İlyas Əfəndiyevin belletristikası: təhkiyə texnikası, narrativ instrumentariləri... - Nizami Tağısoy yazır

 

İlyas Əfəndiyevin yaradıcılıq yolu, nəsr və dramaturgiyasının poetikası, müasir Azərbaycan ədəbiyyatında tutduğu yer çeşidli aspektlərdən araşdırılmış, üslub dəst-xətti geniş təhlil obyektinə çevrilmişdir. İ.Əfəndiyevin yaradıcılığına bir küll halında nəzər salmaq və nəsr əsərlərində qoyulmuş problemləri sağlam təfəkkür rakursundan təhlil etmək əvvəlki kimi bu gün də kifayət qədər aktualdır. Ədibin yaradıcılığının həmişəyaşarlığı nəinki onun maraqlı  dramaturgiyasının, mövzu, obrazlar bolluğu və orijinallığı, həm də nəsr əsərlərinin məzmun mündəricəsi ilə səciyyəvidir.   

Bədii yaradıcılığa lirik hekayələrlə başlamış və 1939-cu ildən oxuculara təqdim olunmuş "Kənddən məktublar" adı  altında beş hekayəsi yazıçının yapışqanlı, şirin, lirik, aydın və ifadəli nəsr dili, özünəməxsus təhkiyə üslubu hekayələrinin süjet xəttində sadə həyat lövhələri yaratmağa çalışan yazıçının orijinal dəst-xəttindən xəbər verirdi.

"Aydınlıq gecələr" kitabı İ.Əfəndiyevin nəsr qələminin getdikcə naxışlandığını sübut edirdi. 1940-cı illərdən yazılmış "Apardı sellər Saranı", "Durnanın günahı", "Kiçik bir poema", "Qəhrəman ilə bülbülün nağılı",  "Yarımçıq qalmış portret haqqında mahnı", "Qarı dağı", "Sən ey qadir məhəbbət", "Qoca tarını çaldı" və s. kimi hekayələrdə, bir tərəfdən, folklor ünsürləri, digər tərəfdən, Böyük Vətən müharibəsi ilə bağlı arxa cəbhənin aparıcı qəhrəmanları hesab edilən qadın obrazları diqqət mərkəzinə çəkilirdi. Bu qadınların timsalında müharibəyə yollanmış ərlərini ülvi məhəbbətlə sevən, həssas qəlbli, xəyalpərəst insan obrazları görünməkdədir.

İlyas Əfəndiyevin "Gözlənilməyən sevgi" (1939) hekayəsində darülfünunda bir yerdə təhsil alan iki gəncin bir-birinə sevgisi orijinal yanaşma rakursundan qələmə alınmaqla maraqlı yazıçı gedişlərini ortaya qoyur.

"Apardı sellər Saranı" (1940) hekayəsi folklor süjetlərindən nəşət almaqla olduqca nostalji və titrədici bir dillə söylənilir.  Anası erkən vəfat etmiş Saranın babasının ümidinə qalması, onun Xançobanın sevgilisi olması, yadelli bir şahın yolu Muğandan keçərkən onun Saraya gözü düşməsi, qızı özü ilə aparmaq istədiyi zaman atasının qızı şahın əlindən alıb çaya atması xüsusi hisslərlə tərənnüm edilir. Əsərdə folklor motivlərinə dirənən psixoloji gərginliklərlə yanaşı, etnik-milli qeyrət məsələsi ön plana çəkilir.

"Qəhrəman ilə bülbülün nağılı" (1942) hekayəsi rəvayət və əfsanələr üzərində qurulmaqla burada igidlə bir qız arasında olan sevgi macəraları maraqlı haşiyələrlə öz təsvirini tapır. Əsərdə oğlanın yuxu görmələri, onun  öz sevgilisi ilə görüşü sentimental ruhda təsvirini tapdığından xeyli məqamlarda qazax yazıçısı M.Auezovun "Yasa bürünmüş gözəl" povestindəki  analogiyaları görmək mümkündür.

"Yarımçıq qalmış portret haqqında mahnı" (1943) hekayəsindəki rəssam Elmarın obrazı isə bizə rus yazıçısı Vladimir Korolenkonın "Kor musiqiçi" və türkmən nasiri Nurmurad Sarıxanovun "Şükür baxşı" povestlərinin bəzi fraqmentlərini, o cümlədən Şükür baxşının özünü xatırladır.

