Hacı Zeynalabdin Tağıyev Bakıya qayıdır - Nizaməddin Şəmsizadə yazır

Faytonla yox, qatarla yox, təyyarə ilə də yox, tariximizə və mənəvi sərvətlərimizə diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin sayəsində Sovet imperiyasının xarabalıqları üzərindən keçib əbədi olaraq heykəlləşmək üçün ötən əsrin önlərində tikdiyi şəhərə - tarixdən öz yerini tutmağa qayıdır...

Mənim Tağıyev sevdam bir hadisə ilə bağlıdır. XX əsrin 80-ci illərinin ortalarında indiki AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda işləyirdim. 1982-ci ildə müdafiə edib elmlər namizədi olmuşdum. Bir gün XX əsr ədəbiyyatı şöbəsinin müdiri, görkəmli alim və yazıçı Kamran Dadaşoğlu məni yanına çağırdı. Gördüm ki, otağında nimdaş geyinmiş, ayağında fəhlə batinkası olan bir qoca qadın var. Dadaşoğlu məni ona təqdim edib dedi: - Sara xanım, bu çox etibarlı oğlandı, mənim gənc dostumdu, milli ziyalıdır, ona inana bilərsən. O səni notariusa aparacaq.

Sonra mənə üzünü tutub dedi: - Nizaməddin, bu qadın milyonçu Tağıyevin qızıdır. İllərdi çiynində içi sənədlərlə dolu tor setka atasına bəraət qazandırmaq üçün müvafiq idarələrin qapılarını döyür. Xalq düşməninin qızı deyə, onu heç kim qəbul etmir, qulaq asan yoxdur. Heybəsində atası haqqında yazdığı dissertasiyanı da gəzdirməkdən kor olub. Onu apar beşmərtəbənin yanındakı notariusa. 

Beşmərtəbənin yanındakı dayanacağında basabas olduğu üçün Sara xanım ləng düşdü: Sürücü ona acıqlanıb dedi: - Ə, çoban oğlunun qızı, tez düş də.

Qəzəb məni boğdu özümü saxlaya bilmədim: - O çobanın sənin kimi minlərlə qoyunu olub. O, milyonçu H.Z.Tağıyevin qızıdır. Adamlar təəccübdən donub qalmışdılar. Xatırladım ki, indiki "Azərbaycan tarixi" muzeyinin güzgülü zalı Sara xanımın yataq otağı olub, ay etibarsız, gidi dünya... Özümə söz verdim ki, böyük milyonçu və mesenat Hacı Zeynalabdin Tağıyevi xalqa tanıtmaq uğrunda mübarizə aparacağam. Səhərisi bu olayı Nizami adına Ədəbiyyat İnstitutunun koridorunda akademik Kamal Talıbzadəyə və professor Kamran Məmmədova (Dadaşoğluna) danışdım. Kamal müəllimin göy gözləri doldu, Dadaşoğlu bir bərk söyüş söydü.

Və bundan sonra mən Tağıyevin mühitini, taleyini və tariximizdəki əməllərini tədqiq etməyə başladım. Tez-tez Sara xanıma baş çəkir, imkanım daxilində bazarlıq edir və ən başlıcası söhbətlər edirdim. Bir dəfə soruşdum ki, Tağıyevi niyə qadağan ediblər?

Çox səbəblər dedi və dedi ki, o, V.İ.Leninin əsərlərində tənqid olunub. Mən bu "Tənqidi" axtarıb tapdım. Lenin, əslində, mühəndis Behbudovla bağlı (o, Tağıyevin ailəsi üçün söz çıxarmışdı və Tağıyev də ona fiziki cəza vermişdi!) məhkəməni udmaq üçün kadet partiyasının üzvü olan vəkil Maklakova çoxlu pul verdiyinə görə Maklakovu (Lenin kadetlərlə düşmən idi) tənqid etmişdi. Xoşbəxtəm ki, ilk dəfə H.Z.Tağıyev tarixinə və taleyinə münasibətdə uzun illərin yasaq buzunu sındırmaq mənə nəsib olub. Onu düşmən elan etmiş sovet rejiminin kəshakəs vaxtında - 1987-ci ildə "Dalğa" verilişində böyük milyonçu və xeyriyyəçi Hacı haqqında çıxış etdim. Azərbaycanın yeganə televiziyasında bu veriliş efirə gedəndən sonra Bakı küçələrində tanımadığım adamlar - bakılılar məni qucaqlayıb öpürdü.

