Bir gözəl uşaq var... - Mərziyyə Nəcəfova yazır

Nəriman Həsənzadənin "Qarabağdan gələn var" poeması üzərinə

 

1990-cı illər poeziyasında Qarabağ mövzulu poetik əsərlər içərisində sosial ziddiyyətləri qabarıq və dolğun şəkildə əks etdirən poemalardan biri də N.Həsənzadənin "Qarabağdan gələn var" əsəridir. Müəllif 1997-ci ildə qələmə aldığı bu irihəcmli epik-lirik əsərində xalqımızın üzləşdiyi problemləri, sosial ziddiyyətləri və ədalətsizlikləri Qarabağın Tuğ kəndindən olan Məmməd müəllim və Səyyarə xanımın şəxsində, onların acınacaqlı taleyində ümumiləşdirir. Əsərin əvvəlində şair yazır: "Qarabağın Tuğ kəndində 40 ilə qədər dərs hissə müdiri işləyən Məmməd müəllim və həmin müddətdə məktəb direktoru vəzifəsində çalışan həyat yoldaşı Səyyarə xanım hazırda 3 nömrəli xəstəxanada (biri qapıçı-bağban, o biri xidmətçi) işləyir. Hər ikisi ali təhsillidir. Qaçqındılar".

Poema Məmməd müəllimin başına gələn bəlaların, çəkdiyi ağrı-acıların təsvirindən sonra, bağbanlıq işində də taleyinə düşən amansızlıqlara, rəhmsizliklərə  ürcah olması səhnəsi ilə davam edir:

Hamı bir bağbanın üstünə düşüb,

Deyirlər, bağ niyə bu günə düşüb?

Ürəyin yanmırmı, ot yanıb gedir,

Budaqlar baltasız budanıb gedir.

Sosial ziddiyyətlər, mənəvi problemlər Məmməd müəllimin ağlı-qaralı taleyidir. O, çox yaxşı bilir ki, bağa su lazımdır. Lakin mənəviyyatı  dayazların münasibətləri, cəmiyyətdə hökm sürən özbaşınalıqlar, qanunsuzluqlar Məmməd müəllimin ürəyini didir, parça-parça edir. İxtiyar sahibləri yalnız öz şəxsi mənafelərini güdür, bağa gələn suyu öz evlərinə, həyətlərinə, məhəllələrinə çəkib aparıblar. Üstəlik də bağbandan bağı sulamağı tələb edirlər. Məmməd müəllim qəribliyi, didərginliyi, düçar olduğu ağrı-acıları daha dərindən duyur, hiss edir. Təkcə özünü yox, neçə-neçə soydaşının giriftar olduğu bu dəhşətli həyatı düşünür. Vətən, yurd-yuva həsrətinə dözməyib, dünyadan gedənləri, təmiz dağ havasında yaşamağa öyrəşmiş, şəhərin çirkli havasını, suyunu qəbul edə bilməyən körpələrin halına acıyır. Dərdini şairə söyləyir. Çünki onu artıq şairdən başqa dinləyən, sözünə məhəl qoyan yoxdur:

- Bir gözəl uşaq var mələkdi, mələk.

elə ki, yaz gəlir, sızanaq tökür.

Tuğun suyu gərək, havası gərək,

burdakı  havanı, suyu götürmür.

Götürüb qaçdıqca biz başımızı,

qaçırda bilmədik başdaşımızı.

Babalar torpağı tapşırdı bizə,

Görəsən, yurdsuza, ya vətənsizə,

Çadırda ölənə rəhmət düşürmü?

Birinin yadına Məmməd düşürmü?

Bu dərdli insanı dilə tutub könlünü almağa, təsəlli verməyə çalışan şair öz isti, səmimi misraları ilə əsər boyu körpə balası kimi oxşayır. Dövrün, zamanın ziddiyyətlərinə fəlsəfi mənalar verir, bağbanı dözümlü olmağa, sınmamağa çağırır. "Qarabağdan gələn var" poeması başdan-başa cəmiyyətimizdə baş verən sosial ziddiyyətlərin bədii əksi, ensiklopedik toplusudur.

Ey şirin ləhcəli, ey qaçqın ellim,

söhbət arasında nəydi bu əfqan?

Dünən dərs deyirdin, Məmməd müəllim,

bu gün müəllimə dərs deyir zaman.

 

Açıb kitabları varaqlayırdın,

şagirdi dindirib, qiymət qoyardın.

Sən şagird olubsan, bu dərd müəllim,

Zaman qiymət qoyur, Məmməd müəllim.

