Zövqün qüdrəti - Səlim Babullaoğlu

 

Polşa Seyminin səsvermə keçirilmədən və yekdilliklə qəbul etdiyi qətnaməsinin parlamentin mədəniyyət komissiyasının sədri Eljbet Kruk tərəfindən səsləndirilən hissəsində deyilir: "Dəyərlərin böhranı və böyük şübhələr dövründə Zbiqnev Herbert həmişə, bütün həyatı boyu sənətin, gözəlliyin, nizam-intizamın və peşəsinin aydın prinsiplərinə əsaslanıb, xeyir və şəri dəqiqliklə ayıran əxlaq kodeksinə riayət edib. O, sözə və özünə sədaqətin təcəssümü idi. Öz poeziyasıyla daim azadlıq eşqini, individuallığın üstünlüyü və onun mənəvi gücünə sevgini aşılayırdı...".

Ölümündən 20 il sonra bir ölkə parlamentinin bir şair haqqında belə yüksək əyarlı fikir ifadə eləməsi və bütöv bir ili həmin şairin adı ilə bağlaması, əlbəttə, ilk növbədə, o ölkə idarəçilərinin öz mədəniyyətinə, ədəbiyyatına, bu ədəbiyyatı yaradan insanlara yüksək münasibəti deməkdisə, başqa tərəfdən əbədi "hakimiyyət və sənət(kar)" qarşıdurmasında sonuncuların daha uzaqgörən və haqlı olması, birincilərin bunu gec də olsa təsdiq eləməsi, etirafıydı.

Görkəmli polyak şairi, esseisti və dramaturqu Zbiqnev Herbert dəfələrlə (1965-1971, 1975-1981, 1986-1992) öz ölkəsindən mühacirət etmiş, lap düzü isə bütün sosialist düşərgəsi ölkələri kimi o vaxtkı Polşada da hökm sürən, yumşaq desək, cansıxıcı siyasi və mənəvi ab-havaya tab gətirməmişdi. Almaniya, Avstriya, Fransa, İtaliya, Yunanıstan, ABŞ kimi ölkələrdə yaşamış, işləmiş, amma hər dəfə geri qayıtmışdı. Bu dönüşlərin, əlbəttə ki, 2 əsas səbəbi vardı.

Böyük polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980) Çeslav Miloş Aleksandr Fyutla söhbətində deyir... "Şübhəsiz, Vat, Rujeviç, Herbert, Svirşinska, Şimborska və Zaqayevski dünya poeziyası müstəvisində və çapında polyak poetik məktəbini təmsil edirlər. (...) Mən Herberti görkəmli şair hesab edirəm. O məni fəlsəfi nöqteyi-nəzərdən olduqca cəlb edir. Onu stoik sayıram. O, metafiziki özüylə əsaslanmayan, stoik şairdir. Heç şübhəsiz, bu məqamda Herbert və Kamyü arasında qohumluq var. O, "əllə tutula bilməyənin" poeziyasını yaradır. Onun poeziyasının bir absolyutu var - Vətən. Vətən, borc, şərəf...".

Dostluqlatı (Herbert Miloşu ustad sayırdı) heç də hamar yollardan keçməyən Miloşun yaşca kiçik həmkarı ilə bağlı söylədiyi hər bir cümlə haqqında ayrıca və geniş danışmaq olar, amma biz indilik yuxarıda qeyd etdiyimiz səbəblərdən birini müəyyənləşdirməklə kifayətlənir, XX əsr Avropasının daha bir böyük ədibi, düşünəri Hermann Hessenin fikri ilə ikinci səbəbi aydınlaşdırırıq: "Bu gözəl dünya dınqıltı əvəzinə-musiqi, əyləncə əvəzinə-sevinc, pul əvəzinə-mənəvi aləm, yalançı inilti-sızıltı əvəzinə-əsl iztirab istəyən adamlar üçün heç vaxt həqiqi vətən ola bilməzdi...". Bəli, Herbert yalnız görkəmli polyak şairi deyildi, o, miqyası etibarilə həm də Avropa və dünya şairi, vətəndaşı idi ki, hara getsə düşünməli və deməli, sıxılmalı idi. Əks-təqdirdə, şeirlərinin birində ("Cənab Koqito-qayıdış") belə yazmazdı:

"...o, tərəqqiyə daha inanmır...

bolluğun sərgiləri

onu iyrəndiririr, utandırır...