"Ədəbiyyat və incəsənət" qəzetində "Unudulmuşlar haqqında uvertüra" cəmi bir nüsxəsi çap olunmuş "Amal" qəzetində (14 may 1992) "Tarixdən qayıdan adam" məqaləsini dərc etdirib, milləti Hacının tarixi haqqını bərpa etməyə çağırdım. Azərbaycan tarixi və onu yaradan şəxsiyyətlər barəsində ucuz-ucuz hədyanlar yazmış rəsmi tarixşünaslar yazmış rəsmi tarixşünaslığa, onun başında duran alim-məmur elitasına qarşı çıxaraq H.Z.Tağıyevi milli-mənəvi həyatımızın refermatoru kimi təqdim etdim. O vaxt bu çox çətin məsələ idi, yaxşı ki, tarix belə çətinlikləri arxada qoyaraq əzəmətlə irəliləyir.

O zaman baş redaktor N.Həsənzadənin böyük cəsarəti sayəsində "Ədəbiyyat və incəsənət" (18 sentyabr 1987) qəzetində çap olunmuş "Unudulmuşlar haqqında uvertüra" məqaləsində sovet rejiminin qadağan etdiyi üç taleyüklü problem qaldırmışdım: AXC-nin tarixini bərpa etmək; şah və şair Xətainin 500 illik yubileyini keçirmək; böyük milyonçu və mesenat H.Z.Tağıyevə Bakıda abidə qoymaq. Kommunist funksionerlər və yazıçılar bu məqaləni hücumla qarşıladı. MK-ya yazmışdılar ki, "Nizaməddin Şəmsizadə ədəbiyyatımızı alt-üst edib", abidəni kapitalist Tağıyeva yox, binaları tikən fəhlələrə qoymaq lazımdır. Lakin başqa cür düşmənlər də var idi: "Unudulmuşlar haqqında uvertüra" məqaləsini milli yanğı qarışıq sevinclə oxudum. Bu yazı səksəkələrdən xilas olan ürəyimizdən, axır ki, dillənməyə macal tapan vicdanımızdan xəbər verir. Doğrudan da, unudulmuş tarixi və ədəbi simalarımızı, onların tarixi inkişafımızdakı rolunu öz rəngi ilə göstərmək zəruridir. Unudulmuş şəxsiyyətlərin mənəvi həyatımıza qaytarılması, laqeydlik dumanının o üzündə qalmış faktorların aşkarlanması yenidənqurma epoxasının təsiridir. Unudulmuşların həyata qaytarılması tariximizin, mədəniyyət və ədəbiyyatımızın çoxəsrlik yolunda qoyub keçdiyi mərhələlərin ayrı-ayrı şəxsiyyətlərin və faktların aşkarlanıb yaddaşlara olduğu kimi həkk olunması zəruridir" (Qara Əhmədov, Qazax rayonu).

"Unudulmuşlar haqqında uvertüra" çap olunandan sonra 90 yaşlı fədakar tədqiqatçı, böyük ziyalı Qulam Məmmədov M.F.Axundov Kitabxanasında məni tapıb zəng vurdu və dedi: - Alqış belə cəsarətə, belə qeyrətə, bu, millətə böyük xidmətdir.

