Türk oğlu Ərtoğrol Cavid... - Əbülfəz QULİYEV

Ərtoğrol Cavid irsinin öyrənilməsi məsələləri

 

Məlum olduğu kimi, 1937-ci il repressiyaları xalqımızı təkcə milli tarixindən, söykökündən ayırmamış, ədəbiyyat və mədəniyyət sahəsindəki işıqlı ziyalılarımızı da məhv etmişdir. Belə işıqlı ziyalılardan biri də görkəmli şair, dramaturq Hüseyn Caviddir. Bu böyük insanı milli görüşlərinə görə həbsə atıb ona 8 il iş kəsərək uzaq qarlı Sibirə sürgün etmişlər. Özü mərd, mübariz, əyilməz bir türk oğlu olduğu kimi, övladı Ərtoğrol Cavid də atasının təmiz adına həmişə sadiq qalmış, 24 illik qısa ömründə yazıb yaratmaqdan, xalqına xidmət etməkdən bir an belə geri qalmamışdır. Eyni zamanda bu dəmir iradəli gənc "xalq düşməni"nin oğlu kimi ömür sürməyi ləyaqətinə sığışdırmayıbdır. 1939-cu ildə qələmə aldığı  tərcümeyi-halında bu mətin gənc belə yazmışdı: "Mən, Cavid Ərtoğrol 1919-cu il 22 oktyabrda Bakı şəhərində doğulmuşam. 1926-27-ci il Azərbaycan Darülmüəllimatı yanındakı nümunə məktəbinə daxil olub, 1927-28-ci ildə 8-ci şura məktəbinə dəyişilmişəm. 1935-36-cı illərdə tədris zərbəçisi kimi oranı bitirmişəm. Valideynlərimə gəlincə, atam Hüseyn Cavid 1882-ci ildə doğulub. Revolyusiyaya qədər müəllimliklə məşğul olmuş. Müəllimlik stajını nəzərə alaraq ona personal pensiya verəcəkdilər. Lakin onun əsas sənəti yazıçılıq, dramaturqluq idi. 1937-ci il iyunun 3-də ailəsinə, o cümlədən mənə hələ də məlum olmayan səbəblərlə Az.XDİK tərərəfindən həbs edilmiş, 1939-cu ildə 8 il hüquqdan məhrumluqla məhkum edilmiş. Anam isə ibtidai savad almış bir qadındır, daima ev təsərrüfatı aparmış. Son il tikiş artelində işlədi, lakin əlləri ağrıdığından və gözləri zəif gördüyündən işi tərk etdi. Ailəmiz üç üzvdən ibarətdir: anam, bacım və mən. Heç birimiz seçki hüququndan məhrum edilməmişik. Maddi vəsait mənim stipendiam və iş maaşımdır. Dərs oxumaqla bərabər, ailə şəraitinin ağırlığı ilə mən Azərbaycan Dövlət Konservatoriyası yanındakı Musiqi Elmi Tədqiqat Kabinetində elmi işçi kimi işləməkdəyəm".

Ərtoğrol 1936-cı ildə daxil olduğu Pedaqoji İnstitutun filoloji fakültəsini 1940-cı ildə bitirdikdən sonra 1941-ci ildə çox sevdiyi musiqi ali təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Eyni zamanda Konservatoriyanın nəzdindəki musiqi məktəbində işə düzəlir. 1942-ci il fevralın 25-də Ordu sıralarına çağırıldığına görə işdən azad olunur. "Xalq düşməni"nin oğlu olduğuna görə onu ön cəbhəyə yox, arxa cəbhədə xidmətə göndərirlər. Abxaziyada xidmət edir. Böyük Cavidin başına gətirilən müsibətlər, bununla əlaqədar ailə qayğıları, keçirdiyi mənəvi sıxıntılar, daxili sarsıntılar Ərtoğrolun sağlamlığına zərbə vurmuşdu. Hərbi xidmət zamanı səhhəti daha da pisləşdiyinə görə 1943-cü ilin mart ayından Tiflis hospitalında yatmağa başlayır. Vəziyyəti çox ağır olduğundan Moskvadan vətəninə gedən Əziz Şərif 3 sentyabr 1943-cü il tarixində qatarla onu Naxçıvana aparır. Amma burada vəziyyəti daha da ağırlaşır. Cavid yadigarı 14 oktyabr 1943-cü il tarixində Naxçıvanda vəfat edir.

