Şair, şeir və dostluq barədə saqa... - Elxan Zal Qaraxanlı

 

Sovetlər Birliyi dağılana yaxın, 1980-ci illərin sonlarında "Azərbaycanda dissident ədəbiyyatı, qadağan olunmuş əsərlər olubmu" mövzusunda geniş müzakirələr gedirdi. Qəribədir ki, heç kim Bəxtiyar Vahabzadənin "İki sahil" poemasından başqa, tutarlı bir əsər adı çəkə bilmədi. Bir az sonralar, artıq müstəqillik dövründə Vaqif Səmədoğlunun "Mən burdayam, İlahi" kitabı çıxdı və məlum oldu, var imiş belə bir bəndə və bu adam şeirləri dillər əzbəri olan böyük Səməd Vurğunun oğlu imiş. Beləcənə, ortaya qoyulan ilk ciddi kitabı (1968-ci ildə "Yoldan teleqramlar" bir kiçik kitabı da çıxıb) ilə Vaqif Səmədoğlu müstəqilliyin ilk böyük şairi oldu və özündən sonra məktəb qoyub getdi. Mən bu şeirləri dəfələrlə oxumuşam, ilk baxışda bunlarda heç bir siyasi çalar yoxdur, sadəcə, onlar qeyri-adi düşüncə tərzinə malik bir insanın duyğularıdır. "O, nə qram-qram azadlıq istəyir", nə də qolundakı zəncirləri qırmaq istəyir. Onun baxışı fərqlidir, o, "sən mənim doğma anamsan, Azadlıq" deyir. Amma tükü-tükdən ayıran lupa gözlü Sovet senzurasını zəncir qırmaq istəkləri elə də qorxutmurdu, onları qorxudan sözün enerjisi idi, ilahi sevgiyə bürünmüş sözün enerjisi.  Onları Anna Axmatova, Boris Pasternak, İosif Brodski sözü nə qədər qorxudurdusa, Vaqif Səmədoğlu sözü də o qədər qorxuzurdu. Müqəddəs kitablarda sözün Allahdan gəldiyi və sözün Allah olduğu deyilir, peşəkar senzorlarımız isə hansı sözün "Allah olduğunu" yaxşı bilirdilər. Onlar yaxşı bilirdilər ki, söz var gəlir, həzz verir gedir, söz də var ki, gəlir yoluxdurur və dəyişdirir. Sirli virus kimi mutasiya yaradır, insanın qafasını, duyğularını, təhtəlşüurunu dəyişdirir. Bax Vaqif Səmədoğlunun çap olunmamasının əsas səbəbini mən bunda görürəm. Belə baxanda onun nə problemi ola bilərdi ki? Atası Sovet Azərbaycanının simvollarından biri sayılırdı, onu hamı tanıyırdı, nüfuzlu qardaşı vardı, nüfuzlu dostları vardı, amma şeirlərinin çoxuna yasaq da vardı.  Və tək senzura tərəfindən yox. Onun şeirləri nə atasının şeirlərinə bənzəyirdi, nə atasından sonra gələnlərin. Onlarda heç bir pafos yox idi, onlar çox sadəydi, amma onların bu sadəliyində bir mürəkkəblik də vardı. Mən bilmirəm, bu cür yazmağa o özü qərar verib, ya bu bir ilahi missiyadı, fərqi yoxdur, o, boynuna düşənlərin öhdəsindən ustalıqla gəldi. O, yaxşı bilirdi ki, Səməd Vurğunun oğlu olub şeir yazmaq çox çətin və məsuliyyətli işdir. Çünki onilliklər boyu Səməd Vurğun yaradıcılığı, Səməd Vurğun şəxsiyyəti Azərbaycan xalqının təsəvvüründə poeziya etalonuna çevrilmişdi. Hətta bu gün yeni nəsildən olan şairlərimizin böyük hissəsində haradasa bir az Səməd Vurğunluq var. Belə deyərdim ki, uzun müddət Səməd Vurğun şeirinin ağırlığı altında məsuliyyət duyan Azərbaycan poeziyası, bu günə kimi qəddini tam dikəldə bilməyib. Deyim tərzi, obrazlar sistemi elə də dəyişməyib. Böyüklük qarşısında məsuliyyət hissi  insan təhtəlşüurunda qorxu toxumları cücərdir.

Bu qorxu hissi Vaqif Səmədoğlundan da yan ötməyib. Amma başqalarından fərqli  olaraq, qorxu onun əsərlərinin keyfiyyətinə yox, kəmiyyətinə təsir edib. O, məhsuldar şair deyil, amma hamıdan fərqli bir şairdi. Onun şeir auditoriyası da bir az fərqli adamlardı. O, Səməd Vurğunun oğlu yox, Vaqif Səmədoğlu olmaq üçün hamıdan fərqlənməliydi. Fərqləndi də. O bunu bacardı.  Atasının cazibəsindən çıxmaq üçün Tanrıya doğru getdi və özünün fərqli adamlar auditoriyasına dualar pıçıldamağa başladı.

"Ümidlər bənzəməz biri-birinə.

