Sözün sehri... - Nizaməddin Şəmsizadə

"Fəhmin fəthi" silsiləsindən III yazı

 

Allahın yaratdıqları içərisində ən gözəli türklərdir. Mən türkəm - mən xoşbəxtəm deməkdir. Mənəvi ucalıq, qəhrəmanlıq, qürur gözəlliyə təşnə, mərhəmət türkün əsas sifətləridir. Türkün qüruru dağlar qədər əzəmətli, sevgisi dəryalar qədər dərin, gözəlliyə təşnəsi günəş qədər parlaqdır. Türk qüdrətli fatehdir, fəth etdiyi torpaq deyil, ölkə deyil, insan qəlbidir. Türk gözəlləri Ay kimi  parlaq, Günəş kimi hərarətlidir. Türkün ehtirası vulkana bənzəyir, ona toxunma, toxunduqca yeri-göyü parçalayacaq. Mavigözlü oğuzlar, qıyıqgözlü qıpçaqlar dünyanın gözəllik və cəsurluq simvoludur. Türk gözəlinin sədaqəti, türk gəncinin şücaəti bəşəriyyətin mənəvi dəyərlərindəndir.

Türk gözəlinin yanaqları üfüqdən rəng alır, dodaqları türk dilinin şirinliyindən şirə çəkir. Türkün danışığı nəğmədir, türk dilinin səsləri dünya gözəlliklərinin açarıdır. Bu dil bəşəriyyəti idarə etmək üçün yaranıb. Türk çölü ən qədim sivilizasiya məkanıdır. Bu məkanda insanlıq özünü dərk etdiyi vaxtdan azadfikirlik, demokratizm, qəlb istəyi hakim olub. Mənə istəmədiyim şeyi zorla etdirmək olmaz, məni Azərbaycandan qoparmaq mümkün deyil, mən Azərbaycan sözünün zirvəsinə baş qoymuşam, qəlbimin bütün telləri ilə ona bağlıyam. Türk əslimlə qürur duyuram, türkün düşmənlərinə yazığım gəlir. Mən ulu türk ruhunun tərcümanı olan Azərbaycan bədii ədəbiyyatının varisiyəm, bu ədəbiyyatın əbədiyyəti məskənimdir. Mən adi bir insan ömrü sürmürəm. Ədəbiyyat armanlarının, bədii söz vadilərinin xoşbəxt sakiniyəm. Mənə elə gəlir ki, mən anadan yox, söz-lə doğulmuşam söz-lə yoğrulmuşam, söz-ün eşqi ilə yaşayıram. Söz Nizamidi, Nəsimidi, Mövlanə, Məhəmməd Füzulidi, bağrı qan olan Sabirdi. Çünki "Söz Yaradanın mədha-sənası, nəğməsidir" (Füzuli) söz-ü sevmək Allahı sevməkdi. Mən söz-lə söhbət edirəm. Mən Allahla söhbət edirəm, yer üzünə onun əmrlərini yerinə yetirmək üçün gəlmişəm. Əlli ildir ki, "Söz gözəlinin nazını çəkmək"lə (Füzuli) məşğul oluram. Söz məni Tanrı məqamına yüksəldən Tanrıya qovuşduran ilahi qüvvədir. Söz göydən yerə enmişdi, öz sevgimlə mən onu yerdən göyə qaldırdım. 

Allah yeri, göyü-ərşi-əlanı iki hərfin kaf və nun hərflərinin birləşməsindən əmələ gələn qısa bir sözlə yaradıb:

Kaf ilə nun çün illətimizdir, ey bəşər,

Kövhəri laməkan biziz,

                        kim bilmsər hüdudumuzu?

Nəsimi

Ona görə də bəşəriyyətə nazil olmuş müqəddəs səma kitablarından biri - "İncil" "Sözə alqış" sözləri ilə başlayır. Söz Allah əmanəti olan insan ruhunun hərflərlə ifadə olunmuş şəklidir. "Söz candır əgər bilirsə insan" (Füzuli) "Sözə xor baxmaq olmaz, hər bir söz - Ərşdəndir gəlib hədiyyə bizə" (Füzuli) Sözün qüdrəti ruhun - canın gücünə bağlıdır. Söz o zaman güclü olur ki, o, insanlar tərəfindən dərk olunur. Çox zaman müasirlərimiz deyir ki, biz klassikləri - Nəsimini, Füzulini dərk etmirik, onlar ərəb-fars sözləri mürəkkəb ibarələr işlədir. Şeir səviyyəsi oxucu-xiridarlar üçün yazılır, hər kəsin onu dərk etməsi vacib deyil, kütlənin dərk etdiyi poeziya şeir deyil, nəzmdir. Dahi Füzuli etiraf edir ki, "Çətin anlaşılan ibarələrə və məzmun incəliyinə qarşı yaradılışında bir məhəbbət var".