Qeyri-adi istedad sahibi olan Ərtoğrol Cavid qısa ömrünə rəğmən yaradıcılıqla məşğul olmuş, musiqişünas, filoloq-alim, tərcüməçi, həm də dramaturq kimi fəaliyyət göstərmişdir. Ə.Cavidin bir insan, vətəndaş və alim kimi formalaşmasında, şübhəsiz ki, ulu Cavidin böyük rolu olmuşdur. Ona görə də Ə.Cavidin həyat və yaradıcılığının araşdırılmasına filosof şairimizlə bağlı tədqiqatların məntiqi davamı kimi baxmaq  lazımdır.

Qeyd etmək lazımdır ki, Hüseyn Cavid ölümündən sonra 1957-ci ildə bəraət almasına baxmayaraq ilk vaxtlar onun yaradıcılığı lazımi şəkildə tədqiq edilməmişdir. Belə ki, onun haqqında ən sanballı elmi əsər akademik Məmməd Cəfər Cəfərov tərəfindən yazılmış və ancaq 1962-ci ildə nəşr edilmişdir. Amma Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra xalqın milli ədəbiyyat və mədəniyyətinə dövlət qayğısı artdı, Cavidlər ailəsinə əsl bəraəti də bu möhtəşəm şəxsiyyət verdi. Onun nəşi uzaq Sibirdən Azərbaycana gətirildi.

 Xalq yazıçısı Anar da 1980-ci ildə Cavidlər ailəsinin bu istedadlı nümayəndəsi haqqında "Böyük sənətkarın sənətkar oğlu" adlı ilk qiymətli publisistik əsərini nəşr etdirdi. Onu da qeyd edək ki, həmin tarixədək sadəcə H.Cavid haqqında bəhs edilən əsərlərdə ötəri şəkildə Ə.Cavidin adı çəkilirdi.

Anar bu məqaləsində hələ 70-ci illərdə görkəmli bəstəkarımız Üzeyir Hacıbəyli haqqında kinossenari üzərində işləyərkən arxiv materiallarında Ərtoğrol Cavidin adına rast gəlməsindən, onun Azərbaycan musiqi folklorunu toplayıb nota salmaq sahəsindəki böyük xidmətlərindən bəhs edirdi. Xalq yazıçısı Anar məqaləsində Ə.Cavidin nakam taleyindən, qısa ömür - cəmi 24 yaş yaşamasından, vərəm xəstəliyindən erkən həyatdan getməsindən ürək ağrısı ilə bəhs edir. O, məqaləsində Ərtoğrolun Konservatoriyada qrup yoldaşı olmuş görkəmli bəstəkar Fikrət Əmirovun xatirələrinə də yer vermişdir. Anarın yazdığı kimi, "belə sənətkarların yaratdıqları əsərlər - ilk addımların bəhrəsi də olsa, miqdarı az da olsa, keyfiyyəti, yönü, səviyyəsi və yaşarı nəfəsiylə çox illəırdən sonra da diqqətimizi çəkməyə, bizə solmaz bədii zövq verməyə qadirdirlər" (Anar. Dünya bir pəncərədir, B., Gənclik,1982, s.331).

Anarın məqaləsindən sonra akademik Rafael Hüseynov cavidşünaslığa böyük töhfə olan "Vaxtdan uca" kitabında (1987) "Cavidlər" bölməsində Ərtoğrol Caviddən daha geniş şəkildə, ilk növbədə isə Hüseyn Cavidin övladı, həm də istedadlı yaradıcı şəxsiyyət kimi bəhs etmişdir.

Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra ölkə rəhbəri ulu öndər Hüseyn Cavid irsinin toplanıb öyrənilməsini geniş şərait diqqət və qayğını daim diqqət mərkəzində saxlayırdı. Ulu öndər 1993-cü ilin sentyabr ayında AMEA-da ziyalılarla görüşündə demişdir: "Böyük filosof şairimiz, dramaturqumuz H.Cavid həbs olundu, uzun illər əsərləri qadağan olundu. Ancaq tarix hər şeyi öz yerinə qoydu. İndi H.Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır". Ulu öndərin bu tövsiyələri elmi ictimaiyyət və aid təşkilatlar qarşısında yeni vəzifələr qoydu. Belə ki, az sonra akademiyanın bir qurumu kimi  Hüseyn Cavidin ev-muzeyi təşkil olundu. Bakı şəhərindəki Hüseyn Cavidin ev-muzeyi həm də elmi tədqiqat müəssisəsi kimi fəaliyyət göstərməyə başladı, burada H.Cavid, həyatı və ailəsi, mühiti, müasirləri, davamçılarına aid xeyli əsərlər nəşr olundu. Eyni zamanda Hüseyn Cavid və onun ailə üzvləri ilə bağlı olan bütün sənəd və materiallar bu qurumda toplandı. Bu muzeyin bir əlamətdar işi də ondan ibarət oldu ki, burada Ərtoğrol Cavid irsi daha dərindən öyrənilməyə başlanmış, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının tərtibçiliyi ilə 2011-2015-ci illər ərzində "Azərbaycan qeyri-mədəniyyət abidələri və Ərtoğrol Cavid" adlı 13 cilddən ibarət kitab nəşr olunmuşdur. Burada şifahi xalq ədəbiyyatı və musiqi folkloru ilə əlaqədar toplanmış materiallar və yorulmaz tədqiqatçının şifahi xalq ədəbiyyatı nümunələri haqqında araşdırmaları, eyni zamanda musiqi folkloruna aid mətnlərinin nota aldığı yazılar öz əksini tapmışdır. Bu çoxcildliyin birinci cildində əsasən Azərbaycanın müxtəlif bölgələrində toy və yas adətlərinə aid materiallar gənc tədqiqatçının, peşəkar mütəxəssisin ekspertizasından keçmiş, həqiqi dəyərini, elmi qiymətini almışdır. Ə.Cavid bu materiallara çox məsuliyyətlə yanaşmış, onların məziyyətləri ilə yanaşı, nöqsanlarını da nəzərə çatdıraraq arzu və təkliflərini bildirməyi unutmamışdır. Məsələn, Ə.Cavid yazır: "İlk səhifədə qeyd olunur ki, adətlər Tərəkəmə rayonuna aiddir, lakin Tərəkəmə rayonu yoxdur".

Kitabın II cildinə Azərbaycan klassik musiqi mətnləri və onlara Cabbar Qaryağdı oğlu və Süleyman Mansurov tərəfindən yazılmış şərhlər və Ə.Cavidin hər mətnə ayrı-ayrılıqda yazdığı elmi təhlillər daxil edilmişdir. Materiallara yanaşmada elmi prinsipi rəhbər tutan, informatorun verdiyi məlumatların yalnız xatirə xarakteri daşıdığını göstərən tədqiqatçı belə bir doğru qənaətə gəlir: "Bu materialın və bunun kimilərinin ən əsas əhəmiyyəti "Azərbaycan musiqisi tarixi" yaradılışında xammal, tarixi dokument olmasıdır. Burada tarın, kamançanın kimlər tərəfindən Azərbaycana gətirilməsi, yerli musiqiyə uyğunlaşdırılaraq dəyişdirilməsi haqda maraqlı momentlər vardır. Lakin elmi əsər yazarkən bunları əsas almaq olmaz". Bu cildə "Şair ruhlu muğamşünas" adlı giriş yazan G.Babaxanlının göstərdiyi kimi, bu materialların çap olunmasının əhəmiyyəti ondadır ki, bu yazılar, Ə.Cavid kimi istedadlı bir şəxsin diqqətini cəlb etmiş, onun tərəfindən ilkin rəyini almışdır.