...elə onunçün də geri dönür, qayıdır...".

***

"Zbiqnev Herbert" məqaləsinin müəllifi Andrey Pavlişin şairin bioqrafiyasının erkən dövrünə aid, amma şəxsiyyətindən və yaradıcılığının əsas keyfiyyətindən xəbər verən bir xüsusi məqamı qeyd edir. O yazır ki, sovet işğalının ilk dövründə - onda Zbiqnevin 15 yaşı vardı, - Herbert bütün şagird yoldaşlarına Stalinin portretinə arxalarını çevirməyə sövq edə bilmişdi. O dövrdə bu, ciddi və ağır cəzayla nəticələnə bilərdisə də, yeni xanım direktorun mülayimliyi məsələni "üsyankar şagirdin" məktəbini dəyişməklə yekunlaşdırdı.

***

Zbiqnev Herbertin yaradıcılığının mərhələləri ilə bağlı demək olar, əksər araşdırıcıların rəyi eynidir. 1954-1969-cu illəri əhatə I mərhələ şairin "İşıq teli", "Hermes, köpək və ulduz", "Əşyanın tədqiqi", "Yazı"kitabları ilə əlamətdardır. Ümumiyyətlə, artıq ilk şeir və kitablarından Herbertin öz fərqli poetik nəfəsi - asta, amma güclü səsi sezilirdi. K.K.Baçinski, T.Rujeviç, Y.Xartviq və M.Byaloşevskinin nəsildaşı olan Herbert yaradıcılığa nisbətən gec başlamış, eksperimentlərə meyilli gənclik çağında tələskənlik eləməmiş, "oturuşmuş səslə dil açmışdı". Onun poeziyası "yaş azlığından əziyyət çəkən", lirik vəcdlə dolu poeziya deyildi. O, hər şeyi, o cümlədən II Dünya müharibəsini bütün dəhşətləriylə yaddaşa köcürmüş, sonra isə o yaşantıları düşüncə dərəcəsində soyutmuş yaddaşın isterikadan uzaq intonasiyası ilə ifadə etməyə başlamışdı. Bu mərhələdə Herbert həm də Rujeviç və b. özündən yaşca nisbətən böyük həmkarlarının poetik təsirindən bütünlüklə qurtulmuşdu.

Qəribədir ki, məhz yaradıcılığının sonuncu, III mərhələsində Herbert, sanki elə lap başlanğıcda formalaşdırdığı üslubuna daha çox lirimz qatmağa çalışır, həm şəxsi, həm ümumi mənada ötərilik, fanilik, hər şeyin öləziməkdə olması notlarını çoxaldır şeirlərində. Bu illərdəki "Roviqo" və "Gedişin elegiyası" kitablarında həmin notlar daha çox qabarıqdı. Amma bu, sonuncu mərhələ idi.

Herbertin böyük şair kimi özünü tanıtdırdığı dövr isə II mərhələ - 1970-1985-ci illər idi. Yaradıcılığının şah nümunələrinin toplandığı "Pan Kogito" və "Mühasirəli şəhərdən hesabat və başqa şeirlər" bu illərdə nəşr edilir. Bu kitablar həm Polşa, həm də ümumavropa mədəni mühitinin təkrarsız və ciddi hadisələri idi. Herbert - neolklassist məhz bu illərdə miqyaslı şəkildə görünür. Dekartın "Düşünürəmsə, varam" (Cogito ergo sum) formulundan doğan, Pol Valerinin "cənab Test"i ilə qohum olan və Zbiqnevin 40-dan artıq şeirinin baş qəhrəmanı olan Cənab Kogitonu dünya şeirinə şair məhz bu dövrdə bəxş etmişdi. Kim idi cənab Kogito? Əlbəttə ki, ilk növbədə, Herbertin "alter-ego"su, bozluq və düşüklük, zövqsüzlüklə zəhərlənmiş cəmiyyətə ironiya edən, özünə də acımayan, laqeyd ironiya ilə işğal olunmuş cəmiyyətə isə həmdərdlilik göstərən bir daxili səs, avropalı düşünərin ümumiləşmiş obrazı, bəzən monoloq, bəzən dialoqdu.