Və nəhayət, mən "Tariximizin Tağıyev mərhələsi" ("Həftə" 15 yanvar 1998) adlı geniş bir tədqiqat məqaləsi yazdım. Bir gün bir xanım mənə zəng vurub kövrələ-kövrələ dedi: - Mən Tağıyevin nəvəsi Səfiyyə xanımam, Amerikada yaşayırdım. İnanmazdım ki, babam haqqında belə məqalə yazıla, sizə minnətdarlığımı bildirirəm. Cəsarətinizi və milli qeyrətinizi alqışlayıram. 

"Meydan" epopeyasının sovet qoşunları tərəfindən dağıldığı bir vaxtda - 1988-ci il dekabrın 25-də S.Vurğunun ev-muzeyinin direktoru A.Vəkilova zəng vurub mənə bildirdi ki, H.Z.Tağıyevin 150 illiyini qeyd edirik. Sən orada çıxış etməlisən. Milli ruhlu ziyalıların toplandığı kiçik zalda mən, yazıçı Manaf Süleymanov, təhsil muzeyinin əməkdaşı Aliyə Abbasova, jurnalist Teyyub Qurban çıxış etdik. Burada H.Z.Tağıyevin tarixi xidmətləri və şəxsiyyəti haqqında geniş nitq söylədim, yazıb apardılar. Fəqət, axşam bu mövzuda müsahibəmi televiziyada vermədilər. 1988-ci ilin iyun-iyul aylarında çətinliklə razılıq alıb o zaman heç kimə etibar etməyən Sara xanım Sarayeva - Hacının yeganə yadigarı ilə atası haqqında uzun söhbətlər edib bir dəftər qeyd yazdım. Həmin dəftər arxivimdədir. Məqsədim H.Z.Tağıyev haqqında "Görkəmli adamların həyatı" seriyasından kitab yazmaq idi. 1989-cu ilin may ayında Aybəniz xanımın təşəbbüsü ilə mən, həyat yoldaşım Qızqayıt xanım, mərhum Vəli Məmmədovun xanımı və adlarını unutduğum bir neçə şəxs Sara xanımın Sabir adına Texnikumun arxasındakı mənzilində onun 90 yaşını qeyd etdik. Bu barədə fotolar arxivimdə saxlanılır.

Kim idi H.Z.Tağıyev, nəyə görə sovet cəmiyyəti onun adını yasaq etmişdi, hansı əməllərinə görə biz onu tarix yaradan şəxsiyyət kimi qiymətləndiririk?!

Sovet rejimi laxlayandan, icazə veriləndən sonra onun həyatı və əməlləri haqqında çoxlu məqalələr yazıldı. İ.İsmayıl və İ.İbrahimovun "El atası" (1994) kitabı çap olundu. 1993-cü ildə H.Z.Tağıyevin fəaliyyətini əks etdirən ikicildlik "Himam ər-rical" ("Kişilərin hümməti") kiril əlifbası ilə çap olundu. Buraya N.Nərimanovun və Axund Yusif Talıbzadənin qiymətli əsərləri də daxil idi.

Həm XX əsrin əvvəllərində, həm də əsrin sonlarında - bizim dövrə həsr olunmuş əsərlərdə onun iki doğum tarixi göstərilir: 1823 və 1838. M.İsmayıl və M.İbrahimovun "El atası" kitabında Hacının 1823-cü ildə doğulması barədə 12 oktyabr 1899-cu il tarixində Tbilisidən Zaqafqaziya şeyxülislamı Ə.Axundzadə tərəfindən verilmiş D 475-99 nömrəli şəhadətnamə əsas göstərilir.

1988-ci ilin yayında Sara xanımla görüşərkən onun evində Hacının portretinin altında "1838-1924" yazılması diqqətimizi cəlb etmişdi. Bu barədə bir neçə dəfə Sara xanımdan soruşmuşdum. O, hər dəfə mənə demişdi ki, atam 1838-ci ildə anadan olub, 1823 rəqəmi səhvdir. Yeri gəlmişkən deyim ki, Sara xanım atasının mədəni-tarixi xidmətləri haqqında dissertasiya yazmışdı. Ömrü boyu onu çap etdirə bilmədi, qul xislətli alimlər ona mane olub, atasına "sinfi düşmən" damğası altında çıxmağa imkan vermədilər. Bir məsələni də dəqiqləşdirək. Onun haqqında yazanlar H.Z.Tağıyevin 1924-cü il sentyabrın 1-də Mərdəkandakı bağ evində (digər evləri əlindən alınmışdı) öldüyünü yazırlar. Sara xanımın dediyindən məlum olur ki, H.Z.Tağıyev beyin iflicindən vəfat edib.