Çoxcildliyin III-VIII cildlərində Azərbaycanın müxtəlif bölgələrindən toplanmış dastanlar və həmin dastanlar haqqında Ə.Cavidin yazdığı rəylər yer almışdır. Burada həm məhəbbət dastanları, həm də qəhrəmanlıq dastanları araşdırma süzgəcindən keçirilmişdir. Bu cildlərdə dastan poetikasını yaxşı bilən Ə.Cavidin mətnlər üzərində apardığı təhlillər diqqəti cəlb edir. Tədqiqatçının dastan dili haqqındakı qeydləri də diqqəti çəkir. O, dastanın təhkiyə dilinin təbiiliyinə, orijinallığına yüksək qiymət verir, onların süni şəkildə ədəbiləşdirilməsinin yolverilməzliyini xüsusilə vurğulayır. Dastanların bədii dilini və üslubunu lakonik şəkildə nəzərdən keçirən müəllif bu dastanlarda dialekt sözlərinin əks olunmasına diqqəti yönəldir. Tədqiqatçı dastan dilinin sintaksisindən bəhs edərkən dastan poetikasında əsasən sadə cümlələrin üstünlük təşkil etdiyini, burada müəyyən istisnaların olduğunu göstərərək bəzən mürəkkəb cümlələrə  rast gəlindiyini göstərir və bu nəticəyə gəlir ki, bunlar baş cümlədə eyni funksiya daşıyan iki xəbərdir və onlardan hər hansı birini atdıqda fikir dəyişmir. Kitabın VII cildində müxtəlif söyləyicilərdən toplanmış tarixi mövzudakı nağıllar və bunlar haqqında tədqiqatçının elmi rəyləri də verilmişdir.

G.Babaxanlının da göstərdiyi kimi, Ə.Cavidin 1939-40-cı illərdə qələmə aldığı bu rəylərə miniatür elmi məqalə kimi də baxmaq olar. Oradakı bir çox fikir və mülahizələr bu gün də folklorşünaslığımız üçün əhəmiyyətini qoruyub saxlamaqdadır.

Çoxcildliyin IX və X cildlərində aşıq ədəbiyyatının tanınmış nümayəndələri Molla Cuma, Miskinli Vəli, Aşıq Ələsgər və digərlərinin toplanmış əsərləri və tədqiqatçının aşıq yaradıcılığı haqqındakı araşdırmaları verilmişdir. Kitabın XI və XII-XIII cildləri musiqi məsələlərini əhatə edir. Gənc və istedadlı alimin xalq muğamlarının toplanması və nota salınmasında böyük əməyi olmuşdur. Elə buna görə də bu cildlərə alimin indiyədək heç bir yerdə çap olunmamış "Balaman məktəbi" dərsliyi haqqında araşdırmaları, nota köçürdüyü xalq mahnıları və  yarımçıq qalmış musiqi əsərləri daxil edilmişdir. Onu da qeyd etmək lazımdır ki, çoxcildliyin tərtibçisi G.Babaxanlı hər cild və onun əhatə etdiyi məsələlər haqqında ətraflı məlumat vermiş, Ə.Cavid yaradıcılığını geniş şəkildə təhlil etmişdir.