"onsuz da ruh qıtlığıdır

bəşər arasında...".

"Cənab Koqitonun ruhu" şeirindən

"Həlak olmuş 120 nəfəri

xəritədə axtarmaq mənasızdı

uzaqlıq onları

cəngəllik kimi gizlədir.

 

Sayın çoxluğu

xəyal gücünü korşaldır

sondakı sıfır

onların özünü xəyala çevirir.

 

Düşünmək üçün mövzu:

iztirabın cəbri...".

 

"Cənab Koqito qəzet oxuyur"

"Axşamlar faktlardan azad olarkən

bizim keçmiş və uzaq işlərimizi

             düşünmək imkanım olur, məsələn,

okeanın o tayındakı müttəfiqimizi -

       bilirəm ürəkdən yanırlar, həyandılar,

un yollayırlar, piy, çuval-çuval qidalar

                            və müdrik məsləhətlər.

Bilmirlər ki, bizi ikinci Apokalipsis zamanı

                             onların ataları satıbdı,

amma oğullar ataya

      cavabdeh deyil deyə, tərifə layiqdirlər,

bizsə, əlbəttə, minnətdarıq...".

 

"Mühasirəli şəhərdən hesabat" şeirindən

"...İşğalçı, mənim köməksiz vətənim

                                    səni qəbul edəcək,

ağ söyüdün altında bir arşın torpaq da

                         verəcək, səni uyudacaq ki,

bizdən sonra gələnlər yenidən vaqif olsunlar

sənətlərin ən çətininə -

                         yəni bağışlamaq sənətinə".

"7. 17.IX" şeirindən

"Bizim etirazımız nifaqımız bizim inadımız

əsla heç bir güc istəmirdi bizdən

gərək olan azacıq qoçaqlığımız vardı bizim

əslində, hər şey aslıydı zövqümüzdən

zövqümüzdən ki

canıydı qanıydı vicdanımızın...".

(...)

belə çıxır ki, həyatda estetika da

                                     gərəkli bir şeymiş

gözəllik haqqında elmə xor baxmaq

                           sən demə, lazım deyilmiş.

(...)

gözlərimiz və qulaqlarımız

                             itaətdən imtina elədilər

hisslərimizin məğrur şahzadələri

                        sürgün həyatını seçdilər...".

"Zövqün qüdrəti" şeirindən

Herbertin bu dövr yaradıcılığının xüsusi qeyd olunacaq məqamı da vaxtaşırı antik mövzu və süjetlərə müraciət etməsi, əski personaj və qəhrəmanları ("Qoca Prometey", "Tərəddüd edən Nika" və s.) yeni anturajda, bəzən isə yeni situasiya və yozumda təqdim etməsidir. "Köhnəliyi" bu sayaq "dişə vurma", sınama əlbəttə ki, Herbertin öz sözləri ilə desək, "ədəbi naz-qəmzə" yox, "azadlıq və insan ləyaqəti kimi anlayışların indi və bu dəqiqə (bu isə çox vacibdir!) bizim üçün nə demək olduğunu müəyyənləşdirmək cəhdidir". Yalnız "ekzistensial rezervuar" və "əbədi indi" olan mifoloji süjetlər buna imkan verirdi ki, dünya ədəbiyyatında da bunu sıradan ədiblər edə bilməzdi. Çünki bu, keçmişi və indini eyni vaxtda sərf-nəzər etmə demək idi.

***

"Əsrlər boyunca polyak ədəbiyyatında poeziyaya xüsusi önəm verilib. Ən əvvəl parçalanma dövründə, sonra isə Polşa Xalq Respublikasının zamanında poeziya nəinki yalnız şairlərin özü üçün və başlıca xidmət vasitəsi kimi ali incəsənətin bir hissəsi idi, o həmçinin sosial əlaqələri formalaşdırır və millətin özünüdərkinə, onun yaranmasına və formalaşmasına xidmət edirdi".

