Türkiyə nəsrinin güldürə-güldürə düşündürənləri - Afili Filintalar - Tural Turan yazır

 

1990-cı illərin sonlarında türk nəsrində yeni imzalar doğulmağa başladı. Fərqlilikləri ilk kitablarından sezilsə də, 2000-ci illərin ortalarında onların adları artıq hər kəsə bəlli idi. Sevənləri də çox idi, sevməyənləri də. Əsas rəqibləri mühafizəkarlar və "nesinçilər" idi. Türk nəsrinə "yüngüllük gətirdiklərinə" görə qınansalar da, xalq dilində sadə dilli və qısa hekayələri ilə müxtəlif zövqlü oxucu camialarının sevimlilərinə çevrilmişdilər. Bütün qəhrəmanları hazırcavab olan bu yazarların başqa bir özəlliyi isə güldürə-güldürə düşündürmələri idi.

Həmin yazarlar özlərinə yazıçı Murat Menteşi "başqan" seçsələr də, Menteş əfəndi 2000-ci illərin sonlarında yaratdığı Afili filintalar onlayn dərgisi ilə onları bir "komanda qərargahı" ətrafında toplaya bildi. Əsas məqsədləri isə oxucularını əyləndirə-əyləndirə düşündürmək idi. "Açılmaz, aça bilməzsən şeyxim, sıfrın ortasından bir dəlik daha" - deyən Murat Menteş şeirdə nə qədər "mizahlı" idisə, nəsrdə də bir o qədər qara komediyaya yer verirdi.

Afili filintalar nə deməkdir?

"Afili" sözünün tərcüməsi heç bir şeyi sevməyən elmli adamlar deməkdir. Yəni heç nəyi bəyənməyən filosoflar. Əslində, qondarma bir sözdür və "Afili filintalar" ailəsinin yaratdığı və cəmiyyətin beyninə hopdura bildiyi bir kəlmədir. "Filinta" isə XVIII əsrdə Fransada istehsal olunan qısa lüləli tüfəng növüdür. "Afili filintalar"ın türkiyəli bu yazarlara görə mənası "heç nəyi bəyənməyən elmli parabeyinlər" anlamına gəlir.

Bəs "Afili filintalar"ın türk nəsrinə qazandırdığı imzalar kim idi?

İlk başda Murat Menteşi qeyd etdik. Son aylarda çıxan "Antika Titanik" romanı ilə bir daha Türkiyənin ədəbi camiasına səs sala bildi. Artıq kitab üç-dörd dilə tərcümə olunub. Avropaya qədər ayaq aça bilib.

"Afili filintalar"ın ikinci nəhəng imzası heç şübhəsiz ki, Emrah Serbesdir. Hazırda həbsdə olan yazıçı "Erkən itirənlər" romanı ilə diqqəti özünə çəkə bilmişdi. Özü də ilk kitabı ilə. 45 min nüsxə ilə çap olunan kitab ilk üç gündə satılmışdı.  "İletişim" yayınları kitaba marağı görür və Emrah Serbeslə müqavilə imzalayır. Yazıçı ardınca qısa hekayələrini çap etdirir. "Hər təmas iz buraxır" adlı romanı isə Türkiyə türkcəsində çap edildikdən cəmi iki-üç həftə sonra alman dilində çapdan çıxır. Hətta gənclik illərində müxtəlif qəzetlərdə, dərgilərdə yazdığı məqalələri "Şən professorlar: Metafora ilə səadət olmaz" adı altında kitablaşdırılır. Kitab 2006-cı ildə yazıçıya bir neçə ay ərzində 20 min ABŞ dolları qazandıra bilir.

Bundan sonra Emrah Serbes ssenarist kimi qələmini sınamağa başlayır və "Behzat Ç" serialı, ardınca da filmi ekranlara daşınır. Müəllifin məşhurluq yolundakı ulduzu bərq vurmaqla yanaşı, onu daha da şöhrətləndirir. Heç şübhəsiz ki, Emrah Serbesin ən mükəmməl hesab edilən kitabı "Müptəzəllər" və "Yuxarı mərtəbədəki terrorçu"dur. Bu əsərlər türk oxucusunun hafizəsində gülə-gülə düşünməyin, faciəyə təbəssüm etməyin toxumlarını əkə bildi. "The Literature" nəşri Emrah haqqında bu fikirləri yazmışdı: "O, modern türk nəsrinin tragikomik imzasıdır. E.Serbesin son kitablarından olan "Deliduman" kriminal romançılıqda yeni mərhələ kimi qiymətləndirilir.  "Qansız qətllərin" - psixoloji qatillərin obrazının təsviri verilən bu romanda əsas hadisələr bacı və qardaş arasında baş verir. Pula olan hərislik Türkiyənin ən ucqar nöqtəsindən İstanbulun səsli-küylü küçələrinə qədər gedib çıxır. Əsər 11 dəfə nəşr edilib. Hazırda həbsdə olan yazıçıya on minlərlə türk lirəsi qazandırıb.

