“Hər gün bu dünyaya vida edirəm” - Barat VÜSAL yazır

Qələmin yanında olanlardan (qələmi əlində olanlardan!), sözə Allaha sığınırmış kimi sığınanlardan biri də şair Şöhlət Əfşardır. 

Onun qələmi də Allahın dediklərini yazır. "Şairə şeiri bir yazdıran var": inamı ilə, imanı ilə!

Bu qələm Allaha dua edir. Vətən torpağı işğal altında olduğu üçün gözünə yuxu getmir. Şairin vətənə, yurda, ölməz qəhrəmanlarımıza olan eşqini aləmə car çəkir. Həm yana-yana, həm də qürur hissi ilə!

Bu qələm şairlə birgə əsgərlərimizin yanına gedir, Aprel döyüşlərində yaralanır, bayrağımızı Lələtəpəyə taxanlarla bahəm lap həlak da olur, lakin ölmür! Qalxıb yenidən vuruşmağa hazırlaşır. Xəzərin "Günəşli" neft yatağında faciəli surətdə həlak olanların nəşini axtarıb tapanlara qoşulur, sahilə çıxarır, dəfn edir, "Vətən, başın sağ olsun!" - deyə.

Səməd Vurğun şairi izdiham içindən boy verib göstərən adama bənzədirdi.

Şöhlət Əfşar da bu gün az qala hamının şeir yazdığı izdiham içindən özünün və sözünün (qələminin!) boy-buxunu ilə görünməkdədir.

Bütün şeirlərinin və poemalarının bir qəhrəmanı var: insan! Və bu insanı düşündürən özündən əvvəlki şairləri də düşündürən insanlıq amalıdır.

Şöhlət Əfşar müasir düşüncə tərzinə malik şairlərdəndir. Dünyanı ağzına almış qlobal faciələr, təlatümlər, mənəvi zəlzələlər, məzhəb çarpışmaları şairi sarsıtdığından, görün o, nələr çəkir və nələr yazır:

Gecəyarı sükunət, hücrəmdə tək qalmışam,

Dərd əlində məhkumtək sükutdan asılmışam.

Bənzəyirəm səhrada susuz, yorğun dəvəyə,

Ayaq tutub yalanlar, nəyə inanım, nəyə?

Fasiqlər hökm eyləyir, atıb imanı, dini,

Hey çəkirəm dünyanın, insanlığın dərdini.

Günahsız qanlar axır, çatan yoxdur köməyə,

Adam özü utanır - mən insanam! - deməyə!

Bunlar adi misralar deyil, şair harayıdır. Aydın şair mövqeyidir. Müasir Azərbaycan şairinin üsyankar səsidir.

Bu, iyirmi faizi işğalçı yağı tapdağında inləyən Vətənin, Şuşanın, Xocalının azadlıq istəyən, "Burda bir şir darda qalıb bağırır." (Şəhriyar) deyən hayqırtısıdır.

Şair belə olmalıdır: Üsyankar, vətənin, dünyanın, insanın dərdini çəkən! Y.Yevtuşenko deyirdi ki, əgər Puşkinin "Sibirə məktub" şeiri olmasaydı, mən onu böyük şair saymazdım.

Rus şairi doğru deyirdi.

Əsl şairin qələminin gücü ictimai xarakterli, bəşəri mövzularda daha çox üzə çıxır. Ş.Əfşarın yaradıcılığında bu mövqe qabarıq şəkildə nəzərə çarpır.

Şöhlət Əfşarın hadisə kimi qiymətləndirilmiş "Poema-trilogiya"sı, eləcə də yaradıcılığı haqqında Q.Bayramov, N.Şəmsizadə, M.Qasımlı, Ş.Vəliyev, B.Qaraca, V.Aslan, A.Rüstəmli, A.Babayev kimi görkəmli və tanınmış söz və fikir adamlarının, ziyalıların, şair və yazıçıların söylədikləri qiymətli fikirlər göstərir ki, Ş.Əfşar, doğrudan da, istedadlı bir qələm sahibidir.

Şöhlət Əfşarın harda olsa, hara getsə, bircə ünvanı var: qələmin yanı, sözün yanı, insanın yanı:

Axtarın qoşmada, ya gəraylıda,

Dədə Ələsgərdən soruşun məni.

Baxıb Füzulidə "Şəbi-hicran"a,

Məcnundan, Leylidən soruşun məni.

- deyən şair, əslində, biz gördüyümüz yerlərdə deyilmiş. Sən demə, o bizim tanıdığımız Şöhlət deyilmiş!?

Bu yaxınlarda Tərtərdən bir ağsaqqal təhsil işçisi mənə zəng etmişdi. Dedi ki, bilirsənmi, niyə zəng etmişəm? Əlimə bir poema düşüb, çox xoşuma gəlib, oxuyuram. Oxumaqdan doymuram. Şöhlət Əfşarı tanıyırsanmı?

