Meyarlar və əyarlar - Nizaməddin Şəmsizadə

"Fəhmin fəthi" silsiləsindən ikinci yazı

 

"Dünyanı ölçülər idarə edir"

Spinoza

Dahi Nizami Gəncəvi "İskəndərnamə" əsərində belə bir fikir söyləyir: "Mənim fəqanım" təndürüstsüzlüyündəndir.

Mütəfəkkir şairi fəryada məcbur edən cəmiyyətdəki təndürüstlüyün - harmoniyanın pozulmasıdır. Kainatda hər şey müəyyən bir ritmə tabedir. Kainat dəqiq ritm üzrə hərəkət edir. Varlıqda hər şey harmoniya şəklindədir. Ən dəqiq ritm yaranmışların ən alisi olan İnsan ürəyinin döyüntüsüdür. Ürəyin döyüntüsü pozulanda aritmiya əmələ gəlir, insanın halı pisləşir, özünü idarə edə bilmir. Ritm insan fəaliyyətinin ölçüsü, mizanıdır, sənətin meyarıdır. Təbiətdə də, cəmiyyətdə də hər şey ritmə, harmoniyaya müəyyən mizanıdır, sənətin meyarıdır. Təbiətdə də, cəmiyyətdə də hər şey ritmə, harmoniyaya müəyyən mizana tabedir. Harmoniya pozulsa, kainat öz mehvərindən çıxar, dünyada təbii fəlakətlər baş verər. Təbiətdə harmoniya Tanrı qanunları ilə, cəmiyyətdə harmoniya İnsan qanunları ilə tənzimlənir. Cəmiyyətdə harmoniyanın pozulması, müharibələrə, inqilablara, kataklizmlərə, nəticə etibarilə insan həyatının faciələrinə səbəb olur. Təbiətdə harmoniyanın pozulması zəlzələlərə, vulkanlara, daşqınlara, qasırğalara, sunamilərə gətirib çıxarır...

Sənət əsərləri ona görə estetik təsir bağışlayır ki, onlar mükəmməl harmoniyaya əsaslanır. Sənətdə və gözəllikdə harmoniya pozulmur, mizansızlıq yaranmır. Bədii söz rəsm, mahnı insana o zaman estetik təsir göstərir, zövq verir ki, sözün, rəsmin və musiqinin ritmi insan qəlbinin döyüntüsü ilə üst-üstə düşür, onu tamamlayır.

Gözəllik ritmini - harmoniyanın vizual şəkli onun obrazıdır. "Dünyanı gözəllik xilas edəcək" (F.Dostoyevski) fikri təsadüfi deyilməyib. Gözəlliyi tapmaq, sənətdə - sözdə, səsdə, rəng çalarlarında əbədiləşdirmək insan təfəkkürünün və təxəyyülün ən böyük hünəridir. Tanrı təbiətdə, insan sənətdə özünü əbədiləşdirib. Buna harmoniyanın ram edilməsi də demək olar.

Təbiətdə olduğu kimi, cəmiyyətdə də hər şeyin əyarı var: qızılın qızıl əyarı, misin mis əyarı, yağın da, şorun da eləcə... Və əbədi meyarlar mövcuddur: həqiqət, ədalət, mərhəmət və s. Fikrin meyarı həqiqətdir, hökmün meyarı ədalət, idrakın və qəlbin meyarı mərhəmət...

Meyarlar düz olmayanda əyarlar pozulur. Bütün meyarları tənzimləyən mexanizmə qanun deyilir. Dövlətin mövcud olduğu cəmiyyətlərdə dövlət qanun (Ana Yasa), dövlət olmayan cəmiyyətlərdə insanlıq qanunu hökmfərma olur. Qanunun aliliyi cəmiyyətin kamilliyi və xoşbəxtliyidir. Qanun dövlətlə xalq arasında münasibətləri tənzimləyən meyar, harmoniyanı - qarşılıqlı anlaşmanın pozulmasına yol verməyən ali bir qüvvədir. Azadlıq və müstəqillik milli əxlaqın, dövlət əxlaqının və vətən əxlaqının möhkəm olduğu cəmiyyətdə mümkündür. Hələ XII əsrdə dahi Nizami öz utopik - gözəl xəyali cəmiyyətini təsvir və tərənnüm edərək yazırdı:

Bizdə bərabərdir hamının varı,

Bərabər bölürük bütün malları.

