"Mən" olmağımın tarixçəsi... - Niyazi Mehdi - parçalar

Niyazi MEHDİ

Linkə keçid edin: http://edebiyyatqazeti.az/news/muzakire/4308-men-olmagimin-tarixcesi

 

Universitetdə oxuyanda

(1968-1973)

Dedim ki, məktəbdə antitənbəki ruhunda yazdığım bir hekayə üzündən 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxumağa başladım (onu da deyim ki, o çağ heç ağlıma da gəlməzdi ki, haçansa dünyada antitənbəki projesi ilə böyük pullar qazanan qurumlar olacaq). Atam nə içki içən idi, nə siqaret çəkən. Güman ki, onun "antisiqaret" pafosu məni bu hekayəni yazmağa itələmişdi, hərçənd bu pafos sonralar siqaret çəkməkdən məni çəkindirmədi. Deyəmmərəm ki, atamda uzaqdan yazıçı "iyini"  bilmək duyğunluğu (həssaslığı) vardı. Bəlkə mənim cümlə qurmağım onda inam yaratmışdı ki, "yaxşı yazıçı ola  bilər"? İndi xeyli adam Facebookda, ya Tvitterdə cümlə qurmağı öyrənib. O çağlar isə çox Azərbaycan adamının yazıda "yaxşı" cümlə qurmaq problemi vardı və bu fonda qabağa çıxmaq çətin deyildi.

Ancaq indi də bir nəsnədən heç cürə baş çıxara bilmirəm. "İntellektual gənc necə olmalıdır" standartları baxımından Batı, rus seçilmişlərindən (vunderkindlərindən?) bu qədər geri qalan mən haradan və kimlərdən gələn etgilər altında universitetin elə ilk ilindəncə normativ Azərbaycan ədəbi dilinə müxalif olmağa başladım?

Rus modernistlərinin, formalistlərinin yazdıqlarından xəbərsiz olan mən, - Velimir Xlebnikovın dil-söz "hoqqalarının" estetikasını görsəydim belə, qanmayacaq səviyyədə olan mən, nədən Mirzə İbrahimovun, Əli Vəliyevin dillərindən darıxırdım? Niyə ədəbiyyatşünaslıq məqalələrinin səliqəli söyləmləri mənə o qədər bozumtul görünürdü ki, onları yamsılaya-yamsılaya cümlə qurmaq və savadlı görünmək məni çəkmədi? Niyə yazıda və nitqdə normativ ədəbi dilin acığına danışıq dilinin ritminə, avazına üstünlük verdim? Vallahi, bilmirəm! Elə o vaxtdan, necə oldu ki, - necə olduğunu da bilmirəm, - məndə ərəb-fars sözlərini hansısa intonativ-fonetik göstəricilərə görə tanımaq sezgisi yarandı? Hərçənd, bu intuisiya hərdən məni  aldadırdı da. Bax, o çağlar məndə ərəbcədən gələn "və" bağlayıcısına nevroz yarandı (nevroz nəyəsə toxunmaqdan eymənməkdir, axı). Özəlliklə, üç-dörd həmcins üzvlərdə axırıncıdan qabaq "və" yazmaq məni elə çiyrəndirdi ki, indiyənəcən də o normativ qaydaya əməl etmirəm. O qədər əməl etmirəm ki, bu yaxınlarda bir məsələdə özüm-özümə çaş qaldım. Demə, rus dilində yazdıqlarımda da mən həmcins üzvlər arasında "i", yəni "və" qoymuram.

Bu ərəb-fars sözlərini həzm etməmək mənə haradan gəlirdi? Axı, uşaqlıqda radiodan hamamdakı əks-səda kimi gələn fars şeirləri mənə dadlı görünürdü. Bəlkə Ağdamdakı muğamatdan, aran istisindən, gözəl qızlarsız küçələrdən narazılıq içimdə bir-birinə sarmaşıb Şərqi sevməmək üçün əsaslar formalaşdırmışdı?! Sözsüz, istiyə görə Ağdamın, ya Doğunun suçu yox idi, sadəcə, insan psixolojisi elədir ki, kondisioner olmayanda istidə şəhərə, ölkəyə qəzəbli olur. Ona görə də görün, kondisioner nə qədər ölkəni xeyli qarğışdan qurtarır!

