Xəz paltolu Cakonda... - Xatirə NURGÜL yazır

Səbahəddin Alinin "Xəz paltolu Madonna" əsəri üzərində gəzişmələr

Somerset Moemin postimpressionist rəssam Pol Qogenin həyatından bəhs edən "Ay və qara şahı" əsərini ilk dəfə bu gün uzaq görünən 90-cı illərdə oxumuş, əsərin qəhrəmanı - Qogenin prototipi Çarlz Strikləndin həyat hekayəsini xəyalımda canlandırarkən təəssüf qarışıq heyranlıq duymuşdum. Fikrimcə, Strikləndin öz missiyasının ardınca gedərkən yaşadığı əzablı həyat, hətta ən laqeyd oxucunun da həyəcanlanmasına səbəb olur, ömrünün son illərində Okeaniyada - əvvəlcə Taitidə, sonra isə Markiz adalarında  məskunlaşan, cüzama məğlub olan rəssamın yaşadığı komanın divarlarına çəkdiyi rəsm əsərinin məhv edilməsini ürək ağrısı ilə qarşılayır.

"Günəbaxanlar" adlandırdığı əsərlər silsiləsi ilə dünya rəssamlıq tarixinə qızıl hərflərlə qədəm qoymuş Van Qoqun həyatı ilə də ürək ağrısı ilə tanış olmuşdum. Daxili təlatümləri, psixi yaşantıları nəticəsində özünə qəsd edən dahi rəssam əsərləri ilə incəsənətin insan həyatından daha bəşəri olduğunu təsdiq edir. Rəssam öz həyatını nikbin notlarla yekunlaşdırmağa müvəffəq olmasa da, yuxarıda qeyd etdiyim "günəbaxanlar"ı insanı ümidli olmağa səsləyir, qaranlıq gecədən sonra günəşin doğulacağına əminlik hissi aşılayır.

Türk yazıçısı, psixoloji romanlar ustası Səbahəddin Alinin "Xəz paltolu madonna" romanı da oxucuların, ələlxüsus da incəsənət həvəskarlarının istinad nöqtələrindən biri hesab edilə bilər. Əsərdə Raif əfəndi ilə Mariya Puder adlı rəssam qadının nakam taleyindən bəhs edilir. Raif əfəndi ilə bankda iş yoldaşı olsa da, bu qapalı həyat tərzi keçirən insanı məhz gündəlikləri vasitəsilə tanıyan təhkiyəçinin onun həyat tarixçəsi ilə tanış olarkən yaşadığı kədərin oxuduğumuz sətirlərdən bizə də ötürülməsi əsərin xatirəmizdə uzunmüddətli iz buraxmasına səbəb olur. Raif əfəndinin faciəsində, əslində, hər kəs gizlənib. Təkliyə çəkilərək məhzun taleyinə kənardan baxan bu insan cəmiyyətin olar-olmazlarına tabe olduğu üçün bədbəxtliyin ikiqat əzabını çəkməyə məhkumdur.

Raif əfəndi incəsənət aşiqidir. İstanbuldakı Rəssamlıq Akademiyasında təhsil almaq imkanını itirdikdən sonra atasının yolunu davam etdirmək,  sabunçuluq peşəsinə yiyələnmək üçün Almaniyaya yollanır. Burada davamlı olaraq ziyarət etdiyi rəssamlıq sərgisində ilk baxışdan heyran olduğu, italyan rəssamı Andrea Del Sartonun "Maria delle Arpie" əsəri ilə eyniləşdirdiyi "Xəz paltolu madonna" tablosu əsərin digər qəhrəmanı, həm də tablonun müəllifi, rəssam Mariya Puderin avtoportretidir. Raif əfəndinin sərgiyə gələrək uzun müddət "madonna"nı seyr etməsi artıq bir növ gündəlik rituala çevrilmiş, bu isə rəssamın gözündən yayınmamışdır. Lakin Raifin rəsmdəki surəti ideallaşdırması, az qala, ilahi səviyyəyə yüksəltməsi rəssamı real həyatda ilk dəfə görərkən tanımamasına, bəlkə də, tanımaq istəməməsinə səbəb olur. Hətta deyərdim ki, Raif əfəndi rəsmin müəllifini tanımaqdan ehtiyat edir. Aşırı utancaqlıq, cəsarət hissinin zəifliyi bu melanxolik əhvallı, özünəqapalı insanın belə vəziyyətlərdə kölgəyə çəkilməsinə səbəb olur.

