Rəng korluğu, təklik qorxusu, xilas istəyi... - Nicat Həşimzadə yazır

Ölüm hər bir düşüncə adamını ciddi mənada düşündürüb, titrədib, təəccübləndirib, silkələyib, həyəcanlandırıb.  Əzablar, mənəvi işgəncələr, anlaşılmaz, izah olunması mümkünsüz iztirablar, şəfası tapılmaz xəstəliklər çoxaldıqca insan ölüm haqqında daha çox düşünür. Ölümə bütün mühakimələrdən, əzablardan xilas yolu kimi baxır. Elə bilir ki, ölümdən sonra bütün iztirablar bitəcək. Axı ölümdən sonra iztirablarımızın bitəcəyini kim müəyyən edib? O dünyadan bir adam salamat qayıtsaydı  soruşardıq. Axı başqa bir reallıq da var, insan yaşamaq istəyir. Övladlarını, nəvələrini, sevgilisini, həyat yoldaşını bir az da görmək istəyir. Bir neçə dəqiqə, bir neçə saat, bəlkə bir neçə gün. Ancaq gerçəkliyin ən dəhşətlisi odur ki, hamımız öləcəyik. Sənət adamları erkən ölümdən həm də ona görə qorxurlar ki, yaradıcılıq ömrü də yarımçıq qalar. Məsələn, Ərtoğrol Cavidin həyatına nəzər salarkən görürsən ki, adam həddən artıq ideya bolluğu, fikir axını yaşayıb. Ancaq öz potensialını realizə etmək üçün ömrü yetmir. Bu səbəbə görə də işləri yarımçıq qalır. Bəzi insanlardasa vəziyyət  fərqli olur. Sanki yaşa dolduqca onlara xüsusi enerji gəlir. Yaradıcılıqlarında daha zəngin mövzu axını olur. Mənə elə gəlir ki, Zahid Sarıtorpaq da belə müəlliflərdən biridir.

Təkrarçılıq olsa da, bu sözləri deməyi yenə də vacib bilirəm. Çağdaş Azərbaycan ədəbiyyatında yetərincə ciddi, savadlı, istedadlı yazıçılar var. Sadəcə, təəssüflər olsun ki, onlar özlərini təqdim etməkdə problemlər yaşayırlar. Bugünün şərtləri yazıçıdan marketinqi öyrənməyi, oxucu zövqü ilə hesablaşmağı tələb edir. Ancaq Zahid müəllim kimi bu tələblərlə razılaşmayan, öz yolu olan, öz üslubunu yaradan yazıçılarımız da var və nə yaxşı ki, var. Bayağı kitablar və bayağı müəlliflər çox qısa zamanda unudulacaq. Zahid Sarıtorpaq kimi müəllifin kitablarısa zamanın süzgəcindən uğurla keçəcək. Ədəbiyyat üçün 30-40 il, hətta bir əsr çox qısa zamandır.

Yaradıcı adamların başqa bir qorxusu da olur. Məsələn, kor olmaq kimi dəhşətli bir qorxu. Qorxulardan biri də dünyanı tək rəngdə görməkdir. "Dərdin sarı çəpkəni" romanının baş qəhrəmanı Bulud müəllim bu dəhşətli xəstəlikdən əziyyət çəkir. Romanın baş qəhrəmanı bəzən müəllim olduğu günləri xatırlayır və o günlər üçün darıxır. Ancaq müəllimlik sənətinin dəyərini itirdiyini görəndə özünə təsəlli tapır. Bulud dünyanı sarı rəngdə görür. Rəngləri ayırmağı bacarmır. Həkim ona bu məsələni gizli saxlamağı, bu sirri heç kəslə paylaşmamağı məsləhət görür. Romanın süjetini danışmaq niyyətində deyiləm. Məsləhət görürəm ki, bu romanı tapıb oxuyasınız. Məqsədim romanda mənə təsir edən mövzulara toxunmaqdır.

Bulud müəllimin həyat yoldaşı vəfat edib. İki oğlu Rusiyada bizneslə məşğul olur. Romanı oxuduqca görürük ki, Bulud daim həyat yoldaşı üçün darıxır, ürəyində, yuxularında onunla danışır, ondan bir ümid, bir təsəlli gözləyir. Həyat çox qəribədir. Kişi rəhmətə gedəndə qadın uzun illər yaşaya bilir, özündə güc tapır, həyatla mübarizə aparmağı öyrənir. Ancaq qadın rəhmətə gedən zaman kişi çıxılmaz hallara düşür. Ciddi psixoloji gərginlik yaşayır. Qəhrəmanımız Bulud müəllim də bu çətinliyi, ümidsizliyi, çarəsizliyi yaşayır. Bu ağır iztirablara dünyanı tək rəngdə görmək çətinliyini də gəlsəniz vəziyyət daha da qəlizləşir. Əslində, buna rəng korluğu deyilir. İndi müasir dünyada rəng korluğunu aradan qaldıran xüsusi eynəklər istehsal olunur. Roman yazıldığı dövrdəsə bütünlükdə ölkəmizin belə eynəklərdən xəbəri yox idi. Rəng korluğu dünyada çox az rast gəlinən xəstəlikdir və əsasən kişilərdə olur.

Rəng korluğu - Daltonizm gözün görmə mərkəzindəki xüsusi piqmentlərin yoxluğu və yaxud əskikliyi nəticəsində yaranan xəstəlikdir. Bunun nəticəsində daltoniklər müəyyən rəngləri ya qara, ya da olduğundan tünd görürlər. Ən çox rastlananı qırmızı, mavi, yaşıl rənglərinin eyni - qara rəngdə və qırmızı-yaşıl, mavi-sarı rənglərinin əskik görünməsidir.

Etiraf edim ki, bu romanı oxuyana qədər rəng korluğu haqqında düşünməmişdim. Rəng korluğu haqqında düşünməsəm də, kor olmaq haqqında düşünmüşdüm və qorxmuşdum. Borxes oxumaqdan kor olmuşdu. Eşitdiyimə görə, Homer də kor şair olub. Dərd gözdən kor olmaq deyil ki. Bu dünyada ağıldan, könüldən kor olanlar da var. Bulud müəllimin oğulları elə ağıldan və könüldən kor olanlardır. Rəng korluğu xəstəliyinə görə bir zamanlar bu xəstəlikdən əziyyət çəkən yapon qadın fond yaradıb. Bu fonddan rəng korluğundan əziyyət çəkən xəstələrə kütləvi miqdarda pul ayrılır. Bulud müəllimə ayrılan pulları oğulları boş yerlərə xərcləyib məhv edirlər. Romanı oxuduqca insana aydın olur ki, gözdən, könüldən kor olan bu iki oğlu atalarının xəstəliyindən daha çox, fonddan əldə ediləcək pul maraqlandırır. Həyat niyə bu qədər vəfasızdır?

Zahid Sarıtorpaq "Dərdin sarı çəpkəni"  romanında mənim bilmədiyim, rast gəlmədiyim xeyli maraqlı sözlərdən istifadə edib. Romanın dili sadədir, xalq dilinə yaxındır. Ancaq toxunduğu mövzular ağırdır. İnsan beynində fəlsəfi sualların yaranmasına səbəb olur. Bu suallara cavab tapmaqsa bəzən insandan bir ömür alır.

Rəng korluğundan əziyyət çəkən qəhrəmanımızı həm də təklik qorxudur. O, doğma insanlarının əhatəsində belə, mənəvi rahatlıq tapa bilmir. Bulud müəllim xilas olmaq istəyir. Xilas ola biləcəkmi? Bu suala cavab tapmaq üçün romanı oxuyun.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!