Biri Tanrıya asılmış, biri insan əlinə".

Ümidlər həmişə Tanrıyla insan arasında qərarlaşır. Tanrıya xitab edənin cavabı Tanrıdan gəlir, insana xitab edənin cavabı insandan. Allahsız insanlar cəmiyyətində yaşayan Vaqif Səmədoğlu daima Tanrı zikriylə yaşadı, gecələr xəlvətə çəkilib dualar pıçıldadı, sonra bu pıçıltıları xəlvəti bir yerdə yaxın dostlarına oxudu.

Tanrıya inanan gecəmdir yenə,

Şeir oxuyuram dua yerinə.

Tale ona böyük adamın oğlu olmaq şansı verməklə bərabər, böyük dostlar da verib. Mən Vaqif  Səmədoğlunun şeirini ilk dəfə Anarın əsərində oxumuşam, məncə "Gürcü familiyasında"ydı, - "İçərişəhərim, biçarə şəhərim". Daha sonra birini də Elçinin povestində oxudum. Biz Vaqif Səmədoğlunun yaradıcılığı ilə dostlarının əsərlərində zərrə-zərrə, qram-qram tanış olurduq.  Çap qadağası olmayan bu insanlar qadağalı dostlarını müəyyən riski gözləri önünə alaraq təbliğ edirdilər. Həm də bu əsərlər dünyanın müxtəlif dillərində çap olunurda və Vaqif Səmədoğlunun müxtəlif dillərdə oxunmaq şansı yaranırdı. 1980-ci illərin əvvəllərində onun bəzi şeirləri Polşada çap olundu və həmin dövrdə Polşada böyük nüfuza malik "Solidarnost" təşkilatı bu şeirləri elitar ədəbiyyat kimi dəyərləndirərək mükafatlandırdı. O bunu çox sonralar bildi, əlbəttə, qürurverici hadisəydi, o elitarlığı çox sevirdi. Həyatda da elitar davranmağı xoşlayırdı, şeirdə də. Məncə, polyaklar onun şeirlərinin üslübunu çox dədqiq dəyərləndiriblər - elitar poeziya. Bir zaman Sovet senzurasını qorxudan da bu elitarlıq idi. Həm də bu elitarlıq ilahi bir sevgi ilə yoğrulmuşdu. Mən həmişə düşünmüşəm ki, Vaqif Səmədoğlu poeziyasında dərin Hüseyn Cavid qatları var. Onlarda zamanın pafosu yox, dua misalı var. Bir az Sovetləşən, bir az Qərbləşən yeni insanın dualarıydı Vaqif Səmədoğlu şeirləri. Elə mən də onun "Mən burdayam, İlahi" kitabındakı şeirləri dua yerinə oxuyuram. Dua nədir? Dua insanın öz Tanrısıyla söhbətləşmək cəhdidir, dua insanın içindən Tanrıya doğru yönələn bir yoldur. İnsan simasını nə qədər itirsə də, yolunu nə qədər azsa da, onun içində Allaha doğru tuşlanan nəsə qalır. Həmin o "nəsə"dir insan cəmiyyətini yaşadan. Çünki Tanrının səbri böyükdür və insanlığın tövbə qapısı həmişə açıqdır. Vaqif Səmədoğlunun şerləri insanı tövbə qapısına doğru aparan bir yoldur, Tanrıyla şeytan arasında girinc qalan insanın yoludur. Şeytanlıq həmişə insanlıq üçün cəlbedici olub, amma çətinə düşəndə, qaranlığa dirənəndə, insan, nədənsə, Tanrısını düşünməyə başlayır.

"Vətən sözünü pıçıltıyla söyləyirəm,

Tanrıya inanıram qaranlıq düşəndən sonra".

...O, sona qədər içindəki Tanrı tərəzisini itirmədi. Nə elədisə, həmişə içindəki Allah sevgisi ilə elədi. Heç zaman böyük para sahibi olmadı, amma həmişə səxavətli olmağa çalışdı. Xüsusən gənclər üçün imkanları daxilində nəsə eləməyə çalışırdı.