Nəsimi bunu şeirlə bildirir:

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,

Bu quş dilidir, bunu Süleyman bilir ancaq.

Söz göründüyü kimi deyil, o, sirli bir aləmdir:

"Yəni bihəddü binişandır söz"

"Aşikaravü həm nihandır söz"

Nəsimi

Nəsimi yaradıcılığında Söz bir dünya modeli, kainat simvoludur. Onu təkcə hərf-hərf oxumaq yox, fəhm etmək lazımdır:

Gərci Nəsimi sözün dadını verdi, vəli,

Kim bu sözü fəhm edər, kim bu xəyali bilür.

Ədəbiyyatı gözlə görmək, qulaqla dinləmək, fəqət qəlblə fəhm etmək lazımdır. Yalnız bu zaman şeirdə ilahi nəğməni duymaq olar.

Ən yaxşı lirik şeir - bəstələnməmiş nəğmədir. Misraların, hərflərin arasından bu nəğmənin səsini duya bilməzsən şeiri başa düşməzsən. Başa düşülməyən lirika qarımış gözələ bənzəyir, gecə-gündüz ah-zar edir. "İlham pərisinin büllur gərdişinə istibdad zənciri salınmaz, ipək saçlarına istiqlal çələngi vurular (İsmayıl Hikmət). Dünyada ən gözəl pəri - ilham pərisi! - onu kim görüb?! Tanrı kimi onu da heç kim görməyib, onu öz yanında hiss edirlər - şairlər, bəstəkarlar. Dünyanın ən xoşbəxt adamlarıdır. Söz şairin iftixarı, qürur mənbəyi, eyni zamanda dünyaya münasibət üsuludur. "Kim nə miqdar olsa, əhlin eylər ol miqdar sözə - deyirdi dahi Füzuli. "Hər sözüm bir pəhləvandır, kim, bulub təyidi həqq-əzm qıldıqda tutar tədriq, ilə bəhrü-bəri", lakin Füzuli sözünün gücü onun dünyanı bəhrü-bəri tutması ilə məhdudlaşmır. Gözəl ilhamla - sənətkarlıqla deyilmiş bədii söz ölünü diriltmək qüdrətinə malikdir:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl

Edə hər saət səni ol uyğudan bidar söz.

Bunun üçün hər şeydən öncə sözə ehya-can vermək lazımdır: söz isə özü candır!

Söz dünyanı idarə edir: ən gözəl məhəbbət dyğuları da, ən qəddar əmrlər də sözlə ifadə olunur. Bunu hamıdan yaxşı Şah və şair Xətai bilirdi:

Söz var ki kəsdirər başı

Söz də var kəsər savaşı.

"Can" və "Çor" sözlərinin ikisi də üç hərfdən ibarətdir:

Can deməklə can candan əskik olmaz

Məhəbbət artırar, mehriban eylər

Çor deməyin nəfi nədir dünyada

Azad könülləri pərişan eylər.

Səslər hərfləri, hərflər sözləri, sözlər mənanı yaratdı. Sözdən don geyinmiş mənalar insanlara dünyanı tanıtdı.

Səsdən hərfə, hərfdən sözə keçid bəşəriyyətin inkişafında ən mühüm təkamül mərhələləridir.