Dedim: - Nətər tanımıram ki? Dostumdu, gözəl şairimizdi.

Dedi: - O bu əsərində elə məsələlərə toxunub ki, şair kimi cəsarətinə, sözünü demək bacarığına heyran qaldım.

Ona Şöhlətin telefon nömrəsini verdim. Danışdılar. Təkrar mənə zəng etdi:

- A kişi, bunun sözü kimi, özü də nə gözəl adammış! - dedi. - Allah adamı, söz adamı, könül adamı!

Bu fakt bir daha sübut edir ki, yaxşı əsəri oxuyurlar, yaxşı şairi sevirlər, axtarıb tapırlar...

İllah da Şöhlət Əfşar kimi könüldən-könülə söz daşıyan, eldən-elə köz daşıyan bir şairi necə tanımayasan, necə oxumayasan, necə ona qoşulub sən də deməyəsən:

Bülbültək çiləyən tuti dilimdə,

Ustad ozanlara söz gətirmişəm.

...Sönməz ocağımız, qoy bilsin cahan,

Ocaqdan-ocağa köz gətirmişəm.

Şöhlət Əfşarın poetik dünyası ilə tanışlıq göstərir ki, neçə ki, belə şairlər - insanın və insanlığın keşiyində duranlar var, öz haqq sözünü ucadan deyə bilən könül, qələm sahibləri var, söz ölməyəcək, insanın və insanlığın közü, od-ocağı qaralmayacaq, sönməyəcək!

Qeyd etdiyim kimi, Şöhlət Əfşar həmişə qələminin yanındadır. Bu qələm özündən qabaq yüyürür hər işinin dalınca. "Sən burda dur, dayan, mən indicə gəlirəm", - deyib getmədiyi yer, uçmadığı göy qalmır.

Ən çox insandan narahatdır Şöhlətin qələmi.

Kimsə kimisə sevir. Lap dərdindən dəli-divanə də olur.

Şöhlətin qələmi bütün insanları sevir!

Faciələr içində, sanki öz sonuna tələsir dünya. Bu, hamı kimi Şöhləti də, onun qələmini də rahat buraxmır.

Səməd Vurğun istəyirdi ki, "Dünyanın son adı qurtuluş olsun!".

Ş.Əfşar da müqəddəs bir istəklə yaşayıb-yaradır, deyir:

Mənə bir dünya verin,

Bu dünyadan uzaqda...

...Orda bütün fəsillər

Həmişə bahar olsun!

Bax, beləcə Şöhlətin qələmi bütün fəsillərin bahar olmasını, bütün arzuların çin olmasını, çiçəklənməsini istəyir. Qəlbi də, qələmi də məhz bu cür çiçəklənmək arzusundadır.

Belə məqamlarda Şöhlət Əfşarın qələmi "Ədalət səltənəti" qurmaq arzusu ilə dünyadan köçüb gedən sufi düşüncəli babalarımızın, böyük idrak və düşüncə sahiblərinin yurd (qələm) davamçısı təsirini bağışlayır.

Ruhu "ölməzdən əvvəl ölmək gərək" deyən ürfani ruhlara bağlıdır.

Hər gün yaşaya-yaşaya "hər gün bu dünyaya vida edirəm" demək kiməsə asan gəlməsin!

Ölməzlər, əbədilər "Bu dünyada hər gün ölürmüş kimi yaşa!" deməmişdilərmi?!

Şöhlətin özü də, sözü də (qələmi də) hər gün həmin ölümlə üz-üzə, göz-gözədir! Amma qorxmur. Nədən? Çünki deyə bilir:

Şöhlətəm, "Quran"a iman etmişəm,

Əhd edib Musatək Tura yetmişəm.

Mən Ərşü-Əlada məkan etmişəm,

Hər gün bu dünyaya vida edirəm.

"Hər gün bu dünyaya vida edirəm" desə də, şairin hər gün yaşadığını da görmək mümkündür. Qələmi ilə, amalı ilə, kamalı ilə!

Şair gərək öz taleyini (tərcümeyi-halını), qələminin dediklərini yazsın.

Şöhlətin özü də, sözü də bu işlə məşğuldur. Şeirlərindən biri belə bitir: "Daha can evimə sığa bilmirəm". Bu misra kifayət edir ki, şairin də, qələmin də kim, nə olduğunu bir yolluq anlayasan və deyəsən:

Qoy qələmi həmişə əlinə özünə sığmayanlar götürsün.

Qoy nə yazsa, qələm yazsın.

Nə deyiriksə, Tanrının dedikləridir.

Nə yazırıqsa, qələmin yazdıqlarıdır.

Nə yaxşı ki, Şöhlət Əfşara da şeiri yazdıran varmış!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!