Üzr istəməyi bacaran... - Hicran HÜSEYNOVA

 

Sən demə, ömrün elə bir mərhələsi varmış ki, "xatirə" sözünün özü belə kədər gətirirmiş. Sözdən çəkinirmiş adam, sözün kədər yükündən, gözünü qaldırıb baxmağa çəkinirmiş hətta... Amma yox, bu kədərin kölgəsində arabir görünüb yox olan, çınqı kimi közərən günlər də yox deyil. Axtarmağa dəyər...

Bax, tapdım. Gör hansı zamana qayıtmışam, təxminən iyirmi beş il əvvələ. İnsan düşüncəsi, doğrudan da, hüdudsuzmuş...

Jurnalistika fakültəsi. Beşinci mərtəbə. 513-cü otaq.

Görkəmli ədəbiyyatşünas alim, yazıçı, tənqidçi, filologiya elmləri doktoru, professor... bu titulların sayını, əlbəttə, artırmaq da olar. Sadaladıqlarıma bu gözəl insanın şəxsi keyfiyyətlərini də əlavə etmək olar, həyat dəftərindəki ağrılı-acılı, mübarizə dolu səhifələri, hər şeydən üstün olan həyat eşqini, doqquz dəfə əməliyyat olunmasına baxmayaraq, xəstəliklə mübarizə əzmini...

Mənsə onun məhz insan kimi, şəxsiyyət kimi portretinə üz tutacam. Bu, bir mənəvi borcdu həm də. Gör neçə il keçib... O uzaq keçmişdəki ucaboy, zərif qız indi həyatın çox keşməkeşlərindən keçən biri kimi ətrafdakı gənclərə, yeniyetmələrə məsləhət verir. Oxuduqlarından, müşahidə edib öyrəndiklərindən, yaşadıqlarından danışır. Və bu danışılanların içində yaddan çıxmayan bir epizod da var; görkəmli alim, yazıçı, tənqidçi, professor Qulu Xəlilli ilə bağlı.

Əvvəlcə onu deyim ki, Qulu müəllimdən hamı çəkinirdi, istər müəllimlər olsun, istərsə də tələbələr; sözü üzə şax deməsinə, sözünün ağası olmasına, sərt davranışına görə. Üzdən də həmişə sərt, bir az da acıqlı görünərdi. Bu da təsadüfi deyildi. Yaşadıqlarından çoxumuz xəbərdardıq, bizim evdə atamın kitabxanasında onun "Atam və mən", "Yaşamaq istəyirəm" kitabları da vardı. Belə bir atalar sözü var: "Qurd balası anasından zülm gördüyü üçün zalım olar". Elə bil Qulu müəllim bu ağır atalar sözünün yeriyən şəkliydi. Heç üzü gülməzdi, demək olar. Tələbələr onu bəzən də əzazil müəllim kimi görür, nəsə soruşmağa da ürək eləmirdilər. Danışacağım xatirə isə o gün o yalançı təəssüratı bir anda alt-üst etdi, əsl insan, səxsiyyət, pedaqoq obrazı yarandı gözlərimiz önündə və indi bu yazını oxuyanların da xəyalında bu obraz canlanacaq.

Adi dərs günlərindən biriydi. Qulu müəllim, yadımda deyil, hansısa mövzuda cani-dildən, böyük həvəslə mühazirə oxuyurdu. Birdən üzünün ifadəsi qəfil dəyişdi. Pıçıltı eşitmişdi. Sözünü kəsib auditoriyaya səsləndi: "Eşşəklər!" Daha bir neçə söz dedi, yadımda deyil. Necə ayağa qalxdığımı bilmədim, deyəsən, ümumi auditoriyaya deyilən sözlərdən heç kim yox, təkcə mən özümü təhqir olunmuş saymışdım. Uzun-uzadı "çıxış" etməyə başladım. Öz sözlərimdən də yadımda qalan bunlardı: "Siz bizi - gələcəyin jurnalistlərini müti, başıaşağı, haqqını bilməyən kütlə kimi formalaşdırmaq istəyirsiz?" Gözlənilməz  "çıxış"ımdan Qulu müəllimin əhvalı dəyişdi, sözümü kəsib qətiyyətlə dedi: "Qızım, mən səndən üzr istəyirəm!"

Sevindim, əlbəttə. O dövrlər indiki kimi deyildi. İndi 7-8 yaşlı uşaq da öz hüquqlarını yaxşı bilir. İndi lap haqlı olsan belə, balaca uşağa da "ayağın yandı, geri çək" deyə bilməzsən. O dövr isə başqa idi. Və məhz o dövrdə, o auditoriyada o qədər tələbənin qarşısında o boyda professor- hamının çəkinib hörmət etdiyi, yol verdiyi Qulu Xəlilli məndən üzr istəmişdi.

Öz  "qələbə"mə başım qarışmışdı, sevinirdim, fikirlərim durulanda isə  "o boyda professor"un məndən üzr istəməsinin sözün əsl mənasında böyüklük olduğunu anladım.

...O bu, Qulu müəllimin sevimlisinə çevrildim, hər söhbətdə, hər yeni mövzunun müzakirəsində, hər seminarda mənə ayrıca müraciət edər, "Qırmızı paltolu qız, sən nə düşünürsən bu haqda?" - deyərdi. Qış günlərində dərs otaqları kifayət qədər isti olmurdu, o səbəbdən paltomuzu çiynimizə atıb oturardıq. Mənim paltom isə, Qulu müəllimin dediyi kimi, qırmızı yox, moruğu idi. Nə fərqi, yaxın rənglərdi... Qulu müəllimin dilində adım "qırmızı paltolu qız" qalmışdı. Holland rəssamı Yan Vermeerin məşhur  "Mirvari sırğalı qız" əsərini xatırlayıram yaza-yaza...

Günlər keçirdi, mükalimələr davam edirdi müxtəlif mövzular ətrafında. Hətta bir dəfə Qulu müəllimin öz yazısına da rəy bildirdim, özü də müsbət deyildi bu rəy. Yenə təmkinlə qarşıladı.

...Semestr başa çatdı və mənə "4" yazdı Qulu müəllim. Heç fərqi yoxuydu mənimçün, mənə görə əsas o idi ki, şəxsiyyətimə kölgə salan nəsə olmasın, qiymətin nə fərqi?

...Yenə aylar keçdi. Günəşli günlərin birində Qulu müəllimin xəstəxanada yatdığını eşitdik. Qızlarla birgə baş çəkməyə getdik. Məni görəndə... indiki kimi yadımdadı, gözləri doldu, növbəti dəfə üzr istədi: "Bağışla, qızım, sənə  "4"  yazmışam...".  Özüm də çaşıb qaldım: "Eybi yox, müəllim, qiymətin nə əhəmiyyəti?..".  Budəfəki üzrxahlıq məni sevindirmədi və o vaxtdan ta Qulu müəllim Allahın rəhmətinə qovuşana qədər onunla bağlı xatirələr yalnız kədər doğurdu məndə.

...Bir də bu gün sevindim, bu yazını qələmə alanda. Sevindim ki, belə nəhəng bir insan keçib həyatımdan - üzr istəməyi bacaran!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!