Yaş o yaş deyil ki... Heyif ki, deyil - Fikrət Qoca ilə döğum günü ərəfəsində könül söhbəti

Azər TURAN

Fikrət Qoca Azərbaycan poeziyasında unudulmaz misraların müəllifidir. Ədəbiyyat məkanına gəldiyi zamanda heç kimə bənzəməyən Fikrət Qocanın poetik sistemində ənənə özünü tam potensialı ilə ifadə etməklə bərabər, həm də ondan ayrılan işarələrlə seçildi. Məhəbbət lirikasına, ictimai-siyasi mövzuların işləkliyinə yeni münasibət tipinin formalaşmasında bu poeziyanın rolu böyükdür. Avqustun 25-də dəyərli şairimizin 84 yaşı tamam olur.

Adəti üzrə redaksiyamıza baş çəkməyə gəlmişdi. Söz sözü çəkdi. Xatirə xatirəni... İşıq dolu Fikrət Qoca ilə bu könül söhbəti də beləcə başladı...

Ürək dolub bulud kimi,

Bu bir köhnə bayatıdır.

Ağlamağa ən xəlvət yer

Leysan yağışın altıdır.

 

Buludlar gedir dənizə,

Hər damlası bir sözüdür.

Buludların ağlamağa

Xəlvət yeri dənizidir.

- Fikrət müəllim, yeni yaşın astanasında özünüzü necə hiss edirsiz?

- Səksən dörd yaşındakı adam özünü necə hiss edərsə, elə. Bəzən səhər yuxudan ayılanda heç yerim ağrımırsa, özümü çimdikləyirəm ki, görüm ölməmişəm ki. Əgər bu yaşda adamın heç yeri ağrımırsa, gərək özündən şübhələnsin.

- Bir dəfə yazmışdınız ki, "Ədəbiyyat mənim yaşadığım yerdi və mən özümü burada gül-çiçəklə əhatə edirəm. Kim öz mənzilinə çirkabı qoyursa, öz işidi. Mənim qocalığım cavanlığımdan bununla fərqlənirsə, mən öz qocalığımla fəxr edirəm". Fikrət müəllim, o yer indi də təmizliyini qoruyur. Mənəvi ərazini bu cür saf saxlamaq o qədər də asan olmamalıdır.

- Elə həyat budur, əslində. Hər yaşda sən özünü, əhatəni, mühitini qoruyub saxlaya bilirsənsə, deməli, hələ yaşamağa haqqın var.

- İstərdim, bir qədər poetik özəlliklərinizdən danışaq. Ədəbiyyata yenilikçilər adı altında gəldiniz. Yəni seçildiniz. O illərdə poeziyaya axınla gələn gənclərin arasında vəzn, ahəng, intonasiya çalarları baxımından fərqlənə bildiniz. Bu, nəyin uğuru idi? Siz zamanın gətirdiyi yenilikçi dalğaya qoşulub fərqli görünmək istəyirdiz, yoxsa başqa bir ruhdan qanadlanırdı bu şeirlər?

- Ölkə müharibədən təzə çıxmışdı. Kasıblıq hamını eyniləşdirmiş, bir-birinə mehriban etmişdi. Heç kim özünü başqasından üstün tutmurdu. Belə bir vəziyyətdə özüm bilərəkdən, ya bilməyərəkdən nəsə etmək istədiyimə inanmıram, yəni əvvəlcədən heç nə düşünülməmişdi. Amma bu gün də mən şeir yazanda mövzu öz ritmini, geyimini əynində gətirir. Çalışıram ki, ritm vəziyyəti izah eləsin, mətləbin açılmasına yardımçı olsun. Xirosima haqqında yazanda şeirin forması atom partlayışı şəklində idi. Yəni göbələk formasında. "Qatar" şeirimi isə Moskvada yazmışdım. Qatarın sürətinin ritmində... Şeir, ümumiyyətlə, zaman haqqındaydı.

- Deyəsən, "Qatar" şeirinizə "Kirpi"də sataşmışdılar.

- Sataşmışdılar. Amma mən bilmirdim nə istəyirdilər.

- Yəqin, Mikayıl Rəfilidən istədiklərini istəyirmişlər.

- Rəsul Rza məni təqdir etmişdi. Ondan sonra bunlar da üstümə düşmüşdülər. Bunu özlərinə borc bilirdilər.

- Bir şeirinizdə bu misraları oxumuşdum:

Qaçmaq istəyirəm -

Evdən, şəhərdən

Qohumdan, dostdan, tanışdan.

Özümün özümlə o qədər

Söhbətim var,

Əgər vaxt tapıb danışsam...

Məncə, siz özünüzlə söhbətə həmişə vaxt tapmısız. Fikrət Qoca şeirlərində tənhalıq da bu üzdən olub. Bu xətt sizin gənclik dövr yaradıcılığınızda da aparıcı olub, indi də. Amma Qarabağla bağlı şeirlərinizdə nikbin, məğrur görünməyə çalışırsız.