H.Z.Tağıyevin Azərbaycan iqtisadi-mədəni həyatındakı xidmətləri böyük tədqiqatların, cild-cild kitabların mövzusu olmağa layiqdir. Onların müəyyən qismini yada salaq...

Hacı İçərişəhərdə, məşhur başmaqçı Tağının ailəsində anadan olub. Yeddi yaşında atasına bildirib ki, bənna olmaq istəyir. Bənnanın əlinin altında palçıq daşıyan işləyir. Bir gün atası evə əliboş qayıdır. Zeynalabdin isə 5 qəpik qazanıbmış. O, qazancını atasına verir. Atası bu pula çörək və bağırsaq alır. Ailə nahar edib dağılışanda, ata ailəni saxlayır, tələb edir ki, Zeynalabdin üçün dua etsinlər. Deyirlər ki, məşhur milyonçu olanda da Hacı palçıq vannası əzməsin deyə, çiyninə qoyduğu palanı yadigar saxlayırmış. O günlərini Hacı Fransının ən bahalı hotellərində, ən məşhur milyonçular, ən gözəl Avropa xanımları ilə keçirdiyi nahar məclislərində də bir an belə unutmayıb.

Hacı Zaqafqaziyanın ən ziddiyyətli neft şəhərinə sahib kimi çox gec, təqribən 50-60 yaşlarında daxil olub. İlk quyudan neft çıxmayıb, erməni şəriki ona xəyanət edib. İkinci quyudan neft fontanı isə dənizə axıb, yığmağa, rezervuar tikməyə pul olmayıb. Nə isə, XX əsrin milli intibahının əsaslarını hazırlayan milyonçu Tağıyev Nobel, Potşild kimi dünyanı lərzəyə gətirən adamlarla öz xalqı, öz vətəni, öz milləti uğrunda rəqabətə girməli olub.

İlahi, bu, tarixin ironiyası deyilmi, bu gün, yəni XXI əsrin önlərində də Bakı neftinin mənfəətinə həmin nobellərin, rotşildlərin nəvələri göz dikiblər. S.Vurğunun məşhur misraları yada düşür: "Tarix utanmazmı yaratdığından?!". Doğrudan da, "hələlik bir yanda qalsın bu sual"...

H.Z.Tağıyevin ilk böyük xidməti Bakıya Qubadan Şollar suyu çəkdirmək idi. Bakıya daha ucuz başa gələn Kür çayından yox, Qubadan su çəkmək uğrunda Hacı 1899-cu ildən - ingilis mühəndisi V.V.Lindley Bakıya gəldiyi gündən 1917-ci ilin yanvarında - Bakı-Şollar su kəməri istifadəyə verildiyi günə qədər 18 il ərzində mübarizə aparır. Bütün bürokratik, maddi və mənəvi maneələri dəf edərək Bakıya çirkli Kür suyunun yox, təmiz bulaq suyunun gəlməsinə nail olur. Bu mübarizənin özü böyük bir söhbətin mövzusudur.

