Təxəllüslərin cazibə qüvvəsi... - Eminquey yazır

 

Türk ədəbiyyatında Cümhuriyyət illərinin əvvəllərində yazıb-yaradan məşhur  şair və yazıçıların iki adlı olmasına diqqət etmisiniz, yəqin. Reşat Nuri Güntekin, Nazım Hikmet Ran, Orhan Veli Kanık, Yahya Kemal Bayatlı, Halit Ziya Uşaklıgil, Necip Fazıl Kısakürek və başqaları. Olduqca təmtəraqlı adlardır. Amma belə olmasına səbəb təmtəraq deyil.

1934-cü ildə Türkiyə parlamentində qanun qüvvəyə minir ki, sinif fərqini göstərən adlar ləğv edilsin. Məsələn, paşaya general deyilsin. Hacı, bəy, xanım, ağa, hoca kimi adlardan istifadə olunmasın. Kişiyə "bay", qadına da "bayan" deyilsin. 1934-cü ildən əvvəlki dönəmlərdə insanlar çoxluğun içində tanınmaq üçün adlarının yanına atalarının, babalarının, analarının adlarını əlavə edirdilər. Bu adət o qədər kök saldı ki, 1934-cü ildən ta bu günə kimi Türkiyənin qəsəbələrində, kəndlərində bu adət davam edir. Türklərdə  Orhan Kanık bütöv bir ad kimi qəbul olunur.

Məsələn, hansısa kəndə getdikdə "Yusuf Yıldırım" deyə soruşsanız "hansı Yusuf, Vəlinin oğlu Yusuf?" deyə soruşarlar. Bu, Azərbaycanda da belədir. Kənd yerlərində bizi tanımaq üçün atamızı, babamızı soruşarlar. 1934-cü ildə qanun qüvvəyə mindikdən sonra bu məşhur yazıçılar, şairlər adlarının yanına yeni bir ad da əlavə etməyə başladılar.

Misal üçün, Orhan Veli Kanık bir şeirində deyir:

İstanbulda

Boğaziçinde

bir qarip Orhan Veliyim,

Velinin oğluyum,

Tarifsiz kederler içinde...

 

O bu şeirində "Velinin oğluyum" cümləsini qeyd edir. Yəni Orhan Veli Velinin oğludur. Eynilə də o biriləri. Fazıl oğlu Necip Kısakürek. Hikmet oğlu Nazım Ran.

1934-cü ildə "soyad qanunu" çıxandan sonra hər kəs soyadını özü seçdiyi üçün adamların bütün gizli, alçaldıcı duyğuları ortaya çıxdı - dünyanın ən xəsisləri "Əliaçıq", dünyanın ən qorxaqları "Ürəkli", dünyanın ən tənbəlləri "Çalışqan" kimi soyadlar aldılar. Çox vaxt hər şeydə sona qaldığım üçün gözəl soyad seçimində də sona qalmışdım. Mənə ortalıqda gəzərkən qürurlanacağım bir soyad qalmadığına görə özümə "Nesin" (Nəsən?) soyadını götürdüm. Hamı "Nesin" deyə çağırdıqca nə olduğumu düşünüb özümə gəlmək istədim.

Bu hal bütün yazıçılara, şairlərə aid deyil. Tevfik Fikret, Ömer Seyfeddin, Namık Kamal, Ziya Gökalp kimi yazarlar niyə ikinci ad seçməyiblər? Bunu siz düşünün.

Türk yazıçılarından, şairlərindən çıxış edib mən də təxəllüs məsələsinə toxunmaq istəyirəm. Məncə, bir şirkətin məhsulundan əvvəl onun reklam məsələsi, ad məsələsi önəm daşıdığı kimi, bu, yazıçılara, şairlərə də aiddir. Azərbaycan ədəbiyyatında da Mirzə Ələkbər Sabir, Mirzə Şəfi Vazeh, Molla Vəli Vidadi  kimi üç adlı şairlər olub. Ad nə qədər çəkici olsa, imza bir o qədər maraqlı olur. Yəni şairi, yazıçını geyiminə görə qarşılayıb, danışığına görə yola salarlar.

Bizim yazarların adlarına gəlincə, xeyli şablon təxəllüslər var, amma onların içində maraqlı təxəllüslər də diqqətimi çəkib: Seymur Baycan, Günel Treu, İkinci Mahmud, Şəhriyar Del Gerani. Bu yazarlar həm də təxəllüsləri ilə maraqlıdırlar. Təbii ki, imzanın arxasında duran mətn ən vacib məsələdir. Amma şair təkcə mətnlə yox, obrazı, təxəllüsü ilə də maraqlı olmalıdır.

Mikayıl Müşfiq, İmadəddin Nəsimi, Hüseyn Cavid kimi şairlər həm də obrazları, taleləri ilə seviliblər.

