Xəfif küləyin üzümə dəyişində hiss edirəm səni... - Günel Yaqubova - şeirlər

 

Sən yoxsan

Nə həyatımda, nə də bu dünyada

Sərin bir axşamda

Xəfif küləyin üzümə dəyişində

Hiss edirəm səni...

Baharın gözəlliyin duymağımda

Tumurcuqların ümidə bənzəyişində

Çiçəklərin ətrində, güllərin şehində

Hiss edirəm səni...

Və sənsizliyi...

Dənizin dalğaları kiminə sevinc

Kiminə əyləncə

Kiminə rahatlıq bəxş edir.

Mənə səni bəxş edir...

Ya da sənsizliyi...

Səmadakı təyyarələrin izləri

Kimini arzularına çatdırır

Kimini ünvanına.

Məni sənə aparır

Ya da sənsizliyə...

Qayıqların yelkənli olmağı

Güvən hissi yaradır.

Həm qayığı batmağa qoymaz

Həm də ona güvənən sərnişinin.

Mənsə kimə güvənəcəyimi bilmirəm.

Payızın xəzəli kiminə sevgi deməkdir.

Kiminə sadəcə xışıltı, kiminə hüzn.

Kiminə isə heç nə ifadə etmir.

Mən səni duyuram

Hər yarpağın yox olmağında

İncə-incə qırılıb ağacı tərk etməyi

Sənə olan ümidlərimin yox olmağına

Bənzəyir...

Yağışın hər damlası mənə

Səndən bəhs edir.

Üzümdəki damlanı silməməyim də

Buna nişanədir

Mənim əvəzimə ağlayan göylərə də

Təşəkkür edirəm.

Ən azından yalnız olmadığıma

İnandırır məni.

Qışın yarpaqsız ağacları

Mənim sənsiz halıma bənzəmirmi?

Sənsizlik bir ümmandır.

Boğulmadan üzürəm.

Ya da boğularaq...

Çox uzaqlara qədər beləcə getməyi

Gözə almışam...

Ya da gedə biləcəyim yerə qədər.

Yolumun adı

Yaşamaqla ölüm arasında...

Səninlə sənsizlik kimi!..

Rəngli dünyam

Ağ rəng

Saflıq, təmizlik demək

Dağların başı

Bəmbəyaz qar

Sevinc dolu gün

Şübhəsiz ömür

Azad göyərçin

Səmadakı buludlar

Şehli otlar

Ana südü və qucağı

Ata nəsihəti

Yaşlıların saçı

Dost əli

Yalansız sevgi

Təyyarə izi

Dəniz dalğası...

Sarı

 

Hicran, ayrılıq demək

Puç olmuş xəyal

Gözlərin yol çəkməyi

Sonsuz səhra

Payızın xəzəli

Ağacla vidalaşan yarpaq

Dünyanın bəzəyi günəş

Nəfəs alan evlərin

Pəncərədən görünən rəngi

Bərəkət rəmzi sünbül

Tarın simi

Həsrətli gözlərin tilsimi

Uşaqlara ən yaraşan rəng.

Mavi

Rahatlıq, səssizlik demək

Sonsuz səma

Dərin düşüncə

Açıq fikirlər

Göz işlədikcə uzanan dəniz

Acı bəxş etməyən sevgi

Yalansız dünya.

 

Qırmızı

Sevgi, həyat demək

Laləli düzlər

Müharibə xatirəsi

Narın bölünməsi

Hiddətli baxış

Çarəsiz göz yaşı

Məhəbbət naxışı

Qırmızı güllər.

 

Yaşıl

Ömür və yaşamaq demək

Baharın təravəti

Sirli çəmən

Təbiətin özü

Şairin sözü.

 

Bənövşəyi

Ümid və təsəlli demək

Yaz qoxusu

Bahar nəfəsi

Çiçəklənən tumurcuq

Soyuq ağaca istilik

Övlad gülüşü

Nənəmin kələğayısının gülləri

Boynubükük bənövşə.

 

Çəhrayı

Nikbinlik, qayğısızlıq demək

Səadətə aparan yol

Həyatı gözəl görməyim

Eynək şüşəsi

Xoş ətirli ağaclar

Utancaqlığın yanağa hopmuş rəngi

Abır və həyanın ahəngi

Sevdiyinin gözünə baxmağın,

Əlini tutmağın

Üzdəki əksi...

 

Qara

Həm sadəlik, həm qorxu demək

Aylı gecə

Ulduzlu səma

Sevgisiz keçən ömür

Övladsız ailə

Həm də ağac böyüdən torpaq

Acı xəbər, pis niyyət

Dumanlı fikir

Pərişan saçlar

Yoxsulun, zənginin

Ən sevimli rəngi...

 

Boz

Xatirə və keçmiş demək

İtirilmiş dostluqlar

Küləkli hava

Payızın gəlişi

Həm köhnə, həm yeni ev

Qışın mənzərəsi

Bəzənməmiş budaqlar

İlk müəllimimiz

Son zəngimiz

Boz həm rəngdir

Həm rəngsizlik...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!