H.Z.Tağıyevin ikinci böyük xidməti 1880-ci ildə Bakıda milli teatr binası tikdirməsidir. Əslində, indiki Musiqili Komediya Teatrının yerini Hacı dəyirmanlar tikdirmək üçün almışdı. Fəqət, o, burada bütün Şərqdə iki ən böyük teatr binası tikdirir. Bu zaman Azərbaycan dramaturgiyası yalnız M.F.Axundzadənin 6 komediyası ilə təmsil olunurdu. H.Z.Tağıyev Teatrı nəinki teatr, habelə XIX əsrin sonlarından başlayaraq dramaturgiyanın yaranmasına xidmət etdi. Mən hesab edirəm ki, Azərbaycan milli teatrının tarixini, hansısa klubda tələbələrin M.F.Axundzadənin pyesini oynadığı 1873-cü ildən yox, professional teatrın fəaliyyətə başladığı 1880-ci ildən başlamaq həqiqətə daha uyğundur.

1919-cu ildə H.Z.Tağıyev Teatrının 30 illiyi təntənə ilə qeyd olunub. Bütün milli ziyalılar iki sıra düzülərək Hacının gəlişini gözləyirmişlər. Böyük bəstəkar Ü.Hacıbəyov bu gəlişə xüsusi təntənəli marş həsr edir. Sara xanımın dediyinə görə, bu marşın əlyazması M.F.Axundzadə adına Kitabxananın fondunda saxlanılır. 

H.Z.Tağıyevin üçüncü xidməti Bakıda ilk Qızlar Seminariyası açması idi. Bu məqsədlə o, hazırkı Əlyazmalar İnstitutunun binasını tikdirib. Mənim şəxsi arxivimdə bu məktəbdə dərs prosesini əks etdirən çoxlu fotoşəkil saxlanılır. Burada Avropa kabinet üsulu ilə dərs keçilir. Məsələn, biologiya kabineti musiqi, yaxud ilahiyyat kabinetindən öz tərtibatı ilə seçilirdi. Bu məktəb uzun mübarizədən sonra 1901-ci il oktyabrın 7-də açılmışdı. Bu məktəbi açmaq üçün o, çarın arvadına qiymətli hədiyyələr göndərmiş, məktəbə bu rus xanımının adını verəcəyini vəd etmişdi.

Bundan əvvəl Hacı 1894-cü ildə öz vəsaiti ilə Mərdəkanda Kənd Təsərrüfatı Məktəbi açdırmışdı.

Böyük milyonçunun dördüncü xidməti Şərqdə milli mətbuatın formalaşmasına hamilik etməsi idi. Onun vəsaiti ilə Hindistanda fars dilində "Həblülmətin", Bakıda "Həyat", "Füyuzat", "Kaspi", "Təzə həyat" kimi məşhur qəzet və jurnallar çıxırdı. XX əsrin üç böyük fikir nəhəngi, milli intibahımızın dönməz təbilçiləri - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşov bu mühitin yetirməsi, bu mətbuatın, fikir hərəkatının liderləri idi. Ə.Topçubaşov, H.B.Zərdabinin kürəkəni, Hacının yaxın dostu idi. Sonralar bu üç fikir adamları Şərq: türk-müsəlman dünyasının məşhur qurucuları oldular. Bu, ilk növbədə, H.Z.Tağıyevin xeyirxah əməllərinin, sərvətinin və uzaqgörənliyinin bəhrəsi idi.

Bəs, H.Z.Tağıyevin milli iqtisadiyyatın təşəkkülündəki xidmətləri?! Bu da xüsusi tədqiqat və kitabların mövzusudur. Bu istiqamətdə bir ibrətli fikri söyləməklə kifayətlənirəm...

XIX əsrin lap sonlarında çara xəbər verirlər ki, Qafqazdan gəlmiş bir müsəlman öz vəsaiti ilə rus kilsələrini təmir etdirir. Çar bu adamla maraqlanıb onunla görüşür. Bu şəxs kim idi? Nəyə görə o, xristian kilsələrini təmir etdirir? Çarla həmin şəxs nə barədə söhbət etmişdir?

Həmin qafqazlı müsəlman sərvəti və səxavəti ilə dünyada məşhur olan Azərbaycan milyonçusu, maarifpərvər xadimi və yurdunun əsl vətəndaşı H.Z.Tağıyev idi.

