Cami irsinin Azərbaycanda tədqiqi, tərcüməsi və nəşri tarixindən - Məsiağa Məhəmmədi yazır

"İlahi, solmayan bir gül ver bizə!"

 

Farsdilli ədəbiyyatın təqribən 500 illik bir dövrünə öz çoxşaxəli yaradıcılığı, ensiklopedik zəkası ilə yekun vuran və bu üzdən də "Xatəmüş-şüəra" ləqəbi ilə mükafatlandırılan Əbdürrəhman Cami (1414-1492) hələ sağlığında bütün Şərq aləmində olduğu kimi, Azərbaycanda da şöhrət qazanmış, Caminin vəfatından iki il sonra dünyaya gəlmiş böyük Füzulidən başlayaraq, əksər klassik ədib və şairlərimiz onun bədii irsindən bəhrələnmiş, sənətkarlığına yüksək dəyər vermişlər. Bununla belə, Cami yaradıcılığının çağdaş metodologiya və elmi ədəbiyyatşünaslıq baxımından öyrənilməsi, eləcə də onun əsərlərinin müasir Azərbaycan dilinə tərcüməsi və kütləvi nəşrləri XX yüzilliyə, daha dəqiq desək, ötən əsrin 60-cı illərinə təsadüf etmişdir. Belə ki, 1964-cü ildə Caminin anadan olmasının 550 illiyinin keçmiş SSRİ miqyasında təntənəli şəkildə qeyd olunması Azərbaycan alimlərinin də dahi şair və mütəfəkkirin yaradıcılığına diqqətini artırmış, onların müxtəlif səciyyəli araşdırmalarının işıq üzü görməsinə səbəb olmuşdur.

Burada ilk növbədə Azərbaycanın şərqşünas alimlərinin dövri mətbuatda dərc olunmuş və Cami şəxsiyyətini geniş oxucu kütləsinə tanıtdırmaq məqsədi daşıyan məqalələrini qeyd etmək lazımdır. Təqribən eyni vaxtda Azərbaycanın aparıcı dövlət nəşrlərində akademik Həmid Araslının "Şərqin böyük şairi və mütəfəkkiri" ("Bakinskiy raboçiy" qəzeti, 15.12.1964), professor Mübariz Əlizadənin "Bəşəri ideyalar şairi" ("Kommunist" qəzeti, 15.12.1964), Məmmədağa Sultanovun "Şərq xalqlarının mütəfəkkir şairi" ("Bakı" qəzeti, 14.12.1964), Əkrəm Cəfərin "Şairin beş əsrlik şöhrəti" ("Baku" qəzeti, 14.12.1964) adlı dolğun məqalələri dərc olunmuşdur.

Elə həmin il Azərbaycanda Cami haqqında ilk nisbətən geniş tədqiqat əsəri - "Əbdürrəhman Cami: həyat və yaradıcılıq yolu" adlı kitabça Azərbaycan EA-nın nəşriyyatı tərəfindən çap edildi. Əsərin müəllifi o zaman gənc tədqiqatçı, sonralar istedadlı şərqşünas və tərcüməçi kimi yaxşı tanınan Abbasəli Quliyev-Sarovlu idi. Araşdırmada Caminin dövrü, həyatı, dünyagörüşü, ədəbi irsi haqqında konkret məlumat verilmiş, onun farsdilli ədəbiyyat tarixində rolu və mövqeyinin aydınlaşdırılmasına cəhd edilmişdi.

Əsər gənc alimin Cami yaradıcılığına marağının ciddiliyindən xəbər verirdi və nəticə özünü çox gözlətmədi. 1969-cu ildə A.Sarovlunun "Əbdürrəhman Caminin ""Yusif və Züleyxa" poeması" adlı təqribən 200 səhifəlik monoqrafiyası işıq üzü gördü. O zaman Yaxın və Orta Şərq Xalqları İnstitutu adlanan AMEA Şərqşünaslıq İnstitutu tərəfindən nəşr edilmiş bu kitab üstündən 45 il keçməsinə baxmayaraq, Cami irsi ilə bağlı Azərbaycanda aparılmış ən sanballı tədqiqat olaraq qalır. Təsadüfi deyil ki, bu kitab digər klassiklərin "Yusif və Züleyxa" mövzusunda yazdığı əsərlərin öyrənilməsində Azərbaycan alimlərinin istinad etdiyi ən mötəbər qaynaq rolunu oynamış və oynamaqdadır.