Güman ki, muğam və segahın Ağdamda hər yerdən gəlməsi də, yəni hegemonluğu, totallığı da məni bezdirmişdi. Dünya çoxsəsli olanda hansı musiqinisə sevməmək əqidədən, estetik dadbilimindən (zövqdən) asılı olur. Biri estradanı seçir, biri Klassik musiqini seçdiyi üçün estetik dadbilimi cazı qəbul etmir. Beləcə, plüralizmdə, çoxrəngli musiqi dünyasında seçim azadlığı yaranır. Seçmək varsa, bəyənib bəyənməməyin üçün geniş ölçü də var. Dünya bir musiqili olanda isə sanki deyirlər, xiyardır, yeyirsən ye, yemirsən yemə! Belə dünyada bir musiqililikdən bezənlər bütünlükdə musiqidən bezmiş kimi görünürlər. Dünya təkyeməkli menyüdə olanda əvvəl-axır yemək çiyrəndirir, axı! Muğamata sevgisizliyimin nədəni bəlkə bu idi?!

Qızlar... Gözəl, yaraşıqlı-yapışıqlı və türlü geyimli qızlar küçələrin, iş yerlərinin dizaynında iştirak edirlər. Onlar şəhər və ofis məkanlarında ora-bura taxılmış  gül dəstələrinə, naxışlara  bənzəyirlər. Şəhərin estetikasından "bu bəzəklər" çıxarılanda adamlar belə şəhərdə bir çox həzz, hedonistik nöqtələri, stimulları itirib üzücü vizual "susqunluğa" düşürlər. Bundan yaşamaları baş girləməyə çevrildiyindən yoxsullaşmış psixoloji ilə evdə-eşikdə dolaşırlar. Çox vaxt onlar heç bilmirlər də ki, düşdükləri rəngsiz-rüngsüz mənəvi durumun baisi estetik qıcıqlarını itirmiş küçələrdir. İnsanı səssiz-küysüz otağa sal qapat, 3-4 gün qalandan sonra psixikası pozulacaq. Çünki o elə "qurulub" ki, aramsız olmasa da, punktirli təkrarlarla dişarıdan siqnallar almalıdır. Bax, bu anlamda şəhərin estetik siqnallarını azaltmaq üzücü susqunluq kimi psixikaları korlayır. Ancaq bunları söyləməklə mən gözəl qadını mədəniyyət üçün  təkəlçi-hegemon, total ideya kimi arzulamıram. Lao-szı deyərdi ki, Yaman olanda Yaxşı da olur, çirkinlik olanda gözəllik də olur. Bütün insanlar gözəl olsa idi, dünya biabırçı olardı. Ən azı ona görə ki, gözəl insan ideyası itmiş olardı. Biz nəyisə fərqlərdə bilirik - yeriyəndə təmiz şüşədən qapıya başımızın dəyməməsi üçün ona zolaqlar vururlər ki, fərqlərdən şüşəni görək. 

Gözəlliyin bütə çevrildiyi uyqar ölkələrdə biz nəyi görürük? Sanki onun sevilməsi üzündən gözəl olmayanların yarışda şansları qalmır. Ancaq o biri  yandan, mədəniyyət gözəl qızların tam və danılmaz qələbəsini durduran, onların uğurlarını çərçvəyə salan rejim yaradır. Gözəl olmayan qız, əla aktrisalığı ilə istedadsız gözəlçələrdən yuxarı qalxır və ya İnsan Haqları gözəllərlə gözəl olmayanlar arasında ayrı-seçkilik salmağı xeyli azaldır. Mənim gəncliyimdə Sovet uçaqlarında stüardessalar hamısı yaraşıqlı, qəşəng bədənli qadınlar idi. Bu gün stüardessa sənətində gözəllərin monopoliyası qadın haqları üzündən öldürücü zərbə alıb. Aydın görünür ki, Lüfthanza, Britiş hava yolları uçaqlarında stüardessaların seçimindən gözəllik ölçüsü birinciliyini itirib. Beləcə, çağdaş dünyada gözəl olmayan qadınların estetikliyə qarşı qiyamı qələbə ilə qurtarıb. 

