Bir kitab iki baxış...

Ədəbiyyatımızı dünya arenasında ləyaqətlə təmsil edən şairlərimizdən biri olan Məmməd İsmayılın indiyədək Avropanın səkkizdən çox ölkəsində kitabları nəşr olunmuşdur. Sevindirici haldır ki, bu kitablar nəşr olunduqları ölkələrin tərcümə kitab bolluğunda itib-batmır, yayınlanar-yayınlanmaz oxucuların və ədəbi tənqidin diqqətini çəkir, haqqında məqalələr yazılır, proqramlar hazırlanır. Belə kitablardan biri də şairin Boqdani nəşriyyatının Brüsseldə 2018-də alban dilində nəfis şəkildə nəşr etdiyi "Rojet e harreses" ("Unutma, keşikçi") kitabıdır. Kitab haqqında istər Albaniya, istərsə də Kosova mətbuatında bir sıra məqalələr çap olunmuşdur. Onlardan ikisini oxucularımızla bölüşməyi uyğun gördük.

 

Məmməd İsmayılın əsərlərini həyəcansız oxumaq olmur

Söhbət şeirdən, poeziyadan gedəndə mən, adətən, daha yüksək kateqoriyaları düşünürəm. Əlbəttə, belə düşünməyə bu dəfə tamamilə haqlıyam, çünki haqqında söz açacağım adam poeziya aləminin dahiyanə şəxsiyyəti, istedadlı elm adamı və intellektualdır.

Azərbaycanlı şair Məmməd İsmayıl mükəmməl şeirlər yazmaq və ölkəsini ən yüksək ədəbi səviyyədə təmsil etmək üçün doğulmuşdur. Onun şeirə yanaşması yalnızca xəyali bir yanaşma deyil, eyni zamanda ölümsüz sənət əsərləri yaratmaq və əbədiyyətə mesaj göndərməkdir. Bu isə, fikrimcə, hər bir böyük sənət adamının mahiyyəti və özəlliyidir.

Önəmlə vurğulamaq gərəkdir ki, indi elə bir çağda yaşayırıq ki, biz sənət adamları şeir festivallarında təkcə öz yaşıdlarımızla deyil, eyni zamanda dünyanın önəmli ədəbi şəxsiyyətləri ilə də tanış oluruq. Taleyin bizə verdiyi bu fürsətlər sayəsində Məmməd İsmayıl kimi böyük şair və dəyərli dostla tanış ola bildik. Elə buna görə də onun şeirlərini böyük bir sevgi ilə alban dilinə tərcümə edib ayrıca kitab halında çap etdirdim. Məmməd İsmayılın alban dilində çap olunan bu kitabı oxucular və tənqidçilər tərəfindən böyük maraqla qarşılandı.

Məmməd İsmayıl böyük bir lirikdir, ədəbi coğrafiyasını getdikcə genişləndirməsi səbəbilə onun haqqında danışarkən yalnız Azərbaycan milli ədəbi ölçüləri ilə deyil, eyni zamanda beynəlxalq arenadakı böyüklük miqyasından da bəhs etmək lazımdır.

Onun gündəmə gətirdiyi mövzular maraqlı və diqqətçəkidir. Bu mövzular sensasiya doğuracaq həyati təcrübədən qidalanır. Amma şairin başqa mövzularda yazdığı şeirlərə də vətənpərvərlik düşüncələri hakimdir. Hesab edirəm ki, bu şairin həyatı başlı-başına ölkəsi və xalqının ruhu ilə sıx əlaqəli bir poeziya örnəyidir.

Şairin şeirlərini oxuyarkən saf ruhun sınırsız ifadə imkanlarını ortaya çıxararaq bu nəticəyə gəlmək olar ki, ömrünün səksəninci onilliyini qürbətdə yaşayan bu böyük sənətkar həyatın hər üzü ilə qarşılaşsa da, vətən sevgisi əsərlərinin əsas mövzularından biri olaraq qalmaqdadır.

Məmməd İsmayılın şeirlərini oxuyarkən və tərcümə edərkən qarşılaşdığım başqa bir xüsus da onun öz sənət konsepsiyasına varlığı ilə inanması və bağlı olmasıdır. O, yalnızca möhkəm inamı ilə deyil, həm də sənət və ölkəsi ilə bağlı fikirlərində kompromisə getməkdən uzaq olması ilə fərqlənir. Şeirlərində istifadə etdiyi dil, söz və düşüncə gücünün rolu tipoloji və estetik ierarxiya nümunəsinə hörmətlə yanaşan bir sənət örnəyidir.

Onun yazdığı şeirlər vətənindən çox-çox uzaqlardan da görünür və oxunur. Bu yönüylə onun əsərləri şan-şöhrət gətirən və ağlı başdan çıxan qızıla bənzəyir.

Bir neçə ildir yaxından tanıdığım, alban və fransız dilində kitablarını oxuduğum Kosovanın ən önəmli dövlət mükafatına layiq görülmüş Məmməd İsmayılın həyatı və əsərləri mənə düşünməyə cəsarət verir deyəm ki, o, həqiqətən böyük bir şair və ziyalıdır.Və içimdə belə bir arzu da baş qaldırır ki, üzümü Azərbaycan millətinə və onu idarə edənlərə tutub deyəm ki, millətinin poetik və intellektual düşüncəsinin belə bir bel sütununa malik olduqlarına görə, onunla qürur duysun, o buna layiqdir.

