"Zəngəzurda mənim ürəyimin məzarı qaldı" - İmdat Avşar yazır

Hidayət Orucovun "Burdan min atlı keçdi" adlı xatirələr kitabını Türkiyə türkcəsinə tərcümə edərkən çox qəribə duyğular yaşadığımı etiraf etməliyəm... Kitabın sətirləri arasından, yüz il öncə yandırılan türk kəndlərinin göyə yüksələn dumanları və minlərcə illik yurdlarından sürgün edilən soydaşlarımızın ərşə çıxan fəryadları, fəğanları, çığırtıları yüksəlirdi...

Bu kitabın səhifələri arasında dolaşarkən mən də dəfələrlə o köç qafilələrinə qoşulub gah Ləmbəli obaları ilə birlikdə Gürcüstana, Borçalı torpaqlarına köç etdim, gah da taleyin sərt küləyilə kəndləri talan edilən Oğuz boyları ilə birlikdə Gəncəyə, Tovuza, Qazaxa, Zəngilana, Ordubada, Naxçıvana sovruldum...

Həzin köç gerçəklərini oxuyarkən tərk edilən yurdlarda hələ də bir "Fatihə" gözləyən analarımızın, atalarımızın, əcdadlarımızın ıssız məzarları keçdi gözlərimin önündən... Və bu məqamda Anadoluda söylənən, amma əslində, Qərbi Azərbaycana aid olan kədərli bir türkü dolaşdı dilimdə...

Sevdiklərinin məzarını işğal altındakı yurdlarda buraxmaq və ürəyini Zəngəzurda bir kimsəsiz məzara gömməyə məcbur qalan Hidayət Orucovun duyğuları ilə həmahəng səslənən bu türkü, oğlunun məzarı İrəvanda qalan bir ananın ürək yanğısını dilə gətirirdi:

Qırmızı gül dəmət-dəmət,

Sevda deyil, bir əlamət,

Getdi, gəlməz o müxənnət;

İrəvanda balam qaldı.

 

Qırmızı gül hər dəm olmaz

Yaralara məlhəm olmaz,

O təbibdən dərman gəlməz

İrəvanda balam qaldı.

Qəribə duyğular yaşamağımın başqa səbəbləri də var idi. Gənc bir müəllimin qədim Azərbaycan torpağı Mığrıdən İrəvana gedişi və o yolçuluğun bir şair könlündə yaratdığı həyəcan fırtınası ilə başlayır bu kitab...

Hidayət Orucovun 14 mart 1966-cı ildə (mən doğulmadan bir il öncə) Zəngəzur qatarı ilə Araz çayının sahilindəki türk obalarını; Arazın qarşı sahilində, İranda qalan qardaş əlləri, Təbrizi xəyal edərək yuxulu gözlərlə bərəkətli Naxçıvan torpağını keçib İrəvana gəlişini anlatdığı sətirlər; doğrusu, mənim ürəyimdə köhnə bir atəşin küllərini közərtdi, yenidən alovlandırdı...

Hidayət bəyin bu yolçuluqdan tam 32 il sonra - 5 iyul 1999-cu ildə tam tərs bir istiqamətdən onun gəldiyi İrəvana doğru etdiyim yolçuluğu xatırladım birdən. Mən də gənc bir müfəttiş idim o zaman, Iğdıra təyinat almışdım. Uzun illər öncə Iğdırda əsgərlik çəkmiş bir qonşumuz: "Sən, əslində, Iğdıra deyil, İrəvana gedirsən, İrəvana..." demişdi. O zamanlar müəllim olaraq işlədiyim Malatyadan başlayan yolçuluğum Ərzurumdan sonra bambaşqa bir hal almışdı. Avtobus Araz çayının bütün qıvrımlarına uyaraq sərt şəkildə dönərək irəliləyir, yorğun bədənim sərt döngələrdə avtobusun döndüyü yönün əksinə sovrulur və yuxulu gözlərlə ətrafımı seyr edirdim.

