Şəxsiyyəti örnək olan... - Fazil Güney

1970-73-cü illərdə Dəməşqdə hərbi dilmanc işləyərkən Suriya romanı mövzusunda elmi işimlə bağlı ölkənin mədəniyyət mərkəzinin müdiri, yazıçı, "Torpağın duzu" romanının müəllifi Saleh Dəhni ilə görüşəndə, o, xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ilə maraqlanmışdı. Onun sevimli yazıçım olduğunu demişdim, əsərləri haqqında gərəkən məlumatları vermişdim, Azərbaycan yazıçısını hardan tanıdığını soruşmuşdum. Saleh Dəhni ölkənin nüfuzlu qəzetində ərəbcə dərc olunmuş "Qırçı və qırmızı çiçək" hekayəsini mənə uzadıb demişdi:

"Çox gözəl hekayədir, ustalıqla yazılmışdır. Elə bu hekayədən görünür ki, nəsrdə bizdən xeyli qabaqdasınız"...

Həmin qəzeti Bakıya göndərməsəydim, bəlkə də, müəllifin bundan xəbəri olmayacaqdı... Onun əsərləri özünün xəbəri olmadan, beləcə xarici ölkələrdə nəşr olunurdu.

İllər sonra ikinci müsahibəni götürərkən bir daha yəqin oldum ki, xalq yazıçımızın əsərləri xarici oxucular tərəfindən də sevilir; istər ərəb, çex, bolqar, ingilis, istərsə də rus, Ukrayna, eston, Litva oxucusu olsun... Orta Asiyadan, Baltik sahillərindən, Uzaq Şərqdən və başqa yerlərdən gəlmiş yüzlərlə məktubda oxucular yazıçının yaradıcılıq laboratoriyası ilə maraqlanır, onun qəhrəmanları ilə mübahisəyə girişir, kimisi də sadəcə, öz ürək sözlərini, sevincini, kədərini yazıçı ilə bölüşürdü.

Mən böyük yazıçımızı 14 yaşımda - ötən əsrdə, 50-ci illərin sonlarında "kəşf" etmişəm. Bu "kəşf" onun yenicə çapdan çıxmış "Söyüdlü arx" romanı ilə olmuşdu. Bizim kənd kitabxanasında bu romana həsr olunmuş oxucular konfransında əsas məruzə mənə tapşırılmışdı.

Tarix müəllimi olan atam kiçik yaşlarımdan məni bədii ədəbiyyat oxumağa alışdırmışdı. Kənd kitabxanalarında olan bütün kitabları - yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatından dilimizə çevrilmiş bədii əsər nümunələrini hələ uşaq vaxtı oxumuşdum. O sürələrdə kəndlərimizdə televizor nədir, heç radio da yox idi, dünyaya ancaq bədii ədəbiyyat vasitəsilə baxırdıq. Viktor Hüqonun "Səfillər"ini beşinci sinifdə oxumuşdum. Amma öz oxucularını hadisələrin, macəraların, fantastik və detektiv olayların arxasınca aparan əsərlərin heç birindən "Söyüdlü arx"ın mənə verdiyini  almamışdım. "Söyüdlü arx"da dopdolu, qaynar yaşam vardı. Qəhrəmanlar, digər surətlər mənə doğma idi, sətirlərdən, sanki bir enerji qalxıb mənə sirayət edirdi. O zamanlar bunun nə olduğunu qavramırdım, "xoşuma gəlir" kimi anlayırdım, "niyə?, nə üçün?" suallarını da özümə vermirdim. Sonralar İlyas müəllimlə görüşüb müsahibə götürəndə "yazıçı səmimi olmalıdır" sözləri açıq qalmış sualların cavabını verdi.

Bizim nəslin oxucuları yalançı sovet "gerçəkliklər"ini mənsəb üçün, bəzi hallarda Hüseyn Cavid, Mikayıl Müşfiq aqibətini yaşamamaq üçün tərənnüm edən yazarlarımızın əsərlərində yuxarıda işarə olunan "yazıçı səmimiyyəti"ni tapa bilmirdilər... Ona görə təlqin etdiklərini yeni nəsil oxucularına yedizdirə bilmirdilər... Necə ki, kimyəvi maddələrlə yetişdirilmiş buğdaya göyərçinlər, almaya siçanlar yaxın durmurlar.