- Onsuz da evini, babasının qəbrini, pirlərini qoyub qaçanların əksəriyyəti ağlayır. Məncə, ümumiyyətlə, şair, yazıçı ümid vermək üçün yaşayır. Amma mən Qarabağ müharibəsində özümüzü məğlub hesab etmirəm. Çünki bu müharibə nəticəsində, əslində, ermənilərin Bakıdakı hökmran mövqeləri əllərindən çıxdı. Nazirlərin katibəsi erməni qızları idi. Bəzilərinin xanımı erməniydi. Ən rahat yerləri ermənilər tutmuşdu. Ev tikən ustalar ermənilər idi. Bərbərlər, dərzilər ermənilər idi. Əgər özəlləşdirmə mərhələsində ermənilər əvvəlki mövqelərində olsaydılar, gör nə qədər yerləri özəlləşdirəcəkdilər. Ən böyük qazancımız bu oldu ki, ermənilərin qaranlıq içini, sifətini gördük.

- Biz kiçik vaxtlarımızdan Fikrət Qocanın poemalarındakı qəhrəmanlara oxşamaq istəyirdik: güllələnməli olduğu gecədə xalqının azadlıq mübarizəsinə poema həsr edən filippinli qəhrəman, Afrikada Yaşılburun adalarında inqilab edən qəhrəman... 12 yaşlı vyetnamlı qəhrəman oğlana yazdığınız poemalar qəhrəmanlığı vəsf edən poetik nümunə olmaqla bərabər, həm də şüur oyanışında, milli özünüdərk prosesimizdə də rol oynadılar.

- O zaman başqa cür danışmaq olmazdı. Həmin ideyanı başqa şəkildə vermək mümkün deyildi. Senzura var idi. Yazmamaq isə heç olmazdı. Ona görə mən gedib o ölkələrin milli qəhrəmanlarının həyatı ilə maraqlanırdım. Əlbəttə, bu yolda milli özünüdərkə kiçicik xidmətim olubsa, özümü xoşbəxt hesab edirəm.

- Bu gün də poema janrında israrla yazmaqda davam edirsiz. Hansı mövzular sizi daha çox düşündürür.

- Mövzu daim eynidir. İnsan mənəviyyatı. Qəribədir ki, ümumilikdə yer üzündə inkişaf var. İnsan ayılır. Hamı bilir ki, dünyaya gəlişi ilə ölümü də onunla bərabər doğulur. Yəni yolun sonunda ölümü onu gözləyir. Hər səhər sağlamlııq üçün hansı tərəfə qaçır-qaçsın, öz ölümünə doğru gedir. Bu, aksiomadır. Bunu bilə-bilə ölümdən qorxan insanın haqqında nə deyəsən. İnsan ölümdən qorxursa, gərək öz ağlından şübhələnsin. Ona görə insan gərək yalnız gözəl duyğularla yaşasın.

- Rəsul Rza yazırdı ki, "ömrümüz boyu xatirə yığa-yığa gedirik". Fikrət müəllim, kimin xatirəsini daşımaq sizi ağrıdır?

- Heç kəsin xatirəsi ağrılı deyil. Yük deyil. Məndə yaşayan xatirələr hamısı qolumdan tutur. Əslində, yaşamağımız özümüzü xatirə kimi paylamağımızdı.

- Fikrət müəllim, yaşca Anardan böyük olsanız da, həmişə ondan söz düşəndə elə bil ki, yaş fərqiniz unudulur. Siz Anara məsləhət yeri kimi baxırsınız. Yəqin ki bunun da öz anlamı var? Məncə, bu bağlılığın vəzifə pilləsinə heç dəxli yoxdur. Xatırlayıram, Çingiz Aytmatov Bakıya son gəlişində çıxışlarından birində "Anarla eyni dövrdə yaşamağımla fəxr edirəm" - dedi. Əslində, təkcə Azərbaycanın deyil, türk dünyasının bütün böyük aydınlarının fikri belədir. Elə sizin özünüzün də...

- Yusif Səmədoğlu ilə mən yaşıd idik. Bir dəfə Anardan söhbət düşəndə Yusif dedi: Anar yaşca məndən kiçikdir, amma mən ona böyük qardaş kimi baxıram. Onunla məsləhətləşməyə ehtiyac duyuram. O vaxtdan illər keçib, bu gün də mən özümü Anarın ziyalılığı, sehri altında hiss edirəm. Onunla məsləhətləşməyə ehtiyac duyuram. O, bu gün də, yazıçılar ailəsinin ağsaqqalıdır. Məsləhət yeridir. Bizim ona daha çox ehtiyacımız var, nəinki onun bizə. Yazıçılar Birliyinin 1800 üzvündən əlli nəfər qədirbilməzdirsə, bu, heç nəyi dəyişmir. Yazıçılar Birliyi ocaqdır, qədim ocaqdır, millətimiz kimi bütün keşməkeşlərdən keçib.

- Yaradıcılığınızdan keçən işıqlı obrazlardan biri də ümummilli lider Heydər Əliyevdir. Tərcümeyi-halınızda bu şəxsiyyətin rolu danılmazdır.

- Heydər Əliyev mənim üçün tamam başqa bir insandı. Onun haqqında danışmaq mənim üçün çox çətindi (kövrəlir). Bir onu demək kifayətdir ki, səksən altıncı ildən bəri yaşadığım ömür onun mənə verdiyi ömürdür. Qəribədir, o ailəyə mən həyatımı borcluyam. Ondan sonra İlham Əliyev də məni iki dəfə ölümdən xilas edib.

- "Yaş o yaş deyil ki... Heyif ki, deyil". Fikrət Qoca bu misralarındakı təəssüf nidasını yenidən səsləndirərmi?

- Həqiqətən, yaş o yaş deyil... Heyif ki, deyil.

Söhbətləşdi: Azər TURAN

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!