Nəsimi və Andriç haqqında bir neçə söz... - Səlim Babullaoğlunun "Nəsimi simpoziumu" və təqdimetmə mərasimindəki çıxışı

 

İyunun 16-20 tarixləri arasında Serbiyada "Nəsimi-650" silsilə tədbirləri keçirilib.

Serbiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində xüsusi rolu ilə seçilən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müdiri, serbşünas alim Cəlil Nağıyev, serb yazıçısı Milorad Paviçin "Xəzər Lüğəti" və Draqan Damyanoviçin "Müqəddəs Savanın Anası" kitablarını Azərbaycan dilinə tərcümə etmiş əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlövsət Ağalarov, serb antologiyası və İvo Andriçin şeirlər kitabını Azərbaycan dilinə tərcümə və nəşr etmiş, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Paşa Kərimov və Balkan regionu ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin inkişaf etdirilməsinə verdiyi xüsusi töhfələrə görə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Serb Dili və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Lalə Məcidova Serbiya Kral Akademiyasının "İvo Andriç" medalı ilə təltif olunublar.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun "Nəsimi simpoziumu" və təqdimetmə mərasimindəki çıxışını oxucularımıza təqdim edirik.

Hörmətli cənab səfirlər!

Serbiya Kral Akademiyasının hörmətli prezidenti!

Hörmətli rektor, akademiklər, xanımlar və cənablar!

Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin bir çox tədbirlərin, həmçinin beynəlxalq miqyaslı tədbirlərin keçirilməsini təmin edən,  2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsi ilə bağlı sərəncamında bu sətirlər var:  "Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir...".

Mənəvi-əxlaqi kamilləşmə... Bizim bütün insani fəaliyyətimizin, cəhdlərimizin, o cümlədən ədəbi fəaliyyətimizin başlıca məqsədi bu deyilmi? Amma yaxşı bilirsiniz ki, ədəbiyyatlar fərqli olur. Və onu da bilirsiniz ki, yazar, yaxud yazan adam öz qarşısına birbaşa olaraq bu məqsədi qoymur, çünki heç bir kəs özü haqqında "başqasını kamilləşdirəcək" kimi yüksək fikirdə olmur və bu cürə hallarda ən yaxşı halda  uğurlu plakat yaranır. Bəs, onda  "yazıçı-oxucu", "yazar-xalq" kontekstində bu necə baş verir, verməlidir?  Görünür, mənəvi-əxlaqi kamilləşmə, əslində, bütün varlığın, insan mövcudluğunun məhvərində duran bir ideya, qüvvə və canatımdır ki, bütün insani fəaliyyətlərə sirayət edir. Hərçənd təəssüf ki, biz yazı adamları bir insan kimi bunun bir elə də fərqində ola bilmirik. Nəsimi kimi istisnalar xaric.  Onda ədəbi fəaliyyət bir oyuna, səyahətə çevrilir, amma bu yalnız ağlın oyunu və səyahəti olur, ruhun və qəlbin deyil.  Belə hallarda biz bir qayda olaraq "Eliot təəssüfü" ilə qarşılaşır və deyirik: "Hanı həyatda itirdiyimiz həyat?".

XX əsrin müdrik şəxsiyyətlərindən biri, görkəmli polyak şairi Çeslav Miloş yazılarının birində deyir ki, metafizik özüldən məhrum ədəbiyyat həmişə ikinci dərəcəli olacaq. Necə ki, dinə iddia edən ədəbiyyat da ikinci dərəcəlidir.

Haqlı olaraq Azərbaycan ədəbi-poetik dilinin yaradıcılarından sayılan  böyük şair və mütəfəkkir Nəsimi digər böyük sələf və xələfləri kimi əlbəttə bunu bilirdi. Bilirdi ki, bütün yollardan üstün bir yol, bütün dillərdən vacib bir dil var. Nəsimin dillər əzbəri olan iki şeirindən  nümunə gətirmək istəyirəm:

"...Həm sədəfəm, həm inciyəm,

                          həşrü sırat əsinciyəm..."

"Xar içində bitən qönçə gülə

                             minnət eyləməm,

Ərəbi, farisi bilməm,

                           dilə minnət eyləməm.