Hidayət Orucov Zəngəzur qatarıyla qıvrıla-qıvrıla Araz çayının axıntısına qarşı yuxarıya - Qarsa, Iğdıra, İrəvana, Türkiyəyə doğru gəlirdi, mən isə Iğdır avtobusu ilə Arazın sularıyla birlikdə çağlayaraq Naxçıvana, İrəvana, Azərbaycana doğru gedirdim...

O, Alagöz dağının ətəklərində qərar tutmuşdu, mən də Ağrı dağının ətəklərində... Onun kitablarını oxuduqca, süni sərhədlərlə bölünən, parçaları bir-birindən zorla ayrılan vətənin iki fərqli tərəfində - fərqli zamanlarda olsa da, uzun illər xidmət etdiyimizi anladım.

Yazarın "Burdan min atlı keçdi" adlı xatirələr kitabında anlatdığı kəndlər, o kəndlərdə danışılan ləhcələr mənim xidmət etdiyim Iğdırın kəndlərində də danışılır: orada xalq irfanıyla yaradılan bayatılar, türkülər burada da söylənirdi. Oradakı yer adlarının (toponim) eynisi Arazın bu tayında da mövcud idi: Sürməli, Əkərək, Buzbulaq, Qızılbulaq, Qarabulaq, Qırxbulaq, Ağdüz, Haqməmməd, Gədikli...

Ermənilər 1915-ci ildə eynən Zəngəzurda, Mığrıdə, Naxçıvanda, Vedidə, Göyçədə etdikləri kimi Qarsda, Iğdırda da qətliamlar törətmişdilər. Orada da yandırılan, əhalisi toplu qətliama uğrayan, yurdundan sürgün edilən onlarla kənd var idi, burada da...

Hidayət Orucov xatirələr kitabında Zəngəzur məmurunun "26 noyabr 1918-ci il tarixli sənədi"ndə yer alan məlumatları paylaşır: "Erməni dəstələri Mığrı dərəsində müsəlman (Azərbaycan - H.) kəndlərini darmadağın elədilər. Lehvazdan - 70 tüstü, Tey-dan - 75 tüstü, Mülkdən - 30 tüstü, Quldan - 10 tüstü, Bənövşə-puçdan - 5 tüstü, Tağəmirdən - 25 tüstü, I Vartanizordan (qədim adı Lökdür, daşnaklar hələ o vaxtlardan yer adlarımıza "gips qoymaq" "ustalarıdır") - 100 tüstü, II Vartanizordan (burada mənim doğma kəndim nəzərdə tutulur) - 60 tüstü kəsildi və əhalidən iki yüz nəfəri qətl elədilər...".

Bu sətirləri oxuyarkən, Iğdırda xidmətim gərəyi dolaşdığım türk kəndlərində söhbət etdiyim yaşlılardan dinlədiyim "qaçaqaç" dövrü hekayələrini və özəlliklə Iğdırın Haqməmməd və Gədikli kəndlərinin yandırılmasını və kəndlərin əhalisinin məscidlərə doldurulub məscidlərin atəşə verilməsi surətilə toplu qətliamlarını xatırladım...

Kitabın səhifələrini çevirdikcə Qərbi Azərbaycan deyilən qədim türk yurdlarında son iki yüz ildir davam edən basqıların, talanların, zülmlərin, sürgünlərin bir məqsədi olduğunu daha dərindən qavradım. Hidayət Orucovun da dəfələrlə təsbit etdiyi kimi bu məqsəd: türkləri o coğrafiyadan silib atmaq və bölgəni türksüzləşdirərək Böyük Ermənistan xülyasını gerçəkləşdirmək...

H.Orucov son iki yüz ildir itirilən yurdların adlarını kədərlə yad edərkən, kitabının bir neçə yerində: "200 ildir itirə-itirə gəlirik", - deyir. Bu, eyni zamanda, ermənilərin bilinçli bir şəkildə qazana-qazana irəlilədikləri anlamına da gəlir.