Rəssam Mariya Puder isə ondan fərqli olaraq müstəqil həyata alışmış cəsarətli xanımdır. Ona elə gəlir ki, nə istədiyini, həyatdakı məqsədini yaxşı bilir. Lakin hadisələrin gedişatı zamanı insanlarla rəftarında ehtiyat nümayiş etdirən, kimsəni həyatına yaxın buraxmayan, ünsiyyətcil, şən Mariyanın təbiətcə qapalı, tənhalığa, depressiyaya meyilli olduğunun şahidi oluruq. Personajın ziddiyyət nümayiş etdirməsi təbii ki, oxucunun gözündən yayına bilməz...

Nədənsə, ziddiyyətli qadın obrazı dedikdə yadıma türk yazıçısı Suat Dərviş Xədicənin "Ankara məhbusu" əsərindəki Zeynəb düşür. Öz mənfur xislətini ortaya qoymağa müvəffəq olan bu qadın əsərin sonunda inanılmaz "şəkildəyişimi" ilə məqsədləri kimi, özünün də əndazədən çıxmasını sərgiləyir. Doğrudur, Mariyanı Zeynəblə hər hansı vəziyyətdə eyniləşdirmək fikrindən uzağam. Lakin qeyd etməliyəm ki, hər iki obraz kifayət qədər güclüdür və ortaya xarakter qoymağa müvəffəq olmuşlar.

Qeyd etmək lazımdır ki, S.Ali Mariya Puder personajında həqiqətən də yuxarıda qeyd etdiyim Andrea Del Sartonun "Madonna delle Arpie" (tərc. Madonna qarpiyalarla) əsərindəki Bakirə Məryəm obrazını yaratmağa çalışmışdır. Mariyanın sevgisinə, vədinə sədaqət nümayiş etdirməsi onun ədəbiyyatdakı azsaylı güclü qadın xarakterlərindən biri olduğunu deməyə əsas verir.

Raif əfəndi həyatını, arzularını heçliyə qurban vermiş, məişətə yenilmişdir. Çıxılmaz vəziyyətdə çırpınaraq ömür sürən bu insan çevrəsindəkilər tərəfindən məğlub edilmiş durumdadır. Elə qəhrəman özünü xarakterizə edərkən də "harada oldumsa, ətrafımdakı adamların nəzərində varlığı ilə yoxluğu eyni olan bir adam kimi göründüm" söyləyir. O, yaşadığı faciəni qələmə aldığı gündəliyi ölümqabağı təhkiyəçiyə ötürüb məhv etməsini tapşırır. Təhkiyəçi isə "qara üzlü dəftər"i oxuyaraq Raiflə, onun daxili aləmi ilə tanış olmaq imkanı əldə edir. Əslində, təhkiyəçi özü də Raif əfəndinin nakam arzularının ümumiləşmiş obrazıdır. Onların xarakterindəki oxşarlıq da bunu deməyə əsas verir.

İnsan təbiətcə incikliyə meyillidir. Körpəlik yaşlarından bəri yaxınlarından, dostlarından, yaşa dolduqca bütün insanlıqdan, həyatdan küsmək kimi bir xüsusiyyətə sahib olur. Hələ bəxtindən, taleyindən küsənləri demirəm... O, ən gözəl günlərin qapının arxasında gözlədiyini deyil, bayaq tərk etdiyi otaqda qaldığı qənaətindədir. Bu baxımdan Səbahəddin Alinin insan xarakterini ən incə nüanslara qədər təsvir etməyi bacarmaqda peşəkarlığı danılmazdır.