A.Sarovlunun Əbdürrəhman Caminin çoxsaylı əsərləri içərisində məhz "Yusif və Züleyxa"ya müraciət etməsi də təsadüfi sayıla bilməz. Əsərin Azərbaycan dilinə poetik tərcüməsinin müəllifi professor M.Əlizadənin tərcüməyə yazdığı məzmunlu ön sözdə dəqiq şəkildə qeyd etdiyi kimi: "Şairin "Yusif və Züleyxa" mənzum romanı onun şöhrətini daha çox yüksəldən, onu bütün dünyaya tanıtdıran əsəridir. Poemanın mövzusu bizim eramızdan bir çox əsrlər əvvəl yaranan, Afrika və Asiya xalqlarının folklorunda geniş yayılan, "Tövrat", "İncil" və "Quran" kimi dini kitablarda öz əksini tapan və bir neçə görkəmli şairlər tərəfindən qələmə alınan didaktik-əxlaqi və sönməz məhəbbət dastanından alınmışdır. Bu mövzunun həm Camiyə qədər və həm də Camidən sonra bədii ədəbiyyatda dönə-dönə işlənməsinə, nəzm və nəsrlə təkrarən yazılmasına baxmayaraq, "Yusif və Züleyxa" dedikdə Cami və Cami dedikdə "Yusif və Züleyxa" fikrimizdə canlanır".

A.Sarovlu sözügedən tədqiqatında Orta əsr məxəzləri ilə yanaşı, Şərq və Qərb alimlərinin araşdırmalarını dərindən öyrənərək, "Yusif və Züleyxa" poeması barədə ciddi elmi qənaətlər ortaya qoymuşdur. O, əsərin birinci fəslində süjetin tarixini, folklor variantlarını, müqəddəs kitablarda inikasını, ərəb, fars və türkdilli ədəbiyyatlarda işlənmə xüsusiyyətlərini tədqiq etmiş, sonrakı fəsillərdə poemanı ideya-tematik və bədii aspektlərdə təhlil edərək, Caminin ənənəvi mövzuya novatorcasına yanaşmasının əsas parametrlərini müəyyənləşdirmişdir.

Fikrimizcə, artıq biblioqrafik nadir nüsxəyə çevrilmiş bu dəyərli tədqiqatın təkrar nəşri, fars və tacik dillərinə tərcüməsi həm camişünaslıq, həm də artıq dünyasını dəyişmiş müəllifin xatirəsinə ehtiram baxımından gərəkli bir iş olardı.

Cami irsi Azərbaycan ədəbiyyatşünaslığı və şərqşünaslığında həm də onun Nizami Gəncəvi ilə yaradıcılıq əlaqələri baxımından diqqəti cəlb etmişdir. Azərbaycan nizamişünasları dahi Nizaminin "Xəmsə"si ilə Caminin "Həft övrəng"inə daxil olan əsərlər arasında oxşar və fərqli cəhətlərin üzə çıxarılması, Caminin öz böyük sələfinin bədii təcrübəsindən necə faydalanması kimi məsələlər ətrafında araşdırmalar aparmış, qiymətli mülahizələr irəli sürmüşlər. Bu baxımdan Qulamhüseyn Beqdelinin "Şərq ədəbiyyatında "Xosrov və Şirin" mövzusu" (Bakı, 1970), Qəzənfər Əliyevin "Nizaminin mövzu və süjetləri Şərq ədəbiyyatlarında" (Moskva, 1985), Mehdi Kazımovun "Nizaminin davamçıları" (Bakı, 1991) kimi tədqiqatları xüsusi qeyd olunmalıdır.

Cami yaradıcılığının Azərbaycanda tədqiqinin digər mühüm bir yönü tekstoloji istiqamətdir. Bu sahədə mərhum alimimiz, professor Cənnət Nağıyeva uzun illər ardıcıl fəaliyyət göstərmiş və onun Cami əsərlərinin əlyazmalarının öyrənilməsi üzrə səmərəli axtarışlarının nəticəsi olaraq, 2009-cu ildə "Əbdürrəhman Cami əsərlərinin Bakı nüsxələri" adlı kitabı işıq üzü görmüşdür. Bu kitab Cami əlyazmalarının təsvirinə həsr olunmuş geniş araşdırmanın yalnız birinci  cildi idi, əsərin sonrakı iki cildi isə hələ də nəşr edilməmişdir.