Bu fikirlər 2010-cu ildə Polşa Respublikası Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Polşanın Azərbaycandakı səfirliyi tərəfindən Bakıda nəşr edilən, Herbertin şeirləri ilə açılan, Çeslav Miloş, Vislava Şimborska və Tadeuş Rujeviçin də şeirlərinin daxil edildiyi "Qəfil görüş" (Çağdaş polyak poeziyası antologiyası) kitabına, antologiyanın tərtibçisi Aqneşka Ronçka tərəfindən yazılmış "tərtibçidən" başlıqlı yazıdan götürülüb. Oxşar fikirləri Azərbaycan poeziyası, xüsusən XX əsr Azərbaycan şeiri haqqında da söyləmək olar. Ümumiyyətlə, polyak və azərbaycanlıların XX əsrdə bölüşəcək oxşar və heç də həmişə birmənalı, xoşbəxt olmayan taleləri vardır ki, bunun ən yaxşı əks olunduğu mənbə bizim şairlərin yaratdığı poeziyadır. Bu mənada XX yüz il polyak şeiri həm azərbaycanlı poeziyasevərlər üçün, xüsusən də ədəbiyyatçılar üçün bir çox baxımdan maraq kəsb edir ki, "Qəfil görüş" antologiyasının nəşrinə peşəkar çevrələrdəki münasibət də bunu sübut edir. Bu gün Miloş, Şimborska, Rujeviç və Herbertin şeirləri həmin çevrələrin tez-tez istinad elədiyi bədii nümunələr sırasındadır.

Antologiyanın hazırlanmasında bu məqalənin müəllifi və Rəfail Tağızadə (bədii işləmə və tərcümə), Ayla Ağayeva, Rafiq Həşimov, Aynurə Cəfərova, İlahə Kərimova, Yelena Karetina, Rəisə Miskərli və Vüsalə Mustafayeva (tərcüməçilər), Yoanna Senkeviç (əlaqələndirici) və Katajına Kaletanın (səhifələmə və dizayn) xüsusi zəhmətləri olmuşdu. Və hələ ki, bu kitab müasir polyak şeirini bu həcmdə (4 şairin hər birindən on şeir, barələrində müfəssəl bilgi və polyak poeziyası haqda həcmli məqalə olmaqla) təqdim edən yeganə kitabdır ki, Herbrertin poeziyası, xüsusən də yaradıcılığının səciyyəvi, proqram xarakterli şeirləri ("Tərəddüd edən Nika", "Klassiklərin fərqi", "Cənab Koqitonun mirası", "Mühasirədəki şəhərdən hesabat", "Zövqün qüdrəti" və s.) daxil edilməklə təqdim olunub.

Bütövlükdə müasir polyak şeirini, o cümlədən Zbiqnev Herbertin poeziyasını Azərbaycan oxucusuna tanıtdıra bilən daha bir mənbə, son illərin maraq doğuran nəşrlərindən biri sayılan Azərbaycan polonistikasının veteranı, doktor Gülər Abdullabəyovanın yazdığı "Müasir polyak ədəbiyyatı" monoqrafiyası, kitabıdır.

Bu gün hər iki nəşr polyak şeirini tanımaq istəyənlərin stolüstü kitabı olub böyük zövqün qüdrətini nişan verir.

Məqalə "Polonia" jurnalının sifarişi ilə yazılıb.

Zbiqnev Herbert

Mühasirədəki şəhərdən hesabat

Silah götürmək və tək döyüşmək üçün çox qocayam -

Mənasızdı, amma yenə yazıqları gəlib salnaməçiliyi tapşırıblar mənə

və mən də mühasirənin tarixçəsini yazıram, hərçənd, kimin üçün bəlli deyil.

 

Dəqiqlik gərəkdi, düzdü, amma hücumun nə vaxt başladığını xatırlamıram,

iki yüz il əvvəlmi, payızdamı, qışdamı,

bəlkə dünən səhər-səhər, gün doğarkən...

