Tənha həyatlar... - Orxan Aras yazır

"Qaçacaq heç bir yer yoxdur!" Muhiddin Arabi

 

"Hər kəs təkliyi fərqli yaşayar", - deyə yazmış Katharina Zimmer. Əlbəttə ki, əhalisinin yüzdə əllisi təkliyi tərcih edən bir ölkədə yalqızlığın kitabını yazmaq, buna da "Tənha yaşamaq sənəti" adını vermək çox asan görünə bilər. Amma yalqızlığı içə dönüş (Münzəvilik) olaraq görən bir mədəniyyətin övladları olaraq bizlər hər tənhalığı düşündüyümüzdə dərin bir sükunət sarar içimizi.

"Tənha yaşamaq sənəti", "Anla məni, nə olar", "Eşq sadəcə bir kəlmədirmi", "Tənha uşaq" kimi əsərlərin müəllifi K.Zimmer kitabında tənha insanın qorxularından qurtulması üçün çıxış yolları göstərməyə çalışır. Onu ürəkləndirir. Onun cəmiyyətə, ailəyə təkrar geri dönməsi üçün öyüd-nəsihət verir. "Tənha insanın" kəlmələrlə əlindən tutmağa çalışır:

"Baharda tənha olmaq payızda tənha olmaqdan fərqlidir", - deyər. "İşıq bizi daha oyaq və daha həssas edər, daha pozitiv olarıq", - deyərək nəsihət verər.

Günahı artan qaranlığa yükləyər. Tənha şair Hölderlinə, könlü qırıq şair Rilkeyə istinadlar edər. "Sarı armudlar, vəhşi güllərin torpaq üzərinə əyilməsi, öpüşlərdən sərxoş olmuş zərif Qu quşları..." kimi bənzətmələrlə önümüzə cənnət kimi bir mənzərə sərməyə çalışır. Amma tənhalığın bir qopuqluq, bir qaçış sindromu olduğu gerçəyini unutdura bilməz. Çünki Qərbin "tənhalıq fəlsəfəsi" çox dərinlərə qədər gedib çıxar. Onu unutdurmaq mümkün deyildir. Sadəcə, rəngləndirilə bilər... K.Zimmer də buna çalışmışdır.

Əslində, Qərblə Şərq arasında klassik və müasir qavramların fərqlilikləri sadəcə qavramların mənaları ilə məhdud deyildir. Kəlmələrə yüklənən anlamlar da fərqlidir. Məsələn, "tənhalıq" sözü təcrid və ya qaçış olaraq qəbul edilərkən, bizdə sığınma və varlığının fərqində olaraq başa düşülməkdədir. Hətta Şopenhauer tənhalığı özgürlüyün təməli hesab edər: "Tənhalığı sevməyən özgürlüyü də sevməz. Adam ancaq tənha olduğunda özgürdür".

Müsəlman olmuş alman psixoloqu Mikaela Özelsel "Xəlvətdə 40 gün" adlı kitabının sonunda bir tədqiqata yer verir. Xəlvətdə qalan bir qadın tənhalığı var oluşunun fərqində olmaq və özünü tanımaq kimi yorumlayır (s.211). Bu tərif, əslində, yeni bir şey deyil. XIII əsrin sufilərindən Attarın "Məntiq ül Tayr" kitabındakı quşların yolçuluğu da bir özünə yolçuluqdur və ən sonunda da özünü, mənliyini tapmaqdır. Quşlar yeddi vadidən, yəni təkamülün yeddi mərhələsindən keçərək yenə özlərinə gələrlər.

Katharina Zimmer Almaniyada 1970-ci illərdə təkbaşına yaşayanların nisbətinin yüzdə iyirmi beş ikən, 2000-ci illərdə qırxa çıxdığını, hətta Frankfurt kimi şəhərdə yüzdə əllini keçdiyini yazmaqdadır.1 Bu səbəbdən tənhalığın artıq bir qorxu deyil, bir tərcih olduğunu vurğulayar. O, sıx-sıx tənhalığın bir seçim, yoxsa məcburiyyətmi olduğu sualını verər.