Vaxtilə proletariatın rəhbəri, revanenst inqilabçı V.Lenin "Dövlət və inqilab" əsərində yazırdı ki, "proletariat diktaturası qanunla tənzimlənməyən siyasi dövlət hakimiyyətidir". Bu hakimiyyət Rusiyada və onun müstəmləkəsi altında olan milli respublikalarda "bir kabus dolaşan" Avropada böyük hərc-mərclik əmələ gətirdi. Ümumiyyətlə, diktatura olan yerdə imperiyanın törəməsi labüddür.

Təndürüstlüyün yaranması bizim ədəbiyyatı da həmişə düşündürüb və narahat edib. Xüsusən, 60-cı illərdə totalitar sovet rejiminin və onun ədəbi ideologiyasının basqısı bir qədər zəifləyəndə (Xruşşov mülayimləşməsi!) şeirimizdə bu ovqat gücləndi. Rəsul Rzanın "Rənglər", Bəxtiyar Vahabzadənin "Baş", Məmməd Arazın, Xəlil Rzanın şeirləri buna misal ola bilər:

Böyrəyi, ürəyi dəyişmək asan

Bəs başı?

Bu yerdə bir qədər dayan!

Hər şeyi dəyişir axı, baş, beyin

Baş özü başları necə dəyişsin.

 

İnsanın adına, şərəf-şanına

Deyirəm gəlməzmi bundan bir ləkə?

Bir nadan güvənib öz imkanına

Dahinin başına göz dikdi bəlkə?

 

Həkim, təbiəti gəl hakim sayaq

Hifz edək bir səsin yüz ahəngini

Gücümüz çatsa da

Gərək pozmayaq

Bəzən təbiətin öz ahəngini.

Milli şairimiz M.Arazın poetik sualı bəyanat kimi səslənirdi:

İti bazarında atından baha

Mən belə dünyanın nəyindən küsüm?!

Hər gün millətin zövqünü (və əsəblərini!)  korlayan, əvəzində yüksək fəxri adlarla mükafatlandırılan, bu azmış kimi, öz aralarında bir-birlərini "primadonna", "diva", "qızıl şlyager", "canlı əfsanə" adlandıran şou müğənnilərini göz önünə gətirirəm... Milli-mənəvi sərvətimiz olan bədii ədəbiyyatımızı, mədəniyyət və incəsənətimizi təhqir etməkdən belə çəkinməyən bir sıra şou əhli bu gün televiziyaların ekranlarında meydan sulayır, at oynadır, bunu hamı görür və heç kim heç nə demir. Bu halda hansı meyarlardan, hansı əyarlardan danışmaq olar, biz hara gedirik?!

Əlbəttə, müstəqil Azərbaycanımızda bu gün cahanşümul işlər görülür, möhtəşəm binalar, körpülər tikilir, yollar çəkilir, qeyri-neft sektoru görünməmiş vüsətlə inkişaf edir, sənaye parkları salınır. Dünya dövlətlərini, Qərbi və Şərqi birləşdirən qaz kəməri, dəmir yolları çəkilir. Əhalinin sosial-iqtisadi durumu ilbəil yaxşılaşır, əməkhaqları və təqaüdlər artır, ölkə Prezidenti cənab İlham Əliyev əzmlə xalqın içərisinə gedir, adamlarla görüşüb hər kəsin problemini yerindəcə həll edir. Onun rəhbərliyi ilə Azərbaycan uğurlu müstəqil xarici siyasət aparır, bizi əhatə edən üç böyük dövlət - Türkiyə, İran və Rusiya ilə balanslaşmış siyasət qarşılıqlı münasibət yaratmağa nail olub. Bu gün Azərbaycan dünyanın döyünən ürəyinə çevrilib, onun ritmini müəyyənləşdirir.   