Sevindirici haldır ki, xalq yazıçısı Anarın məqaləsindən sonra Ə.Cavid irsinə maraq daha da artdı. Belə ki, bir müddət sonra XX əsrin sonlarında tədqiqatçı Solmaz Həşimova Ərtoğrol Cavidin bədii irsinin tədqiqinə aid sanballı bir dissertasiya işi yazdı. Bu qiymətli tədqiqat işi "Ərtoğrol Cavid-şəxsiyyəti və irsi" adı ilə monoqrafiya şəklində "Elm" nəşriyyatında nəşr edilmişdir (2002). Solmaz Həşimovanın bu monoqrafiyasında Cavid yadigarı Ərtoğrolun şərəfli ömür yolu, ədəbi-elmi fəaliyyəti arxiv materialları əsasında ilk dəfə geniş şəkildə tədqiq olunmuşdur. Monoqrafiya giriş, üç fəsil və nəticədən ibarətdir. Girişdə bu mübariz insanın, gənc tədqiqatçının irsinin öyrənilməsi məsələləri araşdırılmışdır. I fəsildə Ərtoğrol Cavidin dövrü, həyatı və ədəbi-ictimai mühiti tədqiq edilmişdir. Bu fəsildə Ə.Cavidin həyatı və mühiti arxiv materialları əsasında ətraflı şəkildə şərh edilmişdir. Müəllifin göstərdiyi kimi, sözün əsl mənasında yaradıcı, intellektual, ziyalı şəxsiyyət və filoloq alim kimi ərsəyə çatan Ə.Cavid ilk qələm təcrübələrindən başlayaraq özünün istedadını təsdiq edə bilmişdir. II fəsildə Ə.Cavidin bədii yaradıcılığı ilk dəfə geniş şəkildə araşdırılmışdır. III fəsildə Ə.Cavidin ədəbi və elmi fəaliyyət istiqamətlərindən bəhs edilir. Tədqiqatçı Ə.Cavid yaradıcılığında ədəbi istiqaməti, bədii istiqaməti, folklorşünaslıq istiqamətini, rəssamlıq istiqamətini, musiqi istiqamətini müəyyən edir və onların formalaşma mühiti və zəminini geniş şəkildə şərh edir.

Məlumdur ki, görkəmli tədqiqatçı Azər Turanın cavidşünaslıqda böyük xidmətləri vardır. Azər Turan Ərtoğrol Cavid irsinin öyrənilməsinə də mühüm töhfələr vermişdir. Belə ki, alim onun bütün irsini toplayıb ilk dəfə 500 səhifədən artıq kitab şəklində 2005-ci ildə Bakıda nəşr etdirmişdir. Kitab tərtibçinin "Ərtoğrol bəy..." adlı ön sözü ilə başlayır. Bu səmimi ön sözdə A.Turan Turan xanımın ona təqdim etdiyi məktublardan bəhs edir, böyük sənət fədaisinin çoxcəhətli yaradıcılığını şərh edir. Bu kitabda Ə.Cavidin bədii və musiqi yaradıcılığı, rəssamlıq sahəsindəki əl işləri geniş şəkildə təhlil edilir. Alimin doğru olaraq qeyd etdiyi kimi, Ərtoğrolun bədii yaradıcılığı yarımçıq əlyazma təsiri bağışlayır. Belə ki, bu kitabda onun "Eqoistin taleyi" , "Ciman" pyesləri ilə yanaşı, "Professorun ailəsi" kinossenarisi, "Xan qızı" operasının librettosu, fortepiano üçün "Serenada", "Matəm marşı" kimi natamam  qalmış əsərləri də yer almışdır.