"Qarı dağı" (1944) hekayəsi də  rəvayət və əfsanə motivlərinə söykənməklə qələmə alınsa da, əslində, əsərdə işğalçılıq, əzazillik pislənir. Yadelli şah Azərbaycan şəhərini işğal edir, insanları qətlə yetirir. Bunun təntənəsi olaraq şah qan dənizinə çevrilmiş şəhərin yanında çadır qurdurub şadyanalıq etdiqi zaman vəziri Taygöz Yusif ona oğlu Maliktacın bərk xəstələndiyini xəbər verir. Şah məmləkətin ən tanınmış loğmanlarını oraya dəvət etməyi əmr etsə də, ona kömək edəcək bir falçı qarıdan başqa heç kim tapılmır. Qarı Maliktacı dağlardan yığdığı çiçəklərlə müalicə edir. Oğlan özünə gəlir. Qarı həmin çiçəklərin şirəsindən şahın özünə də verir. Şah bundan xoşhal olub, ona iki kisə qızıl verir. Viran qalmış şəhərin adamları qarını satqınlıqda suçlayırlar. Az sonra şah da, oğlu da qarı verdiyi həmin şirədən zəhərlənib ölurlər. Qarı qəsb edilmiş xalqının qisasını şahdan bu yolla  alır.

Bütün bunlar bizə belə bir fikir söyləməyə əsas verir ki, İlyas Əfəndiyevin belletristikası onun bütöv yaradıcılığının mühüm səhifəsini təşkil edir. 1950 - 1960-ci illərdə qələmə aldığı "Gülaçar", "Su dəyirmanı", "Yaylaq qonşumuz", "Yun şal", "Qırçı və qızıl çiçək" kimi həyat həqiqətlərinə fərdi baxış bucağından münasibət dövrün reallıqlarını əks etdirmək baxımından maraqlıdır. Hekayələrindəki Sənubər, Sonabəyim, Gülaçar, Sərkər, Eyvaz, Humay, Südabə, Cəmil, Qədir, Musa və başqa bu kimi obraz, xarakter və personajlar İ.Əfəndiyev belletristikasının özünəməxsus tərəfləri ilə oxucu yaddaşında yer alır. Ədibin yaradıcılığı üçün adi məişət detallarının seçilib təqdim olunması uğurlu təsvirlərlə zəngindir.  Bu da maraqlıdır ki,  İ.Əfəndiyevin hekayələrinin xeyli qismində M.Şoloxovun "Don hekayələri"nin analogiyaları nəzərə çarpır. Bu baxımdan müəllifin "Yun şal" hekayəsinin bir sıra tərəflərini M.Şoloxovun "Don hekayələri"nə daxil etdiyi "Xal" hekayəsi ilə müqayisə edə bilərik. Bundan başqa, İ.Əfəndiyevin belletristikası M.Şoloxovun "Don hekayələri"ndə daha çox qabardılmış məişət və həyat psixologizmlərinin təsvirində ortaya çıxır. M.Şoloxov və V.Korolenko nəsrinin İ.Əfəndiyev nəsrinə təsirindən danışdıqda, həm də Azərbaycan ədibinin də digər yazıçılarımızın yaradıcılığına etdiyi təsirdən söhbət açmaq zəruridir. Bu baxımdan "Qarı dağı" hekayəsinin bəzi motivlərinin Şərif Ağayarın "Harami" romanına pozitiv təsirini də qeyd etməyə ehtiyac vardır. 

Bir mühüm müşahidəmizi də bölüşməyi vacib hesab edirik. Belə ki, belletristika bir janr kimi İ.Əfəndiyev üçün, sanki sonra qələmə alacağı əksər mədəni-mənəvi, sosial-ictimai, fəlsəfi-estetik problemlərin onun monumental nəsr yaradıcılığında daha dərindən işlənməsi üçün bünövrə rolunu oynaya bildi. İ.Əfəndiyev bu janrda məharətli nasir kimi monumental nəsr texnikasına uğurla yiyələnməyi bacardı.

İ.Əfəndiyevin belletristikasında ("Qəhrəman ilə bülbülün nağılı", "Apardı sellər Saranı", "Qarı dağı" və s.), irihəcmli nəsr nümunələrində ("Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı", "Valehlə Sarıköynəyin deyişməsi" və s.) folklor poetikasına və tarixə müraciət yazıçı üçün heç də korporativ məqsəd güdməmiş, onlardan yararlanma əsərlərin mahiyyətini oxuculara daha yaxşı həzm-rabedən keçirmək üçün edilmişdir.

"Söyüdlü arx" (1958) romanının baş qəhrəmanı Nuriyyə şəhərdən kəndə işləməyə gələn gənc aktrisadır. O, kitabxana müdiri işləyə-işləyə dram dərnəyi təşkil edib gəncləri oraya cəlb edir. Romanın uğurunu təmin edən Nuriyyənin mədəniyyət sahəsində fəaliyyət göstərməsi yox, onun mənəvi aləmi, şəxsi həyatıdır. Nuriyyə altı il ərzində sevgisini ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə sevgisini qəlbinin dərinliyində dəfn etməyə qərar verir. Nuriyyə öz taleyinə qovuşur.