Əslində, sual insana yönəlibsə, cavabı çox bəsitdir. Çünki heç kim tənhalığı tərcih etməz. Bu, insanın fitrətinə uyğun deyil. Amma sual sistem üçündürsə, buna da ziddir. Çünki kapitalist sistemin istismar çarxında onun üçün tənha insan daha məhsuldardır. Ayrıca olaraq da istehlak cəmiyyətinin dayatdığı "satınalma təzyiqi" insanı məcburi olaraq tənha yaşamağa sürükləməkdədir. Çünki evin və ailənin xərci kapitalist sistemdə bir yük olaraq qəbul edilməkdə və bundan qaçılmaqdadır.  

Monten (Montaigne): "Ailəni idarə etmək dövləti idarə etməkdən asan deyildir", - deyər və adətən tənhalığa haqq qazandırır.

Məşhur Kvant fizikası alimi Hans Peter Dürr isə ailə yükünü insan özgürlüyü üçün təhlükəli görür və belə yazır: "Bu insanlar müasir cəmiyyətin tələbi istiqamətində sərbəstliyin işığında həyatlarını qurmuşlar. Tənhalığı tərcih edənlər camaatın təzyiqini qəbul eməyən, gələcəyin ideal cəmiyyət varlıqlarıdırlar".2

Filosof Buber də tənhalığın özgürlüyün təməli olduğunu müdafiə edənlərdəndir. Ona görə bir insanın düzgün bir fərd ola bilməsi üçün başqalarından ayrı qalması lazımdır.

Alman əsilli amerikalı teoloq Tillix (Tillich) tənhalığın iki yönünü ifadə edərək ingilis dilində iki qavramın əmələ gəlməsinə səbəb olmuşdur.

Tənha olmanın acısını ifadə etmək üzrə "Tənhalıq"(Loneliness); tənha olmanın ihtişamını ifadə etmək üzrə də "özbaşına olmaq" (Solitude)...

Tillixə görə, insan təkbaşına qaldığında və ya bir cəmiyyətdən təcrid edildiyini hiss etdiyində tənha adamdır. Tənha adam əgər iç dünyasına dönər və yeni düşüncələr kəşf edə bilirsə, o zaman tənhalığa haqq qazanar.3 

Göründüyü kimi, "tənhalıq" Qərb ədəbiyyatında müstəqil olmanın, individuallaşmağın ana ünsürləri olaraq ortaya çıxmaqdadır.

Yaxşı, bəs tənhalığın gətirdiyi qorxuları, əskiklikləri, xəstəlikləri necə aşacağıq?

Katharina Zimmer kitabında buna bir motivə siyahısı ilə cavab verməkdədir. Hətta bir ana şəfqəti ilə! "Bu siyahını həmişə üzərinizdə gəzdirməlisiniz!" deməkdədir. Motivə siyahısı tənha adamı yenidən cəmiyyətə yamaq etməkdən başqa bir şey deyildir.

"İnsanlarla daha çox ünsiyyət qura bilərəm.

Gəzməyə-kafeyə daha çox gedə bilərəm.

Modaya uyğun geyinə bilərəm.

Rəqs kurslarına yazıla bilərəm.

Özümü ətrafımdakılara daha yaxşı

                             qəbul etdirə bilərəm".

Yaxşı, bəs sərbəstlik və fərd olmaq arzusu harada qaldı? Bu sualın cavabı, əslində, Katharina Zimmerdə yoxdur. O, sadəcə, "tənha adama" qaçışdan qurtulmanın yolunu göstərməkdədir.

Şərqdə tənhalıq öz içində xəlvətə çəkilməkdir. Xəlvətə çəkilmək üçünsə eşqə susamaq, onunla həmhal olmaq lazımdır. Mövlana "Divani Kəbir"də: "Aşiq olmayanın insanlığını inkar edərəm", - demişdir.