...zaman hissini unudub hamı, xəstədi burda hər kəs,

bircə yer bəllidir, bir də o yerə bağlılıq,

hələ ki bizdədi bağların, evlərin, məbədlərin kabusları, xarabalıq-

onları da əldən versək qənimət boşluq olacaq demək.

 

Mən bacardığım kimi yazıram, sonsuz həftələrin sönük ritmində:

bazar ertəsi: bomboşdu anbarlar, dəyiş-düyüş üçün qalıbdı bircə siçanlar;

çərşənbə axşamı: burqomistri qətlə yetirdi naməlum adamlar;

çərşənbə: sülhdən bəhs edirlər, tərk-silah edilibdi səfirlər,

yeri bilinmir onların, yəni cəsədlərin və edamın;

cümə axşamı: səs-küylü iclasda çoxluqla rədd edildi

şirniyyat satanların şərtsiz təslimiyyət təklifi;

cümə: vəbanın başlanğıcı; şənbə: cəsur və dönməz havadarımız

həyatına son qoydu intiharla; bazar: su yoxdu, keçirdik ələ

Müqəddəs Kəlam qapıları adlanan Şərq darvazalarını həmləylə.

 

Anlayıram ki, bunlar solğun yazılardı, kimsəni tərpətməz,

hissimi boğub şərhlərdən qaçıram, yazdıqlarım yalnız faktlardı,

bir də elə yalnız onların qiyməti var Qərb bazarında.

Amma dünyaya car çəkmək istərdim bir azca qürurla ki, biz,

bu müharibənin hesabına yeni növ uşaqlar yetişdirmişik,

o uşaqlar nağılları sevmirlər, yalnız ölüm-öldürüm oynayırlar həyatda,

yuxuda şorba, çörək və sümük xəyal edirlər yalnız-

eynən it-pişik kimi.

 

Axşamları şəhər kənarında gəzməyi sevirəm,

bizim kövrək azadlığımızın sərhədləri yanında

orduların nəhəng qarışqa yuvasını yuxarıdan seyr edirəm-

onların məşəllərini,

barbarların hayqırtısını, təbil səsini eşidirəm.

Şəhər hələ də bizdədi, doğrusu, necə bilmirəm...

 

Mühasirə o qədər uzanır ki, görünür, düşmən dəyişir,

bizim qətlimizdən başqa onları heç nə birləşdirmir,

qotlar, tatarlar, isveçlilər, İmperator qoşunu,

müqəddəs Tanrı ordusu... - bəllimi onların sayı?

yazda zərif quş sarısı, yaşıl, tünd-qırmızı, qışın palçıq qarası-

dəyişir üfüqdə meşətək rəngi bayraqlarının...

 

Axşamlar faktlardan azad olarkən

bizim keçmiş və uzaq işlərimizi düşünmək imkanım olur, məsələn,

okeanın o tayındakı müttəfiqimizi - bilirəm ürəkdən yanırlar, həyandılar,

un yollayırlar, piy, çuval-çuval qidalar və müdrik məsləhətlər.

Bilmirlər ki, bizi ikinci Apokalipsis zamanı onların ataları satıbdı,

amma oğullar ataya cavabdeh deyil deyə, tərifə layiqdirlər,

bizsə, əlbəttə, minnətdarıq.

Onlar əbədiyyət qədər uzun mühasirə görməyiblər.

Bədbəxtliyin sığal çəkdiyi hər kəs tənhadı-

Dalay-lamanın tərəfdarları, kürdlər, əfqan dağlıları...

 

Mən bunları yazarkən sülh tərəfdarları 

dönməzlər partiyası üzərində azacıq üstünlük əldə ediblər,

meyillər dəyişir həmişə, yenə bəlli deyil talelər...

 

Qəbirlər artdıqca azalır dönməz əsgərlər,

amma mühasirə yarılmayıb, biz sonadək duracağıq,

işdi şəhər əldən gedərsə, qalarsa bircə nəfər,

o özüylə daşıyar şəhəri qürbətin dolanmbacında.

Demək ki, o özü şəhər olacaq.

Alovun, qorxaqlığın, baxarıq üzünə ölümün,

lap pisi xəyanətin.