İ.Əfəndiyevin yaradıcılığının məsuliyyətli tədqiqatçısı Y.İsmayılovun bu romanla bağlı irəli sürdüyü mülahizələr, fikrimizcə, daha doğrudur. O, haqlı olaraq Azərbaycan müəllifinin nəsrində lirik üslubi axarı düzgün müəyyənləşdirməklə müəllifin nəsrdə yeni təmayüllərə qoşulduğunu və bu baxımdan onun yaradıcılıq üslubunun V.Şukşin, B.Titov, A.Gelman, G.Boçarov, İ.Yefremov, M.Stelmax, M.Slutski, İ.Drutse, N.Dumbadze kimi müəlliflərlə oxşar məqamları bölüşdüyünü qeyd edir.   Bizsə bundan başqa Əfəndiyev yaradıcılığının xeyli məqamlarının rus yazıçıları V.Korolenko, N.Leskov və M.Şoloxovla yaxınlaşdığını görürük. Dilinin axıcılığına görə də o, adını çəkdiyimiz bu yazıçılara yaxındır. M.Cəlalın "Söyüdlu arx"ı "oxunaqlı əsər hesab etməsi də doğru müşahidələrdəndir.

"Körpüsalanlar" (1960) romanı lakonikliyinə baxmayaraq, öz maraqlı süjet xəttinə görə nəinki yazıldığı dövrün həqiqətlərini əks etdirmək baxımından, həm də insanların gələcəklə bağlı qurduqları xəyalların rəmzi ifadəsi kimi qəbul edilməlidir. Romandakı Səriyyə obrazı oxucular və ədəbi tənqid tərəfindən (M.Cəfər, S.Əsədullayev, Y.Seyidov, M.Arif) birmənalı qarşılanmasa da, təsvir olunan dövrün fərqli obrazı kimi dəyərləndirilməlidir.

İ.Əfəndiyevin "Dağlar arxasında üç dost" (1963)  romanı da kənd həyatına həsr edilməklə yazıçının nəsr dilinin və dil-üslub xüsusiyyətlərinin ovxarlanmış tərəflərini özündə əks etdirir. Ailə, məhəbbət problemləri ilə yanaşı, əsərdə pozitiv qəhrəman yaratmaq istəyi romanın  episentrində əsas yer tutur. Əsərdə insanların mənəvi durumu, əxlaq məsələsi, personajların daxili aləminin məişəti fonunda təsviri, insanların dünya baxışları, vətəndaşlıq hissi, gələcək uğrunda mübarizəsi və s. kimi roman mətnində yer almış problemlər, təhkiyənin infrastrukturunda folklor ünsürlərinin qabarıq nümayiş etdirilməsi yazıçının özünəxas bədii üslubunun özəlliyi kimi başa düşülməlidir.

"Valehlə Sarıköynəyin nağılı"nda (1976 - 1978) İ.Əfəndiyev üslub və forma axtarışları ilə diqqəti cəlb etməklə yığcam həcmli belletristikasında olduğu kimi, roman yaradıcılığında da folklor poetikasından və bədii ifadə vasitələrindən istifadəyə üstünlük verir. Bundan sonra müəllif yaradıcılığının yetkin çağında kənd mövzusuna müraciət edib "Geriyə baxma, qoca" (1980) romanını və "Üçatılan" (1981) povestini oxuculara bəxş edir. Hər iki əsər avtobioqrafik xarakterli olmaqla yanaşı, həm də özünün qəhrəmanlar qalereyası ilə zəngindir. Burada yazıçı indiyə qədər qələmə almadığı uşaqlıq xatirələrinə söykənir. Bu nümunələr təcrübəli ədibin nəsr zövqünün uğurlu nəticəsi kimi nəzərdən keçirilməlidir.

Beləliklə, söylədiklərimiz gözlərimiz qarşısında İ.Əfəndiyevin nəsr dünyasının özünəməxsus palitrasını yaradır. Vaxtı ilə A.Puşkin deyirdi ki, proza daim fikrin və yenə də fikrin hərəkətini tələb edən bir şeydir. Çünki prozanın tarixi baxımdan izahına nəzər saldıqda görürük ki (lat. prosa, prosa oratio), o, birbaşa sərbəst hərəkət edən nitq, yaxud bədii nitqin iki mühüm təşkili üsulunu nəzərdə tutan fenomendir.