(Aya, mənim yerimə qız olsaydı, Azərbaycan bölgələrində gender balansının pozulması və bu pozuntuda oğlanların qələbəsinin fəsadlarını necə açardı? Çox maraqlı olardı onun düşüncələri. Ancaq bəlkə də bu düşüncələr mənim dediklərimin xeyli simmetrik təkrarı olardı, çünki kişisəl qavrayış qadınlar dünyasına da xeyli sirayət edir, yəni xeyli hallarda qadınlar dünyaya kişi gözü ilə baxırlar. Nə bilim, qadınsal qavrayışın özəlliyini anlamaq mənə xeyli zordur. Froydun Edip kompleksinin bütün uğurları, sanki deyirdi ki, Elektra kompleksini onun simmetrik tərsi etsə, eyni uğurlar alacaq. Ancaq bu güman özünü doğrultmadı. Froydda qadın psixoanalizi xeyli zəifdir).

Ağdamda mənim uşaq psixolojim indicə yaşlı adamın ağlı ilə tapıb anlatdığım bu məqamları bilməsə də, nəsə şüursuz, bilincsiz sezgi ilə bəlkə də onları duyurdu və bu üzdən Doğuya sevgisizlikdə bulunurdu. Elədirsə, bəlkə bu sevgisizlik acığa çevriləndə açığını ərəb-fars sözlərindən alırdı?!

***

Məktəbdə mənim üçün düşüncə yarışı və ortamı yox idi. Dostum Vaqif İbrahimoğlunun mənimlə bağlı bir zarafatı vardı. Hansısa rus pyesində (deyəsən, "Qağayı"da) qadın əri haqqında deyir ki, o həmişə düşünür. Sübut etmək üçün ərinə əmr edir: düşünmə! Əri cəhd edirmiş kimi gücənib üz-gözünü qırışdırır və suçlu-suçlu gülümsəyir: ...bacaramıram!

Bunu Vaqif mənimlə bağlı zarafata çevirirdi: Niyazi də düşünməyi dayandıra bilmir. Mənimlə bağlı Vaqifin bu stereotipindən belə çıxır ki, uşaqlıqdan əsas məşğuliyyətim fikirləşmək olub. Halbuki, belə olmayıb, ancaq yuxarıda söylədiyim kimi, bəli, şirin xəyalların xəstəsi olmuşam. Universitetdə isə nüvəsində Kamal Abdulla, Rəhim Əliyevdən, Eldar Eyvazovdan, bəndənizdən ibarət intellektual mühitə oxşar bir çevrə yarandı. Deyəmmərəm ki, bizimlə oxuyanların gözü qarşısında mən, Eldar (Eyvazov), Kamal, Rəhim, İkram ayrıca, elit bir özək kimi görünürdü. Ancaq mənim iç qavrayışımda bu çevrə bizimlə oxuyanların böyük çevrəsində balaca dairə əmələ gətirirdi. Onlar da bəlkə zorla sezilən cızıqla bu dairəni qəbul edirdilər, amma bəlkə də etmirdilər. Hər halda yemək-içməyə bir yerdə getməyimiz bu dairəni onlara göstərməliydi. Bizim qrupda Osman adında bizdən bir az yaşlı oğlan vardı, sonralar Borçalıda tanınmış folklor bilicisi oldu, bəs o niyə bu dairədə deyildi? Bilmirəm.