Basılmaz qalacaq hər zaman yalnız bizim yuxular.

 

Zövqün qüdrəti

Professor İzidora Dombskayaya

Bizim etirazımız, nifaqımız, bizim inadımız

əsla heç bir güc istəmirdi bizdən,

gərək olan azacıq qoçaqlığımız vardı bizim -

əslində, hər şey aslıydı zövqümüzdən,

zövqümüzdən ki,

canıydı, qanıydı, vicdanımızın...

 

Kim bilir, bəlkə bizi həblər kimi yastı, alyanaq qadınlarla,

ya da Bosxun rəsmlərindəki əcaib varlıqlarla

daha gözəl şəkildə ustalıqla başdan çıxarsaydılar,

 onda ədalət sarayı adlanan o cəhənnəm,

o çirkli çuxur, döngə, qatil yatağı necə görünərdi?

 

Əvəzində Leninin gödəkçəsini geymiş cecə qoxuyan Mefistofel,

"Avroranın" qız  nəvələrini,

yemişbaş oğlan uşaqlarını,  

qırmızı əlli-əlcəkli pinti qızcığazları ölkəmizə göndərdi.

 

Kasad, döyənək olmuş sözlər, iki-üç axmaq kəlmə,

cəllad dialektikası, incəlikdən məhrum fikir,

felin lazım formasının gözəlliyindən məhrum sintaksis-

vallah, onların bəlağəti olduqca zövqsüzdü-

gorun elə onda çatladı Mark Tuli.

 

Belə çıxır ki, həyatda estetika da gərəkli bir şeymiş,

gözəllik haqqında elmə xor baxmaq sən demə, lazım deyilmiş.

 

Amma bütün bunları təsdiq eləməmişdən əvvəl,

memarlıq formalarını, barabanların və fitlərin ritmini,

rəsmi rəmzləri və qanmazca dəfn mərasimlərini

biz dəqiqliklə tədqiq etməliyik...

 

Gözlərimiz və qulaqlarımız itaətdən imtina elədilər,

hisslərimizin məğrur şahzadələri sürgün həyatını seçdilər...

 

Heç bir güc lazım deyildi, əsla!

Gərək olan azacıq qoçaqlığımız vardı bizim,

əslində, hər şey asılıydı zövqümüzdən,

hə, zövqümüzdən ki,

iyrəndiyimizi, acı gülüşümüzü göstərəcəkdi.

Ola bilsin, başımız - bədənimizin o əvəzsiz saxlancı

çiynimizdən düşəcəkdi...

 

7.17.IX

Yuzef Çapskiyə

İşğalçı, mənim köməksiz vətənim səni qəbul edəcək,

Yas və  Malqosyanın ayaq döydüyü məktəb yolu

heç vaxt uçuruma çevrilməyəcək.

 

Çaylar çox tənbəldirlər, sellərə-daşqınlara meyilli deyillər,

dağlarda yatan cəngavərlər yenə mürgü döyəcəklər,

demək sən, ey, çağırılmamış qonaq, içəri çox asan girəcəksən.

 

Amma bu torpağın övladları gecə toplaşacaqlar,

gülməli quşatanlara sarılacaqlar azadlıq aşiqləri,

öz müzey silahlarını yağlayacaqlar,

quşa və bayrağın iki rənginə əl basacaqlar.

 

Sonra həmişəki kimi partlayış qızartısı,

bir də rəsmlərdən çıxmış oğlanlar, yuxusuz komandirlər,

arxada məğlubiyyət dolu səhranın sarı-paslı səhrası,

bir də ayıq-sayıq yeganə düşüncə - kömək gəlməyəcək...

 

İşğalçı, mənim köməksiz vətənim səni qəbul edəcək,

ağ söyüdün altında bir arşın torpaq da verəcək, səni uyudacaq ki,

bizdən sonra gələnlər yenidən vaqif olsunlar

sənətlərin ən çətininə - yəni bağışlamaq sənətinə.

Tərcümə etdi: Səlim Babullaoğlu

İlahə Kərimova və Ayla Ağayevanın sətri tərcümələrindən istifadə edilib.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!