Oxucu var, yazıçı yoxdur - Qan Turalı

 

Bəli, ədəbiyyatımızın infrastruktur problemləri kifayət qədərdir. Nəşriyyat sisteminin oturuşmaması, kitab mağazasının azlığı... Bunlar öz yerində... Amma bu gün başqa bir mövzudan danışmaq istəyirəm ki, həmin mövzu infrastruktur problemlərindən daha ciddi əhəmiyyət daşıyır.

Məsələ nədir? Bu gün biz gəncliyin düşüncə və maraqlarına uyğun əsərlər yarada bilirikmi? Onları ədəbiyyata, mütaliə prosesinə cəlb edəcək əsərlər yazırıqmı? Məncə, yazmırıq. Açıq danışaq. Etiraf yüngüllükdür...

Desəm ki, ədəbiyyat zamanın ruhundan doğur, yəqin ki, böyük bir kəşf etmiş olmaram. Əslinə baxsan, bu barədə heç mübahisə edən də yoxdur. Amma praktikada vəziyyət necədir? Hə, bu artıq başqa məsələdir...

Zaman o zaman deyil. 60-cı illərdə qapalı ölkədə yaşayırdıq. Qloballaşma barədə söhbət belə getmirdi. İnternet yox idi. Netflix yox idi. Peyk antenaları yox idi. Bircə televiziya kanalı vardı. Ədəbiyyat üstündə də senzura... Xarici ədəbiyyata ciddi qadağalar qoyulmuşdu. Ona görə də oxucular az qala vakuumda yaşayırdılar. Buna görə də oxucunu təəccübləndirmək asan idi.

Lakin açıq şəkildə etiraf edək ki, o dövrün ədəbiyyatı zamanın çağırışlarına daha adekvat cavab verə bilirdi. Amma bu günün yazıçıları heç də bu haqda düşünmürlər. Ya da düşünmək istəmirlər. "Oxucu yoxdur" şüarını əllərində bayraq edirlər...

Oxucu var, sadəcə, biz onu maraqlandıra bilmirik. Məsələ də bundadır.

Misal üçün, götürək "Taxt-tac oyunları" (Game of Thrones) serialını... Bu serial az qala bütün dünya ölkələrində yayımlanır. Eyni saatda bütün dünya gəncləri bu seriala baxır... Baxmaq nədir? Avstraliyada minlərlə adam serial yayımlandığı günlərdə işdən icazə alır. Ölkəmizdə də bu serialın böyük izləyici kütləsi var...

İndi sual edirəm? "Taxt-tac oyunları"na baxan gəncliyi necə təəccübləndirməli? Nə ilə heyrətə salmalı? Necə onları kitaba yaxın gətirməli? Onları nə ilə cəlb etməli... Məsələ burdadır, yoldaşlar...

Siz nə zamana qədər kənddəki qonşu kişinin eşşəyindən, nakam məhəbbətdən, işıqpulunu verə bilməyən adamdan yazacaqsınızsa, o qədər də oxucunuz olmayacaq. Dövr o dövr deyil. Bütün dünya yeni hekayə axtarır. Təsirli hekayə... Güclü hekayə... İnsanı heyrətə salan hekayə... Sizin bu nağıllar kimin nəyinə gərəkdir?

Postmodernizm artıq zamanın ruhunu ifadə edir. Ən müxtəlif başgicəlləndirici qurğular, ən müxtəlif düşüncə mexanizmlərinin bir qazanda qaynadılması, oyun estetikası, roman içində roman nəzəriyyəsi, böyük ideyaların ölümü, müasir insanın hər cürə ziddiyyətləri... Lakin biz, sanki ilişib 70-ci illərin Sovet insanında qalmışıq. Əsərlərimizdə modern insan yoxdur. Onun draması yoxdur, onun ziddiyyətləri yoxdur.

Lüdviq Vitgenşteyn deyirdi ki, inqilab etmək üçün inqilabçı olmaq gərəkdir. Müasir əsər yazmaq üçün də müasir düşüncəni qavramaq... Oxucuların yazıçılardan daha hazırlıqlı olduğu bir ölkədə yaşayırıq.

Yazıçılarımız zamanın tələblərini gözardına vururlar. Sürətlə marjinallaşırlar. Oxucudan qopublar. Ancaq öz tavalarında, öz yağlarında bişirlər. Buna görə də oxucu yoxdur deyirlər. Amma, əslində, hər şey çox sadədir: Yazıçı yoxdur!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!