Hidayət Orucov bu kitabıyla gözləri önündə oba-oba, kənd-kənd əriyən, hüdudları getdikcə daralan, insanları günbəgün azalan və sanki yox olan bir vətəni, bütöv mədəniyyəti, rəngləri, səsləri, kəndləri, yaylaları, dağları, gölləri, çayları, düzənlikləri ilə birlikdə son bir cəhdlə tarixin yaddaşına köçürür, əslində. Bu, gələcəyi görən bir ziyalının vətən torpaqları qarşısındakı həssasiyyətidir. Vətən ilə vidalaşmaq nə demək?! İnsan bu sual qarşısında aciz qalır. Onun yaşanan siyasi hadisələr nəticəsində vətən torpaqlarının yad əllərdə qalacağını hiss edərək o torpaqlarla, İrəvan və İrəvandakı türk mədəniyyətinə aid əsərlərlə vidalaşmasını anlatdığı bu sətirlər insanı duyğulandırır.

Ancaq Hidayət Orucov bunu edərkən gələcək nəsillərə həm də böyük bir inancla iki önəmli mesaj verir:

Birincisi: İki yüz ildir həyata keçirilən xain siyasətlərlə indi addım-addım "türklərdən" təmizlənən və sözdə Ermənistan deyilən bu torpaqların böyük bir bölümü düşmən əlində qalmış qədim türk yurdlarıdır.

İkincisi: Bu qədim türk yurdlarına bir gün mütləq geri dönəcəyik və bayrağımızı sahibsiz məzarlarımızın, yetim qalan yurdlarımızın üstündə yenidən dalğalandıracağıq...

H.Orucov bunu elə bir inancla söyləyir ki, özü olmasa da, gələcək nəsillərin bir gün geri dönəcəyinə inandığı Qərbi Ermənistandakı tarixi abidələri, körpüləri, məscidləri, çeşmələri, türbələri, yurd yerlərini kənd-kənd sənədləşdirir, qeydə alır.

Torpaq ilə insan arasında qəribə bir əlaqə var. İnsan torpaq ilə həmhal olduğu yeri; ağaclarına, çiçəklərinə toxunduğu, üstündə gəzdiyi, xatirələr yaşadığı, əsərlər ərsə gətirdiyi, mədəniyyət yaratdığı, yaxınlarını dəfn etdiyi, əkib-biçdiyi torpağı "vətən" olaraq tələqqi edir. Beləcə torpaq ilə insan arasında müqəddəs bağlılıq yaranır. Və torpağı "vətən"  edən müqəddəs duyğuların arxa planında insanla torpaq arasındakı bu yaxın əlaqələr var və bu yaxın əlaqələr nəsillər boyu davam edir.

Tarix boyu savaşlar və işğallar nəticəsində edilən qətliamlar, soyqırımlar, məcburi köçlər, sürgünlər, işğal edilən torpaqlardakı mədəniyyətin talan edilməsi, yox edilməsi: torpaq ilə o torpağın sahibləri arasındakı bu müqəddəs bağlılığı qoparmaq üçün edilməkdədir. Vətənlərini tərk etmək məcburiyyətində qalan insanların, o torpaqlarla heç bir əlaqəsi qalmayan nəsillər - əgər orada öz mədəniyyətlərinə aid əsərlər yoxdursa, özlərini oralara aid hiss edə bilmirlər, atalarının tərk etmək məcburiyyətində qaldıqları torpaqları vətən olaraq tələqqi etməkdə və qavramaqda çətinlik çəkirlər.

Yeni nəsillərə indi uzaq qaldığımız, işğal altındakı torpaqlarımızın vətən torpağı olduğunu mənimsətmək və yeni nəsillərin o torpaqlara yenidən sahib olma bilinciylə yaşamaqları üçün milli tarix şüuruna sahib olaraq yetişdirilmələri lazımdır. Bunun üçün də güclü qələmlərə, güclü ədəbiyyata, güclü sənətə, o torpaqlarla bağlılığı olan insanların "xatirələrinə" ehtiyac vardır.

Hidayət Orucov "Burdan min atlı keçdi" adlı əsəriylə bu gün Ermənistan olaraq adlandırılan ərazinin önəmli bir hissəsinin qədim türk yurdu olduğunu; türklərin orada güclü bir mədəniyyət yaratdıqlarını; minlərlə abidə inşa etdiklərini, elm, dövlət adamları, sənətçilər, yazarlar, şairlər yetişdirdiklərini və haqsız şəkildə yurdlarından sürgün edildiklərini həzin xatirələrlə, sənədlərlə ortaya qoyur.