Onun ehtiyacı olan rus kilsələrini təmir etdirməsi belə bir xeyirxah niyyətlə bağlı idi. Hacı toxuculuq kombinatını tikəndən sonra dəzgahların xeyli hissəsini İngiltərədən gətirtmişdi. Bir hissəsi isə İvanovdan alınmalı idi. Lakin Marozov başda olmaqla Şərqdə qüvvətli parça ticarəti bazarını itirməkdən ehtiyat edən rus kapitalistləri H.Z.Tağıyevə dəzgah satılmasına mane olur, onu yalnız bez istehsalı ilə kifayətlənməyə məcbur edirdilər. Bu barədə icazə üçün çara müraciət etsə də, Tağıyevin təşəbbüsləri nəticəsiz qalmışdı. Çar onu qəbul etməmişdi. Çarın diqqətini cəlb etmək, onunla görüşüb öz niyyətini həyata keçirmək üçün Hacı rus kilsələrinin təmiri kimi ağır bir işə xərc qoymuşdu.

Görüş zamanı çar Hacıdan soruşur ki, sən özün müsəlman ola-ola nəyə görə xristian kilsəsini təmir etdirirsən? Müdrik Hacı ona cavab verir: - Dinimiz ayrı olsa da, Allahımız birdir. Məscid kimi, kilsə də Allahın evidir. Onu uçulmuş görmək və tikməmək müsəlman üçün də, xristian üçün də günahdır.

Bu cavab çarın xoşuna gəlir. İmperiyanın başçısı həmin xeyirxah adamın arzusunu da bilmək istəyir. H.Z.Tağıyev xahiş edir ki, ona İvanovdan toxuculuq dəzgahı satılmasına icazə versinlər. 70 il sovet sənayesində müntəzəm xidmət etmiş o dövrün ən böyük sənaye mərkəzi olan Tağıyev fabriki belə bir fədakarlıqla yaranmışdı. Ümumiyyətlə, H.Z.Tağıyev millətin maddi və mənəvi tərəqqisi naminə belə fədakarlıqlar çox etmişdi.

Bir dəfə Sara xanımdan soruşdum: Sovet hökuməti Hacını incitməyib ki?! O dedi ki, yox. Çünki Hacı Zeynalabdin hələ sovet hakimiyyəti gəlməmiş vəsiyyət edib demişdi: - Sərvətimin üçdəbirini xalqa paylayın. Bolşevik komissarlarına isə deyib: "Mənim heç nəyim olmayıb, mənə heç nə lazım deyil. Əgər bu, xalqın hakimiyyətidirsə, sərvətimin hamısını xalqa çatdırıram".

20 yanvar 1922-ci ildə N.Nərimanova məktubunda oxuyuruq ki, o hələ 25 sentyabr 1921-ci ildə Xalq Komissarları Sovetinə xüsusi layihə təqdim edib ki, mənim təcrübəmdən istifadə edin, mən millətimin quruculuq işindən kənarda qala bilmərəm, kağız kombinatını, balıqçılıq sənayesini və dəyirmanları mənə həvalə edin, sizə fayda gətirim. Lakin bolşevik "şpanalar" bu müdrik çağırışı eşitməyə qadir deyildilər...

Bəzən tarix də kar olur. Tarixin onu yaradanlara qarşı laqeydliyi övladın anaya laqeydliyidir. 1924-cü il sentyabrın 1-də Asiya və Avropada məşhur olan milyonçu, xeyriyyəçi, böyük vətəndaş və islahatçı H.Z.Tağıyev beyin iflicindən Mərdəkandakı evində vəfat edir.

Az keçməmiş bu evi də onun ailəsindən alırlar. Genişliyə, əzəmətə öyrənmiş general qızı, H.Z.Tağıyevin ikinci və sevimli xanımı Sona xanımı dar, ikiotaqlı bir mənzilə köçürür, fəqət, burada da rahat buraxmırlar. Sona xanım dəli olur...

Tarix ən ədalətli hakimdir. O, həqiqətləri yerbəyer edir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!