Sirat-i müstəqim üzrə izləyərəm Rahimi

İblisin təlim etdiyi yola minnət eyləməm...".

Mən indi sizə bu şeirləri sətri tərcümə edib qısa izahını verməyə çalışacağam. Amma bir şeyi deyim ki, ikinci nümunə Nəsiminin ardıcıllarından olan, eyni imzayla yazmış və XVI əsrdə yaşamış başqa şairə aid edilsə də mən bu fikri bölüşmürəm.

Birinci misrada böyük şair insanın sədəf və inci kimi qiymətli olduğunu, incinin və sədəfin isə suyun dərin qatlarında, gizlində olduğunu söyləyir və  sonra da deyir ki, inci, sədəf kimi qiymətli olmamız həşr günü və son imtahan, yolçuluq, mənəviyyat gününün əsintilərinin qabaqcadan bizim içimizdə olduğuna görədir, ola bilsin ki, bu keyfiyyətimiz bir az sədəf və inci kimi gizlindədir də.

İkinci şeirdə şair də hər bir dildən daha vacib dilin, ola bilsin böyük mənada ana dilin, protodilin, eləcə də bütün yollardan, körpülərdən daha üstün  bir yolun və körpünün olmasından və insanın məhz bu dildə danışmalı, bu yolla - eşq, sevgi, Rəbbi ilə qovuşmaq yolu ilə yürüməli olduğunu söyləyir.

Bəs bu yolu necə tapmalı? Bu yolun həmin yol olduğunu necə müəyyənləşdirməliyik? Əlbəttə ki, o böyük yola gedən kiçik yollar çoxdur. Onlardan biri də mütaliədir. Klassikləri mütaliə. O cümlədən "Drina körpüsü"nü.

Müasir Azərbaycan ədəbiyyatşünaslığının tanınmış isimlərindən olan, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan "Necə düşünürsünüz, "Drina körpüsü" mədəniyyətləri daha çox ayırır, ya birləşdirir,?" - sualına belə cavab verir:

""Drina körpüsü"nün metafizik hörgüsündə həm "Quran" var, həm "İncil". Doğru yol var, qəlbin, ruhun yolu. İvo Andriç öz əsərində bu əsas yolu nişan verir...".

Mən də az əvvəl bu yol haqqında danışdım və Nəsimidən misallar gətirdim.

Elə burdaca, indiyədək söylədiklərimi ümumiləşdirmək üçün İvo Andriçin bir fikrini xatırlamaq istəyirəm: "Ötən bütün zamanlardan danışılan tarixçələr, əslində, eyni bir tarixi-insan həyatının mənasını ifadə etmək, danışmaq cəhdidir...".

Əziz dostlar, həmkarlar!

Belqrada gələrkən, təyyarədə mən riyaziyyat və ədəbiyyat haqqında, dəqiq elmlər və metafizika haqqında düşünürdüm.  Və nədənsə, bu qənaətə gəldim ki, ədəbiyyat tarixi dəfələrlə adi riyazi formul və düsturları, hesablamaları ciddi sual altına alıb, onların doğruluğuna bizdə şübhə oyadıb.  Nəsiminin taleyini götürün. 48 il yaşayıb. İndi 650 illiyini diriymiş kimi qeyd edirik. O öz taleyi ilə sübut elədi ki, 48  necə 650-yə bərabər ola bilər.

Sizin vaxtınızı daha almaq istəmirəm. Sözümün sonunda hörmətli cənab səfirə, Eldar Həsənova ölkələrimizin yaxınlaşması, xüsusən ədəbi-mədəni sahədə gerçəkləşdirilən çoxsaylı layihələrə, həm Belqradda, həm Bakıda nəşr edilən onlarla qiymətli kitablara, dəstəyə görə minnətdarlıq etmək istəyirəm.

Eyni zamanda Bakıda fəaliyyət göstərən "Serb mərkəzi"nə, Belqradda fəaliyyət göstərən "Azərbaycan mərkəzi"nə uğurlar arzulamaq istəyirəm.

Jiveli Nəsimi, jiveli Andriç!

Diqqətiniz üçün sağ olun.

Çıxış rus dilində edilmişdir

Belqrad, 19 iyun, 2019-cu il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!