Bu tipli xatirələr milli şüurun formalaşmasında gələcək nəsillər üçün son dərəcə önəmli qaynaqlardır. Osmanlı İmperatorluğunun ən böyük torpaq itkisini yaşadığı 1877-1878-ci illər Osmanlı-rus savaşında, həm Balkan cəbhəsində, həm də Qafqaz cəbhəsində ruslara qarşı savaşan Osmanlı ordusunun kapitanı olan Qazi Əhməd Muxtar Paşanın (Gazi Ahmet Muhtar Paşa) yavəri Məhmət Arif (Mehmet Arif bey) bəyin "Başımıza gələnlər" və o dönəm Bolqarıstanın Zağra ərazisində müfti olaraq xidmət edən Hüseyn Raci Əfəndinin (Hüseyin Raci Efendi) " Zağra müftisinin xatirələri" adlı əsərləri; sonrakı illərdə türk nəsilləri üzərində dərin izlər buraxmışdır. Hətta böyük türk şairi Yəhya Kamal Bayatlı "Zağra müftisinin xatirələri" üçün - bu kitab türklərin vətən ədəbiyyatında ən səmimi, ən yüksək dəyərdə bir şahəsərdir" demişdir.

Etiraf edim ki, Hidayət Orucovun kitabının sətirləri arasında dolaşarkən, yuxarıda zikr etdiyim kitablardakı köç mənzərələri gəldi gözlərimin önünə və türksüz qalan neçə yurdların həzin nəğmələrini yenidən duydum. İllər sonra da Hidayət bəyin "Burdan min atlı keçdi"  adlı kitabını oxuyan Azərbaycanın gənc oxucularının Qərbi Azərbaycanda - bugünkü Ermənistanda indi sahibsiz qalan yurdların acısını ürəklərində hiss edəcəklərini və: "İndi gedə bilməsək də, orada atalarımızın bizi gözləyən məzarları var və bir gün mütləq o yurdlara dönməliyik" deyərək, bu ideallarla yaşayacaqlarına inanıram. Qənaətimcə, Hidayət Orucovun xatirələri gələcək yüzillərdə Azərbaycanın gənc nəsillərinin Qərbi Azərbaycanı ana vətənin bir parçası olaraq tələqqisini təmin edən önəmli qaynaqlardan biri də olacaqdır...

Hidayət Orucov bu əsərində Qərbi Ermənistandakı qədim türk yurdlarının və daha sonra Qarabağın addım-addım, mərhələ-mərhələ necə itirildiyini gerçək hadisələr işığında izah edərkən, erməni xislətini və ermənilərin tarixi zaman içində dəyişməyən xarakterini də gözlər önünə sərir: "Zəif, gücsüz olduğunda məzlum sifətinə bürünən, dostluqdan, qardaşlıqdan dəm vuran ermənilər gücü ələ keçirdiklərində zalımdan daha zalım olurlar...". Daha doğrusu, Hidayət Orucov ermənilərin bu xarakterini tariximizin fərqli dövrlərində unutduğumuz üçün başımıza bu fəlakətlərin gəldiyini etiraf edir.

Bu durum Anadolu türkləri üçün də, Azərbaycan türkləri üçün də keçərliliyini qoruyur. Bəlkə də bu üzdən tarixin acı təcrübələrindən dolayı Hidayət Orucov, əslində, heç unutmamağımız gərəkən atalarımızın bir sözünü təəssüflə xatırlayır: "İt ilə dostluq et, amma çomağı əldən buraxma!".

SSRİ tərkibindəki digər xalqlar sosializm, kommunizm, xalqların qardaşlığı, beynəlmiləlçilik nağıllarına safdilliklə inansalar da, ermənilərin buna "sadəcə inanırmış kimi göründüklərini" acı həqiqətlərlə qarşılaşdığımızda görə bilirik.