Pakistanın böyük şairi İqbal da buna yaxın söyləmişdir. Ən məşhur əsəri "Cavidnamə"də oğluna səslənir: "Allah sənə eşq və hərarət ihsan etsin!", - deyə dua edir. Ona görə əsrin xəstəliyi sevgisizlikdir. Bu sevgisizlik həm fərdi, həm də toplumu təhrif edir. Xəlvətə çəkilmə isə eşqi əmələ gətirir, eşq olduqca insan inkişaf edir, mənlik qazanır və həyatın sirrini kəşf etməyə hazırlanır.

Təsəvvüfdə müridin ilk halı xəlvətə çəkilmə (uzlət) halıdır. Bu hal o, xalqdan qaçsın deyə deyildir. Sadəcə, pis əxlaqdan qaçması üçün özünü tənhalığa məhkum edir. Xəlvətə çəkilmə sifətləri dəyişdirməkdir. Onlar bir hədisə əsaslanaraq, qaçışı deyil, xəlvəti seçərlər. "İnsanların içinə qarışıb, onların əzablarına səbr edən kəs, insanlara qarışmayıb əzablarına səbr etməyən kəsdən daha xeyirlidir".4 Çünki bu hədisə görə, cəmiyyətlə qalan cəmiyyətdən qaçandan daha xeyirlidir.

Xəlvətə çəkilmə insanın özüylə hesablaşmağıdır. Xəlvətə çəkilmə səbri öyrənməsi, acını ruhunda hiss etməsi və həyatın içində gizlənmiş sirləri anlaması deməkdir. İnsan xəlvətdə özünü tanıyar, sonsuzluğa aşiq olar. Bu xəlvətə çəkilmə halı hər sufidə, hər gerçək şairdə vardır.

Füzulinin xəlvətə çəkilməsi yamandır:

"Yetdi bi-kesliğüm ol gayətə kim çevrəmdə

Kimsə yox cizginə girdab-ı bəladan gayrı

 

Nə yanar kimsə mana atəş-i dildən özgə

Nə açar kimsə kapum bad-ı səbadan gayrı".

O bəlalar, rüzgardan başqa qapını kimsənin döyməməsi ruh yüksəkliyi üçündür. Ruh o yüksəkliyə ərmədən eşqə varmaz, aşiq olammaz. Çünki əsl məqsəd eşqdir. Aşiq olunca artıq Yunus olarsan:

"İşitin ey yarenler! Aşk bir güneşe benzer,

Aşk olmayan gönül, misali taşa benzer

Taş gönülde ne biter, dilinde ağu tüter!

Nice yumuşak söylese sözü savaşa benzer".

Füzuli eşqin bəlasından, tənhalığın acısından şikayət etməz. Hətta onlarla öyünər. Çünki xəlvətə çəkilmə tənhalığı ilə necə bir məqama varacağının şüurundadır. Xəlvətə çəkilmə, əslində, geri çəkilmə ilə pisliklərə bir üsyandır. Maddənin təsir sahəsindən qurtulmaq, öz-özünə bəs etmək, ehtiyacları ən aşağı səviyyələrə endirmək və bütün maddi xidmətlərdən uzaqlaşmaq halı "Eşq"ə qul olmaq arzusudur.

Bu səbəbdən Şərqdə yalnızlıq xəlvətə çəkilməkdir. Qərbdə isə əziyyət...

Biz hər tənhalığımızda Yunus, Füzuli eşqinin şeirlərini oxusaq, tənha yaşamağın sənətini öyrənməyə heç ehtiyac duymarıq.

1. K. Zimmer, "Tənha yaşamaq sənəti", Gendaş yayınları, s. 5, 6, Çevirən Bilgehan Karataş.

2. Hans Peter Dürrlə reportaj, "Der Spiegel", № 49/2000, "Der Genussmensch ohne Herz".

3. Karnick Paula "Tənhalıq hissi: Teorik yanaşmalar".

4. Tirmizi, İbn Macə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!