Biz, Məmməd İsmayılın dostları, onunla qürur duyur və ona uzun ömür və böyük yaradıcılıq uğurları diləyirik. Və nəhayət, düşünürəm ki, tənqidçilər, şair haqqında nə yazacaqlarını bilmədikdə dayanır və yazacaqları məqaləni aldıqları sitat və örnəklərlə doldururlar. Bu yöntəmin mənimlə və M.İsmayıl böyüklüyünün çəkilən misallarla təsdiqilə heç bir əlaqəsi yoxdur. Mən, sadəcə, bu böyük sənətkarla bağlı gəldiyim qənaətləri yazmaq istədim. Və bu düşüncələr bir tənqidçinin yox, bir sənət adamının ən səmimi, içdən gələn düşüncələridir.

Jeton Kelmendi şair,

Priştina Unversitetinin professoru, 

Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü Brüssel-Priştina

Təsəvvürəgəlməz ağrı xatirəsi

Azərbaycanlı şair Məmməd İsmayıl alban ədəbiyyatına Boqdani nəşriyyatının "Unutma, keşikçi" adlı kitabında nəşr olunan şeirləri ilə gəlir. Kitaba, daxil olunan şeirlər alban dilinə türk və Azərbaycan dilindəki orijinalından tərcümə olunmuşdur.

Kitabı nəşrə hazırlayanlar Məmməd İsmayılın elə əsərlərini seçmişlər ki, bu əsərlər şairi alban oxucularına sevdirmək gücünə malikdir. Bundan başqa, kitabda ünli şair və professor olan Məmməd İsmayılın geniş həyat hekayəsinə də yer verilmişdir ki, bu da oxuculara bənzərsiz şeirlər müəllifinin keçdiyi ömür yolunu izləmək baxımından vacibdir.

Məmməd İsmayıl elə bir şairdir ki, hətta alban dilinə tərcümədə belə, dünya standartları ilə yarışır, çünki şair ədəbiyyata fərdi kültürəl-mədəni kimliyi və yazı keyfiyyətilə gəlir, o, yalnız teorik bir yaxlaşımın peşində deyil, eyni zamanda ədəbiyyata uzun və yazılı bir motivasiyaya sahib olan yaddaşlara həkk olunacaq bir yazı tipologiyasını da gətirir. Bu isə yaddaşı reallığın olduğu yerdən qorunmasıdır.

Şairin ölkəsi - vətəni dünya kontekstində hardasa onun bütün şeirlərinin başlıca leytmotividir Bu, bəlkə də, şair üçün fərdi və kollektivi hərəkətə gətirmək üçün bir vasitədir. Hardasa bütün şeirlərində bu motivlərlə qarşılaşa bilərsiniz. Hətta metaforalardan istifadə və sevgidən bəhs edərkən də eyni mənzərəni görmək mümkündür.

Coğrafi təsvirlər, vətən gözəlliyinə xeyir-dua, şair bu personajların, elementlərin köməyi ilə əsərlərini qurur, müqayisə nömrələrinə işarə edir, onları yad, ya da səmavi simvollarla qarşılaşdırıb müqayisələr aparır, düyünlər düyür. O, insan istəklərinin yerinə yetirilməsi üçün Yaradandan ruhsal təmənnada bulunur və bəzi əlaqələri gözdən çıxarmaqla fədakarlıqla birliyin davamlılığının qorunub saxlanmasını istəyir. Bu mənəvi hesabat şairin bütün yaradıcılığı boyu izlənməkdədir.

Əsrimizin ən böyük bəlası olan miqrasiya şairin ən böyük acısıdır, iddialara qarşı münaqişələr və sistemlərin gərginliyi, tez-tez yaradıcılıq zəncirlərindən çıxan bir eqo gücünü yaradır. Bu poetik durum onun şeirlərində sıx-sıx qarşımıza çıxır. Bu şeirlərdə ağrı, acı var və bu əzici tonu gizlətmək və ya idarə etmək elə də asan deyil. İtirilmiş şəhərdə qrotesk bir adamın bayğınlığı var. İtirdiyini zənn etdiyi küçələrdə tərkedilmişliyin qoruyucusu kimi istəsən də səsini qaldıra bilməzsən.

Sevginin - ümumi xarakteri ətraf mühitlə vətən, valideyn sevgi modelinin üz-üzə gəlməsindən asılıdır. Şeirlərində gündəmə gətirdiyi motivlərdən də göründüyü kimi, həyat iksiri kimi, şair sevgiyə xüsusi dəyər verir, insanlığı sevgiyə çağırır və onun ürəyində sevgi xüsusi yer tutur. Yaradıcılığının böyük bir hissəsi uzlaşmaqdan uzaq olsa da, ətrafı çevrələyən gözəlliyi də unutmuş deyil.

Onun bütün şeirlərində gözəgörünməz gizli daxili bir əlaqə, bir mesaj, sosial protest də var. Sosial kodların qaranlıq tərəfi çəkilməsi gərəkməyən sevgi ölçüləridir. Yazdığı əsərlərdə şairin düşündüyü yalnız sevginin bir ölçüsüdür və vətənindən uzaqlarda yaşayan həddindən artıq qürurlu insanlar elə bilirlər ki, onların gizli sənəti onların üzlərini də gizləyə biləcəkdir.

Angel İ.Berişa şair, Kosova Milli Kitabxanasının

direktoru - Gyakovo

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!