Meyarların pozulmasında ümumən Dünya çapında müsbət (və demokratik!) proses kimi qəbul edilən qloballaşma kürəsəllik müəyyən rol oynadı. Qloballaşmanın nəticəsi olan sərhədsiz dünya ilk zərbəni milli meyarlara vurdu. Avropa alimləri özləri də qloballaşmaya heç də birmənalı yanaşmırlar, onun tarixi əhəmiyyətilə barabər, tarixi nöqsanları haqqında da söz açırlar.

Milli müəyyənliyin, milli kanonların pozulmasının qarşısını almaq, həm ictimai həyatda, həm də məişətdə milli müqaviməti artırmaq müasir ictimai fikrin başlıca vəzifəsidir. Bunun üçün adət-ənənələri, milli mentaliteti qorumaq dövrümüzün tələbidir. Avropalıların, Qərb ideologiyasının bizə (və türk - müsəlman ölkələrinə) israrla sırıdığı gender bərabərliyi bizim mənəvi-əxlaqi birliyimizə vurulan zərbədir. Bizim - türk müsəlman mühitinin tarixi ənənələri müstəvisində bərqərar olmuş öz gözəl xüsusiyyətləri var. Avropa və qismən Rusiya mühitini əsaslı şəkildə sarsıtmış genderçiliyə bizim mühitdə yer yoxdur. Ehkamları vaxtı çatanda dağıtmaq lazımdır. Ehkam və imperiyalar vaxtında dağıdılmayanda ictimai-tarixi əngələ çevrilir.  

Bu gün öz tarixinin şərəfli bir dövrünü yaşayan Azərbaycan cəmiyyətində də meyarsızlıq sindromu yaşanmaqdadır. Əlbəttə, biz narahat dünyada, fəqət, rahat bir ölkədə yaşayırıq. Dövlətimizin başçısı bacarıqlı və uzaqgörən kapitan kimi ölkəmizi nəhəng dalğaların arasından keçirərək inamla tarixin zirvələrinə doğru aparır. Dünyada ən qədim və böyük ayrılıq insanların dinlərə, irqlərə görə ayrılmasıdır. Sonra, xüsusən, bizim dinimizdə məzhəb ayrılığı yarandı. XX əsrdə siniflərə bölündük. Bolşeviklər və menşeviklər kimi yaşamağa məcbur olduq. İndi də regionlara bölünmüşük. Buradan da meyarsızlıq yaranır: xristianlar xristianı, müsəlmanlar müsəlmanı ön plana çəkir, Ari irq anlayışı irqlər arasında ayrılıq salır, bir millətin içində bizim elli sizin ellidən üstün tutulur... Bu isə həqiqəti təhdid altında qoyur, istedadlı və ağıllı adamlar, futbol termini ilə desək, ovsayt vəziyyətində qalır, yaxud süni olaraq bu vəziyyətə salınır. Nəticədə, cəmiyyətdə ümummilli tarixi-siyasi mühitin formalaşması çətinləşir, həqiqət qapı arxasında qalır. Məhkəmələrdə (ümumən inzibati orqanlarda!) rüşvət həqiqəti əvəz etməli olur.

Böyük filosof Spinoza "Dünyanı ölçülər idarə edir" deyib. Ölçülər pozulanda dünya idarəolunmaz hala gəlir. Meyar mahiyyəti ifadə etməlidir, misin əyarı ilə qızılın əyarı eyniləşəndə, yaxud bilərəkdən səhv salınanda, necə deyərlər, "şələ lələni basır, körpü qalır çaydan o tayda...".

Bu gün meyarsızlıqdan ən çox əzab çəkən ziyalılardır. Ziyalılar da siyasi mövqeyə görə bölünür: həmişə siyahıda olanlar və heç vaxt siyahıda olmayanlar, ya da bu siyahıya düşməyənlər. Ziyalılar, əslində, hər bir cəmiyyətin üst təbəqəsidir. Mənim müsahibələrimdən biri belə adlanır: ziyalılıq kütləvi ola bilməz. Ziyalılıq da istedad kimi Allah vergisidir, insan mənəviyyatının, ünsiyyət mədəniyyətinin ali məqamıdır. Ziyalısına (həqiqi ziyalıya!) qiymət qoymayan cəmiyyətin gələcəyi yoxdur. Ziyalılar cəmiyyətin kompasıdır. Gələcəyin taleyi onlardan asılıdır.