İlyas Əfəndiyev sovet realizmini, "ədəbiyyat partiyalı olmalıdır" prinsiplərini qəbul etmirdi. Amma o, realist novator yazıçı idi. Buna görə də, ilk tamaşaçılarından olduğum "Sən həmişə mənimləsən" dram əsəri dövrün ədəbi hadisəsi olaraq tək Azərbaycanda deyil, Sovetlər Birliyi ölkələrinin ictimaiyyəti arasında da geniş müzakirələrə səbəb oldu. O dönəmlərdə Moskvada çıxan "Radio və televiziya" jurnalında verilmiş maraqlı yazıda göstərilirdi ki, paytaxt teatrında səhnəyə qoyulmuş "Sən həmişə mənimləsən" Moskva radiosu ilə translyasiya edildikdən sonra redaksiya 200-dən çox məktub alıbdır. Bunlardan xeylisi xarici ölkələrdən gəlibmiş. Buna görə də jurnal bu məktubların təhlilinə ayrıca məqalə həsr edərək, əsərin belə təsir gücünə malik olmasının səbəblərini göstərirdi. Yazıçı bu əsəri ilə Sovet ideoloqlarının ədəbiyyat üçün, yaradıcı adamlar üçün cızdığı dairədən qırağa çıxmışdı, o dövr üçün cəsarətli fikirlər səsləndirmişdi. Ona görə də bütün İttifaq ziyalılarının ürəyindən xəbər vermişdi. 

Universitet tələbəsi olarkən, nəşr olunan bütün bədii əsərləri oxuyardım, həvəskar kimi kiçik hekayələr yazardım. Ancaq o dönəmlərdə İlyas Əfəndiyevi kumirim hesab etmirdim, özümü ona bənzətmək ağlıma da gəlmirdi. Ən azından ona görə ki, heç "kumir" terminini əməlli-başlı bilmirdim, filoloq kimi yox, şərqşünas kimi yetişirdim. İllər keçdikdən sonra anladım ki, bu böyük yazıçının əsərləri və şəxsiyyəti, özüm də bilmədən, mənim kumirimə çevrilibmiş. İlyas Əfəndiyev nadir şəxsiyyətlərdən idi, ona edilən basqılara baxmayaraq nə kommunist olmuşdu, nə də əsərlərində kommunist ideologiyasını yerli-yersiz, şit-şit təbliğ edirdi. Əksinə, "Xan qızı Natəvan" təki əsərlər yazırdı, ictimaiyyətin diqqətini xalqımızın tarixinə, Qarabağa yönəldirdi.

Böyük yazıçımızdan ilk müsahibəmi 1964-cü ilin dekabrında, Yeni il münasibətilə tələbəykən işlədiyim universitet qəzeti üçün götürmüşdüm. O, universiteti "yazıçı üçün böyük auditoriya" adlandırmışdı. İkinci müsahibəni isə 1982-ci ildə "Bakı" qəzeti üçün götürmüşdüm. Müsahibədəki bəzi cavablar indiki dönəmdə də aktuallığını itirmədiyi üçün onu olduğu kimi vermək istəyirəm.

- İlyas müəllim, sizin əsərlərinizin oxunaqlı olmasının, yaş fərqindən asılı olmayaraq, geniş tamaşaçı, oxucu kütləsi tərəfindən sevilməsinin sirrini nə ilə izah etmək olar? - deyə soruşuram.

Yazıçı bir az duruxub deyir:

- Çətin sualdır. Ancaq onu deyə bilərəm ki, hər nə yazıramsa, səmimi yazmağa çalışıram. Mütəəssir olduğum hadisələri qələmə alıram. Duyduğum və duyaraq təsəvvür etdiyim həyati təsvirə cəhd edirəm. Yazıçının birinci meyarı səmimiyyətidir, yazıçının ürəyidir! Yazıçı ürəyi, yazıçı səmimiyyəti onun istedadıdır. Əgər əsərdə səmimiyyət, təbiilik yoxdursa, demək, istedad da yoxdur və yazılmış əsər heç bir təsir gücünə malik ola bilməz.

