Dünyanın gözəlliyi ondadı ki... - Sərvaz Hüseynoğlu

 

Dünyaya "İdrakın üfüqləri"ndən baxmaq istəyirəm. Professor Nizaməddin Şəmsizadənin eyniadlı kitabında ayarlanan aləmdən... "Ən böyük qələbələrin taleyi döyüş meydanlarından əvvəl insanların ürəklərində həll olunduğu yer"dən! Sözdən əbədiyyət məbədi tikilən məkandı burası. Bu məkanda insan öz nitqi, daxili, pünhan düşüncələri ilə özünü yaradır. Onu dünyanın hakimi edəcək ilahi sözə sahib çıxır. Bu kitab boyunca Nizaməddin müəllim, ustadı Asif Əfəndiyevin sözlərilə desək, "Yanar zəkanı" tərənnüm edir. "XX əsr Azərbaycan ədəbiyyatını yekunlaşdıran anlayışlar"dan "Yanar ürək" (İsa Hüseynov) və "Yanar zəka" (Asif Əfəndiyev) gerçəkliyindən, mutluluğundan söz açır, zamanın və tarixin şəxsiyyət qarşısında gücsüzlüyünün nədənliyini ayarlayır. Əlbəttə, ilk növbədə bədii sözün araçılığı ilə. Bu xüsusda Nizaməddin müəllimin yazdıqlarıdı: "Bədii söz mənim qəlbimi cilaladı, ruhuma sahib oldu, mənə ədalət və mərhəmət bəxş etdi, şəxsiyyət kimi ucaltdı, əyilməyə, sınmağa qoymadı... Mənim ruhumun atası sözdür... mən sözlə söhbət edirəm, dərdləşirəm...".

Sözlə söhbət edə bilmək, sözlə dərdləşə bilmək məqamı doğmalaşdırır Nizaməddin müəllimi könül, ruh adamlarına. "Günəşi Tanrı sifəti hesab etdiyi" yerdən hər kəsə əziz olur onun mütəfəkkir obrazı. Sahibsiz düşüncə sahibi olmasıyla idrakın və qəlbin əzablarına dözür, sevginin həzzini yaşayır, eyni zamanda da yaşadır. Bu yaşamda N.Şəmsizadənin türkçülük sevdası aparıcı rol oynayır. Bu böyük anlayışı başlıca ideal kimi qəbul edir, anladır ki, "Vətən əxlaqı türk dövlətçiliyinin təməlidir. Azərbaycançılıq türkçülüyün Vətən əxlaqı müstəvisində dərkidir". Nizaməddin müəllimə görə "dünya ona görə gözəldir ki, orada türklər yaşayır". Səmadan enmiş nur dəyəri verir bu ulu topluma. Sözünün davamını dahi şairimiz İ.Nəsiminin misraları tamamlayır:

Səni bu hüsnü camal ilə, kamal ilə görüb,

Qorxdular həqq deməyə,

                          döndülər insan dedilər.

Söykəndiyi, şəhadət gətirdiyi bir istinad nöqtəsi daha var; böyük söz ustası Füzulidən gələnlərdi:

Ey mələksima, ki,

                     səndən özgə heyrandır sana,

Həqq bilir, insan deməz,

                        hər kim ki, insandır sana.

Bu mələksima, hüsnü camalı ilə aləmlərə görk olan toplumun tarixinə eyni fikir ucalığından nəzər yetirir Nizaməddin müəllim, xüsusi bir duyğusallıq, nostalji yaşantılarla: "Qədim türklərin köçü bəşər tarixində ən böyük saqa idi. Dünyada mövcud olmuş saqaların əsasında türk köçəbəliyi dayanır... Türk köçünün mahiyyətində böyük çöl mədəniyyəti durur. Türklər torpaqlarını artırmaq üçün yox, daha çox mədəniyyətlərinin idrak üfüqlərini, düşüncələrini artırmaq üçün köç edirdilər...". Hər şey necə də doğru, adbaad... Tarixə və millətə sevgi duyğularının təkrarsız şairanəliyi, zərifliyi ilə bir arada. Professorun ədəbiyyatşünas alim Yaşar Qasımovla olan səmimi fikir mübadiləsini də bu duyğulu məqamlar izləyir. O, böyük ustadı Yaşar Qarayevlə bağlı düşüncələrini eyni duyğusallıqla dilə gətirir: "Müəllimim Yaşar Qarayev dahi şəxsiyyət idi. O, milli yaddaşa güvənib idrakın üfüqlərini genişləndirdi, onun sərhədsizliyini sübut etdi. Bu gün tarix heyrətamiz bir tərzdə onun fikirlərini təsdiq etməklə məşğuldur".

Poetik deyimin, nəzm ilə nəsrin və təkzibolunmaz elmliyin bir arada hasilə gətirdiyi mükəmməl bir lövhədə bu deyilənlər. Nizaməddin Şəmsizadənin bənzərsiz üslubu belədi. Və onun öz ustadına şamil etdiyi keyfiyyətlər yüzdə-yüz özünün alim, şəxsiyyət obrazının ifadəsi kimi də yadda qalır; həqiqətən də Dədə Qorqud aliliyi, Yəsəvi və Rumi sufizmi, Nizami intibahı, Nəsiminin cəngavər hürufizmi, Füzulinin doğal, nəcib qəmi, Axundzadənin maarif işığı, Cavid romantikasının vüsəti həm də onun özünün idrakının təməlində dayanır.

Bütün bunlar barədə "İdrakın üfüqləri"ndə yetərincə bəhs olunub; hər ədəbi-fəlsəfi yazının öz ovqatı, missiyası var. "Bəşəriyyətin əbədi uşaqları olan" bizlərin dönə-dönə varmalı olduğumuz mətləblərdən böyük filosof-alim, şair-publisist ovqatıyla söz açır "İdrakın üfüqləri"ndə Nizaməddin müəllim...

Fundamental elmi tədqiqatlara imza atan Nizaməddin müəllimin öz yaradıcılığının da ciddi araşdırma mövzusu olması təbiidi. Bu baxımdan ədəbiyyatşünas alim Gülxani Pənahın "Ədəbiyyatdan əbədiyyətə" adlı monoqrafiyası çox maraqlıdı. Gülxani xanım Dövlət mükafatı laureatı, görkəmli alim, professor N.Şəmsizadənin ədəbi-tənqidi və nəzəri-fəlsəfi baxışlarını incələyib, onun ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsi sahəsində orijinal konsepsiyalarını peşəkarlıqla nəzərdən keçirib.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!