Ümumən cəmiyyətdə, xüsusən də ziyalı (!) təbəqə arasında meyarsızlığın bariz ifadəsi yaltaqlıqdır. Qorxaqlıqdan və ələbaxımlıqdan törənən yaltaqlıq ən ədalətli meyarları ayaqlayıb keçir. Görkəmli şair Ələkbər Salahzadənin poetik suallarını xatırlayıram:

Yaltaqlığın kökü varmı,

Yaltaqlığın layı varmı?

Daş qatında, tunc qatında

Görən yaltaq tapılarmı?

Yaltaqlıq tarixən, həmişə olub. Fəqət, söhbət onun əndazəsindən gedir. Böyük Nizami demişkən, "Artıq içiləndə dərd verir su da"... Yaltaqlar sağlam inkişafa mane olur, onları cəzalandırmaq lazımdır. Yaltaqlıq cəmiyyəti içdən dağıdan güvədir. Yaltaqlıq olan yerdə həqiqət ortaya çıxa bilməz.

Cəmiyyətdə meyarsızlıqdan ən çox əziyyət çəkən həqiqi ziyalılar - alimlər, şairlər, musiqiçilər, rəssamlardır. Kütlənin (hərçənd ki, bu ifadə mənim qətiyyən xoşuma gəlmir!) marağı gündəlik ehtiyacları ilə məhdudlaşır. Ziyalılar isə vətənin, millətin və dövlətin taleyi üçün məsuliyyət daşıyır, bu, tarixin onlara həvalə etdiyi missiyadır.

"Sözün doğrusunu danışmaq hünərdir" - deyirdi böyük Mirzə Cəlil! "Pisi pis, əyrini əyri, düzü həmvar yazım" - bu da onun silahdaşı "böyüklər içində böyük" (Y.Qarayev) Sabirin səsidir.

Onlar hər ikisi sözün düzünü deməyin ağrısını, acısını yaşamalı oldu. Lakin millət və tarix bu gün onları ehtiramla təsdiq edir. İstedadla yaradılmış ədəbiyyat "ağrı yaddaşının" (Y.Qarayev) ifadəsidir. Ümumən, sənət cəmiyyətin ağrılarına qucaq açır. Acı həqiqət sənətin cövhəridir. O həyat sənətin cövhəridir. O həyat həqiqətini obrazlı şəkildə təsvir, tərənnüm və təqdim edir. Sənətkar və sənət siyasətə qarışanda həqiqət meyarını, bədii simasını itirir. Sənət siyasətdən yüksəkdir, siyasət ötəri, sənət əbədidir. Həyatda və sənətdə əbədini ötəridən ayırmağı bacarmaq hər bir cəmiyyətin gözəllik meyarıdır.

Bir tənqidçi kimi, yazılarımda həmişə estetik meyarın bədii mahiyyətə (əyara!) uyğunluğunu qorumağa çalışmışam. Əmin olmuşam ki, düzgün (və ədalətli!) meyar həyatda və sənətdə gözəlliyin rəhnidir. Onu təkcə dərk yox, həm də fəhm etmək lazımdır. Fəhm etmək xüsusi bir istedaddır, vəhy peyğəmbərlərə, fəhm dahilərə məxsus ali keyfiyyətdir. Dahi "qəlb şairi" Füzuli "dərk et" demir, "fəhm qıl" deyirdi. İdrak yalnız görünən aləmi, fəhm isə gizli aləmləri görməyə qabildir. Fəhmin meyarı hüdudsuzluqdur, taleyi Tanrının ixtiyarındadır...

Meyarlar əyarları əks etdirməyəndə millətin taleyi dolaşığa düşür, cəmiyyət tarixin düzgün yolunu tapa bilmir, yolundan sapır.

Zamanlar və nəsillər bir-birini inkarla əvəzləyərək davam edir.

Zaman su kimi axır. Antik yunan filosofu Fales deyib ki, "Bir dəfə girdiyin suya bir də girmək olmaz", hər şey dəyişir, meyarlar da, əyarlar da. Fəqət, dəyişməyənlər də var: ədalət, həqiqət, vicdan, cəsarət, şəxsiyyət və mərhəmət... Bunlar zamana baxmır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!