Növbəti sualımı məni həmişə düşündürən bir məsələ ilə bağlayıram:

- Müasir Azərbaycan ədəbi, yazı və danışıq dilinin bəzi məsələləri haqda son zamanlar çox mübahisə gedir. Bu barədə sizin fikriniz necədir?

- Dilin inkişafı xalqın inkişafı ilə bağlıdır. Bizim qədim tarixə malik ədəbi dilimiz inqilabdan sonra çox saflaşmış, cilalanmış və zənginləşmişdir. Lakin bu sahədə hələ bəzi qüsurlar vardır. Xüsusən, bəzi gənc yazıçılarımızın dilində məhəlliçilik hallarına rast gəlirik ki, bu, çox ciddi nöqsan kimi pislənilməli, rədd edilməlidir.

Bəzən görürsən ki, yalnız obrazlar deyil, müəllif özü də müəyyən bir rayonun, ya mahalın yerli şivəsində yazır və çox zaman da digər rayonlardan olan adamların başa düşmədikləri sözlər, ifadələr işlədir. Belə vəziyyətlə mübarizə lazımdır!

Mirzə Fətəlidən bəri bizim istedadlı yazıçılarımız vahid Azərbaycan ədəbi dilinin əsl yaradıcıları olmuşlar. Dildə məhəlliçilik heç də xalq dilinə yaxınlıq demək deyil, əksinə, vahid ədəbi dilimizi parçalamaq, saxtalaşdırmaqdır. Xalq danışığında olan gözəl sözləri, ifadələri ədəbi dilə gətirmək, əlbəttə ki, lazımdır, lakin yazıçı bunları həm yerində və həm də elə məharətlə işlətməlidir ki, hami tərəfindən başa düşülsün, hamı üçün maraqlı görünsün. Xalq dilindən lazımınca bəhrələnmək ədəbi dilin daha zəngin, daha poetik olmasına xidmət edər.

Bir zaman gənc nasirlər arasına dəb düşmüşdü: heç dəxli olmadığı halda, yerli-yersiz bütün mübtədalar axıra keçirilirdi. Niyə?! Hətta müəllifin dilində də məsələn, "bunlar" əvəzinə "munlar", "səndən" əvəzinə "sənnən", "işləyirəm" əvəzinə "işdəyirəm" yazılırdı və s. Bu, novatorluğun nə demək olduğunu anlamamağın nəticəsidir. Dərin və sərrast ifadə qüdrətinə, poetik gözəlliyə malik bədii dil yazıçı istedadının əsas meyarlarındandır. Dilimizin saflığını qorumaq, onun zənginliyinə çalışmaq qəzet, jurnal redaksiyasının, hər bir qələm sahibinin borcudur. Bu cəhətdən "Ozan"ın fəaliyyəti təqdirəlayiqdir. "Ozan" xalqımızın zəngin folklorundan məharətlə istifadə edir, əsl ümumxalq dilində danışır. Mən istərdim ki, televiziyanın digər redaksiyaları da, qəzetçilərimiz də dil məsələsinə diqqəti daha da artırsınlar.

- Sizin bir fikrinizi də bilmək istərdik. Son zamanlar tarixi romanlar yazmağa meylin güclənməsi barədə nə deyə bilərsiniz?

- Tarixi roman yazmaq müsbət hadisədir, həm də çox lazımlıdır. Təəssüf ki, tariximiz ədəbiyyatda öz əksini zəif tapmışdır. Tarixi roman yazmağın məsuliyyəti böyükdür. Həm də bu, zəhmətli işdir. Zəhmətlidir, ona görə ki, gərək yazdığın dövrün tarixini dərindən, özü də bütün incəliklərinə qədər öyrənəsən, hətta mən deyərdim ki, tarixçilərdən də artıq biləsən. Eyni zamanda yazıçı gərək tarixi yalnız öyrənməklə kifayətlənməsin, onu duymağı, ona müasir gözlə baxmağı da bacarsın. Demək istəyirəm ki, yazıçı tarixi əsər yazanda da bir an belə müasir olduğunu unutmamalıdır! Təsadüfi deyil ki,  Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev yoldaş öz çıxışlarında yazıçılarımıza xalqımızın keçmişini layiqincə işıqlandırmağı  tövsiyə edir.