Kitabda tərtibçinin əldə etdiyi materiallar 10 bölmədə toplanmışdır. "Şair" bölməsində gənc söz ustasının iyirmiyə yaxın şeiri verilmişdir. "Yazıçı" bölməsində Ərtoğrolun irili-xırdalı müxtəlif mövzulu nəsr əsərləri öz əksini tapmışdır. Bildiyimiz kimi, böyük Cavidin heç bir günahı olmadan haqsız yerə həbsə atılması 17-18 yaşlı gənc yazıçını çox məyus etmiş, o, ədalətsiz cəmiyyətin amansız hökmləri ilə barışa bilməmiş, bu ağır dərdi də heç kimlə bölüşə bilməmişdir. Ona görə də  gənc nasir bu duyğuları, içindən keçən ağrıları ancaq cansız, dilsiz kağızlara köçürə bilmişdir. A.Turan qeyd edir ki, bu yazıların bir qismini o, TOƏC imzası ilə yazmışdır. Bu ixtisar isə "Türk oğlu Ərtoğrol Cavid" şəklində oxunur. Deməli, bütün məhrumiyyətlərə, məşəqqətlərə baxmayaraq, böyük sənət fədaisi zülmə boyun əyməmiş, sınmamış, milli varlığımıza qənim kəsilmiş quruluşun təzyiqlərindən, qara qüvvələrin donoslarından, hədə-qorxularından  qorxub çəkinmədən türk oğlu olmaqdan qürur duymuş və bunu açıqca ifadə etmişdir. "Tələbə" bölməsində gənc Ərtoğrolun tələbəlik illərində qələmə aldığı tədqiqat işləri öz əksini tapmışdır. Burada Dante haqqında, Şekspirin "Hamlet"i haqqında, V.Hüqonun "Gülən adam"ı, M.Qorkinin "Həyatın dibində" əsəri haqqında gənc tələbənin düşüncələri verilmişdir. Həmin bölmənin "Mühazirə dəftərindən" hissəsində Ərtoğrolun müxtəlif Avropa ədəbiyyatı nümayəndələri haqqında qeydləri də yer almışdır. "Dramaturq" bölməsində "Eqoistin taleyi", "Professorun ailəsi" və "Xan qızı" pyesləri verilmişdir. Tədqiqatçı" bölməsində isə Ərtoğrolun xalq artisti Bülbülün rəhbərlik etdiyi Musiqi Elmi Tədqiqat Kabinetində çalışdığı illərdə toplanmış şifahi xalq ədəbiyyatı (nağıl, dastan, aşıq yaradıcılığı) nümunələrinin təhlilinə həsr olunmuş 50-yə yaxın tədqiqat xarakterli yazısı verilmişdir. "Bəstəkar" bölməsində ölməz sənətkarın bəstələdiyi əsərlərin notları, klassik Avropa musiqiçilərinin əsərlərinin dilimizə  tərcümələri verilmişdir. "Rəssam" bölməsində isə həvəskar fırça ustasının yaratdığı rəsm əsərlərindən nümunələr yer almışdır. Kitabın sonunda "Şəhid məktubları" başlığı altında Ərtoğrolun təsirli məktublarından nümunələr verilmişdir. Ərtoğrol Cavidin yarımçıq qalmış yaradıcılığına qayıtmaqla Azər Turan ona yenidən doğum şəhadətnaməsi vermişdir. Bu kitabla Ərtoğrol yenidən doğulur, bir şair, yazıçı, tələbə, tədqiqatçı, bəstəkar, rəssam kimi doğulur, ən başlıcası isə bu təvəllüddən sonra o, bir filosof kimi ucalır, yüksəlir.

Naxçıvan Muxtar Respublikasında ədəbi-elmi fikrin inkişafına, ədəbi-elmi mühitin  öyrənilməsinə böyük diqqət və qayğı göstərilir. Bu qayğı və diqqətin bir nümunəsi də Ali Məclis Sədrinin 18 aprel 2019-ci il tarixdə görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində anadan olan, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan yazıçı, müsiqişünas, rəssam, tədqiqatçı Ərtoğrol  Cavidin 100 illiyinin qeyd edilməsi ilə əlaqədar imzaladığı sərəncamdan ibarətdir. İnanırıq ki, bu sərəncam  Ərtoğrol Cavid yaradıcılığının daha geniş şəkildə tədqiqinə təkan verəcək, Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi haqsız təqiblərə məruz qalmış, repressiyaya uğramış ulu Cavidin həyatı, mühiti və müasirlərinin tam şəkildə öyrənilməsi işində yeni səhifə açacaqdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!