Osmanlı İmperatorluğu tərkibində XIX yüzilin sonlarına qədər "teba-yı sadıka" (sadiq millət) olaraq adlandırılan ermənilərin 1877-1878-ci illər Osmanlı-rus müharibəsində Osmanlının məğlub olmasından, dövlətin zəifləməsindən sonra guya "sədaqət" ilə bağlı olduğu millətə rusların himayəsi ilə necə divan tutduqları da gözlər önündədir.

Hidayət Orucovun sətirlərindən bir erməninin istər sosialist, istər kommunist, istər beynəlmiləlçi, istərsə də demokrat olsun, daşnak ideallarını əsla tərk etmədiyini - istər Sovet, istərsə Osmanlı İmperatorluğu daxilində olsun, dövlət zəiflədiyində erməni şovinizminin yenidən xortladığını və içində olduğu dövlətə xəyanət etdiyini anlayırıq. Ermənilərin bu xarakterlərinin Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" və "Difai fədailəri" romanlarında bədii əksini tapdığını da bildirmək lazımdır.

Hidayət Orucov Sovetlər Birliyi ölkələrinin hər nə qədər beynəlmiləlçilik ideyaları ilə idarə olunsa da, hər cür milliyyətçilik xaric olunsa da, "24 aprel 1965-ci ildən" sonra Sovet Ermənistanında getdikcə güclənən şovinizmin Ermənistan Kommunist Partiyasını və Ermənistan idarəçiliyini əsir aldığını, idarəçiliyi səssiz bir inqilabla ələ keçirdiyini və türksüz Ermənistan layihəsini mərhələ-mərhələ gerçəkləşdirdiyini ifşa edir. Burada, əlbəttə, Mərkəzi idarəçiliyin erməniləri himayəsini gözardı etməmək lazım olduğunu da özəlliklə vurğulayır.

Hidayət Orucovun Qarabağ məsələsiylə bağlı gözləmləri və şahid olduğu tarixi gerçəklər, Qarabağ məsələsiylə bağlı proseslər, bir türk oxucusu olaraq beynimdə şimşəklərin çaxmasına səbəb oldu. İmperialist güclərin türk ölkələrini parçalamaq üçün hər zaman eyni taktikadan istifadə etdiklərini bir daha dərindən qavradım.

Qarabağda erməni terrorunun zirvəyə çıxdığı illərdə Türkiyədə də ASALA dəstəkli bölücü PKK terroru ölkəni yaşanmaz hala gətirirdi. Qarabağdakı erməni terrorunun və bölücü erməni şovinizminin səbəbi olaraq, "bölgənin sosial, mədəni və iqtisadi baxımdan" geriqalmışlığı göstərilirdi. Bu səbəblərin ortadan qaldırılması lazım olduğu müzakirə olunur və bölücü erməni şovinizminə edilən güzəştlər sonrasında Qarabağ üzərindəki nəzarət itirilir. Azərbaycan torpaqları ermənilərə peşkəş çəkilir.

1990-cı illərdə Türkiyənin şərq və cənub-şərqində meydana gələn terror olaylarının səbəbləri də eyni şəkildə izah edilmişdi və hələ də bu bölücü terrorun səbəbini bəzi çoxbilmişlərimiz "bölgənin iqtisadi, sosial və mədəni  geriqalmışlığı" olaraq göstərirlər. Hidayət bəyin Qarabağda yaşanan prosesləri anlatdığı sətirləri oxuduqca tüklərim ürpərdi. Çünki bir neçə il öncə o dövrün Azərbaycan idarəçiləriylə eyni tələyə düşən və eyni yoldan irəliləyən çoxbilənlərimizin, guya sosial, mədəni, iqtisadi baxımdan geriqalmışlığın qarşısını almaq üçün gördüyü tədbirlər və izlədiyi "Açılımı" siyasətləri, az qala Türkiyənin bölünməsinə səbəb olurdu. Öz ölkəmizdə, öz şəhərlərimizdə bir ilə yaxın terroristlərlə savaşmağımız, 458 şəhid verməyimiz bu yanlış siyasətin nəticəsiydi. H.Orucovun anlatdıqlarını oxuduğumuzda, ermənilərin sözdə məsum tələblərini qarşılamaq adıyla Qarabağda "tülkünün boynuna toyuq asıldığını" içimiz yanaraq görə bilirik...