Azərbaycan dilində Sözün qüdrəti üç əsas amillə bağlıdır:

1. Sözdə eynicinsli saitlərin bir-birini izləməsi. Ahəng qanunu. Bu sözün bədiiliyini və ahəngini təmin edir.

2. Sözün dinamikasını təmin edən feillərin mövcudluğu;

3. Sözün gizli mənasını ifadə edən frazeoloji ifadə və birləşmələrdə.  

Sözün poetikliyini təmin edən bütün bədii ifadə vasitələri bu sacayaq üstündə bərqərar olur. Bədii sözdə Tanrı qüdrəti var Nəsimi deyirdi: "Nəzmi Nəsimi, yəqin Allahü-nurin şərhidir". Ona görə də söz-lə hörmətlə rəftar etmək, ona sevgi ilə yanaşmaq lazımdır. Bir adam hər hansı bir olayı danışıb bitirəndə deyir: Sözümün canı var. Yəni sözümün nəhayəti, mətləbi var, fəqət mən bunu müstəqim mənada qəbul edirəm: Söz canlıdır! Naşı adamın ifadə tərzində söz gül kimi solur… Bir olay danışmaq istəyirəm. Qədim zamanlarda bir zalım şah həmin vilayətin görkəmli adamlarını müxtəlif bəhanələrlə zindana saldırıb orada onlara kiflənmiş çörək və iylənmiş su verdirir, həmin dustaq bir həftəyə ölürmüş. Növbəti dəfə bir alimi zindana saldırır. Bir həftədən sonra zindanbaşdan soruşur: - O alim necə oldu?

Zindan rəisi deyir: - Əlahəzrət sağ olsun, o alim hələ də sağdır.

Şah həmin alimi çağırtdırır, soruşur ki, mənim hesabımla sən ölməliydin, niyə ölməmisən, sirrini desən səni azad edərik. Alim deyir: "Siz mənə kiflənmiş çörək, iylənmiş su verdiniz. Mən suyu götürüb onunla söhbət etdim, ölmüş su bu söhbətdən canlandı və onu sonra içdim. Ona görə də sağ qaldım, ölmədim". Sözün qüdrətinə söz yoxdur, söz dünyanın bəzəyidir. Xalqımızda belə bir deyim var: "Gedər xəncər yarası, getməz söz yarası". "Söz kəsəni qılınc kəsmir". Bu, sözün gücünə inamı ifadə edir. Söz qurtaran yerdə silah ortaya gəlir, ona görə də bəşəriyyəti söz xilas edəcək. Əvvəllər Azərbaycanda (və bütün türk-islam dünyasnda) "Kişi sözü" var idi, bu, bütün qanunlardan və silahlardan irəli idi, etibar, inam və sədaqət rəmzi idi. Və bircə kəlmə "Kişi sözü" cəmiyyəti ifadə edir, onun mənəvi tarazlığını qoruyurdu. Misal var deyirlər: "Salavat gücə bağlıdır!". Azərbaycan cəmiyyətində Söz güc rəmzi olub, qanunu əvəz edib.

Sözün gücü, enerjisimi azalıb?! Yox! Söz deyənin şəxsiyyəti cılızlaşıb, maddiyyat mənəviyyatı üstələyib, sevgilər ötəri ehtirasa çevrilib, əlahəzrət manat milli mənəviyyatımıza güc gəlir, zor göstərir. 

Mən ölüm istəyirəm, görməyə yoxdur taqət,

Dilənçilik eyləyir qapılarda ləyaqət.

Doğruluğa gülərək rişxənd eyləyir yalan

Puçluq paltar geyinir,

                        min bəzəkdən, cəlaldan.

Yalanlar, yaltaqlıq Sözü urvatdan salır. Filosof şairimiz Ələkbər Salahzadənin poetik sualları yada düşür:

Yaltaqlığın kökü varmı?

Yaltaqlığın layı varmı?

Daş qatında, tunc qatında

Görən yaltaq tapılarmı?!

Sözün gücü onu deyənin şəxsiyyətindən asılıdır. Söz həqiqətin gözəlliyini ifadə edir. Sözün həqiqətinə timsal "böyüklər içində böyük" (Yaşar Qarayev) Mirzə Ələkbər Sabirdir. O, şairliyin manifesti olan bir şeirində yazır:

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü-bədi eyləyim izhar yazım.

Pisi pis, əyrini əyri, düzü hamvar yazım

Niyə bəs böylə bərəldirsən o qara gözünü,

Yoxsa bu ayinədə əyri görürsən özünü.

Söz həmişə qüvvədədir, müasirdir: "Sözün ölməzliyinə söz yoxdur" (Füzuli). Sözün sehri - həqiqətdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!