İlyas Əfəndiyevin belletristikasının formalaşmasına, fikrimizcə, oxucu kütləsinin də müəyyən təsiri olmaqla onun yaradıcılığını sintetik və eyni zamanda dinamik bütövə çevirə bilmişdir. Qeyd edək ki, belletristika əsas etibarı ilə insan qəlbinin təhlilini nəzərdə tutur. İ.Əfəndiyev belletristikasının ən dəyərli tərəfi də budur ki, müəllif əsərlərində təsvir etdiyi həyat həqiqətlərini, yaxud real mənzərələri deformasiyaya məruz qoymayıb, əsəri üçün ən zəruri olanları öz yazıçı professionallığı ilə təhlillərə cəlb edir.

Biz də belə olduğu halda diskurs-təhlil instrumentarilərindən istifadə edib, ədəbin hekayələrinin, povestlərinin və romanlarının mətnlərini qeyri-mətn reallığı kontekstində təhlillərə cəlb edib, mətnin öz semantik tutumunu onun praqmatikasına və sintaksisinə müvafiq olaraq aparmağa çalışmalıyıq. Yazıçının təhkiyə üslubuna nəzər saldıqda onun əsərlərindəki inteqrasiyalaşdırıcı instrumentin, daha doğrusu, təhkiyə texnikasının, yaxud narrativinin gedişinə diqqət yetirmək zəruridir. İ.Əfəndiyevin belletristikasında (hekayə, povest və romanlarında) təbiidir ki, söhbət kimlərdənsə gedir. Mükəmməl personajlar sistemi olmadan bunu etmək də mümkün deyildir. Burada narratologiya spesifik tədqiqat texnikası kimi diskurs-təhlil çərçivələrində inteqrativ texnologiyaların (linqvistik və ədəbiyyatşünaslıq instrumentarilərin) köməyi ilə nəzərdən keçirilməsi daha effektiv olub, hər bir əsərin təhkiyə və personaj strukturunun forma və məzmun vahidliyi, bütövlüyü barədə bitkin təsəvvürlər yarada bilər.

İ.Əfəndiyevin belletristikası konkret tarixi dövrün mühüm mədəni mənzərəsini təcəssüm etdirməklə oxucuların ümdə estetik tələblərini ödəyə bilir. Eyni zamanda bu da bilinməlidir ki, İ.Əfəndiyev belletristikası nəsrimizdə həm də öz novasiyaları ilə diqqət çəkir. Çünki ədibin keyfiyyət etibarı ilə seçilən belletristikasında insanın düşdüyü vəziyyətin, yaşadığı halın, mənəvi-emosional uğur və sarsıntılarının, yaxud razılıq və narazılıqlarının, dünya və həyatla bağlı qarşılıqlı təmaslarının harmoniyası yaranır.

İ.Əfəndiyevin yaradıcılığı bu baxımdan xeyli mühüm xüsusiyyətlərə məxsus olub, yüksək klassik estetik tələblərə cavab verib, Azərbaycan klassik nəsrinin ənənələrini mənimsəyib inkişaf etdirsə də, onun bugünkü ədəbi tənqid nöqteyi-nəzərdən yeganə çatışmazlığı müəllifin bədii təfəkkürünün semiotik işarəsinin postmodernist səviyyədə təhlilə oturmaması ilə bağlı ola bilər. Bu da ona görə baş verir ki, postmodernist intermətn mətn sahəsində müxtəlif ziddiyyətdə olan diskurs və sosioletləri bir-birinə qarşı qoymağı nəzərdə tutur.

Beləliklə, İ.Əfəndiyev belletristikasında elə yeni estetik nümunələr, varlığın və həyatı dərkin elə yeni modeli ortaya çıxır ki, onlar normal sənətin mahiyyəti olaraq oxucu stereotiplərinin özü ilə də ziddiyyətlərə girir. İ.Əfəndiyev belletristikası öz poetikası və məzmunu etibarı ilə ona qədərki nümunələrin təkrarı yox, həyata, varlığa, onlarda baş verən və verə biləcək hadisə və hallara stereotiplikdən, sxematiklikdən, aparıcı süjet gedişlərindən, qəhrəmanların şablonçuluğundan tirajlanan çoxsaylı priyomlardan, ekspressiv poetexnologiya primitivizmindən kənardır. Buna görə  də ənənəvi ədəbiyyatşünaslıq və ədəbi tənqiddə istifadə edilən təhlil prinsipi və interpretasiyasında köhnə klassik modellərə üz tutulsa da, mexanizmlərin digər prinsipial məsələlərin həllində söz işarəsinin semantikasını və onun praqmatik vektorunu dəyişməyə istiqamətlənməlidir. Çünki ədəbi işarənin praqmatik aspekti əsərin mətn quruluşu və mətnin mənimsənilməsi konteksti ilə sıx əlaqədə olur. İ.Əfəndiyevin nəsr yaradıcılığına məhz bu rakursdan yenidən baxılması zəruridir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!