Belə bir əhvalat düşdü yadıma. Bir dəfə Elçin Hüseynbəyli ilə AYB-nin qarşısında dayanmışdıq. Gözəl bir gün idi, əsl şeir havası. Könlümüz dolu, cibimiz boş. Necə deyərlər, getməyə yer olmayanda şəhər də çox kiçik gəlir adama. Birdən qağamız qapıdan çıxdı. (Biz ona adətən qağa deyə müraciət edirdik).  Burda niyə dayanıbsınız - dedi. Elçin də söylədi ki, "qağa, fikirləşirik".  Oturun maşına - dedi qağamız, - yüz fikir bir borcu ödəməz. Həddimiz nə idi sözündən çıxaq, AYB-nin Ağsaqqallar Şurasının sədri deyir, demək söhbət tamam. Gəldik bir restorana, ispanvari adı vardı, indi yadımdan çıxıb, amma nəsə öküzlə bağlı idi. Hər ikimizin çox xoşumuza gəldi, Elçin də, mən də öküz ilində doğulmuşuq. Burada səslənən musiqi də qəribəydi, bir korrida əhvalı köç salmışdı çanımıza. Bir az oturandan sonra söhbət poeziyadan düşdü, daha doğrusu, mənim şeirlərimdən. O, adətən kiminsə yaradıcılığından danışmağı sevməzdi, onun öz poetik dünyası və bu dünyayla bağlı sistemləşmiş düşüncələri vardı. Özünün dediyinə görə, barəsində yazı yazdığı yeganə şairəm. Mənim yaradıcılığımı o, özünə yaxın sayırdı, xüsusən "Polonez" poemasını. Bizim poetik ruhumuz yaxın olmaqla bərabər, bizi birləşdirən bir Polşa xətti də vardı. O, Polşanı çox sevirdi, hətta gəncliyində Yana adlı bir polon sevgilisi olduğunu deyirdi. Yəni bir növ bacanaq düşürdük. Bizim dostluğumuz da "Polonez"in "Ulduz" jurnalında dərcindən sonra başlamışdı. O, poemanı oxuyandan sonra zəng etdi, əsər barədə fikirlərini bildirdi, sonra haqqında yazı da yazdı. Və bunu pıcıltıyla yox, cəmiyyətdəki mərtəbəsinə uyğun gurultuyla dedi. Ondan sonra mənim yaradıcılığımdan yazan ədəbiyyatşünasların əksəriyyəti Vaqif Səmədoğlu yazısından geniş sitatlar verirlər. Poeziya barədə Vaqif Səmədoğludan yaxşı nə demək olar ki?..

Poeziya söhbətləri bir az qızışandan sonra qağam dedi ki, bu məclisdə daha iki şairi görmək istərdim, onları çağıra bilərsinizmi? Dedik kimlər? Dedi, Həmid Herisçi və Muarad Köhnəqala. Zəng etdik, onlar da gəldilər. Ruhu coşmuşdu qağamın, o, həmin anda üsyankar ruhuna  yaxın olanları görmək istəyirdi.

- Elxan Zal, Murad Köhnəqala, Həmid Herisçi, hər birinizin yazılarınızın altından məmnuniyyətlə imza qoyaram - dedi. Məncə, bu bizim yaradıcılığımıza verilən ən böyük dəyərdir. Həmin məclisdə o, Səlim Babullaoğlunu da görmək istəyirdi, amma Səlimin içki içməməsi variantı dəyişdirdi. Belə bir adam idi, Vaqif Səmədoğlu, poetik simpatiyasını özünəməxsus bir şəkildə ifadə edə bilirdi. Ədəbi məktəblər bax belə yaranır bizim zəmanəmizdə...

İndi bu yazını yazarkən düşünürəm ki, Vaqif Səmədoğlu həmişə şanslı adam olub. Allah ona məşhur bir şairin oğlu olmaq şansı verib, ədəbiyyat, musiqi, insanlarla ünsiyyət sahəsində geniş diapazonlu istedad verib, yaxşı dostlar verib. Həyat yoldaşı Nüşabə xanımın onun həyat və yaradıcılığındaki rolu ayrıca bir yazı mövzusudur. Dostları barədə bir qədər də söz açmaq istərdim. Bir dəfə Vaqif qağa dedi ki, Elxan, inan, Anar olmasaydı, şeirlərimin 90 faizi itib-batacaqdı. Demək, o hər şeir  yazanda onu oxumaq üçün Anar müəllimə verirmiş, o da bunları səliqə ilə yığıb saxlayırmış. Şeirlər yığılıb, yığılıb və sonda yaxşı günlər gəlib, bu şeirlər kitab şəklində nəşr olunub. Vaqif Səmədoğlunun çap edilməyən şeirlərinin Anarın povestlərində getməsi barədə yuxarıda demişəm. Amma Anar müəllimin çəkdiyi və ya əsərləri əsasında çəkilən filmlərdə də mahnı kimi səslənib onun şeirləri, özü də onların musiqisini digər dostları Emin Sabitoğlu yazıb. Onlar məşhurların övladlarıydı və bu hər bir insanın üstünə ağır məsuliyyət yükü qoyur. Şərəflə daşıdılar bu məşhurların övladları, işlərilə, əsərlərilə, dostluqlarıyla. Onlardan öyrəniləsi çox şey var. Vaqif Səmədoğlu da onlardan biriydi. Böyük insan, böyük şair, böyük dost. Bu şeir də onların dostluğuna bir ərməğandır.

Bu daşlar ölür,

Bu ağaclar ölür.

İlk görüşə çıxdığımız bu küçələr,

Kirayədə qaldığımız bu evlər ölür.

Daha bizim Bakımız yoxdur,

Abşeronda yetim qaldı Xəzər.

Nə yaxşı ki vərəqlər üstündə qalan şəhər var,

Nə yaxşı ki Vaqif Səmədoğlu var.

Anarın yazısında qaldı Bakı,

Elçinin yazısında qaldı.

Daha heç bir Baladadaş toy günü

Bəylik hamamına getməyəcək...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!