"Afili filintalar" ailəsinin ən böyük üç nəhəng yazarından biri də heç şübhəsiz ki, Onur Ünlüdür. Azərbaycan oxucusunun və tamaşaçısının "Leyla ilə Məcnun" serialından tanıdığı ssenarist yazarın ilk çap edilən əsəri "Gediş budur" adlı şeirlər kitabıdır. 2000-ci illərin əvvəlində "gülə-gülə ağlayanların" ən sevimli kitabına çevrilən bu əsər dünyanın 12 dilinə tərcümə edilib. Müəllifinə Bolqarıstanda və Bosniyada mükafatlar qazandırıb. "Bir çox nigarançılıq" adlı hekayələr kitabı ilə oxucuların qapısını döydü. Onlarla filmin ssenaristi, 100-dən artıq musiqinin bəstəçisi olan O.Ünlünün "dəlilər xoşbəxtdir, çünki ağıllılar üçün anlaşılmadıqlarına görə, iftiradan sığortalanıblar" - fikri artıq qardaş ölkədə zərb-məsələ çevrilib. Onun qısa və lakonik hekayələrinin alt qatı çox ağrılıdır. Amma oxucular yorulmur. Çünki ifadələr sadə, cümlələr qısa və dodaqqaçırandır. Müsahibələrinin birində "Qırıq qəlblər bankı" filminin ssenarisini "Qısaca bank..." adlı dörd cümləlik hekayədən götürdüyünü deyən yazıçı, sonradan hekayənin hər sətrini bir bölümə çevirdiyini vurğulamışdı.

"Afili filintalar" ailəsinin ilk dördlüyünü yaşca ən böyük yazıçı Alper Canıgüz tamamlayır. "Şirin yuxular" əsərini oxuyanlar, yəqin ki, bu yazıçının məharətinə bələddir. Öldürə-öldürə güldürmək bir yana, Alper əfəndi faciəyə şaqqanaq çəkdirməyi bacarır. Özü də bunu çox ustalıqla edə bilir. Hadisələrin dili yüyrəkdir. Təhkiyə üsulu isə olduqca şirin üslubdadır. Obrazların dilindəki söyüşlər də olduqca ali səslənir. Qəribə - "kübar və elit formada alçaltma üsulları"ndan istifadə etməklə türk oxucusunun diqqətini cəlb edən cənab Canıgüz özünə ideal kimi Dostoyevskini seçdiyini deyir. "Cəhənnəm çiçəyi" əsəri ilə 2013-cü ildə Türkiyədə ən çox kitabları satılan imzalardan biri olmağı bacarıb. "Qan və gül" romanı isə fantastik üslubda yazılmış detektiv romanıdır. Ümumiyyətlə, fantastik-yumoristik detektiv adlı "xüsusi janr" "Afili filintalar" ailəsinin bütün üzvlərinə xas bir üslubdur.

Əsərin qəhrəmanı isə hələ baş verməmiş bir cinayətin izinə düşür və onu çözməyə çalışır. O, bu işdən yorulduğu gün isə "cinayət" baş verir. Olduqca maraqlı süjet xəttinə sahib bir romandır. Bütün qəhrəmanlar isə intellektual əbləhlərdir. Hamısının içərisində zaman-zaman üzə çıxardıqları və gizlətmək istəmədikləri "bəstəboy xainlik"lər yatır.

Ümumiyyətlə, "Afili filintalar" ailəsinə mənsub yazarlar öz mütaliəsi, dərinliyi, hazırcavablığı və ictimai-siyasi hadisələrə fərqli baxışları ilə seçilirlər. Heç şübhəsiz ki, bu, onların yazdığı kitablara da yansıyıb. Amma siyasətdən də uzaq olduğunu söyləyirlər.

Vaxtilə Murat Menteş müsahibələrinin birində vurğulamışdı ki, "biz türk ədəbiyyatına oxucularımızı əyləndirmək üçün gəldik. Onlara dərd verənlər məğlub olmuşdur" - ifadəsini səsləndirmişdi.

Afili filintalar ocağının Afşin Kum, Ahmet Murat, Ali Lidar, Cem Tunçer, Erkan Şimşek, Fatih Altınöz, Ferhat Uludere, Hakan Günday, Kaan Çaydamlı, Meltem Gürle, Sinem Sal, Serhat Uyurkulak, VEYasin kimi tanınmış imzaları hazırda Türkiyə romançılığını, nəsrini nisbətən rəngləndirən gənc imzalardır. Azərbaycanda onların davamçısı isə "Gördüm və artırıram" romanı ilə Nurlan Həsənlidir. Belə bir ədəbi camianın bənzərinin təkcə Türkiyədə deyil, Kosovo, Bolqarıstan və Albaniyada da yavaş-yavaş yetişdiyi söylənilir.

İndi isə mən soruşuram, görəsən, o əjdahadan bizdə niyə yoxdur? Bəlkə də, olmaması məsləhətlidir. Bizə işıqlı Qafqaz rənglərini özündə göstərə biləcək modern yazarlar və ədəbi camialar lazımdır.

1 may 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!