Bir dərsdə Kamal yunan tanrılarının adlarını oynadıb cavabını ağıllandıranda ilk dəfə özümdə eruditliyə, çoxbilmişliyə paxıllığa yaxınlaşan qibtə duydum. Düzü, bu mənə həməncə Antik mif və fəlsəfəni öyrənmək stimulu vermədi, ancaq hər halda bunun səsi sonralar çıxdı - əski yunan mifolojisi və fəlsəfəsi illər sonra noetik ləzzət (Aristotelin terminidir, ağlın sayəsində alınan ləzzəti bildirir) aldığım həzz oldu və bunda Kamalın  etgisi yox deyildi. O çağlar Kamalın bilik bazası hamımızdan üstün olduğu üçün, - bunu onun bioqrafik povestindən görmək olar, -  asanca gənc intellektual kimi parlayırdı. Universitetdə onun iki nəhəng arxası vardı, - Ağamusa Axundov, Yəhya Məmmədov. Kamal ikisinin də xanımlarının çox istəkli qardaşı idi (sonralar hələ də uğurlu, ya uğursuz olduğunu bilmədiyim "Altay və Umay" romanımda Altayın xarakterinə iki bacının ərköyün qardaşının cizgilərini Kamaldan alıb vurdum, o biri cizgilərsə Şahbaz Xuduoğludan gəlirdi).

Bunu illər sonra gördüm: yeznələr yaşlı olsalar da, Kamal onlarla da ərköyün idi, bircə atasından çəkinirdi, ağ və gur saçlı, ciddi, çox yaraşıqlı üzlü Mehdi müəllimdən. Ancaq universitetdə Kamalın dilçilər və fiziklər arasında bu iki nüfuzlu adam ilə qohumluğu heç cürə sezilmirdi. Heç kim qeybət qırmazdı ki, qohumlarına görə Kamala üzgörənlik var.  Ona görə də biz bir-birimizə sataşanda və bir-birimizi dolayanda fonda professor Ağamusa Axundov və professor Yəhya Məmmədov zəhmi,  çəkisi bulunmazdı. Hərçənd Ağamusa müəllim filfakda əfsanəvi personaj idi, gənc elmlər doktoru, Xarici Dillər Universitetində təzədən oxuyub ingilis dilini öyrənmiş istedad, hansısa ərəb ölkəsində dərs demiş "əfsanə". Sonralar hər ikisinin mənimlə isti münasibətini gördüm: ikisinin də salam-kəlamından, söhbətindən duyurdum ki, məni Kamalın yaxın dostu kimi seçirlər. Yəqin, Kamal evdə mənim haqqımda gərəkən yaxşı sözlər demişdi.

Kamalın bilikli, istedadlı olduğunu bilməmək mümkün deyildi, ancaq dedim ki, biz elə də elmi söhbətlər etmirdik. Nədənsə, Azərbaycan gəncliyi, indi bilmirəm, o çağlar söhbət qurdunu lağlağı ilə, bir-birini dolamaqla öldürürdü. Bir az düşüncə ortamı Güneydən gəlmiş Firuz Sadıqzadənin yaratdığı ədəbi-bədii dərnəkdə olardı. Burada Kamalın oxuduğu şeirləri xoşuma gəlirdi. 7-8-ci sinifdə Səməd Vurğun məndə poeziyaya sevgi yaratmışdı. Sonralar elə Səməd Vurğunsayağı şeirlər də məndə bu sevgini öldürdüyündən uzun sürə poeziyaya biganə qalmışdım. Bax, bu xasiyyətimdə bilmirəm nədənsə, Kamalın şeirlərindən ekstaza düşməsəm də, xoşlanırdım. İndiyənəcən də mənim poeziya ilə problemim var, çox az şeirdən təsirlənirəm. Kamalın şeirləri isə həmişə təsir edir. İnanmıram ki, dostluğumuz üzgörənlik yaratsın... "Üzgörənlik" - bu nə sözdür? Sonra araşdırmaq yaxşı olar.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!