Şəxsən mən özüm əvvəllər Emin Akif imzası ilə yazırdım. Amma bir dövrdən sonra gördüm ki, atamın adı mənim şeirlərimə də sirayət edir. Onun ölümündən çıxa bilmirəm. Dostlarımla təxəllüslərin cazibə qüvvəsindən danışanda Ernest Heminqueyin adı üzərindən mənə "Eminquey" deyib zarafatlaşdılar. Əvvəlcə fikir vermədim, gülüb keçdim. Amma sonra bu təxəllüs məni cəlb elədi. Niyə də olmasın?

Və mən Eminqueyi özümə təxəllüs seçdim. Bunun üstünlüyü ondadır ki, mənim təxəllüsümün içində həm də adım var. Yəni qısa və lakonik. Sonralarsa bu təxəllüs haqqında məndən soruşanların çox olduğunu görüb onun açmasını oxuculara bəyan elədim.

Qu "quyu" sözünün qısaldılmışıdır. "Ey" isə haraylama formasıdır. Yəni mənim təxəllüsüm quyudan sizi haraylayan adamı xatırlatsın. Qaldı ki, niyə bu "quey" adıma bitişik yazılır məsələsinə, məncə, "filankəs filankəsoğlu"dansa, adla təxəllüsün birləşməsi daha cəlbedici və daha gözəldir.

Amma bu təxəllüslə bağlı az problem də yaşamamışam. Bu yaxınlarda səsləndirilən bir şeirimin rəy bölümündə elə insanlar var idi ki, məni Ernest Heminqueylə səhv salmışdılar. Və onlar bilmirdilər ki, Ernest şair olmayıb. Yazırdılar ki, Allah sənə rəhmət eləsin, Ernest Heminquey! Bu halda mən həm Ernestə rəhmət oxutdurdum, həm də həmin adamlara sübut etməyə məcbur qaldım ki, ey insanlar, mən ölməmişəm, sağam.

Baxın, tarix boyu Mikayıl adı uğurlu olub. Mikayıl Müşfiq, Mikayıl Güləddinoğlu, Mikayıl Cabbarov, Mixeyl Saakaşvili, Mikelancelo, Maykl Cekson, Mayk Tayson, Mişel Platini və b.

Deməm o ki, "ad" önəmlidir. Niyə Gülbadam, ya da Pirqasım adlı bir uğurlu adam ortaya çıxmayıb?!

Bu səbəbdəndir ki, "Dədə Qorqud" dastanında kişilərə göstərdikləri qəhrəmanlıqlardan sonra ad verilirdi. Bu gün bu adət istənilən sferada öz yolunu davam edir.

Şekspir deyirdi ki, gülə hansı adı versən, o cür də qoxar.

Bütün bunlar hər kəsə şamil olunmur, əlbəttə ki. Məhəmməd adlı o qədər əclaf adam var ki. Sadəcə, adların, təxəllüslərin vacib olduğunu vurğulamaq üçün bunları qeyd etməliyəm.

Bir dəfə Nemət Mətin adlı bir gəncin kitabı düşdü əlimə. Açdım, oxudum, xoşuma gəlmədi. Hətta hekayə adı ilə bir köşə yazısı da var idi. Bu gənc haqqında yazdım ki, təxəllüsünü Nemət Mətin qoyub, amma bir dənə də olsun mətni yoxdur. Bəli, bəzən təxəllüs kifayət etmir.

Və mətn elə bir şeydir ki, əgər gözəldirsə, orijinaldırsa və xüsusiliyi varsa, onun  altına istənilən adı, təxəllüsü əlavə etsən də, həqiqət dəyişmir. Amma gözəl mətnləri olan elə yazıçılar, şairlər var ki, təxəllüsləri yazdıqlarına uymur.

Təxəllüslər bəzən dövrün tələblərinə uyğun da seçilə bilir.

Türk ədəbiyyatında ən çox təxəllüs dəyişən yazar Aziz Nesin olub. Əsl adı Mehmet Nüsret olan Aziz Nesin "Bahri Filefil, Berdi Birdirbir, Fettane Şatifil, Kerami Pestenkerani, Kerim Kihkih, Ord. Prof. Paf-Puf, Dr. Daim Değer, Oya Ateş, Vedia Nesin" kimi təxəllüslərlə yazıb.

Nazım Hikmet Ran "Orhan Selim, Ahmet Oğuz Saruhan, Mümtaz Osman ve Ercüment Er", Reşat Nuri Güntekin "Ateş Böceği, Ağustos Böceği, Yıldız Böceği, Cemil Nimet, Hayreddin Rüştü, Mehmet Ferit, Sermet Feri" kimi təxəllüslərlə yazıb.

Xülasə, yeniliklərdən çəkinməyin.

Özünüzü həm də təxəllüs, imza olaraq insanlara təqdim edə bilin.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!