, qonaqpərvərlik də deyil.

Bilirsiniz, bu nədir? Əziklik sindorumudur, bizlərdən olmayan bizdən daha üstündü psixologiyasıdır. "Pasport" fərqinin acımasız etirafıdır.

Əzizlər, sonra deyirsiniz niyə bizi saya salmırlar. Siz özünüzü saya saldınız da, başqası saymadı?

Ədəbi mühitimizdə tez-tez bir-birimizə olan ögeylikdən, qısqanclıqdan, paxıllıqdan danışırıq. Bunu həm istedadlı şəxslər, həm də özünü istedadlı sanan şəxslər dilinə gətirir. Aşağı-yuxarı 90% belə düşünür. Ədəbi gənclikdə isə az qala bunu hamıya şamil etmək olar.

İstedadlıyam, məni görmürlər.

Kitabım çıxdı, haqqında kimsə yazmadı və ya az yazdılar.

Ciddi mətn yazdım, paxıllıqla yanaşdılar, görməzdən gəldilər.

Mən yaxşı yazıram, amma qısqanclıqla yanaşıb, sanki məni tanımırlar görüntüsü yaradırlar.

Adi statuslarıma, ciddi olmayan açıqlamalarıma münasibət bildirənlər şeirimi görəndə yoxa çıxır.

Və s.i.a.

Hər birimizin şikayətləndiyi, amma bu eqoistləri özümüzdən başqa yerdə axtardığımız sonuna kimi tapmadığımız insanlar bəs harda mövcuddur, harda yaşayır?! Bəlkə elə öz içimizdə, ruhumuzda yaşayır o insanlar...

Bu ögeylər, eqoistlər kimdir axı? Hər şeyi başqalarında axtarmaq, gözləmək doğrudumu? Olmaz ki, içimizdəki eqoist qalasını dağıdaq? Bəlkə başqaları da bizdən kiçik bir jest gözləyir... Sadəcə, barmaq boyda kiçik bir jest...

Elə götürək, bəndəniz Emin Pirini. Diqqətlə analiz edirəm. İndiyə kimi mənim yaradıcılığıma şairlər, yazıçılar, tənqidçilər ümumiyyətlə, ədəbiyyat adamları onlarla yazı həsr edib.

Bəs mən? Müsahibələrimdə, açıqlamalarımda ad çəkməyi istisna etsək bir şair haqqında bir yazı belə qeyd etməmişəm. Elə öz içimizdəki eqoizmi dağıdaq. Bu qədər eqo ruhumuzu yeyib, olan-qalan istedadımızı da məhv edəcək.

Bilirəm, yenə günahkar ovuna çıxacaqsınız. Başqalarında görəcəyik, axtaracağıq. Kimsə özündə səhv tapmayacaq. Elə isə deyirəm, bu mühitin ən eqoist adamı mənəm. Bütün günahlar məndədir. Bəli, o başqası tapıldı. Rahat ola bilərsiniz. Ruhunuzu sevgiyə təslim edin və bir-birinizə qucaq açın!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!