Sevinc Muğannanın təqdimatında Fuad Biləsuvarlının şeirləri

 

Hər kəsin bir xəyal, sevgi dünyası olur. Bu dünyanın da öz qəhrəmanı, rəng çalarları var. Hərə bir cür qurur, yaradır öz aləmini. Kimi bozumtul, qara rənglərə üstünlük verir, kimi göz qamaşdıran isti çalarlara , kimisi də ümidsizlik içində isti günəş kimi parladır bu dünyanı. Fuad Biləsuvarlı belə şairlərimizdəndir.

Fuadın şeirləri ilə bu aralar yaxından tanış olmuşam. Yazdığı sevgi dolu sətirlər məni doğrusu alıb apardı. Onun kəlmələrində mən öz acılarımı, yarımçıq qalmış arzularımı tapdım. Bu məni düşünməyə vadar etdi.

Sosial şəbəkə dostluğumuz beləcə ruh dostluğuna çevrildi. İçimdə yalnız şeirlərindən tanıdığım bu gəncə qəribə simpatiya, doğmalıq duydum. Bu günümüzdə, belə çətin zamanda şeirimizə bütün çətinliklərə rəğmən eşq dolu, sevdalı gənclərin gəlişi məni çox sevindirdi. İnanıram ki, bu sevincim məni ömrüm boyu tərk etməyəcək. Oxucularımıza müraciətlə demək istəyirəm ki, Fuad balamıza öz sevgimizi əsirgəməyək. Addımladığı bu çətin yaradıcılıq yolunda ona uğurlar diləyək. Fuad balamız bu sevgidən ruhlanıb yeni şeirlər ədəbiyyatımıza ərməğan etsin!

Sevinc Muğanna

Fuad Biləsuvarlı

Layla, Dəmir babam, layla

Əziz ustadım, sevimli şairimiz Dəmir Gədəbəyli babama Allah rəhmət eləsin, ruhu şad olsun!!!

Bu şeirimi də əziz xatirəsinə ithaf edirəm

 

Sözlərinə söz ətrini gül bağından aldı şair!

Bu dünyanın həzzini də torpağından aldı şair!

Boy-buxunu, əzəməti şah dağından aldı şair!

Layla, Dəmir babam, layla.

 

Özün də bir günəş idin şeirə, sözə nur saçırdın,

Haqq aşiqi olduğundan haqsızlıqdan söz açırdın.

Halal adam doğman idi, haramlardan sən qaçırdın,

Layla, Dəmir babam, layla.

 

Sən Rüxsarə anamızı yaşatmağa ürək idin,

Xalqın üçün bütləşmişdin, göy üzündə mələk idin.

Mənim kimi arxasıza bir ağsaqqal, kürək idin,

Layla, Dəmir babam, layla.

 

O Rüxsarə gül anamız çox sevdiyin yarın idi,

Sənlə nəfəs alırdı o, şan-şöhrətin, varın idi.

İlahinin lütfü olan, vəfalı dildarın idi,

Layla, Dəmir babam, layla.

 

Hər sözümdə, söhbətimdə yaşayacaq adın sənin,

Xatırlayar hər bir zaman nəslin, kökün, zatın səni.

Heç bir zaman unutmaz ki, Gülpəritək bacın səni,

Layla, Dəmir babam, layla.

 

Sözlərini çəkəmməzdi dəryalarda qayıq, gəmi,

Olmayacaq sənin kimi ruhlandıran bir də məni.

Daha artıq qovuşmusan yanındadı Polad əmi,

Layla, Dəmir babam, layla.

 

Hələ sağkən cənnətini qazanmışdın hörmətinlə,

Dünyaları dolaşırdın şeir, nəğmə zinətinlə.

Fəxr edirdin hər bir zaman yurd-yuvanla, millətinlə,

Layla, Dəmir babam, layla.

 

İlqar, Haki məsləhətə day yanına gəlməyəcək,

Eh, yalandan yaşasaq da heç üzümüz gülməyəcək.

Sənsiz bizim xoş günümüz daha gözəl gəlməyəcək,

Layla, Dəmir babam, layla.

 

Türkel qardaş sonbeşiyin qoymaz sönə ocağını,

Aysel bacım sözlərinlə bəzəyəcək otağını.

Selin, Deha dədə deyib istəyəcək qucağını,

Layla, Dəmir babam, layla.

 

Şair Fuad ustadını hər bir zaman yad edəcək,

Məzarına gül aparıb, qəbri üstə su səpəcək.

Gədəbəyli Dəmir haqda gənclər üçün öyrədəcək,

Layla, Dəmir babam, layla.

Qurbanam o dərdi verən Allaha!

 

Səhərdi... Nur saçır günəş nə vaxtdı,

Mən isə gecədə qalmışam belə...

Dinməyə yox halım, heydən düşmüşəm

Bir baxın, necə də solmuşam belə...

 

Həsrətin dizinə qoydum başımı,

Bir əldən başıma salır daşını.

Gözlərim göylərdən alır yaşını,

Buludtək kövrəlib-dolmuşam belə.

 

Dualar edərək çıxdım sabaha,

Düz oldum, batmadım heç bir günaha.

Qurbanam o dərdi verən Allaha,

İlhamı dərdimdən almışam belə!..

 

Bənzəmir

Nədən azğınlaşıb görən bu ilan?

Zəhrini gizlədib qəfildən çalan.

Bu dərdin canını varmı bir alan?

Dərdim heç dünənki dərdə bənzəmir.

 

Dəyişir həyatda gün zaman kimi,

İnləyir ürəyim hey kaman kimi.

Qəlbimdən qəm damır qan daman kimi,

Dərdim heç dünənki dərdə bənzəmir.

 

Günbəgün görürəm hey sərt üzünü,

Gah kədər üzünü, gah dərd üzünü.

Mənə də göstərdi namərd üzünü,

Dərdim heç dünənki dərdə bənzəmir.

 

Gələcəklə yaşayıram...

Saf olmağa çalışıram,

düz olmağa çalışıram.

Boğulsam da paxılların baxışından,

bu həyatın enişindən, yoxuşundan,

bunu heç də ürəyimə dərd etmirəm!

Daha da çox saflaşıram, arınıram.

Mən bu yolda Allahıma sığınıram.

Ən ağrılı gecələrin əvəzində

Ən uğurlu nurlu sabah qazanıram.

Keçmişimə vida deyib

Gələcəklə yaşayıram...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!