Mərhum C.Nağıyeva sözügedən kitaba yazdığı geniş ön sözdə AMEA Əlyazmalar İnstitutunda şairin əsərlərinin 500-dən çox əlyazmasının saxlandığını, başqa heç bir müəllifin bu baxımdan Cami ilə rəqabət aparmaq iqtidarında olmadığını vurğulamışdır. Bu fakt dolayısı ilə Cami irsinin Azərbaycanda nə qədər populyar olduğunu, daim kitabsevərlərin maraq dairəsində qaldığını göstərməkdədir. Məhz bu maraq Cami əsərlərinin Azərbaycan dilinə tərcüməsini də şərtləndirmişdir.

Təbii ki, tərcümə üçün ilk növbədə şairin ən məşhur, daha çox sevilən əsərləri seçilmişdir. Bunlar da "Yusif və Züleyxa" poeması və Sədinin "Gülüstan"ı müqabilində yazılmış "Baharıstan" əsəridir. Hər iki əsərin tərcüməsi Caminin 550 illiyinin qeyd edildiyi dövrdə - 1964-65-ci illərdə meydana çıxmış və Azərbaycanın çox tanınmış şərqşünas və tərcüməçiləri tərəfindən həyata keçirilmişdir. "Yusif və Züleyxa"nı professor Mübariz Əlizadə, "Baharıstan"ı isə professor Rəhim Sultanov dilimizə çevirmiş, hər ikisi tərcüməyə geniş ön söz və zəruri izahlar yazmışdır. Həmin ön sözlər müstəqil araşdırma olub, qeyd olunan əsərlərin istər Cami yaradıcılığında, istərsə də ümumən Şərq ədəbiyyatında yeri və əhəmiyyəti barədə qiymətli mülahizələri ehtiva edir. Xüsusən klassik Şərq şeirinin dərin bilicisi M.Əlizadənin tərcüməsi Cami poeziyasının ölkəmizdə tanınması və sevilməsində böyük rol oynamışdır. Tərcümə sənətimizin ən uğurlu nümunələrindən biri olan bu işin keyfiyyəti barədə təsəvvür əldə etmək üçün əsərin başlanğıcından - münacat hissəsindən bir neçə beytə nəzər salmaq kifayətdir:     

İlahi, solmayan bir gül ver bizə!

Ümid qönçəsini aç üzümüzə!

O qönçə bəzəsin ilham bağını,

Ətriylə doldursun gül damağını.

Bu möhnət evində minnət qoymadan,

Məni nemətinə qərq et, Yaradan!

Minnətdar olmaqda ol mənə rəhbər,

Olsun təşəkkürün dilimdə əzbər!

Həm "Yusif və Züleyxa", həm də "Baharıstan" uzun illər Azərbaycanda geniş oxucu kütləsi tərəfindən axtarılan, alınan və oxunan kitablar sırasında olmuşdur. Bu üzdən ölkəmizdə latın qrafikasına keçildikdən sonra həmin əsərlər Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş siyahıya daxil olunaraq, 25 min nüsxə ilə çap edilmiş və ölkə kitabxanalarına paylanmışdır. Həmin nəşr, həmçinin internet şəbəkəsindəki elektron kitabxanalarda da yerləşdirilərək, oxucuların istifadəsinə verilmişdir.

Bundan əlavə, yuxarıda Caminin tədqiqatçısı kimi haqqında danışdığımız A.Sarovlu "Sisilətüz-zəhəb" və "Xirədnameyi-İsgəndəri" əsərlərindən müəyyən parçaları Azərbaycan dilinə çevirmiş və özünün tərtib etdiyi "İnci xəzinəsi" adlı kitabda (Bakı, 1977) çap etdirmişdir.

Göründüyü kimi, Azərbaycanda Cami irsinin tədqiqi, tərcüməsi və nəşri istiqamətində bir çox dəyərli işlər həyata keçirilmişdir. Lakin Cami yaradıcılığının ümumbəşəri miqyası və əhəmiyyəti baxımından, təbii ki, bunlarla kifayətlənmək olmaz: AMEA-nın müvafiq institutlarında (Şərqşünaslıq, Əlyazmalar, Ədəbiyyat institutlarında) gənc tədqiqatçılara Cami irsinə dair dissertasiya mövzularının tövsiyə olunmasına, şairin zəngin irsindən yeni nümunələrin dilimizə çevrilməsinə ehtiyac vardır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!