- Sonuncu, ənənəvi sual: nə üzərində işləyirsiniz? Qoca yenə geriyə baxacaqmı, Muradın sonrakı həyatını danışacaqmı? -  deyə onun oxucular tərəfindən rəğbətlə qarşılanmış, yüksək sənətkarlıq və səmimiyyətlə qələmə alınmış "Geriyə baxma, qoca!" romanına işarə vururam.

Xalq yazıçısı gülümsəyib:

- Murad kimi qocalar hələ çox olacaq və onlar tez-tez geriyə boylanacaqlar. Bu bir. Sualınızın ikinci hissəsini isə sirr saxlayıram. Çünki yazıçı laboratoriyası sirli-soraqlıdır. Hər halda oxucularımı intizarda saxlamaram. Sağlıq olsun.

Xalq yazıçımızın əsərləri, şəxsiyyəti haqqında düşündüklərim, demək istədiklərim belə kiçik yazılara sığmaz. Onun çox qələm sahiblərinə örnək olmuş əyilməz şəxsiyyəti ayrıca araşdırma mövzusudur. Bir faktı təkrarlayım ki, İlyas müəllim sona qədər məğrurluğunu saxlamışdır, nəyə görəsə heç vaxt heç kimin qarşısında əyilməmişdir. Onunla həmsöhbət olan, ata yurdunda doğulmuş həkim, şair və yazıçı Yusif Əhmədov danışırdı ki, bir gün İlyas müəllimlə görüşəndə bərk əsəbiləşmişdi. Səbəbi bu imiş ki, Əbdürrəhman Vəzirov hakimiyyətə gətiriləndən sonra yazıçıdan onu dəstəkləməyi, Heydər Əliyevin əleyhinə bir dram əsəri yazmağı, ona qarşı yaratdığı dəstəyə qoşulmağı təklif edir. İlyas müəllim bu təklifdən qəti şəkildə imtina edib, Vəzirovun ünvanına söylədiyi sərt sözləri də ona çatdırmağı tələb edir: "Sən kimsən ki, mən və oğlanlarım sənin arxanca gedək!..".

İlyas Əfəndiyev bəy nəslindən idi və o ağır illərdə də bəyliyini saxladı, onun əsil-kökünü sinfi düşmən sayan, ata-baba evlərini yağmalayıb əllərindən almış kommunistlərin partiyasına girməmişdi. Millətinin vurğunu idi, əsərlərində gəncləri doğru yola yönləndirmək üçün həm də Sovetlər dönəmində açıq deyilməsi olumsuz olan sətiraltı mənalar çoxdur. Ondan müsahibə alarkən işlətdiyim "ağsaqqal" sözünə kəskin etiraz etdi və dedi ki, rus və ermənilər bu sözü təkəsaqqal fotolar verərək, bizim və Orta Asiya xalqlarının ünvanına istehza ilə işlədirlər.

Moskvadan ona yüksək mükafat verilmək ərəfəsində baxıb görürlər ki,  Sovetlər birliyinin məşhur yazıçısı partiyaçı deyil. O zamankı Azərbaycan rəhbərliyi - ulu öndər Heydər Əliyev Kremlə belə cavab vermişdi: "O, bitərəf yazıçıdır".

Mən təsəvvür edirəm, böyük yazıçı tərəfsizliyini, əqidəsini, xalq arasında deyildiyi təki, kişiliyini saxlamaq üçün hansı basqılara məruz qalmışdı, nələrə dözmüşdü... Sovet dönəmində işlədiyim mətbuat orqanında məni istəməyənlər iclaslarda barmaq uzadıb deyirdilər: "Bu, partiya mətbuatıdır, niyə kommunist olmaq istəmirsən?".

Ötən əsrin 50-60-cı illərində bədii nəsrimizə yeni nəfəs gətirmiş novator yazıçı ölməz əsərləri ilə yanaşı, özündən sonra ədəbiyyatımıza dəyərli qələm sahibləri ilə də öz töhfəsini qoyub getmişdir: çağdaş bədii nəsrimizdə tam fərqli cığır açmış xalq yazıçısı Elçin, görkəmli şairimiz Çingiz Əlioğlu, dramaturgiya tariximizə aid sanballı əsərlərin müəllifi, teatr kadrlarının yetişdirilməsində dəyərli xidmətləri olan Timuçin Əfəndiyev...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!