O ki qaldı Mariya Puderə, mənə qalsa, onun həm də rəssam Frida Kahloya bənzər cizgilərini tapmağa çalışardım. Lakin Fridanın yaşadıqlarının insan faciəsinin pik nöqtəsinə doğru yol aldığını xatırladıqda niyyətimdən əl çəkməli oluram. Ölü uşaq rəsmlərini əbədiləşdirən rəssam ana ola bilməyəcəyinin qisasını kətandan, rəsmdən, tamaşaçıdan, hətta dünyadan almağa çalışırdı. Mariya Puder isə doğulan körpəsi ilə ünsiyyətdə belə olmadan həyatdan köçür. "Xəz paltolu madonna" həm də anasız uşaqların anasıdır.

"Dünyanın ən bəsit, ən zavallı, hətta ən ağılsız adamı belə, insanı heyrətləndirə biləcək möhtəşəm və qarışıq ruha malikdir! Bunu başa düşməkdən nə üçün bu qədər qaçır, insan adlanan məxluqu anlaşılması və haqqında hökm verilməsi ən asan canlılardan biri zənn edirik?". Bu sözləri Səbahəddin Ali romandakı əsas fikri ifadə edərkən söyləmişdi...

Leonardo da Vinçinin bu gün milyard dollar qiyməti olan və gün keçdikcə qiymətləndirilməsindəki rəqəmlərin artımı baş verən "Cakonda" (və ya "Mona Liza") əsərini gözlərim önündə canlandırıram. Tablodakı qadının ecazkar təbəssümü arxasında gizlətdiyi həqiqəti kəşf edə bilməyəcəyim gerçəyinə uzun illər öncə varsam belə, yenə də hansısa ümidə, gümana üz tuturam. Cakondanın öz mistik təbəssümü ilə istehza qarışıq dinclik hissi aşılaması ən laqeyd insanı da fövqəlgüclərə inanmağa vadar edir. İnsanlığın müharibəyə, aclığa, şiddətə məruz qaldığı zamanlarda belə, özünəməxsus təbəssümlə gülümsəyən sirli qadın, sanki bununla həyatın müvəqqəti olduğu hissini aşılamağa çalışır, insan hisslərinin sadəcə duyğusallıqdan  meydana gəldiyini bəyan edir.  Bu baxımdan Cakonda tarixin ən sarsılmaz və qəddar qadın obrazı titulunu daşımaga layiqdir.

"Ay və qara şahı"da Çarlz Strikləndin (Pol Qogenin) ömrünün qürub çağlarında yaşadığı komanın divarlarına ölümqabağı çəkdiyi rəsmdə dünyanın əvvəli və sonu, axirət, cənnət, kainat və s. predmetlərin cəm halında inikasını yaratdığı bəlli olur. İnsan, ələlxüsus da seçilmiş insan məhz öz missiyasını yerinə yetirdikdən sonra dünyadan köçür. Bunu Raif əfəndinin timsalında da görmək olar. Hərçənd Raif bu işə təhkiyəçini cəlb etməklə, sanki öhdəsinə düşən missiyanın yarısını onun ixtiyarına buraxmış olur. Çünki əsərin qəhrəmanı əsərdə qəhrəmanlıq etmək xüsusiyyətindən uzaqdır. Mariya Puder isə analıq kürsüsünə qalxaraq qadın kimi həyat qarşısında, romanın qəhrəmanı kimi isə oxucu qarşısında missiyasını tamamlamış olur. Bizə isə "Xəz paltolu madonna"nın Cakondasayağı təbəssümünə və həmin təbəssümün arxasında gizlənən məşumluğa heyranlıqla tamaşa etmək qalır.

Noyabr, 2018

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!