Hidayət Orucov xatirələrində siyasi olayların yanında Qərbi Ermənistandakı türklərin mədəni həyatını da anladır. Özəlliklə övladı kimi gördüyü və sahib çıxdığı Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının fəaliyyətləri və bu teatrın qədim tarixi ilə bağlı verdiyi məlumatlar İrəvandakı köklü türk mədəniyyətindən xəbər verir. Azərbaycan teatrının Əli Şahsabahlı və Baxşı Kələntərli kimi teatr rejissorlarının, Əli Zeynalov, Cəlal Əliyev, İsmayıl Dağıstanlı, Abbasqulu Tağıyev kimi neçə usta aktyorun bu səhnədə yetişdiyini öyrəndikdə bir yandan təəccüblənir, bir yandan da qürur duyur insan... Əlbəttə, Qərbi Ermənistandakı türklərin  mədəniyyətinin inkişaf etməsində kilid rol oynayan və qədim ənənələri olan bu teatra erməni idarəçilərinin müstəqil bina verməməsi və bağlanmağa məcbur qalması da kədərləndirir insanı. Bu teatrın sürgündə olan bir teatr olaraq fəaliyyətlərinə Bakıda davam etməsi də Hidayət bəyin bir gün yenidən o torpaqlara dönəcəyimizə olan inancını dəstəkləyir.

"Xatirələr", hər nə qədər tarixi gerçəkləri dilə gətirsələr də, ümumi olaraq, "subyektiv" əsərlər olaraq görülür - xatirələri qələmə alan yazarın hadisələri öz baxış bucağından təktərəfli olaraq dilə gətirdiyi ifadə edilir. Bu, ümumən bir ölçüdə doğrudur. Ancaq vicdanının səsini dinləyən, qarşı tərəfi alçaltmayan, onlara həqarət etməyən və hadisələri həqiqətin işığında dəyərləndirən yazarların sayı heç də az deyildir. Mənə görə, Hidayət Orucov Qərbi Azərbaycanda, İrəvanda qaldığı 18 il boyunca şahid olduğu hadisələri, oradakı gözləmlərini, qarşılaşdığı durumları son dərəcə obyektiv şəkildə ələ alıb dəyərləndirmişdir.

Hətta onun obyektiv tutumu və yazdığı xatirələrdən sonra dəyişən şərtlərə, araya girən savaşa rəğmən yazdıqlarında dəyişikliyə getmədiyi üçün Azərbaycanda kəskin tənqidlərə də uğrayır. İllər sonra özüylə edilən müsahibələrdə belə, fakt və olayları dövrün şərtlərinə görə dəyərləndirdiyini, yanıldığı məqamlar olduğunu, ancaq söylədiklərinin səmimiyyətlə dilə gətirilmiş həqiqətlər olduğunu ifadə edir. Hidayət Orucov əsərində erməni xarakterini ifşa edir, amma onun bu davranışları da, yazdıqları da, səmimiyyəti də, dost bildiyi insanlara münasibəti də "türkün xarakterini" ortaya qoyur.

Hidayət Orucovla edilən və 3 sentyabr 1993-cü ildə "Literaturnaya qazeta"da yayımlanan müsahibəyə "Orda, Zəngəzurda mənim ürəyimin məzarı qaldı" başlığını qoymuşdular. Bu müsahibənin kədərli sətirlərini oxuduğumda isə ağlıma həmişə bu türkü gəlir: "İrəvanda balam qaldı...".

Bu il, şəxsiylə hələ də üz-üzə gəlmədiyim, ancaq irihəcmli "Burdan min atlı keçdi" adlı xatirələrini Türkiyə türkcəsinə çevirərək yaradıcılığı ilə tanış olduğum Hidayət Orucovun 75-ci doğum ildönümüdür... Hazırda qardaş ölkə Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan səfiri vəzifəsini icra edən dostumuzun Azərbaycanın haqlı davasına həm diplomatik, həm də ədəbi yöndən uzun illər xidmət etməsini diləyirəm, ona cansağlığı və uğurlar arzulayıram.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!