Sabir Rüstəmxanlı yazır: "Ədəbiyyat həmişə  zamanın özünə bənzəyir. Keçmişin ədəbiyyatı  keçmişə, indinin ədəbiyyatı indiyə!

Gələcəyin şeiri də gələcəyə bənzəyəcək...

...Gələcəyin şeiri, gələcəyin ədəbiyyatı gələcəyin yolunu gözləyir! Söz həmişə xalqın ruhu ilə bağlıdır. Bəlkə sabaha döyüş poeziyası, yeni bir inqilabı dalğalanan əks-səda gərək olacaq. Şeir, şübhəsiz, onu qəbul etməyə hazırdır. Ədəbiyyat həmişə mübarizənin ön cərgəsində dayanıb. Gələcəkdə də belə olacaq!..".

Nəriman Həsənzadənin "Qarabağdan gələn var" poeması da öz dövrünə, zamanına bənzəyir. Həmin dövrdəki xalq ruhunu, cəmiyyətin düşdüyü real, acınacaqlı vəziyyəti dolğun əks etdirir. Müharibə şəraitinin dəhşətli bəlaları, xalqın atəşkəsdən sonrakı durumu poemada real cizgilərlə rəsm edilir. Qaçqın-köçkün soydaşlarımızın çəkdiyi əzablar, ağrı-acılar şairin qələmindən ustalıqla sətirlərə süzülüb. Poemada şair Məmməd müəllimin simasında öz qaçqın soydaşlarını səbirli olmağa, ümidlərini itirməməyə səsləyir. Vətəndən vətənə qovulan günahsız insanları öz vətənlərində, doğma Bakısında  sınmamağa çağırır. Bütün faciələrə fəlsəfi məna verən şair öz taleyindən, keçmiş şəxsi həyatından misallar çəkir. Həyatda qazandıqları hər şeyini itirən insanların mənliklərini və qürurlarını qorumağı arzulayır:

Gərək daş olasan, dəmir olasan,

daş-dəmir içində gərək olasan.

Gərək yoğrulanda xəmir olasan,

odda bişirsələr çörək olasan.

Şairin xəyalında bir tərəfdə əzablar, ehtiyaclar, işgəncələr içində boğulan qaçqın, köçkün, kimsəsiz, imkansız, evi-eşiyi olmayan, bir qarın çörəyə möhtac qalan soydaşlarımız, bir tərəfdə isə get-gedə sürətlə varlanan, yaranmış vəziyyətdən istifadə edərək özlərinə hər cür rahatlıqla təmin edilmiş həyat şəraiti quran, müxtəlif modelli xarici maşınlarda şütüyən alverçilər, xalq, vətən sevgisindən uzaq insanlar, "Məkkəyə on dəfə gedən" hacılar, itinə-pişiyinə xaricdən yeməklər sifariş verən, ad günü keçirən "xanımlar" canlanır. Şair Məmməd müəllimin simasında müasir dövrün ictimai eybəcərliklərini ortaya qoyur:

Bu ağır söhbətdi, Məmməd müəllim,

özü yıxılanı özündən soruş.

Sənin çəkdiyini mən indi bildim,

Mənim çəkdiyimi barı sən soruş.

Şairin bu düşüncələrindən sonra paytaxtımız Bakını yaman günə salanların xarakterik cizgiləri önə çəkilir.

Ötən əsrin 90-cı illərinin ictimai mənzərəsi bu cür idi. Nə yaxşı ki, millətə, xalqa arxa duran, dayaq olan tapıldı. Bu xilaskar ulu Tanrının xalqımıza bəxş etdiyi ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev oldu. Onun hakimiyyəti illərində sosial ziddiyyətlər tamamilə öləzidi. İnsanlar arasında doğmalıq, bərabərlik prinsiplərinə riayət olunmağa başladı, mənəm-mənəmlik, dərəbəylik edənlər qınaq obyektinə çevrildi. Qanunsuz silah gəzdirənlər layiq olduqları cəzalarını aldı, islah əmək koloniyalarına göndərildi. Yenə də ədəbiyyat sosial bəlalarının diaqnozunu düzgün qoydu, sosial bəlalardan qurtuluş yolunu müdrik öndər Heydər Əliyevdə gördü. Bu müdrik siyasətçi sosial ziddiyyətlərin törənmə səbəblərini çox gözəl bildiyindən milləti sosial bəlalardan xilas etməyə müvəffəq oldu. Bu mövqe şairin poemasından qırmızı xətlərlə keçir.

90-cı illər ədəbiyyatının mövzu polifoniyası haqqında tədqiqatçı S.Şərifova yazır: "Yazarların diqqətini sosial varlığın müxtəlif tərəfləri və nöqsanları maraqlandırır: sosial ədalətsizlik və bərabərsizlik, Azərbaycanın tarixi keçmişi və perspektivləri, milli şüurun durumu, torpaqlarımızın ermənilər tərəfindən işğalı, Qarabağ müharibəsinin əzabları, qaçqınlıq həyatı və onun problemləri və s.".

Nəriman Həsənzadənin "Qarabağdan gələn var" poeması yaşanmış real həyat hadisələrinin bədii, mənzum epik portretidir. Əsərdə lirik ricətlər güclü olsa da, əsas aparıcı xətti ictimai-sosial nöqsanlar, bəlalar təşkil edir. Bu bəlalar sonsuz fəza kimi təsvir edilir.

Əsər boyu şair haqlı olaraq belə düşünür ki, vaxt gələcək keçid dövrünün bütün bu eybəcər ziddiyyətləri arxada qalacaq, hər şeyin sonu yaxşılığa doğru irəliləyəcək. Çünki: "İstiqlal qazanan ölkədə yenə istiqlal uğrunda vuruşan" var. Bu vuruşmanın sonu mütləq qələbə ilə nəticələnəcək. Milli istiqlalımızın doğru yolunu göstərən ulu öndərimiz, ümummilli liderimiz, uzaqgörən sərkərdəmiz Heydər Əliyev cənabları idi. Şair Məmməd müəllimin dili ilə bu dahi insanın parlaq obrazını yaradır. Poemada xalqın, xüsusən, başıbəlalı qaçqın, köçkün, didərgin soydaşlarımızın Heydər Əliyevə dərin inamı tərənnüm edilir:

Allah bəndəsinə bu zülmü qıymaz,

açıb buraxmazlar öküzü yolda.

Ölkə başçısı var, o belə qoymaz,

O yollarda qalıb, biz gözü yolda.

Dünya xəbər tutur səs-sorağından,

kəsir qabağını ölüm də, qan da.

O da qaçqın düşüb iş otağından,

o da qayıdacaq biz qayıdanda.

Vətənin, xalqının, el-obasının düşdüyü ağır durumu düşündükcə hirsindən-hikkəsindən bağrı çatlamaq dərəcəsinə çatan şair Məmməd müəllimin həyat eşqinə, inamına heyran qalır, özü də bundan  güc, təsəlli alır. Şair onun indiyə qədər başına gələn əzab-əziyyətləri, üzləşdiyi haqsızlıqları xəyalında canlandırır. Məmməd müəllimin, Səyyarə xanımın dərdini öz dərdi ilə müqayisə edir:

Dünən Bəxtiyara böhtan dedilər,

Şikəst elədilər Məmməd Arazı.

Mənim taleyimə uzandı əllər,

kimiydi? - toxların ac mafiyası.

 

Mənim dediyimi mənsiz deyirdi,

Bir çuğul yozurdu qul ləhcəsində.

Dildən dərs deyənlər kəkələyirdi,

Xırda qəzetlərin səhifəsində...

 

Mən susdum, dedim ki, bir vaxt olacaq,

kürsüyə qalxacaq həqiqət özü.

Bilmədim ürəyim infarkt olacaq,

infarktdan yatırmış cəmiyyət özü.

 

Gedin tərifləyin bir-birinizi,

mən bir ömür sürdüm, siz sürün iki.

Satın ölünüzü və dirinizi,

Bazar sizinkidi, VƏTƏN mənimki.

Bəli, bütün bu sosial ziddiyyətlər, insanlar arasına sədd çəkən maddi və mənəvi uçurumlar sonda cəmiyyəti "infarkta" gətirib çıxarır. "İnfarktdan əziyyət çəkən" cəmiyyətin dərdinə, yarasına məlhəmi ilk növbədə ədəbiyyat bədii, müdrik, doğru söz ilə qoyur. Cəmiyyətdəki ağrı-acıları həmin dövrün yazıçısı, şairi hamıdan əvvəl duyaraq, cəmiyyəti silkələməyə çalışır, onu müalicə etməyin lazımlığı uğrunda həyəcan təbili çalmağa başlayırlar.

Ümumiyyətlə, "Qarabağdan gələn var" poeması Qarabağ mövzulu epik  əsərlər içərisində sosial ziddiyyətləri ən dolğun, əhatəli əks etdirməklə yanaşı, Nəriman Həsənzadənin yaradıcılığında xüsusi çəkisi, mövqeyi ilə seçilən sanballı, dəyərli, yüz illər sonra da öz tarixi əhəmiyyətini itirməyəcək bir əsərdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!